Məhkəmə qərarları › İş №2-1(103)-2493/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2493/2021

24.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2493/2021 24.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçının nümayəndələri X3 və X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” barədə tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 22.06.2021-ci il tarixli, 2-1(112)- 4106/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan mətndə Bakı şəhəri LGBİ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 25 fevral 2020-ci il tarixli **********953100 saylı qərarının ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 22.06.2021-ci il tarixli, 2-1(112)-4106/2021 saylı qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 22.06.2021-ci il tarixli, 2-1(112)-4106/2021 saylı qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İdarə tərəfindən araşdırma zamanı 10.08.2018-ci il tarixli **********6980 saylı “Xronometraj metodu ilə müşahidə aparılması haqqında” Qərar əsasında, Abşeron rayonu, Xırdalan şəhəri, X5 ünvanında yerləşən mağazada keçirilmiş xronometraj metodu ilə müşahidənin nəticəsi üzrə 14.08.2018-ci il tarixdə tərtib olunmuş VN-14016303 saylı yekun aktına əsasən, Cəmiyyətdə orta günlük dövriyyənin ümumilikdə 44 183,50 manat olduğu müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən 2019-cu ilin dekabr ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsinin 301-ci “ƏDVnə 18 faiz dərəcəsi ilə cəlb olunan əməliyyatlar” sətrinin cəmi olan (ƏDV daxil) 1080717.70 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj müşahidənin nəticəsində müəyyən edilmiş dövriyyə (1148770.91 manat) məbləğindən 68053.21 manat az olması kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlər verginin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə 23.01.2020-ci il tarixli **********414800 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" uyğunsuzluq məktubu göndərilmişdir. Vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan kənarlaşmalar aradan qaldırılmaqla dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyindən kameral vergi yoxlaması ilə 2019-cu ilin dekabr ayı əlavə dəyər vergisi bəyannaməsi üzrə 10381,00 manat əlavə vergi məbləği hesablanmış və 25.02.2020-ci il tarixli **********953100 nömrəli "Vergilərin hesablanması barədə" Qərar göndərilmişdir. Beləliklə, aparılmış xronometraj müşahidənin nəticəsi üzrə müəyyən edilmiş dövriyyə nəzərə alınmaqla vergi orqanı tərəfindən müvafiq tarixdə keçirilmiş kameral vergi yoxlamasının nəticəsi üzrə vergi ödəyicisinin vergi öhdəliyi düzgün müəyyən edilmişdir. Vergi Məcəlləsinin 50-1.3-cü maddəsinə əsasən xronometraj metodu ilə müşahidə obyektin normal fəaliyyətinə maneçilik törətməməklə və bu Məcəllənin 50.3- 50.6-cı maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilməklə 15 iş günündən çox olmayan müddətdə aparılır. Maddənin tələbindən göründüyü kimi xronometraj metodu ilə müşahidənin həyata keçirilməsi müddətinin maksimum həddi nəzərdə tutulmuş, daha qısa müddət ərzində müşahidənin həyata keçirilməsi ilə bağlı məhdudiyyət müəyyən olunmamışdır. Beləliklə, göründüyü kimi, xronometraj müşahidə nəticəsində hər gün üzrə dövriyyə məhz vergi ödəyicisinin özü tərəfindən nəzarət kassa aparatına daxil edilmiş məbləğlər əsasında müəyyənləşdirilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 22.06.2021ci il tarixli, 2-1(112)-4106/2021 saylı qərarının ləğv olunmasını, iddianın təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndələri iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 22.06.2021-ci il tarixli, 2-1(112)-4106/2021 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərini izahatlarını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş: - Təsis sənədlərindən (nizamnamə və Kommersiya qurumunun Dövlət Reyestrindən Çıxarış) müəyyən olunur ki, İddiaçı MMC 26.04.2016-cı il tarixdə hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmışdır. Hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, 20 Yanvar küçəsi (Xırdalan qəsəbəsi) ev 1-dir. - 2 saylı Ərazi Vergilər Departamentinin Xronometraj metodu ilə müşahidə aparılması haqqında 10.08.2018-ci il tarixli **********6980 saylı qərarından müəyyən olunur ki, Vergi Məcəlləsinin 23-cü və 50.1-ci maddələrini əsas tutaraq, İddiaçı MMC-yə məxsus olan obyektdə Abşeron rayonu, Xırdalan şəhəri, X5 ünvanında yerləşən anbarda 11.08.2018-ci il tarixdən 15 (on beş) iş günündən çox olmayan müddətdə Xronometraj aparılması qərara alınmışdır. - 2 saylı Ərazi Vergilər Departamenti tərəfindən tərtib olunmuş 11.08.2018-ci il tarixli VN-14 № 016300, 13.08.2018-ci il tarixli VN-14 № 016301, 14.08.2018-ci il tarixli VN-14 № 016302, 14.08.2018-ci il tarixli VN-14 № 016303 saylı Xronometraj metodu ilə aparılan müşahidənin nəticələri barədə aktların surətlərindən görünür ki, Vergi Məcəlləsinin 50-ci maddəsinə və digər qanunvericilik aktlarına və 10.08.2018-ci il tarixli **********6980 saylı qərara əsasən İddiaçı MMC-yə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış sahəsində yerləşən anbarda satış dövriyyəsinin müəyyən edilməsi məqsədilə 11.08.2018-ci il tarixdən 11.08.2018-ci il tarixdək, 13.08.2018-ci il tarixdən 13.08.2018-ci il tarixədək, 14.08.2018-ci il tarixdən 14.08.2018-ci il tarixədək və 11.08.2018-ci il tarixdən 14.08.2018-ci il tarixədək olan dövrlərdə xronometraj metodu ilə müşahidə aparılmışdır. Obyektin iş rejimi həftə ərzidə iş günlərinin sayı 6 (altı) gün,11 avqust 2018-ci il tarixdə satış dövriyyəsi 132550,49 manat, 13 avqust 2018-ci il tarixdə satış dövriyyəsi 0,0 manat, 14 avqust 2018-ci il tarixdə satış dövriyyəsi 0.00 manat, 11 avqust 2018-ci il tarixdə satış dövriyyəsi 132550,49 (bir yüz otuz iki min beş yüz əlli manat, qırx doqquz qəpik) manat, 13 avqust 2018-ci il tarixdə 0,0 manat və 14 avqust 2018-ci il tarixdə 0,0 manat olmuşdur. Cəmi 132.550,49 manat: 3 gün x 44183,50 manat. Orta günlük satış dövriyyəsi 44.183,50 manat müəyyən edilmişdir. - İddiaçı MMC-nin rəhbəri X4 tərəfindən 11.08.2018-ci il tarixdə 2 saylı Ərazi Vergilər İdarəsinə ünvanlanmış İltizamdan müəyyən olunur ki, Abşeron rayonu, Xırdalan şəhəri, X5 ünvanında yerləşən obyektdə iş günləri həftədə 6 (altı) gündür, iş vaxtı səhər saat 10:00dan, axşam saat 18:00-dək davam edir. Bayram günləri iş günü kimi qeyd olunur. - Bakı şəhəri LGBİ tərəfindən 23.01.2020-ci il tarixdə İddiaçı MMC-yə ünvanlanmış **********414800 №li məktubda sonuncuya bildirilmişdir ki, onun tərəfindən 13 yanvar 2020-ci il tarixində təqdim olunmuş bəyannamədə, hesabatda aşağıda göstərilən səbəbdən (səbəblərdən) kameral vergi yoxlamasının aparılması mümkün olmamışdır. Səbəblər: ƏDV bəyannaməsinin 301-ci “ƏDV-nə 18 faiz dərəcəsi ilə cəlb olunan əməliyyatlar” sətrinin cəmi olan (ƏDV daxil) 1080717.70 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj müşahidənin nəticəsində müəyyən edilmiş dövriyyə (1148770,91 manat) məbləğindən 680053.21 manat azdır. Bununla əlaqədar olaraq vergi yoxlamasının başa çatıdırlması üçün aşağıdakı zəruri sənələri təqdim etmək tələb olunmuşdur. 1. Həmin dövr üçün dəqiqləşdirilmiş Əlavə dəyər vergisi bəyannaməsi. - Bakı şəhəri LGBİ-nin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 25.02.2020-ci il tarixli **********953100 saylı qərarından görünür ki, cavabdeh inzibati orqan tərəfindənaparılmış araşdırma zamanı təqdim edilmiş bəyannamə, hesabat üzrə hesablanmış vergi və sığorta haqqı -9.038,88 manat, əvvəlki kameral yoxlama ilə müəyyən edilmiş vergi və ya sığorta haqqı 0,00 manat; vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 1.342,12 manat kimi göstərilmişdir. Kameral yoxlama nəticəssində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 10.381,00 manat; vergilərin azaldılmış məbləği və ya sığorta haqqı 0,00 manat, bəyannamə və hesabat təqdim edilməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı 0,00 manat. ƏDV bəyannaməsinin 301-ci ƏDV-yə 18 faiz dərəcəsi ilə cəlb olunan əməliyyatlar sətrinin cəmi olan (ƏDVV daxil) 1.080.717,70 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj müşahidənin nəticəsində müəyyən edilmiş dövriyyə (1.148.770,91) manat məbləğindən 68.053,21 manat az olduğu qeyd edilmişdir. Birinci instansiya məhkəməsi işin hallarına Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8, 15..1.13, 24.0, 24.1, 37.4, 50-1.1.1, 50-1.1.2, 50-1.1.3, 50-1.2, 50-1.3, 50-1.4, 50-1.5, 50-1.6, 67.1, 83.2, 83.2.4-cü maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddiaçı barəsində əlavə vergi yalnız bir günlük xronometraj metodu ilə müşahidənin nəticələrinə əsaslanmaqla tətbiq edilmişdir. Belə bir müşahidə nəticəsində əldə edilən məlumatlar isə yuxarıda qeyd edilən məqsədə uyğun gələn, yəni satışla və ya istehsalla bağlı real mənzərəni müəyyən etməyə imkan verən məlumatlar kimi qəbul edilə bilməz. Odur ki, sözügedən qaydada aparılmış xronometraj metodu ilə müşahidənin nəticələrindən çıxış edilməklə qəbul olunmuş "Vergilərin hesablanması barədə” qəbul edilmiş 25 fevral 2020-ci il tarixli **********953100 №li nömrəli qərar qanunsuz və əsassız olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Həmin Məcəllənin 37.5-ci maddəsinə əsasən bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. Həmin Məcəllənin 50-1.3-cü maddəsinə əsasən xronometraj metodu ilə müşahidə obyektin normal fəaliyyətinə maneçilik törətməməklə və bu Məcəllənin 50.3-50.6-cı maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilməklə 15 iş günündən çox olmayan müddətdə aparılır. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının oxşar iş üzrə 12.11.2019-cu il tarixli, 2-1(102)-3019/2019 nömrəli qərarında qeyd olunmuşdur: Qeyd edilənlərin hazırkı işin hallarına tətbiqi ilə bağlı müəyyən olunur ki, iddiaçı barəsində əlavə vergi yalnız bir günlük xronometraj metodu ilə müşahidənin nəticələrinə əsaslanmaqla tətbiq edilmişdir. Belə bir müşahidə nəticəsində əldə edilən məlumatlar isə yuxarda qeyd edilən məqsədə uyğun gələn, yəni satışla və ya istehsalla bağlı real mənzərini müəyyən etməyə imkan verən məlumatlar kimi qəbul edilə bilməz. Odur ki, sözügedən qaydada aparılmış xronometraj metodu ilə müşahidənin nəticələrindən çıxış edilməklə qəbul olunmuş “Vergilərin hesablanması barədə” qəbul edilmiş 25 oktyabr 2018ci il tarixli, **********786800 nomrəli qərar qanunsuz və əsassız olmuşdur. İşin müəyyən edilən hallarınan görünür ki, sözügedən müşahidə 3 gün ərzində keçirilsə də, həmin 3 gün ərzində MMC-nin anbarında yalnız bir gün satış olmuşdur. Beləliklə, cavabdeh vergi orqanı faktiki olaraq 1 günlük satışa istinad edərək iddiaçının orta günlük dövriyyəni müəyyən etmişdir. Qanunvericiliklə bunun üçün 15 gün müddətinin müəyyən olunmasında isə məqsəd müxtəlif günlərdə satış həcminin müxtəlif olma ehtimalıdır. Belə olan halda, iddiaçı MMC-nin orta günlük dövriyyəsini daha dəqiq müəyyən etmək mümkündür. Göründüyü kimi, cavabdeh orqan iddiaçının orta günlük dövriyyəsini müəyyən edərkən də ətraflı araşdırma aparmamışdır. Oxşar işlərə baxılması zamanı Ali Məhkəmənin İnzibati Kollegiyasında formalaşmış hüquqi mövqeyə görə vergi orqanı tərəfindən aparılan xronometraj metodu ilə müşahidənin müddəti elə seçilməlidir ki, həmin müddət vergi ödəyicisinin orta günlük dövriyyəsini dəqiq müəyyən etməyə imkan versin. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianı təmin edərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 25 fevral 2020-ci il tarixli **********953100 №li “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə” qərarının ləğv olunması barədə qərara gəlmişdir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 22.06.2021-ci il tarixli, 2-1(112)-4106/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar