Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2497/2021 27.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə müavinətin əvvəlki 3 il üzrə hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Həmid Üzeyir oğlu Həmidovdan və Məmməd Allahverdi oğlu Məmmədovdan ibarət tərkibdə, X3-Yusiflinin katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona ailə başçısını itirməyə görə müavinətin əvvəlki 3 il üzrə hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5311/2021 saylı 05 iyul 2021-ci il tarixli qərarından iddiaçı (qanuni nümayəndəsi) tərəfindən verilmiş apellyasiya şikayətinə 27 oktyabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarıqəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: AZ-İİ seriyalı 615474 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2008-ci il tarixdə Şəki şəhərində doğulmuş, atası X6, anası Qanuni nümayəndədır. Şəki rayon Məhkəməsinin 2(075)-12999/2016 saylı 27 dekabr 2016-cı il tarixli qətnaməsi ilə 12 yanvar 1977-ci il tarixdə Şəki şəhərində anadan olmuş, X4 xəbərsiz itkin düşmüş elan edilmiş, Şəki rayon Məhkəməsinin 2(075)-4011/2018 saylı 04 dekabr 2018-ci il tarixli qətnaməsi ilə Qafqaz Paşayev ölmüş elan edilmişdir. İddiaçı ona ailə başçısını itirməyə görə müavinətin əvvəlki 3 il (01.02.2016-cı ildən 01.02.2019-cu illər) üzrə hesablanaraq birdəfəlik ödənilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən Qanuni nümayəndə (iddiaçının qanuni nümayəndəsinə) ünvanlanmış **********8 saylı 19.02.2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, iddiaçıya ailə başçısını itirməyə görə müavinət qanunauyğun olaraq təyin edilmişdir. Qeyd olunan imtina məktubundan narazı qalan iddiaçının qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək “ailə başçısını itirməyə görə müavinətin əvvəlki 3 il (01.02.2016-cı ildən 01.02.2019-cu illər) üzrə hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşə birinci instansiya qaydasında baxılarkən iddiaçı Qanuni nümayəndə məhkəməyə müraciət edərək, onun əsl İddiaçı ilə əvəz edilməsini və özünün yetkinlik yaşına çatmayan iddiaçının qanuni nümayəndəsi qismində tanınmasını xahiş etmişdir. Məhkəmənin protokol qaydasında qəbul etdiyi qərardadla əsl olmayan iddiaçı Qanuni nümayəndə əsl İddiaçı ilə əvəz edilmiş, Qanuni nümayəndə İddiaçı qanuni nümayəndəsi qismində tanınmışdır. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Vüsalə X1 ilə rəsmi nikaha girərək ailə qurmuşdur. Birgə nikahlarından xx xxxx 2008-ci ildə Sultan adlı uşaqları doğulmuş, sonradan Qafqaz Paşayevlə aralarında olan nikahları pozulmuşdur. Keçmiş əri itkin düşmüş, daha sonra Şəki rayon Məhkəməsinin 2(075)-4011/2018 saylı 04 dekabr 2018-ci il tarixli qətnaməsi ilə 12 yanvar 1977-ci ildə Şəki şəhərində anadan olmuş X2 ölmüş elan edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra ailə başçısını itirməyə görə müavinət təyin edilmişdir. Lakin əvvəlki 3 il üçün, yəni 01.02.2016-cı ildən 01.02.2019-cu ilədək verilməli olan müavinət ödənilməmişdir. Bu barədə cavabdeh inzibati orqana müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina olunmuşdur. İmtina qanunsuzdur. Cavabdehin etirazları: İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, iddiaçıya (azyaşlı övladına münasibətdə) 07.01.2019-cu il tarixdən ailə başçısını itirməyə görə sosial müavinət təyin edilmişdir. Lakin iddiaçı “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə istinad edərək, inzibati orqanın təyinatla bağlı qərarının qanunamüvafiq olmadığını – ona müraciət etdiyi tarixdən əvvəlki üç illik dövr üzrə ödəmələrin həyata keçirilməli olduğunu iddia etmişdir. Adında da ifadə olunduğu kimi, sözügedən müavinətin təyin edilməsi ilə bağlı hüquq münasibətlərinin yaranmasına əsas qismində iştirak edən hüquqi fakt ailə başçısının ölümüdür. Hazırkı iş üzrə ailə başçısının ölümü faktı hüquqi əhəmiyyəti olan fakt qismində 04.12.2008-ci il tarixli Şəki rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən olunur. Həmin qətnamə 07.01.2019-cu il tarixdə hüquqi qüvvəsini almışdır. Deməli, iddiaçının tələb etdiyi sosial müavinətə hüququn əsası olan ailə başçısını itirmə faktı məhkəmə qətnaməsinin qüvvəyə mindiyi – 07.01.2019-cu il tarixdə baş vermişdir. Yəni, sözügedən müavinətə tələb hüququ həmin tarixdən yaranmışdır. Cavabdeh orqan vətəndaşa müraciət edilmə tarixindən (05.02.2019) asılı olmayaraq, onun iddia etdiyi müavinətə hüququnun yarandığı tarixdən ailə başçısını itirməyə görə sosial müavinət təyin edərək qanunvericilik hədlərində davranmış, heç bir qanun pozuntusuna yol verməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5311/2021 saylı 05 iyul 2021-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi 19.02.2021-ci il tarixdir. Həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınmasını təsdiq edən sübut iş materiallarında mövcud deyildir. İddiaçı iddia ilə məhkəməyə 31.03.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2, 62.2 və 62.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda iddiaçının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı tələbi “ona ailə başçısını itirməyə görə müavinətin əvvəlki 3 il (01.02.2016-cı ildən 01.02.2019-cu illər) üzrə hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlıdır. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bununla bağlı iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilməmişdir. Belə ki, işə birinci instansiya qaydasında baxmış məhkəmə ailə başçısı X2 ölüm günü məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün (07.01.2019-cu il) sayıldığından (qətnamədə başqa günün deyil, məhz qətnamənin qanuni qüvvəyə mindiyi günün ölüm günü kimi hesab edilməsi qeyd edilmişdir) həmin tarixdən iddiaçının sözügedən müavinəti almaq hüququnun yaranmasına və cavabdeh inzibati orqan tərəfindən müraciət edilmə tarixindən (05.02.2019-cu il) asılı olmayaraq, hüququn yarandığı 07.01.2019-cu il tarixdən də ailə başçısını itirməyə görə müavinət təyin edildiyinə istinad edərək iddia tələbinin təmin olunmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 4.0, 4.0.1 və 4.0.1.5-ci maddələrinə əsasən, ailə başçısını itirməyə görə müavinət bu Qanunla təyin edilən aylıq müavinətlərdən biridir. Həmin Qanunun 7.0 və 7.0.5-ci maddələrinə əsasən ailə başçısını itirməyə görə müavinət aşağıdakı hallarda təyin edilir: 7.0.5.1. əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hal istisna olmaqla); 7.0.5.2. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən, qardaş, bacı, baba və nənələrdən biri vəfat etmiş şəxsin 8 yaşınadək uşaqlarına baxdıqda və işləmədikdə təyin edilir. Həmin Qanunun 9.1 və 9.1.4-cü maddələrinə əsasən ailə başçısını itirməyə görə müavinət ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: 9.1.4.1. vəfat etmiş şəxsin uşaqlarına - 18 yaşına çatanadək (əyani təhsil alanlara təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla); 9.1.4.2. vəfat etmiş şəxsin 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqlarına - əlillik nmüddətinə; 9.1.4.3. vəfat etmiş şəxsin 8 yaşınadək uşaqlarına baxan və işləməyən (yaşından və əmək qabiliyyətindən asılı olmayaraq) valideynlərdən, qardaş, bacı, baba və nənələrdən birinə - uşağın 8 yaşınadək. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər; 41.3-ci maddəsinə əsasən, şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır; 41.4-cü maddəsinə əsasən, bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinin tələbinə əsasən, ailə başçısını itirməyə görə müavinət ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün o halda ödənilir ki, müraciət edən şəxsin həmin müavinəti almaq hüququ (ailə başçısının ölümü faktı) ən azı müraciət edilməzdən üç il və daha çox əvvəl yaranmış olsun. Həmçinin əvvəlki dövr də, bu Qanunun qüvvəyə mindiyi 01.01.2006-ci il tarixlə məhdudlaşır. Hazırkı iş üzrə ailə başçısı X2 ölüm günü məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gün (07.01.2019-cu il) sayıldığından (qətnamədə başqa günün deyil, məhz qətnamənin qanuni qüvvəyə mindiyi günün ölüm günü kimi hesab edilməsi qeyd edilmişdir) həmin tarixdən iddiaçının sözügedən müavinəti almaq hüququ yaranmışdır və cavabdeh inzibati orqan tərəfindən müraciət edilmə tarixindən (05.02.2019-cu il) asılı olmayaraq, hüququnun yarandığı 07.01.2019-cu il tarixdən də ailə başçısını itirməyə görə müavinət təyin edilmişdir. Kollegiya onu da nəzərə alır ki, X2 daha əvvəl, 27 dekabr 2016-cı il tarixli qətnamə ilə xəbərsiz itkin düşmüş hesab edilməsi də vəziyyəti iddiaçının xeyrinə dəyişmir. Belə ki, “xəbərsiz itkin düşmüş hesab edilmə” fərqli institut olmaqla, şəxsin ölməsi ilə əlaqədar olan hüquqi nəticələrə səbəb olmur. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri iddia ərizəsində qeyd edilənlərlə eynilik təşkil etdiyi üçün və bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız sayır və qəbul etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5311/2021 saylı 05 iyul 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5311/2021 saylı 05 iyul 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Həmid Həmidov Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2-1(103)-2497/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2497/2021
27.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver