Məhkəmə qərarları › İş №2-1(103)-2500/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2500/2023

16.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2500/2023 16.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Oruczadənin sədrliyi və məruzəsi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi» tələbinə dair ünvan 1xli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Binəqədi rayonu, Goradil bağ massivində yerləşən fərdi yaşayış evi və yerləşdiyi 1200 kv.m olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Binəqədi bələdiyyəsinin inzibati ərazisi olan Goradil massivində fərdi bağ evi üçün 1200 kv.m bağ sahəsinin alqı-satqı yolu ilə mülkiyyətinə verilməsinə dair ərizə ilə Binəqədi bələdiyyəsinə müraciət etmişdir. Binəqədi bələdiyyəsinin xx.xx.2005-ci il tarixli qərarı ilə sözügedən bağ sahəsi 1200 kv.m olmaqla iddiaçının mülkiyyətinə verilmişdir. Həmin bağ sahəsinin hər kv.m üçün 11200 manat pul vəsaiti ödəmişdir. Eyni zamanda bələdiyyə tərəfindən həmin tarixdə torpaqların alqı-satqısına dair akt tərtib olunmuşdur. xx.xx.2005-ci il tarixdə həmçinin həmin bağ sahəsinin alqı-satqı yolu ilə iddiaçının mülkiyyətinə verilməsinə dair 150 saylı müqavilə bağlanmış, bağ torpaq sahəsinin təsdiq olunmuş situasiya planı da ona təqdim olunmuşdur. Bağ evinin inşasından sonra qazlaşdırma ilkə bağlı aidiyyatı üzrə müraciət etmişdir və onunla xx.xx.2017-ci il tarixdə müqavilə bağlnamış, bağ evi qazlaşdırılmışdır. Artıq 2005-ci ildən bağ torpaq sahəsi onun sahibliyində və istifadəsindədir. Eyni zamanda bağ torpaq sahəsində inşa olunan fərdi bağ evindən də 2017-ci ildən tam enerji ilə təchiz olunandan və qazlaşdırıldıqdan sonra bu günədək istifadə edir. xx.xx.2021-ci il tarixdə zəruri olan sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim etməklə, sözügedən ərazidə yerləşən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi üçün ərizə vermişdir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2021-ci il tarixli məktubu ilə daşınmaz əmlak üzərində hüquqlarının qeydiyyta alınmasından və çıxarışın verilməsindən imtina edilmişdir. Qeyd etmişdir ki, göstərilən müddətdə həm pandemiya ilə, həmçinin həmin müddətdən bu yaxınlaradək işlə əlaqədar imkan tapa bilmədiyindən üzürlü səbəblərdən imtina müddətindən 30 gün ərzində məhkəməyə müraciət etmək imkanı olmamışdır. Bildirmişdir ki, yaranan vəziyyət ondan asılı olmayan səbəblərdən baş vermişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuzdur,onun qanunla qorunan hüquqlarını pozur. Belə ki, cavabdeh imtinanı onunla əsaslandırır ki, təqdim edilən sənədlərin faktiki sahəyə aidiyyəti yoxdur. Torpaq sahəsinə dair ləğv edilmiş DTXK tərəfindən alqı-satqı aktı, bank qəbzi, torpaq sahəsinin ayrılmasına Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi əlavə edilməmişdir. Həmçinin göstərir ki, cizgidə möhür görünmür və layihədə sifarişçi fərqli şəxsdir. Qeyd etmişdir ki, iddiaçı vətəndaş olaraq Binəqədi bələdiyyəsinə ərizə ilə müraciət etmişdir və sözügedən sahəni əvəzi ödənilməklə alqı-satqı yolu ilə fərdi bağ evinin tikintisi məqsədilə əldə etmişdir. Sənədlərin hansı qaydada olmasına və çatışmayan sənədlərə görə bir vətəndaş olaraq məsuliyyət və cavabdehlik onun üzərinə qoyula bilməz. 2005-ci ildən bu günədək, yəni artıq 16 ildir ki, sözügedən bağ torpaq sahəsi və fərdi bağ evi onun sahibliyində və istifadəsindədir. Bu günə qədər hər hansı bir dövlət qurumu tərəfindən sözügedən sahəyə görə mübahisə qaldırılmamışdır. Mübahisəsiz və etirazsız bu günədək bağ sahəsindən sahiblik hüququ ilə istifadə edir. İddiaçı hesab edir ki, cavabdeh təşkilatın arqumentləri əsaslı deyildir. 16 il müddətində bələdiyyə tərəfindən alqı satqı yolu ilə əvəzi ödənilməklə əldə etdiyi və mübahisəsiz, etirazsız qaydada inşa etdiyi bağ yaşayış sahəsinə mülki hüquqlar əldə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 17.1ci maddəsinə əsasən, bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar. Həmin Məcəllənin 152.2 - 152.3-cü maddələrinə görə, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Eyni Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Bu Məcəllənin 158-ci maddəsində nəzərdə tutulmuş qaydada əmlakdan istifadə hüququ da əmlak hüquq sayılır və mülkiyətçi hüquqlan həddində müdafiə olunur. Bu Məcəllənin 159-cu maddəsinə görə, sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Həmin Məcəllənin 163.1-ci maddəsinə əsasən, sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Bu Məcəllənin 182.1-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. İddiaçı bildirmişdir ki, qeyd olunan mülki qanunvericiliyin normalarından da görünür ki, alqı-satqı yolu ilə əvəzli şəkildə əldə etdiyi əmlakın qanuni sahibi və istifadəçisi olmaqla potensial mülkiyyətçisidir. Binəqədi bələdiyyəsinin hər hansı bir hərəkətinə görə məsuliyyət daşımır və belə bir məsuliyyət onun üzərinə qoyula bilməz. Hesab edir ki, cavabdeh təşkilatın imtina məktubunda əsaslandığı arqumentlərin məsuliyyətinin ona aid etməsi və səbəb olaraq göstərilən arqumentlərə görə imtina əsassız və qanunsuzdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunan prosessual qanunvericiliyin normalarından və işin həqiqi hallarından, əlavə etdiyi sübutlardan görünür ki, iddia tələbi əsaslıdır və təmin olunmaqla cavabdehin üzərinə daşınmaz əmlak üzərində hüquqlarının qeydiyyata alınmasına görə vəzifə qoyulmalıdır. Bundan başqa hesab edir ki, iddia ərizəsinə əlavə etdiyi üzrlü səbəblərdən buraxılmış iddia müddətinin bərpa edilməsi barədə ərizə nəzərə alınaraq iddia ərizəsi icraata qəbul edilməlidir. Belə ki, İPM-nin 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Lakin qeyd etmişdir ki, pandemiya səbəbindən, həmçinin xidmət etdiyi iş rejimi ilə bağlı üzrlü səbəblərdən göstərilən müddət ərzində məhkəməyə müraciət etmək imkanı olmamışdır. Cаvаbdеh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, təqdim edilən sənədlərin faktiki sahəyə aidiyyəti yoxdur. Həmçinin, torpaqların alqı-satqısına dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş akt, bank qəbzi, Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi sənədlər toplusuna əlavə edilməmişdir. Bunlarla yanaşı, yerləşmə cizgisində möhür görsənmir. Həmçinin, bağ evinin aşırımlarının uzunluğu 6 metrdən çox olduğundan sənədlər məlumatlandırma icraatı qaydasında deyil, tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün sənədlər təqdim olunmalıdır. Habelə, hüquqmüəyyənedici sənədlərdə bağ sahəsinin ölçüləri 1200 kv.m qeyd olunsa da, faktiki 1092 kv.m təşkil edir. Bu barədə vətəndaşa **********43 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. ünvan 1xli qərarı ilə (hakim E.Əliyev) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin hallarına münasibətdə görünür ki, Binəqədi Bələdiyyəsi ilə iddiaçı arasında bağlanan alqı-satqı müqaviləsi əsasında iddiaçının həmin torpaq sahəsi üzərində müvafiq hüquqları yaranmışdır. Hətta həmin torpaq sahəsi Bələdiyyənin mülkiyyətində olmamışsa da, alqı-satqı zamanı iddiaçı bunu bilməmiş və vicdanlı alıcı olaraq pul ödənişi edib həmin torpaq sahəsini əldə etmişdir. İddiaçının torpaq üzərində alqı-satqı müqaviləsinə əsasən əldə etdiyi hüquq əsasında həyata keçirdiyi hərəkətlərə heç bir dövlət qurumu tərəfindən etiraz olunmamışdır. İddiaçı sahibliyində və istifadəsində olan torpaq sahəsinin potensial mülkiyyət hüququ əsasında sahibi və istifadəçisidir. Bu səbəbdən də iddiaçının mülkiyyət hüququnu Dövlət Reyestrində qeydə alınmasını tələb etmək hüququ var və iddiası əsaslıdır. Birinci instansiya məhkəməsi ümumiyyətlə işdə olan iddiaçı tərəfindən təqim olunan möhtəbər sübutları nəzərə almamış və həmin sübutlar əsasında işi araşdırmamışdır. Birinci instansiya məhkəməsi sübutetmə yükünü tam olaraq iddiaçının üzərinə qoymaqda da haqlı olmamışdır. Cavabdeh birmənalı şəkildə etirazının əsası olan halları sübut etməyə borclu idi və iddiaçının təqsirli olmasının mövcudluğunu sübut etməli idi. Hüquqi şəxsin təqsirindən doğan hərəkətlərə görə iddiaçının məsul olmasını və ya məsuliyyət daşımalı olduğunu şərtləndirməsi də heç bir məntiqə sığımır. Birinci instansiya məhkəməsi cavabdehin mövqeyini müdafiə etməklə qərar çıxarması iddiaçının hüquqlarının pozulmasına gətirib çıxardır. Qanunvericiliyin normasından görünür ki, inzibati məhkəmə icraatına əsaslanan mübahisələrə dair işlərdə mülki prosessual qanunvericiliyinin normaları tətbiq oluna bilər. Mülki Prosessual Qanunvericiliyinin 388, 389 və 390-cı maddələrindən də aydın şəkildə görünür ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməmiş, qəbul etdiyi qərar işin ümumi həqiqi hallarına və qanunvericiliyin normalarına uyğun deyildir. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş iddiaçı və 3-cü şəxs məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının və 3-cü şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin --139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. -19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. “Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanunun: -1-ci maddəsinə əsasən müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyə mülkiyyətinə verilən torpaqlara daxildir: ümumi istifadədə olan torpaqlar; fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar; ehtiyat fondu torpaqları. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. -6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsində torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları müəyyən edilmişdir. 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur... 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. 6.6. Torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir. 6.7. Bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş qaydada ərizəyə baxır və müvafiq qərar qəbul edir. Bələdiyyələr qərar qəbul etdiyi andan 5 iş günündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. Azərbaycan Respublikasinin Şəhərsalma və Tikinti Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. -80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. -101.1-ci maddəsinə əsasən tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. -101.2-ci maddəsinə əsasən tikinti obyektinin (tikintisinə icazə tələb olunan reklam qurğuları istisna olmaqla) istismarına icazə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, tikintisinə icazə tələb olunan reklam qurğularının istismarına icazə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. -2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. -2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. -8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; -9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi. Hüquqların dövlət qeydiyyatı notariat qaydasında təsdiq edilmiş müqavilə, habelə daşınmaz əmlak barəsində digər notariat hərəkətlərinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş sənədlər əsasında aparıldıqda, sənədlərin qəbulu elektron qaydada notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notariat hərəkətlərini etməyə hüququ olan vəzifəli şəxslər tərəfindən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə göndərilmiş sənədlər və məlumatlar əsasında həyata keçirilir. Bu halda həmin sənədlər mülkiyyət və digər əşya hüquqlarının dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunur; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; -10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. -15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə kollegiyası aşağıda qeyd olunan sübutları nəzərdən keçirir: Binəqədi Rayon Binəqədi Bələdiyyəsinin “Ərazisində olan torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında” 150 saylı xx.xx.2005-ci il tarixli Müqavilənin surətindən görünür ki, satıcı Binəqədi rayon Binəqədi bələdiyyəsi ilə alıcı vətəndaş İddiaçı arasında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Binəqədi bələdiyyəsinin inzibati ərazisində olan Görədil bağ massivində 1200 kv.m torpaq sahəsi fərdi bağ evinin tikintisi üçün alıcıya təklif edilmişdir; xx.xx.2021-ci il tarixli Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə(baxış) aktında qeyd edilmişdir ki, torpaq sahəsi 108 kv.m azaldılmışdır.Faktiki olaraq yaşayış sahəsi köməkçi sahə hesabına azaldılmışdır. Yaşayış evinin 2-ci mərtəbəsində aşrımlar olan məsafə 6 metrdən böyükdür; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022- ci il tarixli 10/6405 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir: Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin 185 nömrəli, xx.xx.2005ci il tarixli qərarına əsasən İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağlar massivində ayrılmış 1200 kv.m torpaq sahəsinin təqdim olunmuş cizgisi miqyassız, koordinatsız olduğundan sözügedən torpaq sahəsinin yerləşmə mövqeyini təyin etmək mümkün olmamışdır. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin 09 avqust 2005-ci il tarixli, 185 nömrəli qərarına əlavə olunmuş torpaq sahəsinin cizgisi vizual görüntülərə (peyk görüntüsü və yollara əsasşğ) əsasən iddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsi ilə uyğunsuzluq təşkil edir və üst-üstə düşmür. İddiaçının naturada göstərdiyi və iddia etdiyi, faktiki ölçüsü 1116 kv.m olan torpaq sahəsinin elektron kadastr məlumat bazasına əsasən Goradil bağlar massivində yerləşdiyi və dövlət mülkiyyətinə aid olduğu müəyyən olunmuşdur. Qərardadın üçüncü sualı üzrə: mülki iş materiallarından göründüyü kimi iddiaçı tərəfindən inşa olunmuş fərdi yaşayış evinə dair hüquqmüəyyənedici və texniki sənədlər mövcud deyildir. Ona görə də, həmin fərdi yaşayış evinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 N-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırılma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”ının 3-cü və 4-cü bəndlərinin tələblərinə uyğun olmadığı müəyyən olundu. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İş materiallarından müəyyən edilir ki, iddiaçı Binəqədi bələdiyyəsinin xx.xx.2005-ci il tarixli qərarı ilə ona Goradil massivində 1200 kv.m olmaqla bağ sahəsinin ayrılmasına istinad edərək qeyd edilən bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsini tələb edir. Cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etmiş, imtina əsası kimi də təqdim edilən sənədlərin faktiki sahəyə aidiyyətinin olmamasına, həmçinin, torpaqların alqı- satqısına dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş akt, bank qəbzi, Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyinin sənədlər toplusuna əlavə edilməməsinə, yerləşmə cizgisində möhür ün olmamasına, bağ evinin aşırımlarının uzunluğu 6 metrdən çox olduğundan sənədlər məlumatlandırma icraatı qaydasında deyil, tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün sənədlərin təqdim olunmalı olmasına, habelə, hüquqmüəyyənedici sənədlərdə bağ sahəsinin ölçüləri 1200 kv.m qeyd olunsa da, faktiki 1092 kv.m təşkil etməsinə istinad etmişdir. Kollegiya hesab edir ki, cavabdehin imtinası, eyni zamanda buna bağlı olaraq birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edilməsi ilə bağlı gəldiyi nəticə əsaslı olmuşdur. Belə ki, qanunvericiliyin tələblərinə görə daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olub-olmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. İş materiallarından görünür ki, xx.xx.2007-ci ilə qədər verilmiş bələdiyyə torpaqlarına dair alqı-satqı aktı müvafiq qaydada təsdiq edilməli olduğu halda, hazırki işdə olan torpaq sahəsinin ayrılmasına dair alq-satqı sənədi təsdiq edilməmişdir. Eyni zamanda imtinanın əsasını təşkil etməsə də, iş üzrə birinci instansiya məhkəməsində keçirilmiş ekpertiza nəticəsində bələdiyyə orqanı tərəfindən qəbul edilmiş qərar əsasında ayrılmış torpaq sahəsinin dövlət mülkiyyəti torpağı (bağlar massivində yerləşən) olduğu, bələdiyyə ərazisi olmadığı müəyyən olunmuşdur. Həmçinin iddiaçıya Binəqədi bələdiyyəsi tərəfindən torpaq ayrılan zaman aidiyyəti qurumların (RİH və DTXK-nın yerli qurumunun) rəylərinin alınması barədə məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Ən əsası isə apellyasiya instansiya məhkəməsində icraat zamanı işin obyektiv araşdırılması məqsədilə AR Milli Arxiv İdarəsinə sorğu ünvanlaraq Binəqədi rayon Binəqədi Bələdiyyəsinin 09 avqust 2005-ci il tarixli, 185 nömrəli “vətəndaş İddiaçı Goradil massivində istifadə etdiyi bağ sahəsinin alqı-satqı yolu ilə onun xüsusi mülkiyyətinə verilməsi haqqında” qərarın verilməsi ilə bağlı inzibati icraat materiallarının arxivdə saxlanılıb-saxlanılmaması barədə məlumat verilməsi, əgər saxlanılmışdırsa bütün inzibati icraat materiallarının məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Həmçinin işin obyektiv araşdırılması məqsədilə Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyətinə sorğu ünvanlanaraq İddiaçı iddia etdiyi Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən fərdi yaşayış evinin tikintisi ilə bağlı hər hansı icraatın aparılıbaparılmaması barədə, əgər aparılmışdırsa bununla bağlı bütün inzibati icraat materiallarının məhkəməyə təqdim edilməsi xahiş edilmişdir Bundan əlavə Binəqədi rayon Binəqədi Bələdiyyəsinə və X4 sorğular ünvanlanaraq Binəqədi rayon Binəqədi Bələdiyyəsinin 09 avqust 2005-ci il tarixli, 185 nömrəli “vətəndaş İddiaçı Goradil massivində istifadə etdiyi bağ sahəsinin alqı-satqı yolu ilə onun xüsusi mülkiyyətinə verilməsi haqqında” qərarın verilməsi ilə bağlı bütün inzibati icraat materiallarının (qərarın, torpaqların alqı-satqısına dair aktın, cizgi planın və s.) məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. AR Milli Arxiv İdarəsi sorğuya cavab məktubunda qeyd etmişdir ki, Binəqədi Rayon Binəqədi Bələdiyyəsinin arxiv fondu üzrə xx.xx.2005-ci il tarixli, 185 saylı qərarı və ona əlavə edilmiş digər sənədlər Dövlət Arxivinin Bakı filialında mövcuddur, lakin həmin qərardad vətəndaş İddiaçı barəsində heç bir məlumat yoxdur. Sorğuya cavab məktubuna əlavə edilmiş Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 185 nömrəli, 09 avqust 2005-ci il tarixli qərarından görünür ki, həmin qərarla Binəqədi Bələdiyyəsinin inzibati ərazisi olan Goradil massivində vətəndaş X3 tərəfindən istifadə edilən bələdiyyə mülkiyyətinə məxsus 600 kv.m bağ-torpaq sahəsi alqı-satqı yolu ilə onun mülkiyyətinə verilməsi qərara alınmışdır. Həmçinin Binəqədi Rayon Binəqədi Bələdiyyəsinin “Ərazisində olan torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında” 151 saylı xx.xx.2005-ci il tarixli Müqavilədən görünür ki, satıcı Binəqədi rayon Binəqədi bələdiyyəsi ilə alıcı vətəndaş X3 arasında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Binəqədi bələdiyyəsinin inzibati ərazisində olan Görədil bağ massivində 600 kv.m torpaq sahəsi fərdi bağ evinin tikintisi üçün alıcıya təklif edilmişdir. X5 sorğuya cavab məktubunda qeyd etmişdir ki, Binəqədi Bələdiyyəsinin xx.xx.2005ci il tarixli 185 nömrəli qərarı X5ndə qeydiyyatdan keçməmişdir. Həmçinin Bakı şəhəri Binəqədi RİH sorğuya cavab məktubunda qeyd etmişdir ki, qeyd olunan torpaq sahəsi ilə əlaqədar sənədlər Rayon İcra Hakimiyyətinin arxivində mövcud deyildir. İşin ətraflı araşdırması zamanı müəyyən edilir ki, iddiaçının istinad etdiyi hüquqmüəyyənedici sənəd ümumiyyətlə arxivdə mövcud olmamışdır, eyni tarix və eyni nömrəli inzibati akt tamamilə başqa şəxsə torpaq ayrılması barədə qərardır. Beləliklə, arxiv məlumatlarına əsasən Binəqədi rayonu Binəqədi bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 185 nömrəli qərarı ilə İddiaçı deyil başqa şəxsə torpaq sahəsi ayrıldığından, iddiaçının iddia etdiyi 1200 kv.m torpaq sahəsinin həmin bələdiyyəyə məxsus olması təsdiqlənmədiyindən (dövlət mülkiyyəti torpağıdır), torpaq sahəsi ayrılarkən qanunvericiliyin tələbləri gözlənilmədiyindən, eləcə də alqı-satqı aktının təsdiq edilməməsi səbəbindən və torpaq ayrılan zaman aidiyyəti qurumların (RİH və DTXK-nın yerli qurumu) rəyi alındığı müəyyən olunmadığından, həmçinin fərdi yaşayış evi şəhərsalma və tikinti normalarının tələblərinə uyğun olmadığından cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçının həmin torpaq sahəsinə və fərdi yaşayış evinə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası qanuni olmuşdur. Yuxarıda göstərilənlərə əsasən, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. ünvan 1xli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Məmməd Məmmədov Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar