Məhkəmə qərarları › İş №2-1(103)-2492/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2492/2025

16.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2492/2025 16.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı ("xxxx" MMC üçüncü şəxs qismində cəlb olunmaqla) “qərarın ləğvi və qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka göndərilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1822/2025 nömrəli, 13 mart 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 13 iyun 2024-cü il tarixli **********144200 nömrəli “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” qərarının ləğv olunması və ƏDV-nin İddiaçı qaytarılmasının təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin 13 iyun 2024-cü il tarixli **********144200 nömrəli “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” qərarının ləğv olunması və "xxxx" MMC ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixdə bağlanmış Polo 7-107 nömrəli alqısatqı müqaviləsiniə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən “X8 and Residence” adlı istirahət kompleksinin ərazisində Polo Residences çoxmənzilli yaşayış kompleksinin 7-ci binasında yerləşən 7-107 nömrəli mənzilə görə iddiaçıya qaytarılacaq olan ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka ötürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" MMC ilə xx.xx.2022-ci il tarixli Polo 7-107 nömrəli alqı-satqı müqaviləsini bağlayaraq Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən “X8 and Residences” adlı istirahət kompleksinin ərazisində Polo Residences çoxmənzilli yaşayış kompleksinin 7-ci binasında yerləşən 7- 107 nömrəli mənzili almışdır. Mənzilə dair ödənişlər nağdsız qaydada POS-terminal vasitəsilə hissə-hissə həyata keçirilmişdir. Ödənişləri iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi olan onun anası X3 tərəfindən həyata keçirilirdi. Ödənişləri etməyə başlamamışdan qabaq iddiaçı ƏDV-nin qaytarılması üçün ödənişlərin POSterminal ilə aparılması mümkün olub-olmamasını dəqiqləşdirmək üçün vergi orqanlarına müraciət etmişdir. Vergi orqanı tərəfindən məlumat verildi ki, POS-terminal ilə ödənişlərin aparılması mümkündür və məbləğ tam ödənildikdən sonra ƏDV-nin qaytarılması mümkün olacaqdır. Ümumi olaraq iddiaçı tərəfindən "xxxx" MMC-yə nağdsız qaydada ƏDV daxil 93.177 ABŞ dolları (163.404 manat) köçürülmüşdür. "xxxx" MMC tərəfindən iddiaçıya sözügedən mənzilə dair ödənişlərin tam olaraq həyata keçirilməsi və borcun olmaması barədə 01 aprel 2024-cü il tarixdə arayış təqdim olunmuşdur. Mənzilə görə məbləğ tam ödənildikdən sonra iddiaçı nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı xx.xx.2024-cü il tarixli **********979600 nömrəli elektron ərizə ilə (bütün sənədləri əlavə edərək) cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra “Cavabdeh” adlandırılacaq) müraciət etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli **********888800 nömrəli məktubla iddiaçıya müraciət edərək, mənzilin tam dəyərinin nağdsız qaydada ödənilməsini təsdiq edən sənədlərin təqdim etməsini xahiş etmişdir. İddiaçı bu məktuba cavab olaraq xx.xx.2024-cü il tarixdə yenidən cavabdehə ödəniş sənədlərini göndərmişdir. Cavabdeh 13 iyun 2024-cü il tarixli **********144200 nömrəli “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” Qərarı ilə (həmin Qərar xx.xx.2024cü il tarixdə elektron kabinetində yerləşdirilmişdir) iddiaçının ƏDV-nin geri qaytarılması ilə bağlı ərizəsini təmin etməmişdir. Hesab edirlər ki, bu qərar əsassız olduğundan ləğv olunmalı, iddiaçının ƏDV-nin qaytarılması ilə bağlı ərizəsi isə təmin olunmalıdır. Cavabdeh inzibati orqan Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş iddia tələbinə yazılı etirazda göstərilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi aşağıda qeyd olunan səbəblərə görə hesab edir ki, iddia tələbi əsassızdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydasına əsasən həmin qaydalar Vergi Məcəlləsinin 165.6-cı maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması şərtlərini və qaydasını tənzimləyir (1.1-ci bənd). Fərman ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir. İddiaçı əlavə dəyər vergisinin qaytarılması üçün xx.xx.2024-cü il tarixli elektron ərizə ilə müraciət etmişdir. Təqdim edilmiş elektron ərizənin araşdırılması zamanı müqavilə üzrə mənzilin tam dəyərinin (cəmi 165.000,0 manat) nağdsız qaydada ödənilməsini təsdiq edən sənədlərin və alqı-satqı müqaviləsinin təqdim edilmədiyi müəyyən edilmiş və sənədlərdə çatışmazlıqlarla bağlı xx.xx.2024-cü il tarixli 2**********888800 nömrəli bildiriş alıcının portalda yaratdığı elektron kabinetə göndərilmişdir. Lakin aparılan təkrar araşdırma zamanı ödəniş sənədlərində ödənişin İddiaçı tərəfindən aparılmadığı (ödənişi aparan şəxsin soyad, ad və ata adının fərqli olduğu- X2 ) müəyyən edilmiş və sənədlərdə uyğunsuzluqla bağlı xx.xx.2024-cü il tarixli **********888800 nömrəli bildiriş alıcının portalda yaratdığı elektron kabinetə göndərilmişdir. Lakin, iddiaçı tərəfindən son bildirişin alındığı tarixdən 10 (on) iş günü müddətində uyğunsuzluqlar aradan qaldırılmamışdır. Göstərilən səbəbdən “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1-ci bəndində nəzərdə tutulan sənədlərin düzgünlüyünün yoxlanılması mümkün olmamışdır. Qanunvericiliyin qeyd olunan normalarına istinad edərək bildirilir ki, iddiaçının müraciəti üzrə aparılmış araşdırmanın nəticəsi üzrə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 58-ci və 61-ci maddələrinə əsasən “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********144200 nömrəli qərar qəbul edilmişdir. İnzibati prosessual qanunvericiliyə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göründüyü kimi, faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi cavabdehin üzərində olduğundan, cavabdeh “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********144200 nömrəli qərarı qəbul edən zaman işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli, tam və obyektiv araşdırılmış və qanuni inzibati akt qəbul edilmişdir. Yuxarıda qeyd olunanlara əsaslanaraq bildirilir ki, “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********144200 nömrəli qərar qanuni və əsaslıdır. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1822/2025 nömrəli, 13 mart 2025-ci il tarixli qərarı ilə (hakim H.Ağalarov) iddianın təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1822/2025 nömrəli, 13 mart 2025-ci il tarixli qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, Bakı İnzibati Məhkəməsi öz qərarında qeyd edir ki,“...iddiaçının ƏDV məbləğini satıcının ƏDV depozit hesabına ödəməsi imkanının mövcud olması işin mübahisəsiz halıdır. İddiaçı belə imkanın mövcudluğu halında belə heç bir ƏDV məbləğini satıcının ƏDV depozit hesabına ödəməmişdir”. Lakin, məhkəmə belə bir imkanın olub-olmamasını araşdırmamışdır. İddiaçı satıcı tərəfindən təqdim olunmuş hesaba mənzilin dəyərini ƏDV ilə birlikdə ödəmişdir. Mənzilə ödənişin qəsdən fərqli qaydada həyata keçirilməsi iddiaçıya münasibətdə hər hansı əlverişli şərait yaratmır. Hesab edir ki, iddiaçının mənzilə görə ödənişi müvafiq olaraq iki fərqli hesaba deyil, vahid hesaba köçürməsi formal xəta olaraq qəbul edilməli və iddiaçının hüquqlarının həyata keçirilməsinə mane olan hal kimi dəyərləndirilməməlidir. İddiaçı bir alıcı olaraq nağdsız qaydada ödəniş etmiş, satıcı şirkət vergidən yayınmayıb, ƏDV tam formada dövlət büdcəsinə ödənilmişdir. Həmçinin, məhkəmə öz qərarında qeyd edir ki, “iş materiallarından müəyyən olunur ki, "xxxx" MMC-nin möhürü ilə təsdiq edilmiş 15 ödəniş qəbzində qeyd edilmiş məbləğlərin cəmi 93477 ABŞ dollardır. Müqavilədə isə məbləğin 96120 ABŞ dolları olması qeyd edilmişdir. Eyni zamanda, ödəniş qəbzləri ilə "xxxx" ASC-nin ödəniş kartı üzrə çıxarışları arasında tarix və məbləğ fərqləri mvcuddur. Misal üçün: xx.xx.2023-cü il tarixli, 9 nömrəli ödəniş qəbzində məbləğ 10.000 AZN qeyd edilsə də, xx.xx.2024-cü il tarixli bank çıxarışında ödənişin xx.xx.2023-cü il tarixdə edildiyi və məbləğin 9000 AZN olduğu görünür. Bank çıxarışları üzrə göstərilmiş ödənişlərin bəzilərinin göndərildiyi ünvan "xxxx" MMC olduğu görünsə də, bəzi ödənişlərin ünvanlandığı hesabın kimə məxsus olduğu aydın olmur”. Məhkəmə iddiaçı tərəfindən sübut kimi təqdim olunmuş qəbzləri, bank çıxarışları, satıcı "xxxx" MMC tərəfindən verilmiş ödəniş qəbzlərini məhkəmə prosesi zamanı ümumiyyətlə təhlil etməmişdir. Müqavilədə mənzilin dəyəri ABŞ dolları ilə göstərilsə də, iddiaçı ödənişləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Azərbaycan manatı ilə etmiş və cəmi ƏDV ilə birlikdə 163.404 manat ödəmişdir, bu isə öz növbəsində məhz müqavilənin dəyəri olan 96.120 ABŞ dolları təşkil edir. Satıcı "xxxx" MMC tərəfindən verilmiş ödəniş qəbzlərində də manat məbləğləri göstərilir və cəmi onları hesablayaraq görünür ki, iddiaçı 163.404 manat məbləği ödəmişdir. Bu məbləğ həm POS-terminalın qəbzləri ilə, həm də bank çıxarışı ilə üst-üstə düşür. Bundan əlavə, iddiaçı tərəfindən Arayış təqdim olunmuşdur, həmin arayışda qeyd olunur ki, iddiaçı satıcıya mənzilin dəyərini tam ödəmiş və onun heç bir borcu yoxdur. Daha sonra məhkəmənin misal kimi gətirdiyi xx.xx.2023-cü il tarixli ödəniş qəbzi ilə bağlı qeyd edir ki, bank çıxarışında tarix xx.xx.2023-cü il göstərilsə də, POS-terminal qəbzlərində açıq-aşkar görsənir ki, ödənişlər xx.xx.2023-cü il tarixdə saat 13.12-də həyata keçirilmişdir: 9000 manat iddiaçının bir kartından, qalan 1000 manat isə iddiaçının digər kartından ödənilmiş, çünki birinci kartında vəsaitin kifayət olmadığı müəyyən olunmuşdur. Məlum məsələdir ki, bank çıxarışında tarix başqa göstərilə bilər, çünki bank əməliyyatlı müəyyən saatdan sonra və ya qeyri-işgünlərində həyata keçirildikdə, çıxarışda bu tarix başqa göstərilə bilər. Həmçinin, Pos-terminal qəbzlərinin üstündə satıcının adı və VÖENi göstərilir. Hesab edir ki, məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş ödəniş qəbzləri, POS-terminal qəbzləri və bank çıxarışları biri-birindən ayrılmamalı, məhz vahid ödəniş sənədləri kimi qiymətləndirməli idi. Bakı İnzibati Məhkəməsi bu prosessual normanı pozmuşdur. Belə ki, iddiaçı məhkəməyə təqdim etdiyi sübutları (ödəniş qəbzləri, pos-teminal qəbzləri, bank çıxarışları) məhkəmə iclasında tam və hərtərəfli qaydada araşdırmamışdır və onlara qiymət verməmişdir. Cavabdeh məhkəmə iclasında bildirdi ki, güya iddiaçı tərəfindən bəzi ödənişlər nəğd şəkildə həyata keçirilmişdir, lakin buna dair heç bir sübut təqdim etməmişdir, əksinə iddiaçının təqdim etdiyi pos-terminal qəbzlərindən açıq-aşkar görünür ki, iddiaçı mənzilin tam dəyərini nəğdsiz qaydada ödəmişdir. Lakin məhkəmə bu faktları məhkəmə iclasında araşdırmamışdır. İddiaçı öz iddia ərizəsində maraqlı şəxs kimi (üçüncü şəxs) satıcı "xxxx" MMC-ni göstərmiş və elektron qaydada iddia ərizəsini verərkən satıcı "xxxx" MMC-nin üçüncü şəxs kimi qeyd etmişdir. Lakin Bakı İnzibati Məhkəməsi belə qənaətə gəlmişdir ki, satıcı "xxxx" MMC-ni üçüncü şəxs kimi məhkəməyə cəlb edilməsinə ehtiyac yoxdur. Halbuki, hesab edir ki, satıcı "xxxx" MMC işə üçüncü şəxs kimi cəlb olunmalı idi, çünki mənzilə dair ödəniş edilməsi üçün hesab verən şirkət məhz "xxxx" MMC idi və iddiaçı pulu bu şirkətə ödəyirdi. Mənzilin dəyərinə daxil olan ƏDV-ni ayrıca ƏDV deposit hesabına ödənilməsi mümkün olub-olmaması ilə bağlıda üçüncü şəxsin izahatı vacibdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin və üçüncü şəxsin nümayəndələri məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası proses iştirakçısını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, İddiaçı "xxxx" MMC ilə xx.xx.2022-ci il tarixli Polo 7-107 nömrəli alqı-satqı müqaviləsini bağlayaraq Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən “X8 and Residences” adlı istirahət kompleksinin ərazisində Polo Residences çoxmənzilli yaşayış kompleksinin 7-ci binasında yerləşən 7- 107 nömrəli mənzili almışdır. Müqavilədə mənzilin dəyərinin 96120 ABŞ dollarının manat ekvivalenti olduğu qeyd edilmişdir. İş materiallarına "xxxx" MMC-nin möhürü ilə təsdiq edilmiş 15 ödəniş qəbzi, eyni zamanda "xxxx" ASC-nin ödəniş kartı üzrə çıxarışları əlavə edilmişdir. Bank çıxarışlarında müştəri kimi X2 qeyd edilmişdir. İddiaçının nağdsız qaydada alınmış qeyri-yaşayış sahəsinə görə ödənilmiş ƏDV-nin qaytarılması üçün cavabdehə etdiyi müraciət məlumatlarda uyğunsuzluğun olması əsas gətirilərək müraciəti təmin edilməmişdir. Bundan sonra iddaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası iddia tələbinin təmin edilməməsi qənaətinə gələn birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, hazırkı iş üzrə iddiaçı yaşayış sahəsini “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydaları”nın qüvvəyə mindiyi 25 may 2022-ci il tarixdən sonra müqavilə bağlamaqla əldə etmişdir. Həmin tarixdən etibarən 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etmək hüququ yaranmışdır. Həmin tarixdən iddiaçının ƏDV məbləğini satıcının ƏDV depozit hesabına ödəməsi imkanı mövcud olması işin mübahisəsiz halıdır. İddiaçı belə imkanın mövcudluğu halında belə heç bir ƏDV məbləğini satıcının ƏDV depozit hesabına ödəməmişdir. Belə olan halda, Qaydanın 5.1.2-ci bəndi tətbiq olunmalıdır. Qaydaların müvafiq bəndində bəhs olunan “nağdsız qaydada tam” ödənilməsi ifadəsi, yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişin birmənalı olaraq tamamının nağdsız ödənilməsini ehtiva edir. Məhkəmə, qeyd edilən uyğunsuzluqları nəzərə alaraq yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlmişdir ki, iddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Vergi Məcəlləsinin 165.6-cı maddəsində qeyd edilir ki, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir. 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə yeni məzmunda 165.6-cı maddə əlavə edilmişdir. Dəyişiklik 2020-ci il yanvarın 1-dən qüvvəyə minmişdir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın: (Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmişdir) 2.0.4-cü bəndinə əsasən operator – ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsinə, həmin elektron qaimə-faktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyyətini təşkil və idarə edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (bundan sonra – Dövlət Vergi Xidməti); 2.0.6-cı bəndinə əsasən müvəkkil bank – ƏDV-nin qaytarılması məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilən bank və ya banklar; 5.1-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi:

1. ödənişi aparan alıcının soyadı, adı və atasının adı;

2. ödənişi qəbul edən satıcının adı, VÖEN-i və bank hesabının nömrəsi;

3. ödənişin təyinatı. 5.2. Bu Qaydanın 5.1.2-ci yarımbəndinin 3-cü abzasında qeyd edilən ödənişin təyinatı hissəsində aşağıdakı məlumatlar göstərilir: 5.2.1. elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi; 5.2.2. ödənişin növü (tam ödəniş, ilkin ödəniş və ya aylıq ödəniş). 5.3. Dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDVnin qaytarılmasına yol verilmir. 5.4. Alıcı tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması ilə bağlı alıcının müraciətinə operator 10 (on) iş günü müddətində baxır və bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan sənədlərin düzgünlüyünü yoxlayır. Sənədlərdə çatışmazlıq aşkar olunduqda, müraciət daxil olduğu gündən 5 (beş) iş günü müddətində çatışmazlıqların aradan qaldırılması barədə alıcının portalda yaratdığı elektron kabinetə bildiriş göndərilir. Bütün çatışmazlıqlar eyni zamanda bildirilməlidir. Alıcı həmin çatışmazlıqları bildirişi aldığı tarixdən ən geci 10 (on) iş günü müddətində aradan qaldırmalıdır. Bu zaman operatorun müraciətə baxması ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət operator tərəfindən alıcının müraciətinə baxılma müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə alıcının müraciətindən sonra müddətin axımı bərpa olunur. 5.5-ci bəndinə əsasən elektron qaimə-faktura və bu Qaydanın 5.1-ci bəndində qeyd olunmuş sənədlərdə göstərilən məlumatlar operator tərəfindən yoxlanıldıqdan sonra dərhal risk qiymətləndirilməsi aparılır və risk qiymətləndirilməsinin nəticələri əsasında, təqdim edilmiş sənədlər bu Qayda ilə müəyyən edilmiş tələblərə cavab verdikdə, operator alıcıya qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatı həmin gün müvəkkil banka ötürür. Bu barədə alıcının portalda yaratdığı elektron kabinetə məlumat göndərilir. 5.6-ci bəndinə əsasən operator tərəfindən aparılmış risk qiymətləndirilməsinin nəticələri üzrə ƏDV-nin geri qaytarılmasından imtina edildikdə, bu barədə əsaslandırılmış inzibati akt qəbul edilir və inzibati akt 2 (iki) iş günü müddətində alıcının portalda yaratdığı elektron kabinetə göndərilir. Alıcı ƏDV-nin geri qaytarılmasından imtinadan inzibati qaydada və məhkəməyə şikayət verə bilər. (Keçid müddəası) 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyriyaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır: 6.1.1. ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə; 6.1.2. bu Qaydanın 5.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edildikdə. 6.2. Bu Qaydanın 6.1-ci bəndində nəzərdə tutulmuş hallar üzrə alıcıların müraciətləri vergi orqanı tərəfindən bu Qaydanın tələblərinə uyğun olaraq araşdırılır və risklər müəyyən edilmədiyi halda, ƏDV-nin alıcının bank hesabına köçürülməsi barədə məlumat portal vasitəsilə deyil, fərdi qaydada müvəkkil banka göndərilir. Bu barədə alıcıya məlumat verilir. Məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsinin 2020-ci il yanvarın 1-dən qüvvəyə minmiş 165.6-ci maddəsinin tətbiqini tənzimləyən “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 6-cı bəndi (keçid müddəaları) bu qaydalarının təsdiq edildiyi 2022-ci il 25 may tarixədək olan dövrdə olan münasibətləri tənzimləyir. Keçid müddəalarına görə Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən Fərmanla təsdiq edilmiş Qaydanın qüvvəyə mindiyi 25 may 2022-ci il tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyriyaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizinin Qaydanın qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq qaytarılması qaydası müəyyən edilmişdir. Hazırkı işin faktiki halının qaydaların keçid müddəalarının təsir dairəsinə düşməsi üçün yaşayış və qeyri-yaşayış sahələri Qaydanın qüvvəyə mindiyi 25 may 2022-ci il tarixədək əldə edilmiş olmalıdır. Əldə edilmə dedikdə isə 2020-ci il yanvarın 1-dən 2022-ci il mayın 25-dək yaşayış və qeyri-yaşayış sahələrinə dair qanunvericiliklə müəyyən edilmiş qaydada müqavilələrin bağlanılması nəzərdə tutulur. Həmin tarixlər arasında müqavilə bağlamaqla və ödəniş etməklə sahə əldə etmiş şəxslərdən ƏDV məbləğinin satıcının ƏDV depozit hesabına ödənilməsi tələb olunmur. Qaydaların 6.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyriyaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır: ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə; “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın keçid müddəalarında qeyd edilir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır:

1. ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə;

2. bu Qaydanın 5.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edildikdə. Hazırkı işin halları ilə müəyyən edilir ki, iddiaçı yaşayış sahəsini Qaydanın qüvvəyə mindiyi 25 may 2022-ci il tarixdən sonra xx.xx.2022-ci il tarixli Polo 7-107 nömrəli alqı-satqı müqaviləsi bağlayaraq əldə etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırkı münasibətlərə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndi tətbiq edilməlidir. Belə ki, iddiaçının müqavilə bağlandığı tarixdən 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etmək hüququ yaranmışdır. Həmin tarixdən iddiaçı ƏDV məbləğini satıcının ƏDV depozit hesabına ödəməli olduğu halda bunu etməmiş, bu tələbə əməl edilməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslıdır. Azərbaycan Respublikası İPM-nin: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7.Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Nəticəvi hissə:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiаçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1822/2025 nömrəli, 13 mart 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar