Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2497/2024 05.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlundan və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Şadiyev Namiq Ənvər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2067/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları
1. Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 1819 nömrəli sərəncamına əsasən, X2 Bakı şəhəri, Əmircan qəsəbəsi, Rəng-emalı zavodunun arxasındakı sahədə fərdi yaşayış evinin tikintisi üçün 400 kv.m. torpaq sahəsi ayrılmışdır.
2. Suraxanı rayon İHA Təsərrüfat şöbəsinin müdiri B.Seyidov, memar S.Məmmədzadə, Əmircan qəsəbəsindəki İHB-in nümayəndəsi S.Quliyeva və S.Abbasova tərəfindən imzalanan və Suraxanı rayonu İHB H.Mehdiyev tərəfindən təsdiq edilmiş xx.xx.2000-ci il tarixli akta əsasən, Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 1819 nömrəli sərəncamı ilə Bakı şəhəri, Əmircan qəsəbəsi, Rəng-emalı zavodunun arxasındakı sahədə ayrılan 400 kv.m. torpaq sahəsinin ölçüləri natura ifadəsi ilə pay bölgüsü aparılaraq, daimi nişanlar qoyularaq torpaq sahəsi fərdi yaşayış evi tikilməsi üçün X2 təhvil verilmişdir.
3. Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 1819 nömrəli sərəncamına dəyişiklik aparılmasına dair Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 138 nömrəli sərəncamından müəyyən olunur ki, İddiaçı rayon İcra Hakimiyyətinə müraciət edərək Suraxanı rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 1819 nömrəli sərəncamı ilə mərhum anası X1 adına fərdi yaşayış evi tikmək üçün ayrılmış Bakı şəhəri, Əmircan qəsəbəsi, Rəng-emalı zavodunun arxasındakı sahədə 400 kv.m. torpaq sahəsinin adına dəyişdirilməsini xahiş etmiş, Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli 592 nömrəli sərəncamı ləğv edilərək aşağıdakı kimi oxunması qərara alınmışdır: Bakı şəhəri, Əmircan qəsəbəsi, Rəng-emalı zavodunun arxasındakı sahədə 400 kv.m. torpaq sahəsi İddiaçı istifadəsinə verilsin. Ayrılmış sahədə İcra Hakimiyyətinin Təsərrüfat şöbəsi ilə razılaşdırılmış layihə əsasında İddiaçı fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir.
4. Suraxanı rayon İH Təsərrüfat şöbəsinin müdiri M.Tağıyev, memar Z.Əhmədov, Əmircan qəsəbəsindəki İHB-in nümayəndəsi S.Quliyeva və İddiaçı tərəfindən imzalanan və Suraxanı rayon İHB İ müavini V.Seyidov tərəfindən təsdiq edilmiş xx.xx.2004-cü il tarixli akta əsasən, Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 138 nömrəli sərəncamı ilə Bakı şəhəri, Əmircan qəsəbəsi, Rəng-emalı zavodunun arxasındakı sahədə ayrılan 400 kv.m. torpaq sahəsinin ölçüləri natura ifadəsi ilə pay bölgüsü aparılaraq torpaq sahəsi fərdi yaşayış evi tikilməsi üçün İddiaçı təhvil verilmişdir.
5. Suraxanı RİHBA-nın Rayon təsərrüfatı şöbəsinin müdiri M.Hüseynovun İddiaçı nümayəndəsi X3 ünvanladığı xx.xx.2023-cü il tarixli 5-20/2-A-9-091/2023 saylı məktubdan müəyyən olunur ki, Bakı şəhəri, Əmircan qəsəbəsi, Rəng-emalı zavodunun arxasındakı sahədə yerləşən 400 kv.m. torpaq sahəsinə dair cizgi aktının verilməsinə köməklik göstərilməsi haqqında müraciətinə Suraxanı RİH-də baxılaraq təqdim olunan sənədlər əsasında Əmircan qəsəbəsi, Rəng-emalı zavodunun arxasındakı sahədə yerləşən ərazidə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 400 kv.m. torpaq sahəsi haqqında Suraxanı RİH başçısının xx.xx.2000-ci il tarixli 1819 saylı sərəncamında dəyişiklik aparılması haqqında Suraxanı RİH başçısının xx.xx.2004-cü il tarixli 138 saylı sərəncamı əsasında xx.xx.2004cü il tarixdə sözügedən torpaq sahəsinə dair akt tərtib olunaraq İddiaçı verilməsi M.V.Qurbanovaya bildirilmişdir. Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı RİH-ə qarşı “torpaq sahəsinə dair cizginin verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.
7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2000-ci il tarixdə cavabdeh Bakı şəhəri Suraxanı RİH-in 1819 nömrəli sərəncamı ilə iddiaçının anası X2 fərdi yaşayış evinin inşa edilməsi üçün Bakı şəhəri, Əmircan qəsəbəsi, X7 arxasındakı sahədə 400 kv.m torpaq sahəsi ayrılmışdır. Qeyd edilən sərəncam arxivdə mövcuddur. 2004-cü ildə X4 vəfat etmişdir. Bundan sonra cavabdeh inzibati orqanın 138 nömrəli xx.xx.2004-cü il tarixli sərəncamı ilə həmin torpaq sahəsi onun, yən İddiaçı adına keçirilmişdir. O, həmin torpaq sahəsindən bu günədək istifadə etsə də, sahəni özəlləşdirməmişdir. Torpaq sahəsinə dair mülkiyyət hüququnun rəsmiləşdirilməsi üçün ona həmin sahənin cizgi sxemi tələb olunur. Odur ki, o, torpaq sahəsinin cizgisinin verilməsi ilə bağlı cavabdeh Bakı şəhəri Suraxanı RİH-ə müraciət etmişdir. Lakin, cavabdeh müraciətdə qaldırılan məsələnin müsbət həllini təmin etməmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarını pozur. Sözügedən torpaq sahəsi ona qanuni şəkildə ayrılmışdır və hal-hazırda onun istifadəsindədir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 13, 71-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 152.1, 154.1, 157, 240cı maddələrinə, İPM-in 2.2.3, 16.1, 34.1, 45, 46 maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun və Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra hakimiyyətləri haqqında” Əsasnamənin müddəalarına əsaslanaraq, ona Bakı şəhəri Suraxanı RİH-in 138 nömrəli 1 mart 2004-cü il tarixli sərəncamı ilə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsinin Rəng Zavodunun arxasındakı sahədə fərdi yaşayış evinin tikilməsi üçün ayrılmış 400 kv.m torpaq sahəsinə dair cizgi sxeminin (plan cizgisinin) verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Suraxanı RİH-nin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş olunur.
8. Cavabdeh Bakı şəhəri Suraxanı RİH iddiaya qarşı verdiyi xx.xx.2023-cü il tarixli etirazını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə”də Rayon İcra Hakimiyyətləri tərəfindən ayrılmış torpaq sahələrinin yerini və koordinatlarını müəyyənləşdirmək, o cümlədən həmin sahələrə dair cizgilər, xəritədən çıxarışlar vermək səlahiyyətləri nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 4 avqust 1999-cu il tarixli 176 nömrəli Fərmanına əsasən həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş, “müvafiq icra hakimiyyəti orqanının səlahiyyətləri Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Yerqurluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinin tələblərinə əsasən yerqurluşu işləri Respublikanın ərazisində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir. Qeyd olunanları və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 may 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndinə istinadən Bakı şəhəri Suraxanı RİH-ə qarşı “cizgi sxemin verilməsi” tələbinə dair iddianın mümkün sayılmaması məhkəmədən xahiş olunur.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2067/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən, iddia tələbi təmin edilərək İddiaçı Bakı şəhəri Suraxanı RİH-in 1 mart 2004-cü il tarixli 138 nömrəli sərəncamı ilə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, X7 arxasındakı sahədə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 400 kv.m torpaq sahəsinə dair cizgi sxemin (planın) verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Suraxanı RİH-in üzərinə qoyulmuşdur.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2067/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2067/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri:
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinə dair cizginin verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsində qaldırdığı iddia məhkəmənin 2-1(112)-2067/2024 saylı xx.xx.2024cü il tarixli qərarı ilə təmin edilərək, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 138 saylı sərəncamı ilə Suraxanı rayonu, Əmircan qəsəbəsi, X7 arxasında fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 400 kv.m torpaq sahəsinə plan cizginin verilməsi öhdəliyi cavabdeh Suraxanı RİH-ə həvalə edilmişdir. Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 1819 saylı sərəncamı ilə iddiaçının anası X2 Suraxanı rayonu, Əmircan qəsəbəsi, X7 arxasında fərdi yaşayış evinin tikintisi üçün 400 kv.m torpaq sahəsi ayrılmışdır. İddiaçının anası vəfat etdikdən sonra sözügedən torpaq sahəsi Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 138 saylı sərəncamı ilə iddiaçının adına dəyişdirilmişdir. Halbuki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu və Torpaq Məcəlləsinin 59-cu maddələrinə əsasən 01 yanvar 2001-ci il tarixdən fərdi və kooperativ mənzil, bağ evləri, qaraj tikintisi, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası üçün torpaq sahələrinin ayrılması bələdiyyələr vasitəsi ilə həyata keçirildiyi nəzərə alınaraq Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2002-ci il tarixli 7-12/7 saylı məktubunda bu sahələr üzrə (torpaq sahəsinin ayrılması və ya ayrılmış torpaq sahələrinə dair sərəncamlarda dəyişiklik edilməsi) yerli icra hakimiyyətləri tərəfindən verilən sərəncamların qeyri-qanuni olduğu bildirilsədə Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 138 saylı sərəncamı ilə torpaq sahəsinin iddiaçının adına dəyişdirilməsinə dair sərəncam verilmişdir. 2000-ci ildə ayrılmış torpaq sahəsinə 24 il ötdükdən sonra cizginin verilməsi ilə bağlı RİH-ə müraciət etməsi və ya məhkəmədə iddia qaldırması cavabdeh tərəf olaraq ciddi və əsaslı şübhələr yaratmağa səbəb olmuşdur. Belə hallarda RİHB-nin müvafiq sərəncamı ilə ayrılmış torpaq sahəsinin yaxınlığında eyni ölçüdə zəbt edilmiş digər torpaq sahələrinin sənədləşdirilməsinə cəhdlər göstərilir və buda ciddi qanun pozuntuları ilə nəticələnir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 4-cü hissəsinə əsasən torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən göstərilən xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə xidmət haqları ödənilir. Həmin maddənin 5-ci hissəsinə əsasən isə torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Məlumat üçün bildirilir ki, “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 646-VİQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 176 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 2023-cü il tarixli Fərmanının 1.2-ci maddəsinə əsasən Torpaq Məcəlləsinin 65-ci maddəsinin 4-cü və 5-ci hissəsində (birinci halda) müvafiq icra hakimiyyəti “orqanı (qurum)” dedikdə Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi başa düşülür. Qeyd olunanları və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3-cü bəndinə əsasən Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “cizginin (ayrıc aktının) verilməsi” tələbinə dair məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul etməli idi. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2067/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 138 saylı sərəncamı ilə Suraxanı rayonu, Əmircan qəsəbəsi, X7 arxasında fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 400 kv.m torpaq sahəsinə cizgi-sxemin verilməsi öhdəliyinin cavabdeh Suraxanı RİH-in üzərinə qoyulmasını əsassız hesab edib, apellyasiya şikayətinin verilməsini və qərarın ləğv edilməsini qanunamüvafiq hesab edilir. Ona görə də Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2-1(112)-2067/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Apellyasiya şikayətinə etirazın dəlilləri
12. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. Tərəflərin izahatları
13. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi.
14. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, cavabdeh Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:
15. Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:
16. Maddə 43.
1. Yerquruluşu - torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir.
3. Yerquruluşu aşağıdakı işləri nəzərdə tutur: mülkiyyət və təsərrüfatçılıq formasından asılı olmayaraq, torpaqların səmərəli istifadəsinin və mühafizəsinin planlaşdırılmasının təşkili; ərazilərin şəhərsalma, ekoloji, iqtisadi və digər xüsusiyyətlərini nəzərə almaqla torpaqların münbitliyinin artırılması, onların mühafizəsi üzrə respublika və regional proqramlarının və proqnozlarının, habelə yerquruluşu sxemlərinin hazırlanması; ...
4. Yerquruluşu müvafiq icra hakimiyyəti orqanlarının qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır.
17. Maddə 65.
1. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir.
2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir.
3. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır.
6. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir.
7. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır.
8. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir.
18. Maddə 84.
1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
2. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.
3. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu:
19. Maddə 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 2.0.10. əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən akt;
20. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır.
21. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz.
22. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
23. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
24. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.
25. Maddə 52.1. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir.
26. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır.
27. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
28. Maddə 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.
29. Maddə 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur.
30. Maddə 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt.
31. Maddə 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır.
32. Maddə 65.3. İnzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.
33. Maddə 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Azərbaycan Respublikası Prezidentinin 16 iyun 1999-cu il tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş (06 iyun 2012-ci il tarixli Fərmanla qüvvədən düşmüşdür) “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”si:
34. Bənd 28. Müvafiq ərazidə yaşayış məntəqələrinin torpaq-təsərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini təmin etmək, torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin hüquqlarının müdafiə edilməsində kömək etmək icra hakimiyyəti başçılarının səlahiyyətlərinə daxildir. Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”si
35. Bənd 4.16.6. Torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə daxildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
36. Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);
37. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
38. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
39. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
40. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
41. Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır.
42. Maddə 87.6.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
43. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
44. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
45. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati Kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «X. Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2021-ci il tarixli qərarında qeyd olunur ki, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır («İnzibati icraat haqqında» Qanunun 64.2-ci maddəsi). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri
47. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.
48. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya Məhkəməsinin mövqeyi:
49. Məhkəmə kollegiyası İddiaçı izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
50. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
51. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçının tələbi “öhdəliyin icrası haqqında” iddialara aid olduğundan bu kateqoriya iddialara münasibətdə İPM iddia müddətinin tətbiqini nəzərdə tutmamışdır. İddiaçının qaldırılan məsələ ilə bağlı cavabdeh inzibati orqana müraciəti, cavabdehin də ona müvafiq cavab məktubu olduğundan, inzibati mübahisə mövcud olmuş qiymətləndirilərək iddia birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq mümkün sayılmışdır. Daha sonra Bakı şəhəri Suraxanı RİH-in 1 mart 2004cü il tarixli 138 nömrəli sərəncamına münasibətdə “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, İddiaçı etimadın qanunla qorunması hüququna malikdir. Belə ki, 1 mart 2004-cü il tarixli 138 nömrəli sərəncam geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtarmadığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır, bu səbəbdən mötəbər sübut kimi qiymətləndirilməlidir.
52. Kollegiya inzibati orqan olan cavabdeh Bakı şəhəri Suraxanı RİH ayırdığı torpaq sahəsinə dair cizginin verilməsindən imtinasının qaldırılan məsələ üzrə müvafiq səlahiyyətinin olmamasına dair mövqeyi ilə də razılaşmır və qeyd edir ki, yuxarıda istinad olunan qanunvericilik aktlarına əsasən hazırkı iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılan vaxtda və ondan sonrakı dövrlərdə torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll etmək, torpaq istifadəçilərinin müraciəti əsasında yerquruluşu sxemlərinin hazırlanması yerli icra hakimiyyəti orqanlarının, yəni müvafiq rayon (şəhər) icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə daxildir. Bakı şəhəri Suraxanı RİH-in 2000-ci ildə iddiaçının mərhum anası X2 ayırdığı torpaq sahəsinə dair sərəncamın iddiaçının özünün adına keçirilməsi barədə növbəti 1 mart 2004-cü il tarixli 138 nömrəli sərəncamı mübahisələndirilməmiş və qüvvədə olduğundan, həmin qurum torpaq ayrılan həmin qərarda nəzərdə tutulmuş torpaq sahəsinin cizgisinin verilməsindən imtina etməkdə haqlı deyildir və bu imtina qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olan haldır. Belə ki, torpaq sahəsinin cizgisi sərəncam qəbul olunan zaman sərəncamın ayrılmaz hissəsi kimi şəxsə təqdim olunmalı idi. Təqdim olunmuş 3 mart 2004-cü il tarixli akta əlavə olunmuş cizgiyə gəldikdə isə, həmin cizgi müvafiq qaydada təsdiq edilmədiyindən, təyinatına görə əhəmiyyətli dərəcəli sənəd kimi qəbul oluna bilməz. Xüsusilə nəzərə alınmalıdır ki, müvafiq torpaq sahəsi ilkin olaraq Suraxanı RİH-in 15 dekabr 2000-ci il tarixli 1819 nömrəli sərəncamı ilə iddiaçının anası X2 ayrılmış, sonradan iddiaçının adına yeni 1 mart 2004-cü il tarixli 138 nömrəli sərəncam verilmişdir. Cavabdeh Bakı şəhəri Suraxanı RİH 1 mart 2004-cü il tarixli sərəncamla əvvəlki sərəncamını ləğv etsə də, onunla ayrılmış torpaq sahəsini hazırkı iddiaçının istifadəsinə ayırmışdır. Hətta 1 mart 2004-cü il tarixli 138 nömrəli sərəncam qəbul olunan dövrdə sözügedən torpaq sahəsinə dair cizgi təqdim olunmuş olsaydı belə, onu təkrarən tələb etmək belə iddiaçının haqlıdır.
53. Məhkəmə kollegiyası tədqiq olunan sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, istinad edilən sərəncama əsasən torpaq sahəsi iddiaçıya naturada və akt əsasında təhvil verilmiş olsa da, cavabdeh həmin torpaq sahəsinin yerləşmə vəziyyətini (hüdudlarını) əks etdirən sənədi (cizgini, planı, ayrıc aktını) sərəncama əlavə etməmişdir. İddiaçı isə, öz tələbinin - öhdəliyin cavabdeh tərəfindən icrasının əsası kimi cavabdehin sərəncamı ilə ona verilmiş hüquqdan və sərəncamın icrası qaydasında torpaq sahəsinin ona təhvil verilməsi faktından çıxış edir. Belə olan halda, iddiaçının faktiki sahibliyində olan torpaq sahəsinin yerləşmə vəziyyətinin sənəd üzrə verilmiş sahəyə uyğun olmadığını, buradan, cavabdehin iddiaçı qarşısında hazırkı məzmunda öhdəlik daşımadığını sübut etmək yükü cavabdehin üzərinə düşür. Cavabdeh iddiaçının dəlillərini təkzib və ya iddiaya etirazının əsasını təsdiq edən hər hansı rəsmi sənədi təqdim etmədiyindən, torpaq sahəsinə cizginin verilməsindən imtina əsaslı sayıla bilməz. Ona görə də cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.
54. Şərh olunanlara əsasən, Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2067/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.