Məhkəmə qərarları › İş №2-1(103)-2494/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2494/2021

21.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2494/2021 21.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “birdəfəlik müavinətın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3970/2021 saylı 24.06.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə),açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ona verdiyi cavabın qanunsuz hesab edilməsi, “Koronavirus” (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan ona xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 manat məbləğində birdəfəlik ödəmə verilməsinin cavabdehin üzərinə öhdəlik qoyulmasını, cavabdeh tərəfindən ona vurulmuş mənəvi ziyana görə 4.000 manat məbləğində pul vəsaitinin tutularaq, ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının tələbinə görə o, cavabdehin mərkəzləşdirlmiş elektron informasiya (MEİS) “Məşğulluq” altsistemində (MAS) aylıq birdəfəlik ödəmənin alınması məqsədi ilə işsiz kimi qeydiyyata düşmüş, bir müddətdən sonra, ona «SMS» vasitəsi ilə cavab verilərək bildirilmişdir ki, “arvadınız barədə təhrif olunmuş məlumat təqdim etdiyiniz üçün Sizə 190 manat birdəfəlik ödəmə verilməsindən imtina edilmişdir”. Halbuki, o, subaydır, məhkəmə qətnaməsi ilə 2015-ci ildə onun nikahı pozulmuşdur. Bu məsələyə aydınlıq gətirmək üçün o, məşğulluq mərkəzinə müraciət etmiş, oradan isə ona bildirmişlər ki, “nikah pozulmuş hesab edilmir, ona görə ki, nikahın pozulması haqda şəhadətnamə alınmamışdır”. Bundan sonra, nikahın pozulması haqda şəhadətnamə almış və yenidən cavabdeh inzibati orqana müraciət etsə də, cavab verilməmişdir. Cavabdehin bu hərəkətləri qanunsuzdur. İddiaçı, tərəfindən, eyni zamandə belə vəziyyət onun mənəvi-psixoloji ovqatının pozulmasına, əsəb sisteminin gərginləşməsinə, iztirab keçirməsinə, gündəlik fəaliyyətinin ahəngdarlığına mənfi təsir göstərməklə ümumilikdə mənəvi əzab çəkməyinə gətirib çıxarmış, cavabdehin qanuna zidd əməlləri nəticəsində ona dəymiş mənəvi ziyanı 4.000 manat dəyərləndirilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3970/2021 saylı 24.06.2021-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə İddiaçı ona işsiz kimi qeydiyyata alınan şəxslərə ödənilən 190 manat birdəfəlik ödənişin xüsusi karantin rejimi tətbiq olunduğu dövr üzrə ödənilməsinə dair müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmuş, qalan hissədə isə iddia təmin edilməmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuşdur. Məhkəmənin cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəliyin qoyulması anlaşılmaz və natamam xarakter daşıyır. Məhkəmələr tərəfindən qəbul edilən qərarların daha sonra icrasının təmini üçün anlaşılan olması və konkret fikir təsbit etməsi hüquqi baxımdan zəruri xarakter daşıyır. Məhkəmə işi hərtərəfli araşdırmamış, işin həlli üçün zəruri olan halları müəyyən etmədən qərar qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi T.Vəliyev apellyasiya şikayətinə uyğun izahat verərik apellyasiya şikayətiin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı xüsusi karantin rejimi dövründə cavabdeh tərəfindən ona 190 manat məbləğində birdəfəlik ödəmənin verilmədiyini bildirmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşıdırıb belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli və aşağıdakı əsaslara görə birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Birinci instansiya məhkəməsi qərarından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 07 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq olunmuş «Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və Qaydaları»nın 1.4-ci, 2-ci və 3.1-ci, «Məşğulluq haqqında» Qanunun 5.1-ci və 5.5-ci maddələrinin tələləri qeyd olunmaqla, işsiz kimi qeydiyyata alınan şəxslərə ödənilən 190 manat birdəfəlik ödənişin xüsusi karantin rejimi tətbiq olunduğu dövrdə iddiaçının birdəfəlik müavinətin ödənilməsi barədə müraciəti ilə bağlı zəruri inzibati araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsini cavabdehə həvalə edərkən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM»)-in 73.2-ci və 73.3-cü maddələrinin tələblərinə istinad etmişdir. Məhkəmənin qeyd olunan mövqeyindən belə anlaşılır ki, cavabdeh orqan mübahisələndirilən birdəfəlik ödəmənin verilməsində proseesual qanunveriliyin qeyd olunan tələblərindən irəli gələn diskression səlahiyyətlərə malikdir. Halbuki, məhkəmənin istinad etdiyi maddi hüquq normalarından görünür ki, işsiz statusunun qanunvericiliklə müəyyən edilən əsasları və pandemiya ilə əlaqədar xüsusi karantin rejimi dövründə birdəfəlik ödəmənin verilməsinin kokret halları və şərtləri aydın şəkildə sadalanmış və bu zaman inzibati orqanın diskressionluq səlahiyyətə malik olduğu müəyyən edilməmişdir. Cavabdehin iş materiallarına əlavə edilmiş «SMS» imtinasında və iddia ərizəsinə dair etirazında iddiaçının müraciəti ilə bağlı hüquqi mövqeyini aydın şəkildə ifadə edərək hesab edir ki, onun tərəfindən birdəfəlik ödəmənin verilməsindən imtina olunması qanuni və əsaslıdır, iddia rədd edilməlidir. Bundan əlavə iş materiallarından görünür ki, iddiaçının tələbində haqlı olubolmadığını müəyyən edilməsi üçün işdə kifayət qədər subutlar da mövcuddur. Lakin birinci instansiya məhkəməsi həmin sübutlar araşdırılmamış, onların hüquqi qiymətləndirilməsi aparılmamış, məsələnin həll edilməsi üçün yenidən inzibati qaydada araşdırılma aparılmasını cavabdehə həvalə etməkdə qərarlı olmuşdur. Halbuki, sübutları araşdırmq, lazım gəldikdə iş üçün əhəmiyyət kəsb edən əlavə sübutlar toplamaq, onlara hüquqi qiymət vermək və yaranmış daxili inam əsasında qərar qəbul etmək məhkəmənin, İPM-in 12.1, 58.7 və 68.1-ci maddələri ilə müəyyən olunan vəzifəsidir. Onu da qeyd etmək lazımdır ki, prosessual qənaət prinsipi baxımından, məhkəmə qeyd olunan mövqeyini işə mahiyyəti üzrə baxılması çərçivəsində aralıq qərardadı ilə həyata keçirmək imkanına malikolmuşdur. Belə ki, İPM-in 67.2-ci maddəsinin tələbinə görə sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə, bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə borcludur. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələblərinin təmin olunması üçün heç bir tədbir görülmədiyi və ya görülmüş yeni tədbirlərin iddiaçının tələbini təmin etmədiyi hallarda mübahisə ilə bağlı məhkəmə icraatı davam etdirilir və işə mahiyyəti üzrə baxılır. Ən azından, qeyd ediliməlidir ki, artıq formalaşmış məhkəmə təcrübəsində kifayət qədər oxşar işlərə mahiyyəti üzrə baxılıb müvafiq qərarlar da qəbul edilmişdir. Beləliklə də, göstərilənlər baxımından, konkret halda, birinci instansiya məhkəməsinin iddiaçının birdəfəlik ödəmənin verilməsi barədə müraciəti ilə əlaqədar inzibati araşdırmanı aparılması və müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehə havalə edilməsi barədə gəldiyi nəticəni işdə olan sübutlara və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirilməsi istisna edilir. Tələbin mənəvi ziyanla bağlı hissəsinə gəldikdə isə iddiaçının həmin tələbi, iddianın birinci hissəsindən irəli gələn, yəni, iş üzrə sübutların araşıdırılıb onlara hüquqi qiymət verilməsindən sonra, maddi hüquq normalarının tələbləri və məhkəmə praktikasına uyğun qaydada münasibət bildirilməli olan bir məsələdir. Beləliklə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin, birinci instansiya məhkəməsi tərəfindən işin hərtərəfli araşdırmadığını, işin həlli üçün zəruri olan halların aydınlaşdırılmadan prosessual qanunvericiliyin tələblərinin pozulması ilə əsassız qərar qəbul edildiyini mübahisələndirən dəlilləri himssəsində razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3970/2021 saylı 24.06.2021-ci il tarixli qərarı ləğv edilməli, iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Eyni zamanda, İPM-in 87.9-cu maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, işdə olan sübutlar, zəruri olduqda iş üçün əhəmiyyt kəsb edən digər sübutlar toplanıb prosessual qanunvericiliyin tələbləri çərçivəsində, maddi hüquq normalarına münasibətdə hüquqi qiymətləndirilməsi aparılmalı və nəticəsindən asılı olaraq iddiaçının tələbləri üzrə mahiyyəti üzrə konkret nəticəyə gəlinməlidir. Qeyd olunanlara əsasən və İPM-in 68, 69, 87, 90, 89, 90-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3970/2021 saylı 24.06.2021-ci il tarixli qərarı ləğv edilsin. İş məhkəmə icraatının davam etdirilməsi yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilmir. Sədrlik edən Cahangir Yusifov Hakimlər Həmid Həmidov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar