Məhkəmə qərarları › İş №2-1(103)-2499/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2499/2022

08.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2499/2022 08.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Tanrıverdiyev Anar Vəzir oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və iddiaçının iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa olunması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5588/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İ. İddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı mübahisələndirmə haqqınada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli “Xidmətə xitam verilmə və sərəncamdan çıxarılma haqqında” əmrinin ona aid hissəsinin ləğv edilməsi, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 80-ci maddəsində müəyyən edilmiş formada işə bərpa olunmasının təmin edilməsi, sərəncama çıxarıldığı gündən hazırki vaxtadək almalı olduğu əmək haqlarının tam şəkildə ödənilməsinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı 2003-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit ixtisası üzrə bakalavr və 2015-2019-cu illərdə Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisası üzrə 2-ci ali təhsili almışdır. Dövlət vergi orqanlarına xidmətə 2010-cu ilin may ayından Lənkəran şəhərində yerləşən 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Vergi borclarının alınması şöbəsinin dövlət vergi müfəttişi vəzifəsindən başlamış, 2010-2013-cü illər həmin idarənin Hüquq şöbəsinin böyük dövlət vergi müfəttişi, 2013-2015-ci illərdə Koordinasiya şöbəsinin rəisi, 2015-2018-ci illərdə operativ nəzarət şöbəsinin rəisi, 2018-2019-cu illərdə X3 şöbəsinin rəisi, 2019-cu ilin fevralından 2020-ci il may ayınadək 6 saylı Ərazi Vergilər Baş İdarəsinin rəis müavini, 2019-cu ilin sentyabr, oktyabr və noyabr aylarında 6 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi vəzifəsinin müvəqqəti icraçısı, 2020-ci ilin may ayından 2021-ci ilin iyun ayınadək Bakı Şəhəri X3 Baş İdarəsinin iqtisadi təhlil və büdcə proqnozunun icrasına nəzarət idarəsinin rəis müavini vəzifələrində çalışmışdır. O,xx.xx.2021-ci il tarixdə əvvəlcədən xəbərdarlıq edilmədən, **********518000 nömrəli əmrlə 08.06 2021-ci il tarixdən “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 38-ci maddəsinə əsasən tutduğu vəzifədən azad edilərək, 3 ay müddətinə Xidmətin sərəncamına götürülmüş, sərəncam müddəti xx.xx.2021-ci ilədək uzadılmış, sonuncu dəfə isə təşkilati ştat tədbirləri ilə əlaqədar işdən çıxarılmışdır.“Xidmətə xitam verilmə barədə sərəncamdan çıxarılma haqqında” əmri xx.xx.2021-ci il tarixdə imzalanmasına baxmayaraq, xx.xx.2021-ci il tarixdən sərəncamdan çıxarılmış hesab edilmişdir. Bakı şəhəri X3 Baş İdarəsində və öz ərizəsi ilə müraciət etdiyi 6 saylı Ərazi Vergilər Baş İdarəsində kifayət qədər boş ştat vahidlərinin olmasına baxmayaraq, heç bir əsaslı səbəb təqdim etmədən əmək fəaliyyətinə xitam verilmişdir. Sərəncamda olduğu 3 ay müddətində ona əmək haqqı ödənilmiş, lakin növbəti 3 ay ərzində heç bir əmək haqqı ödənilməmişdir. Halbuki, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 38-ci maddəsinin tələblərinə əsasən təşkilati-ştat təbdirlərinin həyata keçirilməsi ilə əlaqədar vəzifədən azad olunmuş vergi orqanının vəzifəli şəxsi 3 ay müddətinə, əmək haqqı saxlanılmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həmin orqanın sərəncamında saxlanıla bilər. Müstəsna hallarda bu müddət müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir ilədək müddətə uzadıla bilər. Müstəsna hal olaraq əlavə 3 ay müddət uzadılmışdırsa, həmin dövrdə əmək haqqı da ödənilməli idi. Cavabdeh iddia ərizəsinə etirazında hesab etmişdir ki, iddia mümkün sayılmamalıdır. Bu mövqeyini onunla əsaslandırmışdır ki, Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Bununla yanaşı, İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçı Xidmətin xx.xx.2021 tarixli **********518000 nömrəli əmri ilə “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 38-ci maddəsinə əsasən tutduğu vəzifədən azad edilmiş və 3 ay müddətinə DVX-nin sərəncamına götürülmüşdür. Daha sonra, xx.xx.2021-ci il tarixli **********091400 nömrəli əmrlə iddiaçı xx.xx.2021-ci il tarixdən DVX-nin sərəncamından çıxarılmışdır. Hazırkı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə xx.xx.2022-cı tarixdə müraciət etmişdir. Halubki cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli sərəncamdan çıxarılması barədə məlumat məktub ona xx.xx.2022-ci il tarixdə çatdırılmışdır. Qeyd olunan hal təqdim edilmiş iddia ərizəsində iddiaçının özü tərəfindən də təsdiq edilmişdir. İddia ərizəsini məhkəməyə xx.xx.2022-ci il tarixdə, qanunvericilikdə nəzərdə tutulmuş 30 günlük müddəti ötürməklə müraciət etmişdir. Başqa sözlə, iddiaçı qanunvericiliklə müəyyən olunmuş müddət bitdikdən sonra məhkəmədə iddia qaldırmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5588/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, məhkəmə icraatı mümkündür. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən qərarda göstərilən xx.xx.2019cu il tarixli **********01700 nömrəli əmrlə təsdiq edilmiş ştat vahidlərinin sayı ilə xx.xx.2021ci il tarixli F-37 nömrəli əmrlə təsdiq edilmiş ştat vahidlərinin sayının müqayisə edilməsi tam əsassızdır. Belə ki, 2019-cu il tarixdə təsdiq edilmiş əmr qüvvədən düşmüş, Vergilər Nazirliyi tərəfindən 2020-ci il tarixli **********264100 nömrəli Əmrlə Bakı şəhər X3 üzrə Baş idarəsinin ştat vahidlərinin sayına dəyişiklik edilmiş, bu əmrlə 1 struktur vahidin ştatı azalmış (-31), 2 stuktur vahidin ştatı artmış (+6), bir struktur vahid tam ləğv edilmiş (Səyyar vergi yoxlamaları idarəsi -27), nəticədə 2020-ci il tarixli əmrlə baş idarənin ştat vahidi 399 sayda təsdiq edilmişdir. İddianın hüquqi əsasını təşkil edən “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 75-ci maddəsinin 3-cü bəndinə müvafiq olaraq təşkilatı-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina etdikdə vergi orqanın vəzifəli şəxsinin xidmətinə xitam verilə bilər. Lakin, onun əmək fəaliyyətimə xitam verilərkən bu Əsasnamənin tələblərinə riayət edilməmiş, yəni, digər vəzifəyə keçirilməsnin qeyrimümkünlüyünü təsdiq edən hal olmamış, baş idarənin ştat vahidlərinin sayında heç bir dəyişiklik baş verməmiş, eyni ştat vahidləri ilə struktur təsdiq edilmiş, sadəcə yeni adlarla struktur vahidlər yaradılmış, həmçinin Əsasnamədə qeyd olunduğu kimi “belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina etdikdə” halı, yəni digər vəzifəyə keçirilməyimlə bağlı hər hansı iş təklifi olmadığından imtina edilmə halı baş verməmişdir. Bu əsaslar bir daha tam təsdiq edir ki, Bakı İnzibati Məhkəməsinin qərarı qanunsuzdur . Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi V.Cabbarova məhkəməyə təqdim etdiyi apellyasiya şikayətinə etirazına uyğun izahat verərək bildirmişdir ki, İqtisadiyyat Nazirliyinin xx.xx.2021-ci il tarixli əmri ilə iddiaçının çalışdığı müvafiq struktur bölmə ləğv edildiyinə görə onun digər vəzifəyə keçirilməsi qeyrimümkün olmuşdur. İddiaçıya sərəncamda olduğu birinci 3 ay ərzində əmək haqqı ödənilmiş, lakin həmin müddətın uzadılması halında əmək haqqının ödənilməsi nəzərdə qanunvericilikdə nəzərdə tutulmadığından hər hansı ödəniş həyata keçirilməmişdir. Odur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan rədd edilməlidir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti qismən təmin edilməlidir. İş materiallarına əsasən müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçı, ilk öncə, xx.xx.2021 tarixli **********518000 nömrəli əmri ilə “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 38-ci maddəsinə əsasən tutduğu – “Bakı Şəhəri X3 Baş İdarəsinin iqtisadi təhlil və büdcə proqnozunun icrasına nəzarət idarəsinin rəis müavini” vəzifəsindən azad edilərək 3 ay müddətinə sərəncama çıxarılmış, həmin müddət bitdikdən sonra xx.xx.2021-ci il tarixli **********091400 nömrəli əmrlə sərəncamda qalma müddəti 3 ay müddətinə uzadılmış, daha sonra Xidmətin hazırda mübahisəlndirilən xx.xx.2021-ci il tarixli **********091400 nömrəli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və sərəncamdan çıxarılmışdır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində verilə bilər. İş materiallarından görünür ki, iddiaçıya onun xidmətinə xitam verilməsi və sərəcamdan çıxarılması barədə məlumat, xx.xx.2021-ci il tarixdə ona təqdim olunmuş və iddiaçı həmin tarixdən qanunla müəyyən olunan 30 günlük iddia müddətini ötürmədən, xx.xx.2022-ci il tarixində poçta vasitəsilə Dövlət Vergi Xidmətinin həmin xx.xx.2021-ci il tarixli “Xidmətə xitam verilmə və sərəncamdan çıxarılma haqqında” əmrinin ona aid hissəsinin ləğv edilməsi və işə bərpa olunması tələbinə dair hazırkı mübahisələndirmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının apellyasiya şikayətinin qeyd olunan dəlillərindən göründüyü kimi, cavabdehin həmin əmri ilə onun xidmətinə xitam verilməsini qanunsuz olduğunu mübahisələndirərək hesab edir ki, həmin əmr ləğv edilməli və o, xidaətinə bərpa olunmalıdır. Bununla əlaqədar birincisi qeyd edilməlidir ki, iddiaçının xidmətinə xitam verilməsi cavabdehin diskresion sələahiyyətləri daxilində “təşkilati ştat tədbirlərinin həyata keçirilməsi çərçivəsində qəbul edilmişdir. Belə ki, “Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 24 iyul tarixli 1340 nömrəli sərəncamından irəli gələn bir sıra məsələlər haqqında” Azərbaycan Respublikasının Vergilər Nazirliyinin işə əlavə olunmuş xx.xx.2019-cu il tarixli əmrindən görünür ki, həmin əmrlə, o cümlədən, Bakı Şəhəri X3 üzrə Baş İdarəsinin tərkib quruluşu, ştat vahidlərinin sayı və bölgüsü təsdiq edilmişdir. İşə əlavə olunmuş həmin bölgüdən görünür ki, həmin bölgüdə iddiaçının şçisi olduğu Bakı Şəhəri X3 Baş İdarəsi üzrə cəmi, 451 ştat vahidi yer almış, o cümlədən, onun çalışdığı iqtisadi təhlil və büdcə proqnozunun icrasına nəzarət idarəsində 34 ştat vahidi çərçivədə idarə rəisi və üç müavin ştatı mövcud olmuşdur. Lakin iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 19 mart 2021-ci il tarixli 37 nömrəli əmri ilə təşkilati ştat tədbirləri çərçivəsində təsdiq olunmuş “Dövlət Vergi Xidmətinin Bakı Şəhəri X3 üzrə Baş İdarəsinin yeni redaksiyada “tərkib quruluşu, ştat vahidlərinin sayı və bölgüsü”ndə Baş İdarədə 399 ştat vahidi saxlanılmışdır. Ümumiyyətlə, həmin bölgüdən görünür ki, iddiaçının çalışdığı 34 ştat vahidi olan “İqtisadi təhlil və büdcə proqnozunun icrasına nəzarət idarəsi” ləğv edilmişdir. Həmin əmrin 2-ci bəndi ilə Dövlət Vergi Xidmətinə kadrların yerləşdirilməsi üçün müvafiq tədbirlər görülməsi ilə bağlı tapşırıq verilmiş, lakin Xidmətin iş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli sərəncamından görünür ki, ştatları ləğv olunmuş vəzifəli şəxslər, o cümlədən İddiaçı Xidmətin 14 iyun 2021-ci il tarixdən 3 ay müddətinə sərəncama çıxarılmış, sərəncamda saxlanılma müddəti 13.09.209-cu il tarixdən daha 3 ay da uzadılmış, lakin bütün bu müddət ərzində onun işlə təmin olunması mümkün olmamışdır. Cavabdehin işə əlavə olunmuş işçilərin xidmətinə xitam verilməsi və sərəncamdan çıxarılması haqqında xx.xx.2021-ci il tarixli əmrində qeyd olunur ki, dövlət vergi orqanının sərəncamında olan əməkdaşların hal-hazırda uyğun vəzifələrə təyin edilmələrinin qeyrimümkünlüyü nəzərə alınaraq, “Dövlət Vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin 3-cü hissəsi və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsini”nin 5.5.6-cı yarımbəndləri rəhbər tutularaq Xidmətin **********518000 saylı 14 iyun 2021-ci il tarixli əmri ilə sərəncama götürülmüş şəxslərlə, o cümlədən, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmiş və sərəncamından çıxarılmış hesab edilmişdir. İşin qeyd olunan hallarından da göründüyü kimi, Bakı Şəhəri X3 üzrə Baş İdarəsinin əvvəlki 451 ştat vahidindən təşkilati-struktur dəyişiklikləri çərçivəsində 399 ştat vahidi saxlanıldığı halda iddiaçının həmin idarədə nəinki əvvəlki vəzifəsinə uyğun işlə, hətta başqa bir vəzifə ilə də təmin olunması mümkün deyil və ağlabatan görünmür. Belə olan halda, cavabdehin mübahisələndirilən əmri ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilərək sərəncamdan çıxarılmış hesab edilməsi qanunvericiliyin tələblərinə uyğun hesab edilməlidir. Belə ki, “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 75-ci maddəsinin 3-cü bəndinə əsasən vergi orqanının vəzifəli şəxsinin xidmətinə təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina etdikdə xitam verilə bilər. İPM-in 70.1-ci maddəsindən isə görünür ki, məhkəmə, o halda, inzibati aktın ləğv edilməsi barədə qərar qəbul edir ki, həmin inzibati akt qanuna zidd və bunun nəticəsində iddiaçının hüquqlarını pozmuş olsun. Qeyd oulunanları nəzərə alan məhkəmə kollegiysı iddiaçının apellyasiya şikayətinin cavabdehin onun xidmətə xitam verilməsi və sərəncamdan çıxarılma haqqında xx.xx.2021-ci il tarixli əmrin onun barəsində olan hissəsinin əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır. Lakin qeyd olunanlarla yanaşı, iddiaçının Dövlət Vergi Xidmətinin sərəncamında sərəncamında saxlanılma müddətinin uzadıldığı dövr üçün əmək haqqının hesablanıb ödənilmədiyinin əsassız olduğunu mübahisələndirən dəlilləri hissəsində razılaşraq hesab edir ki, həmin hissədə onun iddia tələbi əsaslıdır . Belə ki, cavabdeh tərəfindən ona yalnız sərəncamda saxlanılmanını birinci üç ayı üçün əmək haqqı ödəməsi heç də Əsasnamənin istinad edilən normasının məqsədinə və təfsirinə uyğun gəlmir. Çünki, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 38-ci maddəsi nəzərdə tutur ki, təşkilati-ştat təbdirlərinin həyata keçirilməsi ilə əlaqədar vəzifədən azad olunmuş vergi orqanının vəzifəli şəxsi 3 ay müddətinə, əmək haqqı saxlanılmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həmin orqanın sərəncamında saxlanıla bilər. Müstəsna hallarda bu müddət müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir ilədək müddətə uzadıla bilər. Bu müddətdə vergi orqanının vəzifəli şəxsinin xəstə olduğu, əsas və əlavə məzuniyyətlərdə olduğu müraciət daxil edilmir.” Qeyd olunan normanın birinci hisssindən göründüyü kimi, vergi orqanının vəzifədən azad olunmuş vəzifəli şəxsi, əmək haqqı saxlanılmaqla 3 ay müddətinə sərəncamda saxlanıla bilməsi nəzərdə tutulur və vergi orqanına belə bir diskresion səlahiyyət də verilir ki, müstəsna hallarda həmin müddəti bir ilədək uzatsın. Deməli, sərəncamda saxlanılma müddəti uzadılırsa, sərəncamda saxlanılmanın birinci üç ayında olan bütün şərtləri, o cümlədən, sərəncama çıxarılmış vəzifəli şəxsin həmin müddət ərzində də əmək haqqı saxlanılır (Hazırkı apellyasiya mərhələsində cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2021-ci il tarixli **********898200 saylı əmri və onun əlavəsindən görünür ki, iddiaçının sərəncamda olma müddəti həmin tarixdən xx.xx.2021-ci il tarixinə kimi uzadılmışdır. Cavabdeh apellyasiya şikayətinə etiraızında və onun nümayəndəsinin izahtlarında da bildirilir ki, həmin müddət ərzində iddiaıya əmək haqqı ödənilməmişdir) Əsasnamənin sözügedən normasından irəli gələn mənası baxımından məhkəmə kollegiyası hesab edir ki, iddiaçının sərəncamda saxlanılma müddətinin bütün dövrü üçün əmək haqqını ödənilməsini tələb etməkdə haqlıdır, ona sərəncamda saxlanılma müddətinin uzadıldığı dövr üçün də əmək haqqı hesablanıb verilməlidir. Qeyd olunanlar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi qərarında cavabdehin mübahisələndirilən xx.xx.2021-ci il tarixli “Xidmətə xitam verilmə və sərəncamdan çıxarılma haqqında” əmrinin iddiaçıya aid hissəsində ləğv edilməsi və onun xidmətinə bərpa olunması tələbi hissəsində iddianın tələbini rədd edilməsi düzgün nəticəyə gəlsə də, iddiaçının sərəncamda olma müddətinin uzadıldığı dövrə münasibətdə ona əmək haqqı ödənilməsini tələb etməsi hissəsində iddianın rədd edilməsi əsassız olmuşdur. Beləliklə də məhkəmə kollegiysı iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qanunsuz olduğunu mübahisələndirən dəlilləri ilə, onun sərəncamda olma müddətində əmək haqqının tam ödənilmədiyi vurğulayan hissəsində qismən razılaşaraq, yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5588/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı qismən, “sərəncama çıxarıldığı gündən hazırki vaxtadək almalı olduğu əmək haqlarının tam şəkildə ödənilməsi haqqında” iddia tələbinin rədd olunması hissəsində ləğv edilməli, həmin hissədə iddia qismən təmin edilməli, iddiaçıya sərəncamda olma müddətinin uzadıldığı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi olan dövr üzrə əmək haqqının hesablanıb ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməli, qərar qalan hissələrində dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5588/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı qismən, “iddiaçının sərəncama çıxarıldığı gündən hazırki vaxtadək almalı olduğu əmək haqlarının tam şəkildə ödənilməsi haqqında iddia tələbinin rədd olunması” hissəsində ləğv edilsin. Həmin hissədə iddia qismən təmin edilsin. İddiaçı, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi sərəncamda olma müddətinin uzadıldığı dövr üzrə əmək haqqı hesablanıb ödənilməsi vəzifəsi cavabdeh Dövlət Vergi Xidmətinə həvalə edilsin. Qərar qalan hissələrində dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar