Məhkəmə qərarları › İş №2-1(103)-2495/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2495/2021

20.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2495/2021 20.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Yusifov Cahangir Afər oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi və borcun silinməsi barədə tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4357/2021 saylı, 30 iyun 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra mətndə Bakı şəhəri LGBİ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********649400 saylı qərarın ləğv edilməsi və ona hesablanmış 1.027,32 manat vergi borcunun və faizlərin ləğv edilməsi (silinməsi) barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4357/2021 saylı, 30 iyun 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, , iddiaçı inzibatı aktın mübahisələndirilməsi üçün qanunvericilikdə nəzərdə tutulan iddia müddətini ötürdüyündən İddiaçı iddiası mümkün sayılmamalıdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək ləğv edilməsini xahiş etmiş və apellyasiya şikayətini iddia ərizəsinə uyğun əsaslandırmışdır. Cavabdeh orqan tərəfindən apellyasiya şikayətinə etiraz təqdim edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. İş üzrə iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirakı etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. İş materiallarından göründüyü kimi iddiaçı 16 fevral 2021-ci il tarixdə iddia ərizəsi ilə Baki İnzibati Məhkəməsinə müraciət edərək, AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” 15 dekabr 2020-ci il tarixli **********649400 saylı qərarının ləğv edilməsi və ona hesablanmış 1027,32 manat vergi borcunun və faizlərin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsində göstərmişdir ki, həmin qərar və bildiriş ona poçt vasitəsilə yanvar ayının sonunda təqdim olunmuşdur. Həmin verginin nəyə görə və hansı sənədlər əsasında hesablanmasını bilmir, o, heç bir kommersiya faəliyyəti ilə məşğul deyildir. Cavabdeh birinci instansiya məhkəməsinə vəsatətlə müraciət edərək vergi məsuliyyətinə cəlb edilməsinə dair qərarın iddiaçının elektron poçtuna 17 dekabr 2020-ci ildə göndərildiyini bildirmiş və iiddia müddətinin keçməsinə istinad edərək iddianın mümkün sayılmamasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarın həmin tarixdə iddiaçının elektron kabinetinə göndərilməsinə istinad edərək müddətin ötürüldüyünü hesab etmişdir. Məhkəmə kollegiyası ilk olaraq onu qeyd edir ki, tərəflərin öz hüquq və mənafelərini müdafiə etmək üçün istifadə etmək imkanına malik olduqları ən əhəmiyyətli prosessual vasitələrdən biri iddia müddətidir. İddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki; iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlarastinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə bağlamış və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:

1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;

2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). Azərbaycan Respublikası Vergi Məcəlləsinin 70.2-1.3-cü maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra, lazımi qaydada çatdırılmış sayılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsi ilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında vergi orqanının mübahisələndirilən qərarının 20 dekabr 2020-ci il tarixdə təqdim olunmasına dair hər hansı bir sübut növü və ya digər sənəd (qəbz, bildiriş) mövcud deyildir. Bundan əlavə iş materiallarından məhkəmə tərəfindən iddiaçıya vergi ödəyicisi tərəfindən prossesual müddətin bərpa edilməsi ilə bağlı hər hansı bir hüquqi yardım göstərilməsi görünmür. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 05 nömrəli qərarında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır…İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir….Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır…İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddianın mahiyyəti ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, ümumi mənada subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Subyektiv mənada iddia vermək hüququ bir tərəfdən şəxsin hüququnun pozulub-pozulmamasını, digər tərəfdən iddia vermək hüququna malik olub-olmamasını özündə ehtiva edir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin iddianın mümkünlüyünü müəyyən edən 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki,iş materiallarında vergi orqanının mübahisələndirilən qərarının qanunvericiliklə müəyyən olunmuş qaydada iddiaçıya çatdırılmasına dair hər hansı bir sübut və ya sənədlər mövcud olmadığından Bakı İnzibati Məhkəməsinin iddianın mümkün sayılmamasına dair 2-1(112)-4357/2021 saylı, 30 iyun 2021-ci il tarixli qərardadı ləğv edilməli və iş müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsi həmin məhkəməyə göndərilməlidir. Qeyd olunanlara əsasən və İPM-in 68, 69, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası

qərara aldı: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4357/2021 saylı, 30 iyun 2021-ci il tarixli qərardadı ləğv edilsin. İş müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar