Məhkəmə qərarları › İş №2-1(103)-2493/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2493/2023

03.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2493/2023 03.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh "xxxx" MMC-yə qarşı “sənədlərin təqdim edilməsi tələbinə dair” inzibati mübahisə üzrə iddiaçının iddiadan imtina barədə ərizəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi cavabdeh "xxxx" MMC-yə qarşı “səyyar vergi yoxlamasının keçirilməsi üçün sənədlərin təqdim edilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1626/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin apellyasiya mərhələsində iddiaçı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə (vəsatət) ilə məhkəməyə müraciət edərək, sənədlərin məhkəmə qərarına əsasən götürülməsi üçün səbəb olan şəraitin aradan qalxması nəzərə alınmaqla, İPM-in 55-ci maddəsinə uyğun olaraq, iddiadan imtina etdiyini bildirərək, iş üzrə icrata xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər (nümayəndələri) məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin (“İPM”) 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan, ərizəyə baxılması mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının ərizəsində (vəsatətdə) göstərilənləri nəzərə alıb və iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, ərizə təmin olunmalı, iş üzrə icraata xitam verilməlidir. Belə ki, İPM-in 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Məcəllənin qeyd olunan tələbindən göründüyü kimi, iddiadan imtina etmək iddiaçının qanunvericiliklə ona verilən hüququdur.İş materiallarından görünür ki, iddiaçının iddiadan imtina etməsi üçüncü şəxslərin hüquqlarını pozmur və tərəflərin qarşılıqlı mənafeyinə uyğundur. İddiaçıya izah edilir ki, iddiadan imtina Məcələnin 55.4-cü maddəsinin nəticələrini doğurur. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının iddiadan imtina etməsi məhkəmə tərəfindən qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. İPM-in 55.5-ci maddəsi isə nəzərdə tutur ki, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 80, 83, 89, 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının iddiadan imtina barədə ərizəsi təmin edilsin. İddiadan imtina məhkəmə tərəfindən qəbul edilsin. İş üzrə icraata xitam verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar