Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2497/2023 30.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «mənzilə dair ayrı-ayrılıqda çıxarışın verilməsi tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4868/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. Birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəmədə iddia qaldıraraq ünvan 1 ünvanında yerləşən mənzilə dair notarial qaydada təsdiqlənmiş bölgü sxeminə uyğun olaraq İddiaçı1 və İddiaçı2 ayrı-ayrılıqda çıxarış və texniki pasportun verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişlər (Dəqiqləşdirilmiş iddia, i.v. 1-3, 39-49) İddianın əsaslarına görə ünvan 1 ünvanda yerləşən mənzil iddiaçıların paylı mülkiyyətindədir. Sözügedən mənzilə dair qanuna müvafiq formada bölgü sxemi səlahiyyətli icra hakimiyyəti orqanı olan Nəsimi Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal İstismarı Birliyinin 49 saylı MKİS-in mühəndisi tərəfindən tərtib edilmiş və 6 saylı Notariat kontoru tərəfindən təsdiq edilmişdir. Müvafiq bölgü sxemivə digər hüquqmüəyyənedici sənədlər cavabdehə ərizə ilə müraciət etsələr də heç bir cavab gəlməmişdir. Cavabdeh iddia ərizəsinə dair etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, İdarənin mütəxəssisləri tərəfindən mənzilə keçirilən texniki baxış zamanı mənzilin kommunal şəraitinin vahid olduğu müəyyən olmuşdur. Həmçinin sözügedən mənzil 5 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya **********36 nömrəli, xx.xx.2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4868/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və ünvan 1 ünvanında yerləşən mənzilə dair notarial qaydada təsdiqlənmiş bölgü sxeminə uyğun olaraq, İddiaçı1 və İddiaçı2 ayrı-ayrılıqda çıxarış və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi idarəsinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Belə ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, İdarənin mütəxəssisləri tərəfindən mənzilə keçirilən texniki baxış zamanı mənzilin kommunal şəraitinin vahid olduğu müəyyən olmuşdur. Həmçinin sözügedən mənzil 5 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşir. İddia tələbində qeyd olunan ünvan 4 ünvanında yerləşən 58 saylı mənzil (yeni qaydalarla: AZ1000, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi 30, M4, m9) hazırda iddiaçılar İddiaçı1 (28 kv.m) və İddiaçı2 (50,5) paylı mülkiyyətindədir Sözügedən mənzil 5 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi N.Rzazadə apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin olunmasını, iddiaçının nümayəndəsi Vəkil isə onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərarının qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrini dinləyib və iş materiallarını araşdırıb belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçıların tələbindən göründüyü kimi, öhdəliyin icrası haqqında iddia vasitəsilə ünvan 1 ünvanında yerləşən mənzilə dair notarial qaydada təsdiqlənmiş bölgü sxeminə uyğun olaraq İddiaçı1 və İddiaçı2 ayrı-ayrılıqda çıxarış və texniki pasportun verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmasını tələb etmişlər. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən qeyd etmişdir ki, mübahisə predmeti olan daşınmaz əmlak faktiki olaraq naturada ayrı olduğundan, yəni mübahisə predmeti olan daşınmaz əmlak çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrı-ayrı sahələrdən ibarət olduğundan, buna dair notarial qaydada bölgü sxemi təsdiq edildiyindən, əmlakın bütün mülkiyyətçiləri naturada bölgüyə razı olduğundan cavabdeh orqanın imtinası qanuni və əsaslı hesb edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikasının Mülki məcəlləsinə əsasən: 213.1.İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2.Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3.Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. ...; 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2.Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir...” İşə əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********54-05101-093038 reyester nömrəli xx.xx.2022-ci il tarixli çıxarışa əsasən - ünvan 1 (Yeni qaydalarla : AZ 1000, ünvan 5 ünvanında yerləşən, sahəsi 78.50 kvadrat metr olan mənzil paylı mülkiyyət hüququ ilə 50,5 kv m hissəsində İddiaçı2, 28.0 kv.m hissəsində isə İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdən həmçinin, görünür ki, cavabdeh orqan tərəfindən iddiaçıların hər birinin, o cümlədən, xx.xx.2018-ci il tarixdə İddiaçı2 50,5 kv m payına müvafiq, xx.xx.2022-ci il tarixdə isə İddiaçı1 28.0 kv.m payına müvafiq texniki pasportu tərtib olunmuşdur. Eyni zamanda, işə əlavə olunmuş tərəflər arasında notarial qaydada təsdiq olunmuş, mənzilin bölgü planından görünür ki, iddiaçılar mənzilin bölgüsü barədə öz aralarında razılığa gəlmişlər. Həmin bölgü planında hər kəsin yaşayış sahəsinin tam kommunal şəraitli olduğu təsbit olunur (i.v.32). İş materiallarından eyni zamanda görünür ki, birinci instansiya məhkəməsi tərəfindən də həmin mənzilə baxış keçirilərək yerində müayinə olunarkən müəyyən edilmişdir ki, dəhlizin sağ tərəfində yerləşən yaşayış sahəsi İddiaçı1, sol hissəsində yerləşən yaşayış sahəsi isə İddiaçı2 faktiki istifadəsində olmaqla, mənzillər 4 mərtəbəli çoxmənzilli binanın 4-cü mərtəbəsində yerləşən faktiki olaraq ayrı-ayrı mənzillərdir. İddiaçıların təqdim etdiyi “DVD” diskdə mövcud olan videogörüntülər araşdırıldıqda da müəyyən edilir ki, hər iki mənzilin ayrıca giriş-çıxış qapısı və hər bir mənzilin ayrıca kommunal şəraiti mövcuddur və mənzillər dəhlizin sağ və sol hissəsində ayrı-ayrı istiqamətlərdə yerləşir. Başqa sözlə, videogörüntünün bölgü planına tam uyğun olduğu müşahidə olunur (i.v.38). Göründüyü kimi, cavabdehin apellyasiya şikayətinin mənzilin kommunal şəraitinin vahid olduğunu vurğulayan dəlillərinin əsassız olduğu təsdiq edilir. Belə olan halda, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 13.3-cü maddəsinə əsasən bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir. Qeyd olunanlar onu deməyə əsas verir ki, mübahisəli ünvanda yerləşən mənzilin, iddiaçıların razılaşdırılmış bölgü sxemi nəzərə alınmaqla, hər birinin ayrı-ayrılıqda öz mənzilinə dair mülkiyyət hüququnun qeydə alınıb çıxarış almaq hüquqları cavabdeh tərəfindən məhdudlaşdırıla bilməz (Oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi də mövcuddur). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş,“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (DƏDKR) publik hüquqi şəxsin Nizamnaməsinin: 3.1.2-ci bəndinə əsasən dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.27-ci bəndinə əsasən ünvan reyestrini tərtib etmək və aparmaq, həmçinin ünvan reyestrinin məlumatlarını Ünvan Reyestri İnformasiya Sisteminə daxil etmək və onun aparılmasını təmin etmək, daşınmaz əmlak obyektlərinə ünvan vermək, ünvan reyestrində saxlanılan və açıq hesab edilən məlumatları internet saytında yerləşdirmək – DƏKR-in vəzifələridir. İşin tədqiq olunan sübutlarla müəyyən edilən halları və qanunvericilyin qeyd olunan tələbləri baxımından cavabdeh orqan qanunvericiliklə üzərinə düşən öhdəliyini əsassız olaraq yerinə yetirməmiş, iddiaçıların qanunla qorunan hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsininin tələbindən isə görünür ki, aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmasını işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin, məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qərar qəbul olunduğunu mübahisələndirən və “mənzilin paylı mülkiyyət olduğunu və 5 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşdiyini” vurğulayan formal xarakterli dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4868/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4868/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2497/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2497/2023
30.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver