Məhkəmə qərarları › İş №2-1(103)-2497/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2497/2025

24.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2497/2025 24.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə (Açar sözlər: qərarın ləğv edilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, X4 və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, X2 qızının katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı QSC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 02 aprel 2025-ci il tarixli, 2-1(112)-3921/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən İddiaçı QSC barədə çıxarılmış xx.xx.2024-cü il tarixli 3-21-2-2/2- 9619/2024 №li qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC aidiyyəti üzrə vergi orqanlarında əlavə dəyər vergisinin ödəyicisi kimi xx.xx.2010-cu il tarixdə qeydiyyatdan keçmiş və ********** saylı VÖEN almışdır. Birliyin Azərbaycan Respublikasının xəzinədarlığında büdcə hesabı var. QSC-də 2010-cu ildən hal-hazırki dövrə qədər bir neçə dəfə vergi yoxlaması aparılmış, müəssisənin sahibkarlıq fəaliyyəti dövründə heç bir vergilərin ödənilməsindən yayınma faktları aşkarlanmamışdır. Mühasibat sənədləri Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş ciddi uçot blanklarından istifadə edilməklə vaxtlı-vaxtında aparılmışdır. Müəssisə eyni analoji iş və xidmətləri aparılması ilə məşğul olmuş və müəssisənin fəaliyyətində heç bir vergilərin azaldılması faktı aşkarlanmamışdır. İddiaçı QSC-nin şəxsi hesab vərəqəsinə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli № 3-21-2-2/2-9619/2024 saylı qərarla 2024-cü ilin iyul ayı üçün 97.917,74 (doxsan yeddi min doqquz yüz on yeddi ,74q.) AZN ƏDV hesablanmışdır və şəxsi hesab vərəqəsinə işlənmişdir. Müəssisə tərəfindən xx.xx.2024-cü il tarixdə "xxxx" MMC (VÖEN: **********) ilə müqavilə bağlanılmış və müvafiq olaraq müqaviləyə aid Ağbulaq-1 və Mirik KSES-larının yenidənqurulma işləri həyata keçirilmişdir və müvafiq qaydada "xxxx" ASC-yə təhvil verilmişdir. Bütün əməliyyatlar vergi qanunvericiliyinə və ciddi mühasibat sənədlərinə tam riayət edilərək həyata keçirilmişdir. Müəssisəyə hesablanmış ƏDV-nin əsasında yuxarıda göstərilən MMC-nin əməliyyat apardığı tarixdən sonra, yəni xx.xx.2024-cü il, tarixdə riskli vergi ödəyicisi hesab edilmişdir. Müəssisə tərəfindən həmin MMC ilə əməliyyatlar aparılarkən, yəni onlar tərəfindən elektron qaimə faktura təqdim edilərkən və müvafiq mallar alınarkən həmin MMC-nin riskli vergi ödəyicisi olması barədə onların məlumatları olmamışdır, həmçinin həmin müəssisənin riskli vergi ödəyicisi olması barədə heç bir inzibati qərar çıxarılmamışdır.

3. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Bakı İnzibati Məhkəməsinin 02 aprel 2025-ci il tarixli, 2-1(112)-3921/2025 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-2-2/2- 9619/2024 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarının ləğv edilməsi qərara alınmışdır.

5. Qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

6. Apellyasiya şikayəti iddia ərizəsinə qarşı etiraza uyğun olaraq əsaslandırılmışdır. MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi İ.Abbasov apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

8. Məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR

9. İddiaçı QSC xx.xx.2010-cu il tarixdə ********** №-li VÖEN-lə qeydiyyatdan keçmiş hüquqi şəxsdir.

10. İddiaçı "xxxx" MMC ilə 641 905,3946 manat dəyərində 20 may 2024-cü il tarixli M/0018/05 №-li Subpodrat müqaviləsi bağlayaraq elektron qaimə faktura əsasında iş görülmüş və görülmüş işlər (Ağbulaq-1 və Mirik KSES-larının yenidənqurulma işləri həyata keçirilmiş) "xxxx" ASC-yə təhvil verilmişdir.

11. Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli qərarı ilə "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmişdir.

12. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-2-2/2-9619/2024 nömrəli qərarı ilə iddiaçıya 2024-cü il üçün 97917,74 manat əlavə dəyər vergisi hesablanmışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

13. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

14. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

15. Vergi Məcəlləsi: Maddə 13.2.82. Riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Maddə 87.3-1. Riskli vergi ödəyiciləri tərəfindən artıq ödəmənin qaytarılması ilə bağlı müraciət edildikdə bu maddə ilə müəyyən edilən müddətlər onların fəaliyyəti üzrə kameral və ya səyyar vergi yoxlamaları və operativ vergi nəzarəti tədbirləri tam başa çatdıqdan sonra tətbiq edilir.

16. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli, 1704-VQD nömrəli Qanunun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 dekabr tarixli, 902 nömrəli Fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti 28 iyul 2020-ci il tarixdə 265 nömrəli Qərarı ilə Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” təsdiq edilmişdir. Bənd 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində VM-nin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. VM-nin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında DVX-nin internet vergi idarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur

17. İşin hallarına əsasən iddiaçı "xxxx" MMC ilə 641 905,3946 manat dəyərində 20 may 2024-cü il tarixli M/0018/05 №-li Subpodrat müqaviləsi bağlayaraq elektron qaimə faktura əsasında iş görmüş, yəni Ağbulaq-1 və Mirik KSES-larının yenidənqurulma işləri həyata keçirilmiş və görülmüş işlər "xxxx" ASC-yə təhvil verilmişdir.

18. Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli qərarı ilə "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmişdir.

19. Cavabdehin hazırda mübahisələndirilən xx.xx.2024-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı əsasında iddiaçıya 97 917,74 manat əlavə dəyər vergisi hesablanmışdır.

20. Mübahisələndirilən qərarın qəbul olunmasının səbəbi iddiaçının əməliyyat apardığı hüquqi şəxslərin riskli vergi ödəyicisi hesab edilməsi olmuş və həmin əməliyyat əmtəəsiz hesab olunmaqla iddiaçıya əlavə dəyər vergisi hesablanmışdır.

21. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır.

22. Belə ki, işin hallarına əsasən iddiaçı ilə riskli vergi ödəyicisi hesab edilmiş hüquqi şəxs arasında əməliyyatlar, həmin şəxsin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar qəbul edilməmişdən öncə aparılmışdır.

23. İş materiallarına əsasən iddiaçı yuxarıda qeyd edilən hüquqi şəxs ilə əməliyyat apardığı zamanı Vergi Məcəlləsinin 13.2.82-ci maddəsində nəzərdə tutulmuş xəbərdarlıq xarakterli bildirişlər əks edilməmiş və eyni zamanda e-taxes.gov.az saytından yoxlanılarkən həmin ödəyici riskli vergi ödəyicilərin siyahısında olmamışdır ki, bu fakt da bir daha həmin tarixlərdə iddiaçının əməliyyat apardığı vergi ödəyicisinin riskli vergi ödəyicilərin siyahısında olmamasını sübut edir. Daha sonrakı tarixdə, yuxarıda hüquqi şəxslər tərəfindən digər əməliyyatlarını riskli hesab edərək riskli vergi ödəyicilərin siyahısına salınması isə iddiaçı ilə apardığı əməliyyatları şübhə altına ala bilməz və bu vergi qanunvericiliyinin tələblərinə ziddir. Belə ki, iddiaçı sözügedən şəxslər ilə əməliyyat apardığı zamanı həmin şəxslər riskli vergi ödəyicilər siyahısında olmamışdır.

24. Məhkəmə həmçinin qeyd edir ki, hər hansı bir vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması, həmin vergi ödəyicisi ilə əməliyyatlar apardığı digər vergi ödəyicisinin sözügedən əməliyyatlarının avtomatik olaraq Vergi Məcəlləsinin 109.9-cu maddəsində nəzərdə tutulmuş müddəalara uyğun olması anlamına gəlmir.

25. İş materiallarından müəyyən edilir ki, iddiaçının qarşılıqlı əməliyyata apardığı "xxxx" QSC-nin riskli vergi ödəyici hesab edilməsinə səbəb ƏDV sub-uçot hesabı üzrə mədaxil-məxaric əməliyyatları, elektron qaimə-faktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal-ixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluqlar aşkar edilmişdir. Vergi ödəyicisinin 2022-2024-cü illər ərzində 14323.4 min manat satışı olmuşdur ki, bunun da 10379.6 min manatını iş və xidmət təşkil edir. Araşdırma zamanı vergi ödəyicisi tərəfindən əldə edilən xammal və ya materialın təqdim edilmiş iş və xidmətlərə uyğun olmaması, uçot-baza məlumatlarına əsasən görülmüş işlərin həcminə uyğun sayda işçilərin olmaması, bank hesabı məlumatlarına əsasən işçilərə əmək haqqı ödənişinin edilməməsi, bank hesablarına daxil olmuş vəsaitlərin bəzi hallarda «Plastik kartlar üzrə» təyinatı üzrə məxaric edilməsi müəyyən edilmişdir.

26. Məhkəmə qeyd edir ki, "xxxx" QSC-nin işçisinin olmaması, vergi ödəyicisi tərəfindən əldə edilən xammal və ya materialın təqdim edilmiş iş və xidmətlərə uyğun olmaması bank hesabı məlumatlarına əsasən işçilərə əmək haqqı ödənişinin edilməməsi iddiaçının həmin vergi ödəyicisi ilə bağladığı podrat müqaviləsinin əmtəəsiz olması nəticəsində gəlmək üçün əsas deyildir.

27. Analoji işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsini İnzibati Kollegiyasının 2-1(102)-1509/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadında məhkəmə kollegiyası qeyd etmişdir ki, “…kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (o cümlədən, 2-1(102)- 1644/2024 nömrəli, 2-1(102)-462/2021 nömrəli, 2-1(102)-1045/2023 nömrəli, 2-1(102)- 1757/2024 nömrəli, qərarlarda) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş verməsi halının mötəbər sübutlarla təsdiqinin tapması zəruridir. Malın satıcısının idxalında və e-qaimə üzrə alışında məhz həmin malların müəyyən edilməməsi, yəni, vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın alıcısına münasibətdə Vergi Məcəlləsinin 109.9-cu maddəsinin tətbiqinə əsas verməməlidir. İnzibati icraat zamanı malların faktiki olaraq təqdim edilib-edilməməsi halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). 12. Vergi orqanı vergi ödəyicisinə Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən mənfəət vergisi hesablayarkən, yalnız iddiaçı müəssisənin qarşılıqlı əməliyyat apardığı şəxslərin (mal aldığı şəxslərin) təsdiqedici sənədlərlə almadıqları malları satdıqlarının müəyyən edilməsi halından çıxış etmiş, iddiaçının apardığı əməliyyatlarda həqiqətən malların təqdim edilib-edilməməsi ilə bağlı hər hansı araşdırma aparmamışdır. Odur ki, lazımi qaydada aparılmayan inzibati icraat nəticəsində iddiaçı müəssisənin qarşılıqlı əməliyyatının “əmtəəsiz” kimi qiymətləndirilməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır”.

28. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

30. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz.

31. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 02 aprel 2025-ci il tarixli, 2-1(112)-3921/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Elvin Əliyev Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar