Məhkəmə qərarları › İş №2-1(103)-2493/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2493/2024

12.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2493/2024 12.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Talışınski Fuad Şəmsəddin oğlu və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı "ödənilmiş əlavə dəyər vergisinin qaytarılması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1804/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 19 iyun 2023-cü il tarixli **********019900 nömrəli qərarının ləğv edilməsi və 1 oktyabr 2020-ci il tarixli M/186 saylı müqavilə əsasında satıcı MİDA MMC-dən ünvan 3 (Yeni qaydalarla AZ 1089, ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzili "xxxx" ASC-dən kredit götürərək nağdsız ödəniş qaydasında ƏDV ilə birlikdə 49.633 manat ödəməklə almağı ilə bağlı ödənilmiş əlavə dəyər vergisinin iddiaçıya qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edilmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...1 oktyabr 2020-ci il tarixli M/186 saylı "xxxx" əsasında satıcı MİDA MMC-dən ünvan 3 (Yeni qaydalarla AZ 1089, ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzili "xxxx" ASC-dən kredit götürərək nağdsız ödəniş qaydasında ƏDV ilə birlikdə 49.633 manat ödəməklə almışdır. Yaxın ərəfədə ona məlum olmuşdur ki, «Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası» Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmişdir. İddiaçı da bu hüquqdan istifadə etmək qərarına gəlmiş və dərhal ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinet yaratmış, elektron kabinet vasitəsilə müraciətini və sənədləri portala göndərmişdir. Cavabdehə müraciət olunmuş, lakin müraciətə baxılsa da, ƏDV-nin geri qaytarılmasından imtina olunması barədə 19 iyun 2023-cü il tarixli əsassız qərar qəbul edilmişdir...” Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını xahiş etmiş və bunu aşağıdakılarla əsaslandırılmışdır: “...İddiaçının vergi orqanına təqdim etdiyi 1 oktyabr 2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə (M/186) və 2 oktyabr 2020-ci il tarixli bank ödəniş tapşırığına əsasən müəyyən etmək olur ki, alıcı İddiaçı tərəfindən yaşayış sahəsinin dəyəri satıcıya nağdsız qaydada tam şəkildə 2 oktyabr 2020-ci il tarixdə ödənilmişdir. Göründüyü kimi, portalın 21 noyabr 2022-ci il tarixdən istifadəyə verildiyini nəzərə alaraq alıcı tərəfindən ödənişin 2 oktyabr 2022-ci il tarixdə tam başa çatdırılmasına baxmayaraq, qanunvericiliklə nəzərdə tutulmuş müddətdə yaşayış sahəsinin alınması zamanı ödənilmiş ƏDV-nin nəzərdə tutulan hissəsinin qaytarılması ilə bağlı vergi orqanına müraciət edilməmiş, müddət ötürüldükdən sonra yəni, 12 iyun 2023-cü il tarixdə müraciət edilmişdir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1804/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkün hesab olunmuşdur. İddiaçı apellyasiya şikayətini aşağıdakılarla əsaslandırılmışdır: “...Məhkəmənin qərarı əsassız və qərəzlidir. Belə ki, hüquqi savadsızlığım ucbatından müraciət müddətini ötürməyim bəhanə edilərək Prezidentimizin 25 may 2022-ci il tarixli Fərmanı əsasında mənə qaytarılmalı olan ƏDV-nin qaytarılması barədə iddia tələbimin təmin edilməsindən əsassız olaraq imtina edilmiş, ona hüquqlarımdan, imtiyazlarımdan istifadə etməyə süni maneəçilik yaradılmışdır. Öncə qeyd edir ki, o, ailəlidir, himayəmdə 4 uşağı var. X2 veteranıdır, 3-cü dərəcəli ömürlük gözdən əlildir, həmçinin əri şəhid ailəsi üzvüdür. Mübahisə ilə bağlı məhkəmənin nəzərinə çatdırır ki, o, alıcı İddiaçı 01 oktyabr 2020-ci il tarixli, № M/186 saylı "xxxx" əsasında satıcı "xxxx" MMC-dən ünvan 3 (Yeni qaydalarla: AZ 1089, ünvan 2 ünvanında yerləşən 2(iki) otaqlı mənzili "xxxx" ASC-dən kredit götürərək nağdsız ödəniş qaydasında ƏDV ilə birlikdə 49633 manat ödəməklə almışdır. Mənzili alandan qısa müddət sonra ona məlum oldu ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri- yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 25 may 2022-ci il tarixli Fərman imzalamışdır. O, bu Fərman barədə eşidən kimi möhtərəm cənab Prezdientimizin 25 may2022-ci il tarixli Fərmanında nəzərdə tutulmuş hüquqdan (imtiyazdan) istifadə etmək qərarına gəldim və ƏDV-nin qaytarılması məqsədilə poıtalda qeydiyyatdan keçərək elektron kabinet yaratdım və elektron kabinet vasitəsilə müraciətimi və sənədləri skan edərək portala göndərdi. Müraciətimə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən baxılmış, lakin ƏDV-nin geri qaytarılması barədə ərizəmin təmin edilməməsi barədə 19 iyun 2022-ci il tarixli əsassız qərar qəbul edərək “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1-ci bəndinə əsasən imtina etdi Həmin qərarın ləğv edilməsi barədə Bakı İnzibati məhkəməsinə müraciət etsə də, məhkəmə onun həyat səviyyəsini, ərinn müharibə veteranı olmasını, 3-cıı dərəcəli gözdən əlil olmasını, himayəsində 4 (dörd) uşağının olmasını düzgün qiymətləndirməmiş, Konstitusiyanın müddəaları və qanunlar düzgün tətbiq edilməmiş, sonda mənim hüquq və vəzifələrimin pozulması ilə nəicələnən ziyanıma əsassız qərar qəbul edilmişdir. Onu da məhkəmə kollegiyasının nəzərinə çatdırır ki, həmin Fərmanında nəzərdə tutulmuş imtiyazlardan (hüquqlardan) bu günə qədər heç vaxt istifadə etməmişdir. Hesab edir ki, “ödənilmiş əlavə dəyər vergisinin qaytarılması” barədə iddia ərizənin təmin edilməməsi barədə Bakı İnzibati məhkəməsinin 2-1(112)-1804/2024 saylı, xx.xx.2024-cii il tarixli Qərarı ləğv edilməlidir və hüquqi savadsızlığım ucbatından ƏDV-nin geri qaytarılması barədə tərəfindən müraciətin müddətinin ötürülməsi üzürlü hesab edilərək bərpa edilməli, ailənin həyat səviyyəsi, himayəndə 4 uşağının olması, ərimin Qarabağ Müharibəsi veteranı olması, 3-cü dərəcəli ömürlük gözdən əlil olması, ərimin müalicəsi üçün pula kəskin ehtiyacımızın olması, həmçinin ərimin şəhid ailəsi üzvü olması nəzərə alınaraq, pozulmuş hüquqlarım məhkəmə qaydasında bərpa olunmalı və iddia tələbimin təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir..." Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş iddiaçı (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, İPM-in 62-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılması mümükün hesab olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə razılaşmayaraq, iddiaçının məsələ ilə bağlı qaydalara müvafiq portal yaradıldıqdan sonra 90 gün ərzində müraciət etmədiyini qeyd edərək, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6.-ci maddəsinə əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadrat metr və qeyri-yaşayış sahəsinin 500 kvadrat metrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”na əsasən: 1.6. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alan şəxslər tərəfindən elektron qaimə-fakturada, müqavilədə, qəbzdə və ya çekdə göstərilən yaşayış və qeyri-yaşayış sahələrinin ƏDV-siz dəyəri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsin bank hesabına, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına köçürülməlidir. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın təsdiq edilməsi haqqında 25 may 2022-ci il tarixli Fərmanı isə aşağıdakıları nəzərədə tutur: 1.2. Bu Qaydanın tələbləri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə təqdim edilmiş elektron qaiməfaktura üzrə yaşayış və qeyri-yaşayış sahələrinin qiymətindən (ƏDV ilə birlikdə) asılı olmayaraq tətbiq edilir. 1.3. ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. 2.0.2. alıcı – satıcıdan yaşayış və qeyri-yaşayış sahələrini nağdsız qaydada alan fiziki şəxs olan istehlakçı; 2.0.3. satıcı – ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs; 2.0.4. operator – ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyriyaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsinə, həmin elektron qaiməfaktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyyətini təşkil və idarə edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (bundan sonra – Dövlət Vergi Xidməti); 2.0.7. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi – bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanılmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi; ...; 3.1. Operator: 3.1.1. bu Qayda ilə müəyyən edilmiş hallarda ƏDV-nin qaytarılması işlərini təşkil edir; 5.1. Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi: 5.3. Dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDV-nin qaytarılmasına yol verilmir. 5.4. Alıcı tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması ilə bağlı alıcının müraciətinə operator 10 (on) iş günü müddətində baxır və bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan sənədlərin düzgünlüyünü yoxlayır. Sənədlərdə çatışmazlıq aşkar olunduqda, müraciət daxil olduğu gündən 5 (beş) iş günü müddətində çatışmazlıqların aradan qaldırılması barədə alıcının portalda yaratdığı elektron kabinetə bildiriş göndərilir. Bütün çatışmazlıqlar eyni zamanda bildirilməlidir. Alıcı həmin çatışmazlıqları bildirişi aldığı tarixdən ən geci 10 (on) iş günü müddətində aradan qaldırmalıdır. Bu zaman operatorun müraciətə baxması ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət operator tərəfindən alıcının müraciətinə baxılma müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə alıcının müraciətindən sonra müddətin axımı bərpa olunur. 5.5. Elektron qaimə-faktura və bu Qaydanın 5.1-ci bəndində qeyd olunmuş sənədlərdə göstərilən məlumatlar operator tərəfindən yoxlanıldıqdan sonra dərhal risk qiymətləndirilməsi aparılır və risk qiymətləndirilməsinin nəticələri əsasında, təqdim edilmiş sənədlər bu Qayda ilə müəyyən edilmiş tələblərə cavab verdikdə, operator alıcıya qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatı həmin gün müvəkkil banka ötürür. Bu barədə alıcının portalda yaratdığı elektron kabinetə məlumat göndərilir. 5.7. Müvəkkil bank bu Qaydanın 5.5-ci bəndində nəzərdə tutulan ƏDV məbləğini məlumatı aldığı tarixdən 5 (beş) iş günündən gec olmayaraq alıcının bank hesabına qaytarır. Müvəkkil bank tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ƏDV məbləği onların seçimindən asılı olaraq milli və ya xarici valyutada qaytarılır. 5.8. Qaytarılacaq ƏDV məbləği müvəkkil bank tərəfindən bank əməliyyatlarının aparılmasına görə xidmət haqları çıxılmaqla alıcıya ödənilir. ...; 6.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyriyaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır: 6.1.1. ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə; 6.1.2. bu Qaydanın 5.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edildikdə. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsdən (o cümlədən « S AND N” MTK-dan) nağdsız qaydada yaşayış sahəsi alan iddiaçının alıcı kimi, yaşayış sahəsinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçməklə elektron kabineti vasitəsilə qeyd olunan sənədləri portala göndərdiyi təqdirdə, satıcının depozit hesabına ödədiyi ƏDV-nin 30 faizini geri qaytarılmasını tələb etmək hüququ var. Əks halda, yəni həmin müddətə riayət olunmaqıdqda ƏDV-nin qaytarılmasına yol verilmir. İş materiallarından isə görünür ki, 1 oktyabr 2020-ci il tarixdə bağlanmış M/186 saylı "xxxx" əsasında iddiaçı ünvan 3 ünvanında yerləşən 2 otaqlı mənzili MİDA MMC-dən "xxxx" ASC-dən kredit götürərək, 52/2020 saylı xx.xx.2020-c il tarixli ödəniş tapşırığı əsasında ƏDV ilə birlikdə 49.633 manat məbləğində dəyərini nağdsız qaydada ödəmişdir. Lakin iş materiallarının 12-ci vərəqindən görünür ki, o, ƏDV-nin qaytarılması barədə ərizə ilə cavabdehə nağdsız qaydada ödənişdən, ö cümlədən, qeyd olunan qanunvericiliyin tətbiqi ilə əlaqədar yaradılmış elektron “Portalın istifəadəyə verildiyi” xx.xx.2022-ci il tarixdən 90 gün sonra (yəni, sözügedən müddət bitdikdən 80 gün sonra) xx.xx.2023-cü il tarixdə yalnız müraciət edərək portalda yaradılmış elektron kabinet vasitəsi ilə qeydiyyatdan keçmişdir. Halbuki, iş materiallarından görünür ki, sözügedən qanunvericiliyin təbiqi ilə əlaqədar kifayət qədər kütləvi infomasiya vasitələrində izahlı məlumatlar verilmişdir. Adıçəkilən Qaydanın 5.1-ci və 5.3-cü bəndlərinin qeyd olunan imperativ tələblərindən isə göründüyü kimi, 90 gündən sonra müraciət edildikdə, ƏDV-nin qaytarılmasına yol verilmir və burada qanunverici tərəfindən müddətin bərpası barədə müddəa nəzərdə tutulmamışdır. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh, iddiaçının hazırkı tələblə bağlı məhkəməyə qədər müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuş, onun qanunla qorunan hüquqlarını pozmamışdır. İPM-in 73.1-ci maddəsi də məhz, o halda məhkəmə tərəfindən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyulmasını nəzərdə tutur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. Beləliklə də göstərilənləri nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd edilməsini mahiyyəti üzrə maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, iddiaçının apellyasiya şikayətinin, məhkəmənin qərarının əsassız və qərəzli olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmadan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1804/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1804/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hazırkı qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar