Məhkəmə qərarları › İş №2-1(103)-2491/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2491/2025

25.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2491/2025 25.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsinə qarşı xx.xx.1990-cı il tarixli, 1516 nömrəli doğum haqqında akt qeydində adının “Gülgəz”dən “Gülyaz”a düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 2-1(112)-3765/2025 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsinə qarşı xx.xx.1990-cı il tarixli, 1516 nömrəli doğum haqqında akt qeydində adının “Gülgəz”dən “Gülyaz”a düzəliş edilməsinə dair öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 20 iyun 1990-cı il tarixdə Bakı şəhəri Nizami rayon X1 qeydiyyatı şöbəsi tərəfindən verilmiş iddiaçıya məxsus doğum haqqında şəhadətnamədə adı “Gülgəz” yazılmışdır. Lakin, onun adı “Gülyaz”dır. Onu evdə də, məktəbdə də “Gülyaz” kimi çağırıblar. Ona verilən şəxsiyyət vəsiqəsində adı “Gülyaz” yazılmışdır. Ona məxsus 2012-ci il tarixdə verilmiş Azərbaycan Dövlət Pedaqoji Universitetinin diplomunda (riyaziyyat Ali peşə istiqaməti üzrə Bakalavr dərəcəsi) adı “Gülyaz” yazılmışdır. İddiaçıya məxsus 12 yanvar 2015-ci il tarixdə verilmiş Azərbaycan Dövlət Pedaqoji Universitetinin magistr diplomunda (riyazi analiz ixtisaslaşması üzrə magistr elmi-ixtisas dərəcəsi) adı “Gülyaz” yazılmışdır. Ona məxsus 05 aprel 2010-cu il tarixdə verilmiş Azərbaycan Dövlət Pedaqoji Universitetinin şəhadətnaməsində (tibb bacısı ixtisas dərəcəsi) adı “Gülyaz” yazılmışdır. Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində qeydiyyatdan keçmiş nikah haqqında şəhadətnamədə onun adı “Gülyaz” yazılmışdır. Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən oğlu X2 adına verilmiş doğum haqqında şəhadətnamədə ana qrafasında onun adı “Gülyaz” yazılmışdır. Göründüyü kimi yuxarıda göstərilən sənədlərdə iddiaçının adı “Gülyaz”dır. Cavabdeh iddia tələbinə yazılı etirazı məhkəməyə təqdim edilmiş və etiraz onunla əsaslandırılmışdır ki, vətəndaşın adına ilkin olaraq doğum haqqında akt qeydi tərtib edildiyi üçün onun digər vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilərkən doğum haqqında akt qeydinə istinad edilir. Doğum haqqında akt qeydində isə ərizəçinin adı “Gülgəz” qeyd edildiyindən və onun doğumu haqqında akt qeydində dəyişiklik edilməsi ilə bağlı kifayət qədər əsaslar olmadığından ərizəçinin doğum akt qeydində dəyişiklik edilməsi ilə bağlı ərizəsinin təmin edilməsi şöbədə mümkün olmamış və bununla bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 2-1(112)-3765/2025 saylı qərarı ilə (hakim H.A.Ağalarov) iddia ərizəsi rədd edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı onunla əsaslandırılmışdır ki, “ ... iddiaçının adının doğum haqqında akt qeydindən fərqli olaraq qeyd edildiyi (üst-üstə düşmədiyi) sonrakı sənədlər doğum haqqında akt qeydinin dəyişdirilməsi üçün əsas verən sənədlər kimi qəbul edilə bilməz. Həmin sonrakı sənədlər (bir halda ki iddiaçının adının səhv yazıldığı şəxsiyyət vəsiqəsi təqdim edilməklə əldə edilmişdir) ilkin doğum haqqında akt qeydinin səhv olması nəticəsinə gəlməyə əsas vermir. Başqa sözlə, doğum haqqında akt qeydinə dəyişikliklər edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar hazırkı iş üzrə mövcud deyildir Məhkəmə həmçinin vurğulayır ki, sonradan iddiaçının adının dəyişdirilməsi ilə bağlı da hər hansı akt qeydi aparılmamışdır. Belə olan halda, məhkəmə bir daha qeyd edir ki, iddiaçının istinad etdiyi “sonrakı sənədlər” ilkin doğum haqqında akt qeydinin səhv olması nəticəsinə gəlməyə əsas vermir. Bununla yanaşı məhkəmə izah edir ki, iddiaçı sonrakı sənədlərdə doğum haqqında akt qeydinə uyğun olaraq dəyişikliklərin edilməsini onları verən orqanlara (təşkilatlara) müraciət etməklə həll etmək hüququ vardır. Hüquqmüəyyənedici sənədlərlə bağlı isə qeyd edilməlidir ki, iddiaçı onları verən təşkilat tərəfindən sənəddə olan səhvlər aradan qaldırılmadığı halda, hüquqmüəyyənedici sənədlərin ona məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi hüququna malıkdır”. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı məhkəmənin gəldiyi nəticə ilə razı deyil. Belə ki, Nazirlər Kabinetinin qərarında da göstərilir ki, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsinə əsas verən digər sənədlər (şəxsiyyət vəsiqəsi və digər sənədlər) Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi üçün əsas hesab edilir. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi həmçinin məhkəmənin qərarı əsasında mümkündür Məhkəmə yalnız bir sənədə (şəxsiyyət vəsiqəsinə) istinad edərək iddianı təmin etməmişdir, lakin iş materiallarında digər sənədlər də vardır ki, qanunvericilik həmin sənədlərə də istinad edilməsini istisna etmir. Məhkəmə prosesində məhkəmə tərəfindən iddia tələbi ilə bağlı hər hansı yardım göstərilməmiş, işin həlli istiqamətində hər hansı bir kömək edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarını işə şifahi və ya yazılı icraat qaydasında baxılması, şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri, prosessual hüquq və vəzifələri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməyə borcludur. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə müvafiq olaraq, məhkəmə bildirişində məhkəməyə çağırılan şəxsin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda da onun iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərini nəzərə alaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini qismən əsaslı hesab edir və belə qənaətə gəlir ki, birinci instansiyası məhkəməsinin iş üzrə qəbul etdiyi qərar aşağıdakılara əsasən ləğv edilməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə müvafiq olaraq, inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. Ailə Məcəlləsinin 161.2-ci maddəsinə görə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın: - 1-ci bəndinə əsasən, X1 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. - 2-ci bəndinə əsasən, aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. - 3-cü bəndinə əsasən, X1 qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: övladlığa götürmə ilə əlaqədar övladlığa götürülənin adı, atasının (anasının) adı, soyadı, doğulduğu yer və doğum tarixi dəyişdirildikdə; nikahın pozulması və nikahın etibarsız sayılması ilə əlaqədar ərin (arvadın) nikah qeydə alınan zaman seçdiyi soyadı dəyişdirildikdə; atanın adının dəyişdirilməsinin qeydə alınması hallarında onun uşaqlarının ata adı dəyişdikdə, valideynlərdən birinin və ya hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayan uşaqlarının soyadı dəyişdikdə; atalıq müəyyən edildikdə, uşağın doğulması haqqında qeydə ata barəsində yeni məlumat yazıldıqda, doğum haqqında aktın qeydindən uşağın atası və ya anası haqqında məlumatlar çıxarıldıqda; vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə; övladlığa götürmə ləğv edildikdə; atalığın müəyyən edilməsi ləğv olunduqda; X1 qeydindəki səhvlər düzəldikdə; cinsin dəyişməsi ilə əlaqədar olaraq vətəndaşın adı, soyadı və ata adı dəyişdirildikdə; X1 qeydində valideynlərin soyadları, adları, ata adları və ya milliyyəti göstərilməmişsə; vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. - 4-cü bəndinə əsasən, X1 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: övladlığa götürmə barədə məhkəmənin qərarı; nikahın pozulması barədə məhkəmənin qətnaməsi, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi, nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi; adın, soyadın və ata (ana) adının dəyişdirilməsi haqqında səlahiyyətli orqanların rəyi; yetkinlik yaşına çatmayanın adının və soyadının dəyişdirilməsinə dair səlahiyyətli orqanın rəyi; övladlığa götürmənin ləğv olunması haqqında məhkəmənin qətnaməsi; atalığın müəyyən edilməsi haqqında məhkəmənin qərarı və ya valideynlərin ərizəsi; atalığın müəyyən olunmasına dair məhkəmənin əvvəllər çıxarılmış qətnaməsinin ləğv edilməsi haqqında məhkəmənin qətnaməsi; ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi; X1 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı; cinsin dəyişməsinin təsdiqi haqqında tibb müəssisəsinin rəyi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 dövlət qeydiyyatı” Qaydasının 1.4-cü bəndinə görə, qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, X1 qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və X1 dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Hazırkı işin hallarından görünür ki, iddiaçının doğum haqqında akt qeydində adı “Gülgəz” kimi qeyd edilsə də, şəxsiyyət vəsiqəsində adı “Gülyaz” kimi qeyd edilmiş və bu xüsusat iddiaçı tərəfindən sonradan alınmış bütün sənədlərdə də adının “Gülyaz” kimi qeyd olunmasına səbəb olmuşdur. İddiaçının sözlərinə görə onu hər kəs Gülyaz kimi tanıyır və çağırır və onun hüquqi marağı məhz ilkin qeyddə adının “Gülyaz” kimi qeyd olunmasıdır. Yəni faktiki olaraq hazırkı vəziyyətdə müəyyən edilir ki, səhv ilkin qeyddə deyil, sonrakı (şəxsiyyət vəsiqəsindən başlayaraq) sənədlərdə edilmişdir. Lakin sonrakı sənədlərdə düzəlişin edilməsi iddiaçının hüquqi marağına cavab vermir. Məhkəmə kollegiyası hesab edir ki, göstərilən əsaslarla iddiaçının doğum haqqında akt qeydində inzibati icraat çərçivəsində müvafiq düzəlişin aparılması mümkün deyil və bu halda inzibati orqanın iddiaçının müraciətinə uyğun olaraq akt qeydinə düzəliş etməsi ilə bağlı öhdəliyi yaranmamışdır. Belə ki, qanunvericilik hansı hallarda X1 qeydində dəyişiklik edilməsinin əsaslarını konkret olaraq təsbit etmişdir ki, iddiaçının hazırda irəli sürdüyü dəlil bu əsasların əhatə dairəsinə düşmür. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı maraqlı şəxs qismində Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsini cəlb etməklə Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun, yəni xx.xx.1990-cı il tarixdə Bakı şəhərində doğulmuş Ağayeva (İsmayılova) Gülyaz Lətif qızının doğum haqqında Bakı şəhəri Nizami rayonunun VVAQ şöbəsi tərəfindən xx.xx.1990-cı il tarixdə tərtib edilmiş 1516 nömrəli doğum akı qeydinin düzgün olmaması müəyyən edilməsi və doğum haqqında akt qeydləri kitabına dəyişilik edilərək adının Gülgəz əvəzinə Gülyaz qeyd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmək imkanları qanunvericiliklə məhdudlaşdırılmır. Belə ki, ad təkcə şəxsin fərdiləşdirilməsi və eyniləşdirilməsi məqsədlərinə xidmət etmir, eyni zamanda onun sosiallaşmasına, yəni cəmiyyətə inteqrasiya olunmasına istiqamətlənmişdir. Nəzərə almaq lazımdır ki, müvafiq şəxsi addan təkcə onun sahibi tərəfindən deyil, həm də yaşadığı ictimai mühitdə digərləri tərəfindən geniş istifadə olunur. Buna görə də, şəxs adları ilə bağlı məsələlər, cəmiyyətin maraqları və digər şəxslərin hüquqlarının müdafiəsi baxımından da nizamlanmalıdır. Şəxsin doğulduğu gündən faktiki olaraq Gülyaz adı ilə tanınması və həmin adla cəmiyyətdə müəyyən yer tutması məhkəmə tərəfindən müəyyən edildiyi təqdirdə iddiaçı istədiyi məqsədə çatmaq imkanını əldə etmiş olacaq. Birinci instansiyası məhkəməsi tərəfindən iddiaçının Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsisinin 307.2.5-ci maddəsinə yönəldilməsi rasional hesab edilə bilməz. Belə ki, həmin maddəyə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli Qərarında isə göstərilmişdir ki, “ ... Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir”. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Göründüyü kimi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsisinin 307.2.5ci maddəsinin təsiri altına düşməsi yalnız iddiaçının digər sənədlərindəki adının şəxsiyyətini təsdiq edən sənəddə - şəxsiyyət vəsiqəsimdə göstərilən adla düzgün gəlmədiyi halda mümkün olardı. Hazırkı vəziyyətdə isə iddiaçının şəxsiyyət vəsiqəsindən başlayaraq bütün sənədlərdə adının Gülyaz olmasına baxmayaraq, ilkin doğum haqqında akt qeydində adının Gülgəz olması müəyyən edilir, iddiaçının hüquqi marağı isə təbii ki, 35 il sonra faktiki olaraq yeni – Gülgəz adı altında yaşamasından ibarət deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarında göstərilmişdir ki, “ ... İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir (12-ci bənd)”. Göründüyü kimi, iddia o zaman mümkün sayılır ki, iddiaçının hüquqları və qanunla qorunan maraqları inzibati orqanın qərarı, hərəkəti və ya hərəkətsizliyi nəticəsində pozulsun və iddiaçı cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə təşkil edən həmin hərəkətlərin edildiyinə dəlalət edən ilkin və inandırıcı sübutları iddia verilərkən təqdim etsin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçının hüquq və qanunla qorunan maraqlarını pozan hər hansı inzibati akt qəbul etdiyi və ya hərəkət, hərəkətsizliyə yol verdiyi müəyyən olunmadığından iddia tələbi mümkün sayıla bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarının 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə görə, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 2-1(112)-3765/2025 saylı qərarı ləğv edilməli, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsinə qarşı xx.xx.1990-cı il tarixli, 1516 nömrəli doğum haqqında akt qeydində adının “Gülgəz”dən “Gülyaz”a düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 52, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 2-1(112)-3765/2025 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsinə qarşı xx.xx.1990-cı il tarixli, 1516 nömrəli doğum haqqında akt qeydində adının “Gülgəz”dən “Gülyaz”a düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar