Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-250/2022 11.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2587/2021 saylı 08.06.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 08-11 fevral 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar bağ massivində yerləşən ümumi sahəsi 450.23 kv.m olan 145 saylı bağ sahəsinin onun mülkiyyətində olmasını təsdiqləyən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, N.Nərimanov adına NQÇİ Həmkarlar İttifaqı Komitəsi və X1 üzvlərinin 01.07.1999-cu il tarixli 56 saylı protokolundan çıxarışa əsasən Bakı şəhəri, Ələt qəsəbəsi, Şıxlar bağ massivində sahəsi 500 kv.m olan 145 saylı bağ sahəsi ilkin hüquqverici sənədlər əsasında ona verilmişdir. 05.10.2011-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həmin torpaq sahəsinin plan və ölçülərinə dair kadastr sənədi alınmış, həmin sənəddə torpaq sahəsinin ölçüsü 450.23 kv.m göstərilsə də o, bununla razılaşmış və bu barədə notarial qaydada təsdiqlənmiş ərizəni cavabdeh orqana təqdim etmişdir. Bütün bunlara baxmayaraq, cavabdeh tərəfindən həmin bağ sahəsinin onun mülkiyyəti olaraq tanınmasından imtina edilmişdir. O, 2011-ci ildən həmin torpaq sahəsini daş hasara almış, orada fərdi ev tikmiş və hazırda 6 nəfər ailə üzvü ilə birlikdə həmin evdə yaşayır. Onunla qaz, su və işıqla bağlı müvafiq müqavilələr də bağlanmışdır. O, 29.09.2020-ci il tarixdə həmin torpaq sahəsinə dair sənədləri və dövlət rüsumunu cavabdeh orqana təqdim etmiş, lakin cavabdeh orqan həmin torpaq sahəsinin azaldılmasına dair məlumat olmadığını əsas gətirilərək imtina cavabı vermişdir. Bundan sonra o, 28.10.2020-ci il tarixdə həmin torpaq sahəsinin 450.23 kv.m olması ilə razılaşması və bu barədə gələcəkdə heç bir tələbinin olmayacağına dair notarial qaydada təsdiqlənmiş ərizə təqdim etməsinə baxmayaraq, cavabdeh orqan yenidən əsassız olaraq 29.10.2020-ci il tarixdə həmin torpaq sahəsinin onun mülkiyyətinə verilməsindən imtina etmişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar bağ massivi ünvanında yerləşən ümumi sahəsi 450.23 kv.m olan 145 saylı bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2587/2021 saylı 08.06.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir.(hakim: P.Hüseynov) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, İddiaçı müvafiq ünvanda yerləşən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı İdarəyə 29.09.2020-ci il tarixdə müraciət etmişdir. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, idarəyə təqdim edilmiş X1nın üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. Həmçinin, göstərilən bağ sahəsi qonşu bağların nömrə ardıcıllığına və təqdim edilmiş bölgü sxemi faktiki göstərilən əraziyə uyğun deyil. Qeyd olunan səbəblərə görə iddiaçının ərizəsinin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Qeyd olunanlardan göründüyü kimi, müvafiq torpaq sahəsinə dair üzvlərin siyahısına uyğun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində qeyd olunan sənədlərdən hər hansı biri təqdim edilməmişdir. Beləliklə, müvafiq daşınmaz əmlaka dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması zamanı İdarənin hər hansı qanunsuz hərəkət və ya hərəkətsizliyi olmamış və İdarənin bununla bağlı hər hansı qanunsuz hərəkət və hərəkətsizliyinin olması nə iddiaçı, nə də məhkəmə tərəfindən sübuta yetirilməmişdir. Müvafiq işin düzgün və ədalətli araşdırılması məqsədilə Bakı Şəhər icra Hakimiyyəti, Bakı şəhəri Qaradağ Rayon icra Hakimiyyəti, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti və Torpaqların Dövlət idarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi məhkəmə tərəfindən müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində tərəf kimi cəlb edilməli və müvafiq ünvanda ekspertiza təyin edilməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, qeyd olunan hallar və qanunvericiliyin tələbləri qanunsuz və əsassız olaraq məhkəmə tərəfindən nəzərə alınmamış, iddia tələbinin mümkünlüyü məhkəmə tərəfindən araşdırılmamış və nəticə qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X3 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar bağ massivi ünvanında yerləşən ümumi sahəsi 450.23 kv.m olan 145 saylı bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, N.Nərimanov adına NQÇİ Həmkarlar İttifaqı Komitəsinin və X1 üzvlərinin 01.07.1999-cu il tarixli 56 saylı protokoluna əsasən iddiaçı X1 üzvlüyünə qəbul edilmiş, Şıxlar bağ massivində sahəsi 500 kv.m olan 145 nömrəli bağ sahəsi daimi istifadə etmək üçün ona verilmişdir. Bu barədə protokoldan çıxarışın və N.Nərimanov adına NQÇİ Həmkarlar İttifaqı Komitəsi tərəfindən verilmiş Bağçının üzvlük kitabçasının təsdiq edilmiş surətləri iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir. Həmin protokoldan çıxarış və üzvlük kitabçası «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Bundan başqa, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 05.10.2011-ci il tarixdə həmin torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 12.01.2021-ci il tarixli məktubda iddiaçıya Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar qəsəbəsində 145 saylı bağ sahəsinin ayrılmasına dair məlumat və sənədin - üzvlük kitabçası, protokoldan çıxarışın və s. İdarənin arxivində aşkar olunmadığı qeyd olunsa da, iş materiallarına əlavə edilmiş qeyd olunan bağçının üzvlük kitabçasının və protokoldan çıxarışın təsdiq edilmiş surətlərindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin arxivində həmin sənədlər mövcuddur. İddiaçı qeyd olunan protokoldan çıxarışı və bağçının üzvlük kitabçasını məhkəməyə təqdim etmişdir. Cavabdeh tərəfindən üzvlük kitabçası və protokoldan çıxarışın həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdir. İddiaçı inzibati orqanların arxivində olan sənədlərin saxlanılmasına məsuliyyət daşımır. Göründüyü kimi, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işə əlavə edilmiş sənədlərə tam uyğundur. Belə ki, iş materiallarında olan N.Nərimanov adına NQÇİ Həmkarlar İttifaqı Komitəsi tərəfindən verilmiş Bağçının üzvlük kitabçasının təsdiq edilmiş surətindən görünür ki, Əskərov X4 cəmiyyəti üzvlərinin 01.07.1999-cu il tarixli 56 nömrəli protokoluna əsasən bağçılıq cəmiyyətinə üzv qəbul edilmiş, Şıxlar Bağçılıq cəmiyyəti bağından sahəsi 500 kv.m olan 145 nömrəli bağ sahəsi 01.07.1999-cu il tarixlə qeydə alınmış qərarına əsasən daimi istifadə etmək üçün ona verilmişdir. İş materiallarında olan N.Nərimanov adına NQÇİ Həmkarlar İttifaqı Komitəsinin və X1 üzvlərinin 01.07.1999-cu il tarixli 56 saylı protokolundan çıxarışın surətindən görünür ki, İddiaçı ərizəsinə əsasən X1 üzvlüyünə qəbul edilmiş, Şıxlar bağ massivində sahəsi 500 kv.m olan 145 nömrəli bağ sahəsi ona təhkim edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş X7 kitabında 05.10.2011-ci il tarixdə uçota alınmış A seriyalı 362799 nömrəli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar bağ massivi ünvanında olan 500 kv.m torpaq sahəsi 145 saylı bağ evi tikintisi üçün İddiaçı ayrılmış (N.Nərimanov adına NQÇİ-nin «Dəniz neftçisi» b/y-nın 01.07.1999-cu il tarixli 56 saylı protokolu ilə) və həmin torpaq sahəsinə dair 05.10.2011-ci il tarixdə torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Torpaq sahəsinin kadastr göstəricilərinə görə sahəsi 450.23 kv.m təşkil edir. İş materiallarında olan «Dəniz neftçisi» X1nın sədri tərəfindən təsdiq edilmiş bağ sahəsinin sxemindən görünür ki, «Dəniz neftçisi» X1nın üzvü İddiaçı məxsus Şıxlar bağ massivində 145 saylı bağ sahəsinin sxemi tərtib edilmişdir. İş materiallarında olan İddiaçı notarial qaydada təsdiq edilmiş ərizəsinin surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən ona məxsus torpaq sahəsini ərizəsində 500 kv.m göstərməklə müraciət etsə də, faktiki olaraq 450 kv.m təşkil edir. Odur ki, dörd tərəfi də hasara alınmış həmin torpaq sahəsinin 450 kv.m göstərilməklə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmasına və çıxarışın verilməsinə etiraz etmədiyini, gələcəkdə bununla bağlı iddia və tələbinin olmayacağını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı etibarnamə üzrə nümayəndəsi X5 ünvanlanmış 29.10.2020-ci il tarixli **********32 saylı imtina məktubunda qeyd edilir: Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar bağ massivində yerləşən 145 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, 29.09.2020-ci il tarixli ərizənizə baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim etdiyiniz X1nın üzvlərinin siyahısında adınız aşkar edilməmişdir. Həmçinin göstərilən bağ sahəsi qonşu bağların nömrə ardıcıllığına və təqdim edilmiş bölgü sxemi faktiki göstərilən əraziyə uyğun deyil. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 12.01.2021-ci il tarixli məktubda qeyd olunur: “N.Nərimanov adına NQÇİ” bağçılıq yoldaşlıq birliyi nəzdində İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar qəsəbəsində 145 saylı bağ sahəsi ayrılmasına dair məlumat və sənəd (üzvlük kitabçası, protokoldan çıxarış və s.) 1 saylı Bakı Ərazi İdarəsinin arxivində aşkar olunmamışdır. Həmçinin Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar qəsəbəsində 145 saylı bağ sahəsinə dair İddiaçı adına verilmiş ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərəfindən tərtib edilmiş 17.09.2008-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədi idarənin arxivində mövcuddur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli 2186 nömrəli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu Qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydasını müəyyən edir. Həmin Qanunun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Qanununvericiliyin göstərilən müddəalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, N.Nərimanov adına NQÇİ Həmkarlar İttifaqı Komitəsinin və X1 üzvlərinin 01.07.1999-cu il tarixli 56 saylı protokoluna əsasən İddiaçı daimi istifadəsinə verilmiş Şıxlar bağ massivində sahəsi 500 kv.m olan 145 nömrəli bağ sahəsinin əvəzsiz olaraq onun mülkiyyətinə verilməsi və həmin bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsasdır. İddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş lazımi sənədləri cavabdeh inzibati orqana təqdim etsə də, sonuncu imtinasında formal mülahizələrə istinad edərək heç bir qanuni əsas olmadan iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə kolegiyası cavabdehin “idarəyə təqdim edilmiş X1nın üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmadığı və göstərilən bağ sahəsi qonşu bağların nömrə ardıcıllığına və təqdim edilmiş bölgü sxemi faktiki göstərilən əraziyə uyğun deyil” barədə dəlilinə münasibətdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, bağ sahəsinin qeyd olunan siyahıda öz əksini tapmamasına iddiaçı məsuliyyət daşımır, bu, onun vəzifələrinə daxil deyil və iradəsindən asılı olan hal deyil. Eləcə də göstərilən bağ sahəsi qonşu bağların nömrə ardıcıllığına və təqdim edilmiş bölgü sxemi faktiki göstərilən əraziyə uyğun olunmaması ilə bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqanın imtina məktubunda, eləcə də apelyasiya şikayətində göstərdiyi dəlillər iş materialları ilə öz təsdiqini tapmamaqla təkzib olunur və eyni zamanda cavabdeh orqan göstərdiyi dəlillərlə bağlı hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Avropa Məhkəməsi xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur (Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il tarixli Qərar) Məhkəmə kollegiyası qeyd edir ki, N.Nərimanov adına NQÇİ Həmkarlar İttifaqı Komitəsinin və X1 üzvlərinin 01.07.1999-cu il tarixli 56 saylı protokoluna əsasən Şıxlar bağ massivində yerləşən 145 nömrəli bağ sahəsi iddiaçının daimi istifadəsinə verilmiş və iddiaçı tərəfindən hər hansı formada qanunsuzluğa yol verilməmiş, iddiaçı isə qanuni əsaslarla ona ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmişdir. Həmin sahəyə dair hüquqla bağlı hər hansı bir mübahisələndirilən hal aşkar olunmamış, iddiaçı torpaq sahəsinin onun qanuni istifadəsində olduğuna dair qanunvericiliklə nəzərdə tutulmuş müvafiq sənədləri cavabdeh inzibati orqana təqdim etmiş, həmin sənədlərin mötəbərliyi və ya qanunsuzluğu mübahisələndirilməmişdir. N.Nərimanov adına NQÇİ Həmkarlar İttifaqı Komitəsinin və X1 üzvlərinin 01.07.1999-cu il tarixli 56 saylı protokolu yuxarıda qeyd edilən Qanunun 8.0.7-ci maddəsində göstərilən aktlara aid edildiyindən, cavabdeh inzibati orqanın formal mülahizələrə əsaslanan dəlillərə istinad etməklə qanunvericiliklə səlahiyyətlərinə və funksiyalarına aid edilmiş məsələnin həllindən imtina etməsi ilə bağlı hərəkəti “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci və 15-ci maddələrinin tələblərinə cavab vermədiyindən əsassız hesab edilir. İddiaçıya ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, müvafiq dövlət reyestrindən çıxarışın verilməsi ilə əlaqədar iddiaçının ərizəsinin təmin olunmasından imtinanın əsasları qanunvericilikdə müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının müvafiq torpaq sahəsi üzərindəki hüquqlarını tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır. N.Nərimanov adına NQÇİ Həmkarlar İttifaqı Komitəsinin və X1 üzvlərinin 01.07.1999-cu il tarixli 56 saylı protokolu hal-hazırda ləğv edilməmiş və tərəflər üçün hüquqi nəticələr yaratmaqla öz hüquqi qüvvəsini saxlayır. “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb edilməsi qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (19.1 və 19.2-ci bənd). Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının bağ sahəsi üzərində mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsindən imtina edilməklə iddiaçının göstərilən hüquqlarının və qanunla qorunan mənafelərinin pozulmasına yol verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı təmin etməklə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apelyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2587/2021 saylı 08.06.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-250/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-250/2022
11.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver