Məhkəmə qərarları › İş №2-1(103)-25/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-25/2024

31.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-25/2024 31.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X14 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və X8 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Axundova (Həsənova) Samirə Ağaverdi qızının cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "torpaq sahəsinə dair plan və ölçü, dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-256/2022 nömrəli 10 iyun 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı Axundova (Həsənova) Samirə Ağaverdi qızı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti aparatının X7 və istismarı birliyinin Nardaran bağlar sahəsindəki 205 saylı kooperativinin 128 saylı orderinə əsasən 0,12 ha sahəsi olan 1209 “v” saylı bağ sahəsinə aid plan ölçünün tərtib edilməsi və dövlət reyestrindən çıxarışın Axundova (Həsənova) Samirə Ağaverdi qızına verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Bakı şəhər İcra Hakimiyyəti aparatının X7 və istismarı birliyinin Nardaran bağlar sahəsindəki 205 saylı kooperativinin 128 saylı orderi ilə Bakı şəhər İcra Hakimiyyətinin 13 mart 1992-ci il tarixli 378 saylı qərarına əsasən Nardaran bağlar sahəsində 205 saylı BTK nəzdində ayrılmış, faktiki ölçüsü 1174 kv.metr olan 1209 “v” saylı bağ torpaq sahəsinə dair Axundova (Həsənova) Samirə Ağaverdi qızının xüsusi mülkiyyət hüquqlarının qeydiyyata alınmaqla, plan ölçünün tərtib edilməsi və Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Nəriman Abıyev) 2-1(112)-256/2022 nömrəli 10 iyun 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti aparatının X7 və istismarı birliyinin Nardaran bağlar sahəsindəki 205 saylı kooperativinin 128 saylı orderi ilə Bakı şəhər İcra Hakimiyyətinin 13 mart 1992-ci il tarixli 378 saylı qərarına əsasən Nardaran bağlar sahəsində 205 saylı BTK nəzdində ayrılmış, faktiki ölçüsü 1174 kv.metr olan 1209 “v” saylı bağ torpaq sahəsinə dair iddiaçı X3 xüsusi mülkiyyət hüquqlarının qeydiyyata alınmaqla, plan ölçünün tərtib edilməsi və Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Axundova (Həsənova) Samirə Ağaverdi qızı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən 1209 “V” saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2020-ci il tarixdə idarəyə müraciət etmişdir. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, bağ sahəsinin iddiaçının adına daşınmaz əmlakın hüquqi qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlərin əsilləri (icarə müqaviləsi, order, üzvlük kitabçası və ya protokoldan çıxarış və icarədar dünyasını dəyişdiyi təqdirdə vərəsəlik işinin açılması ilə əlaqədar notariusun məktubu) təqdim edilməmişdir. Həmçinin iddiaçı tərəfindən göstərilən, hasarlanma və mərzçəkmə işlərinin aparılmadığı ərazinin bir hissəsi Xəzər dənizinin mühafizə zolağında yerləşir. Bundan əlavə, X7 və istismarı birliyi tərəfindən verilmiş orderin arxiv nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. Həmçinin elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə dövlət mülkiyyəti torpağıdır. Eyni zamanda qeyd olunan bağ nömrəsi sxematik xəritədə qeyd olunmamışdır. Qeyd olunan səbəblərə görə iddiaçının ərizəsinin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Məhkəmə yuxarıda qeyd olunan halları nəzərə almamış, əsassız olaraq Axundova (Həsənova) Samirə Ağaverdi qızının iddia tələbini təmin etmişdir. Bu səbəbdən də qərar ləğv olunmalı, iddiaçının iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul olunmalıdır. Cavabdeh tərəfindən məhkəməyə apellyasiya şikayətinə əlavə təqdim edilmiş və apellyasiya şikayətində göstərilənlərdən əlavə olaraq bildirilmişdir ki, iddiaçı tərəfindən şərti olaraq göstərilən sahə Bilgəh-Nardaran (Bakı-dairəvi) yolunun qumsallıq ərazisi olmaqla Xalq çimərliyi üçün ayrılmış ərazilərdir. Müvafiq torpaq sahəsi rayon icra hakimiyyəti tərəfindən metal məhəccərlərlə hasarlanaraq mühafizə və nəzarət edilir və həmin əraziyə giriş-çıxış yoxdur. Bundan başqa, dənizkənarı qumsallıq ərazidə hər hansı bir digər bağ sahəsi faktiki olaraq yoxdur və sözügedən torpaq sahəsi indiyədək iddiaçının faktiki olaraq istifadəsində olmamışdır. İdarə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin mühəndis-texniki ekspertizalar şöbəsinin aparıcı eksperti X10 izahatında bildirdi ki, ekspert rəyində qeyd edilənləri müdafiə edir. Həmin sahəyə baxış keçirilmiş və müəyyən edilmişdir ki, mübahisələndirilən ərazi Xəzər dənizinin mühafizə zonasına düşmür. Mühafizə zonasına düşməməsi ilə cavabdeh tərəf də razılaşıb, bu, mübahisəsiz haldır. Həmçinin həmin ərazi çimərlik ərazisi də deyil. Vətəndaşların istifadəsində olan yaşayış torpaqlarıdır, bağlar massivində yerləşən torpaq sahəsidir. Bağ sahəsinin yerləşdiyi sahəyə aid xəritəni məhkəməyə təqdim edir və mübahisələndirilən torpaq sahəsinin bağların torpaq sahələrinə aid ərazidə yerləşdiyini qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ünvanında yerləşən 1209v saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinə baxılmış, sözügedən ünvanda yerləşən bağ sahəsinə dair çöl ölçmə işlərinin aparılması üçün idarənin mütəxəssisinə şərait yaradılmadığından ərizənin icrasının mümkün olmadığı bildirilmişdir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ünvanında yerləşən 1209v saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinə baxılmış, bağ sahəsinin onun adına daşınmaz əmlakın hüquqi qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlərin əsilləri (icarə müqaviləsi, order, üzvlük kitabçası və ya protokoldan çıxarış və icarədar dünyasını dəyişdiyi təqdirdə vərəsəlik işinin açılması ilə əlaqədar notariusun məktubu) təqdim edilmədiyi, həmçinin göstərilən hasarlanma və mərzçəkmə işlərinin aparılmadığı ərazinin bir hissəsinin Xəzər dənizinin mühafizə zolağında yerləşməsi bildirilmişdir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2015ci il tarixli T-27-112 saylı arxiv arayışı ilə təqdim edilmiş Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 378 nömrəli xx.xx.1992-ci il tarixli sərəncamından çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 Nardaran bağlar massivində 205 saylı bağ tikinti kooperativinin nəzdində bağ sahəsinin ayrılması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Aparatının X7 və İstismar Birliyinin (Nardaran bağlar sahəsindəki 205 saylı kooperativ) 128 saylı orderinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli, 378 saylı qərarına əsasən Nardaran bağlar sahəsində 205 saylı BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 1209v saylı bağ ayrılmışdır. İş materiallarında olan Sabunçu rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1985-ci ildə verilmiş İİİ-JQ seriyalı 431107 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Axundov X2 ilə X9 xx.xx.1985-ci ildə nikahlarını bağlamışlar, nikah bağlandıqdan sonra ərə Axundov, arvada Axundova soyadı verilmişdir. İş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 378 nömrəli xx.xx.1992-ci il tarixli sərəncamının idarənin arxivində saxlanılan nüsxəsində X4 adı göstərilmişdir (Nardaran BTK-205). Həmin məktubla 205 nömrəli BTK-ya aid bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına əsas olmuş sənədlər məhkəməyə təqdim edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC tərəfindən xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş mütəxəssis rəyindən (rəyə yerquruluşu planı da əlavə edilmişdir) görünür ki, Bakı şəhər İcra Hakimiyyəti aparatının X7 və istismarı birliyinin Nardaran bağlar sahəsindəki 205 saylı kooperativinin 128 saylı orderinə əsasən iddiaçı Axundova (Həsənova) Samirə Ağaverdi qızına ayrılmış sahəsi 0.12 ha olan 1209v saylı bağ sahəsinə dair texniki sənədin (plan-ölçü, ayrıc aktı, sxem, cizgi və s.) təqdim edilməməsi səbəbindən sözügedən bağ sahəsinin naturada yerinin müəyyən edilməsini sənəd üzrə müəyyən etməyin mümkün olmadığı üçün faktiki ölçüləri nə qədər olmasını da müəyyən etmək mümkün olmamışdır. Lakin iddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin naturada koordinatları müəyyən edilməklə ölçülmüşdür, faktiki ölçüsü 1174 kv.m-dir. Bakı şəhər İcra Hakimiyyəti aparatının X7 və istismarı birliyinin Nardaran bağlar sahəsindəki 205 saylı kooperativinin 128 saylı orderinə əsasən iddiaçı Axundova (Həsənova) Samirə Ağaverdi qızına ayrılmış sahəsi 0.12 ha olan 1209v saylı bağ sahəsinə dair texniki sənədin (plan-ölçü, ayrıc aktı, sxem, cizgi və s.) təqdim edilməməsi səbəbindən sözügedən bağ sahəsinin naturada yerinin müəyyən edilməsini sənəd üzrə müəyyən etməyin mümkün olmadığı üçün faktiki ölçülərinin Xəzər dənizinin (gölünün) mühafizə zolağına düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Lakin iddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsi Xəzər dənizinin (gölünün) 0-50 metr mühafizə zolağından kənarda yerləşir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/1145 nömrəli ekspert rəyindən görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli **********41 №li mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Bakı şəhər İcra hakimiyyəti aparatının X7 və istismarı birliyinin Nardaran bağlar sahəsindəki 205 saylı kooperativinin 128 saylı orderinə əsasən iddiaçı Axundova (Həsənova) Samirə Ağaverdi qızına ayrılmış sahəsi 0,12 ha olan 1209 v saylı bağ sahəsinə dair texniki sənədin (plan-ölçü, ayrıc aktı, sxem, cizgi və s.) təqdim edilməməsi səbəbindən sözügedən bağ sahəsinin naturada yerinin sənəd üzrə müəyyən edilməsi mümkün olmamışdır. Lakin iddiaçı Axundova (Həsənova) Samirə Ağaverdi qızının 1209 v saylı bağ sahəsi kimi iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin koordinatları müəyyən edilməklə ölçülmüş və faktiki ölçüsünün 1174 kv.metr təşkil etdiyi müəyyən olunmuşdur. Mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planına əsasən, torpaq sahəsinin eni 24,5 metr, uzunluğu 48 metr olmaqla koordinatları aşağıdakı kimi müəyyən edilmişdir: X - 415153.4078, 415184.4498, 415166.4411, 415135.4261; Y - 4493283.6661, 4493247.0547, 4493230.4434, 4493267.0776. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli **********41 №li mütəxəssis rəyinə və rəyə əlavə edilmiş yerquruluşu planına əsasən, iddiaçı Axundova (Həsənova) Samirə Ağaverdi qızının 1209 v saylı bağ sahəsi kimi iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin Xəzər dənizinin 0-50 metrlik mühafizə zolağından kənarda yeləşdiyi müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/3806 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin 13 mart 1992-ci il tarixli 378 saylı qərarına əsasən Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Aparatının X7 və istismarı biriyinin Nardaran bağlar sahəsindəki 205 saylı kooperativinin 128 saylı orderi ilə Nardaran bağlar sahəsində 205 saylı VTK nəzdində X6 ayrılmış faktiki ölçüsü 1174 kv.metr olan 1209 “V” saylı bağ sahəsinin koordinatları müəyyən edilmişdir. Qeyd olunan torpaq sahəsi Nardaran bağlar massivinin hüdudları daxilində yerləşməklə, yaşayış məntəqələrinin torpaqların aid olduğu müəyyən edilmişdir. Torpaq sahəsinin koordinatları aşağıdakı kimidir: X - 415153.4078, 415184.4498, 415166.4411, 415135.4261; Y - 4493283.6661, 4493247.0547, 4493230.4434, 4493267.0776. Azərbaycan Respubikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında “Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, **********41 №-li mütəxəssis rəyinə və rəyə əlavə edilmiş yerquruluşu planına əsasən, iddiaçı Axundova (Həsənova) Samirə Ağaverdi qızının 1209 v saylı bağ sahəsi kimi iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin Xəzər dənizinin 0-50 metrlik mühafizə zolağından kənarda yerləşdiyi müəyyən edilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin 13 mart 1992-ci il tarixli 378 saylı qərarına əsasən Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Aparatının X7 və istismarı biriyinin Nardaran bağlar sahəsindəki 205 saylı kooperativinin 128 saylı orderi ilə Nardaran bağlar sahəsində 205 saylı VTK nəzdində X6 ayrılmış və iddiaçı tərəfindən təqdim olunmuş, faktiki ölçüsü 1174 kv.metr olan torpaq sahəsinin boş torpaq sahəsi olduğunu və faktiki olaraq iddiaçının istifadəsində olduğunu nəzərə alaraq, digər şəxslərə məxsus torpaq sahələri ilə və Xalq çimərliyinə ayrılmış sahə ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Mərkəzə təqdim olunmuş elektron baza məlumatlarına əsasən (kadastrportali.az) sözügedən torpaq sahəsi yaşayış məntəqələrinin torpaqlarına aid olmaqla, dövlət mülkiyyətindədir. Qeyd olunan torpaq sahəsinin yerləşdiyi ərazinin səthi (relyefi) qumsallıqdır. Apellyasiya instansiya məhkəməsində icraat zamanı iddiaçının iddia etdiyi 1209v saylı bağ sahəsinə yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin ərazidə hasar yoxdur, qumsallıqdır. İddia olunan yerin şimal-şərq istiqaməti dənizdir, cənub-qərb istiqamətindən isə Bilgəh-Kürdəxanı yolu keçir. İddia olunan yerin kənarından kanalizasiya xətti keçir. Mütəxəssis tərəfindən isə bağ sahəsinin yerləşdiyi ərazidə cihazlarla ölçü işləri aparılmışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. 47.2-ci maddəsinə əsasən maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə»nin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aiddir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.50-ci yarımbəndində və Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1.20-ci bəndində təsbit edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək cavabdeh inzibati orqanın vəzifəsidir. Sadalanan normaların təhlilindən göründüyü kimi, qanunverici «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsində nəzərdə tutulan sənədlərdən hər hansı birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət hesab edir. Həmin normada təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən sərəncamlar və orderlər qanunvericilikdə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 378 nömrəli xx.xx.1992-ci il tarixli sərəncamına və Bakı şəhər İcra Hakimiyyəti Aparatının X7 və X12 bağlar sahəsindəki 205 saylı bağ tikinti kooperativinin 128 saylı orderinə əsasən iddiaçı Həsənova (hazırda Axundova) Samirə Ağaverdi qızına Nardaran bağlar massivində 205 saylı bağ tikinti kooperativinin nəzdində 0,12 ha torpaq sahəsi olan 1209v saylı bağ ayrılmışdır. Cavabdeh inzibati orqan göstərilən əraziyə digər hüquqi və fiziki şəxslərin müraciətlərinin olması, eləcə də iddiaçıya ayrılmış bağ sahəsinin digər hüquqi və fiziki şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşməsi barədə sübutları məhkəməyə təqdim etməmişdir. Bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi halına görə isə iddiaçı məsuliyyət daşımır, bu, onun iradəsindən asılı olan hal deyil. Hər hansı uyğunsuzluq olsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. Həmçinin cavabdeh orderin arxiv nüsxəsinin İdarənin arxivində aşkar edilmədiyini qeyd etsə də, bu, imtina üçün əsas hesab edilmir. Eyni zamanda həmin sərəncamın arxiv çıxarışı Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təqdim edilmişdir, cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda isə həmin sərəncamın idarənin arxivində saxlanıldığı və həmin nüsxədə X4 adının göstərildiyi qeyd olunmuşdur. Bundan başqa, orderin əsli iddiaçıdadır və hazırda da iddiaçı qeyd olunan sərəncama və orderə əsasən torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb edir. O da qeyd edilməlidir ki, cavabdeh tərəfindən qeyd olunan sənədlərin həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdir. Həmin sənədlərə münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, iddiaçı etimadın qanunla qorunması hüququna malikdir. İPM-in 58-ci maddəsi və «İnzibati icraat haqqında» Qanunun 19-cu maddəsinin tələbləri baxımından mötəbər sübut kimi qiymətləndirilməlidir. Həmin sənədlər ləğv edilməmişdir, etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Bundan başqa, həmin sənədlər geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. İddiaçı ona münasibətdə əlverişli xarakter daşıyan sərəncam və orderə etimad göstərərək həmin sənədlərin məzmununa uyğun davranmışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu: 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iş üzrə keçirilmiş ekspertizanın rəyi ilə Bakı şəhər İcra Hakimiyyətinin 13 mart 1992-ci il tarixli 378 saylı qərarına əsasən Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Aparatının X7 və istismarı biriyinin Nardaran bağlar sahəsindəki 205 saylı kooperativinin 128 saylı orderi ilə Nardaran bağlar sahəsində 205 saylı BTK nəzdində X6 ayrılmış faktiki ölçüsü 1174 kv.metr olan 1209 “V” saylı bağ sahəsinin koordinatları müəyyən edilmiş, eyni zamanda ekspert rəyi ilə müəyyən edilmişdir ki, qeyd olunan torpaq sahəsi Nardaran bağlar massivinin hüdudları daxilində yerləşməklə, yaşayış məntəqələrinin torpaqların aiddir, torpaq sahəsi Xəzər dənizinin 0-50 metrlik mühafizə zolağından kənarda yerləşir, digər şəxslərə məxsus torpaq sahələri ilə və Xalq çimərliyinə ayrılmış sahə ilə üst-üstə düşmür. Bundan başqa, apellyasiya baxışı zamanı məhkəmə iclasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin mühəndis-texniki ekspertizalar şöbəsinin aparıcı eksperti X10 izahat vermiş və izahatında ekspert rəyində qeyd edilənləri müdafiə edərək mübahisələndirilən ərazinin Xəzər dənizinin mühafizə zonasına düşmədiyini, həmin ərazinin çimərlik ərazisi olmadığını, vətəndaşların istifadəsində olan yaşayış torpaqları olduğunu, bağlar massivində yerləşən torpaq sahəsi olduğunu təsdiq etmişdir. Həmçinin ekspert X10 həmin bağ sahəsinə aid xəritəni məhkəməyə təqdim etmiş, həmin xəritədən görünür ki, mübahisələndirilən torpaq sahəsi bağların torpaq sahələrinə aid ərazidə yerləşir. Göründüyü kimi, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-256/2022 nömrəli 10 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar