Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2501/2023 31.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)-2501/2023 (Açar sözlər: “bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması”) Bakı şəhəri 31 oktyabr 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X4 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-50/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 31 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İşdə olan Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti X2 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış ““Xaşa-Xuna” ərazisindəki 325 e/2 nömrəli bağı istifadəyə verilməsi haqqında” 35594 saylı, 25 avqust 2005-ci il tarixli müqaviləyə əsasən, Əzizbəyov rayonu, Xaşa-Xuna ərazisində 0.12 ha torpaq sahəsi olan 325 e/2 nömrəli bağ sahəsindən istifadəyə dair müqavilə bağlanmışdır.
2. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş **********78 nömrəli, xx.xx.2019-cu il tarixli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişin surətindən görünür ki, təqdim edilmiş sənədlərdə bağ sahəsi 1200 kv.m göstərilsə də, faktiki olaraq 1415.0 kv.m bağ sahəsi istifadə edilməkdədir. Elektron kadastr məlumatlarına əsasən göstərilən sahə sxematik xəritəyə əsasən “325D” saylı bağ sahəsinin ərazisinə uyğun gəlir. Həmin bağ sahəsi ilə notarial qaydada təsdiq edilmiş bölgü sxeminin təqdim edilməsi məqsədəuyğun hesab edilmişdir.
3. Məhkəmənin sorğusuna əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən təqdim edilmiş Bakı şəhər İcra Hakimiyyəti başçısının 222 nömrəli, xx.xx.2005- ci il tarixli “X2 və İstismarı Birliyinin protokolunun təsdiq edilməsi haqqında” sərəncamından 7-20/17 nömrəli, xx.xx.2020-ci il tarixli arxiv çıxarışından görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli, 233 nömrəli sərəncamına əsasən vətəndaşların rəsmi-notarial qaydada ərizələrinə əsasən qanuni-istifadələrindəki bağ sahələrinin onların adına sənədləşdirilməsi qərara alınmış: 1.32. Xaşa-Xunadakı 325 e/2 nömrəli bağ /BTK-53/ - İddiaçı Ənvər oğlu.
4. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən **********79 nömrəli, xx.xx.2020-ci il tarixli məktubla Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivində yerləşən 325 D nömrəli bağ sahəsinə dair məlumatın (sənədin) İdarənin arxivində aşkar olunmadığı bildirilmiş, Xəzər rayonu, Xaşa-Xuna bağ massivində yerləşən 325 e/2 nömrəli bağ sahəsinə dair arxiv qovluğunda mövcud olan sənədlərin təsdiq edilmiş surətləri və bağ sahələrinə dair ümumi sxematik xəritədən çıxarışın surəti məhkəməyə təqdim edilmişdir:
5. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin X2 və X12-Xuna bağlar sahəsindəki 53 nömrəli BTK tərəfindən verilmiş 1 nömrəli orderə əsasən Bakı şəhər İcraiyyə Komitəsinin 1989cu il tarixli 1/12 nömrəli qərarına əsasən Xaşa-Xuna bağlar sahəsində 53 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 2 nömrəli bağ sahəsi X6 ayrılmışdır. X9 və X10 razılıq ərizələri təqdim edərək, X5 adına olan XaşaXuna 2 saylı 0.12 ha bağ sahəsinin İddiaçı adına keçirilməsinə etirazı olmadıqlarını bildirmişlər. İddiaçı tərəfindən ərizə təqdim edilərək, həmin bağ sahəsinin X5 və ailəsinin razılığı ilə adına keçirilməsini xahiş etmişdir. Həmin bağ sahəsinə dair Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti X2 və İstismarı Birliyi ilə iddiaçı arasında 35594 saylı bağ sahəsinin istifadəyə verilməsi barədə müqavilə bağlanmışdır. Müqavilədə bağ sahəsinin nömrəsi 325 e/2 göstərilmişdir. Xaşa-Xuna bağlar sahəsinə dair sxematik xəritədə iddiaçıya ayrılmış bağ sahəsinin (325 e/2) nömrəsi aşkar edilməmiş, onun qonşuluğunda 325 D saylı bağ sahəsi göstərilmiş, iddiaçıdan əvvəl order əsasında X6 ayrılmış bağ sahəsinin nömrə (2) isə ümumiyyətlə sxematik xəritədə aşkar edilməmişdir.
6. Məhkəmə qərardadının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 10/5290 nömrəli ekspert rəyi təqdim edilərək, ekspert rəyinin tədqiqatının nəticəsində göstərilmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, sözügedən bağ sahəsi dövlət reyestridə qeydiyyatdan keçmədiyi üçün koordinatlarının müəyyən edilməsi mümkün olmamışdır. Bağların bölgüsünə dair sxematik xəritəyə əsasən faktiki sahənin çox hissəsinin 325 D saylı bağ sahəsinin ərazisinə uyğun gəldiyi müəyyən edilmişdir. 325 D saylı bağ sahəsi ilə bağlı hüquqmüəyyənedici və texniki sənədlər təqdim edilmədiyindən üst-üstə düşmə olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Xəzər rayonu, Xaşa Xuna bağ massivi ünvanında yerləşən 325 e/2 bağ sahəsinin nömrə uyğunsuzluğunun aradan qaldırılması və bağa dair adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Bakı Şəhər İcra hakimiyyəti Başçısı Aparatı Abadlaşdırma və X1 Departamenti X8 və İstismarı Birliyi tərəfindən ona Bakı şəhəri, Xəzər rayonu, Xaşa Xuna bağ massivi ünvanında yerləşən 325 e/2 bağ sahəsi verilmişdir. Bağ sahəsinin ona verilməsinə əsas X8 və İstismarı Birliyi tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Xaşa Xuna bağ massivi ünvanında yerləşən 325e/2 bağ sahəsinin onun istifadəsinə verilməsi haqqında 35594 saylı, 25 avqust 2005-ci il tarixli müqavilə olmuşdur. Həmin vaxtdan halhazıradək ailəlikcə bağdan istifadə edirlər, bağ sahəsini hasara almışlar, çoxlu meyvə ağacları vardır. Sözügedən bağ sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən ona təqdim edilmiş xx.xx.2019-cu il tarixli imtina məktubu ilə bildirilmişdir ki, elektron kadastr məlumatlarına əsasən sahə sxematik xəritəyə əsasən “325D” bağ sahəsinin ərazisinə uyğun gəlir. Həmin bağ sahəsi ilə notarial qaydada təsdiq edilmiş bölgü sxeminin təqdim edilməsi məqsədəmüvafiqdir.Bundan başqa, cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli imtina məktubu ilə bildirilmişdir ki, ona məxsus bağ sahəsi sahə sxematik xəritəyə əsasən “325D” bağ sahəsinin ərazisinə uyğun gəlir. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. Belə ki, cavabdeh orqan tərəfindən məktubda bildirilmiş “325D” saylı bağ sahəsi ümumiyyətlə mövcud deyildir. Mövcud olmadığı təqdirdə hansı əsaslara görə ona məxsus olan 325 e/2 bağ sahəsi “325D” bağ sahəsinin ərazisinə uyğun gələ bilər.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-50/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.
10. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən cavabdehin imtinasının əsarlarının araşdırılması zamanı müəyyən edilmişdir ki, 325 D saylı bağ sahəsinə dair ümumiyyətlə İdarənin arxivində məlumat aşkar edilməmişdir. Xaşa-Xuna bağlar sahəsinə dair sxematik xəritədə iddiaçıya ayrılmış bağ sahəsinin (325 e/2) nömrəsi aşkar edilməmiş, 325 E nömrəli bağ sahəsi bağ sahəsi sxematik xəritədə öz əksini tapmış, ardıcıl olaraq onun qonşuluğunda 325 D saylı bağ sahəsi göstərilmiş, iddiaçıdan əvvəl order əsasında X6 ayrılmış bağ sahəsinin nömrə (2) isə ümumiyyətlə sxematik xəritədə aşkar edilməmişdir. Təqdim edilmiş ekspert rəyinə əsasən isə sözügedən bağ sahəsinin dövlət reyestrində qeydiyyatdan keçmədiyi üçün koordinatlarının müəyyən edilməsi mümkün olmamışdır. Bağların bölgüsünə dair sxematik xəritəyə əsasən faktiki sahənin çox hissəsinin 325 D saylı bağ sahəsinin ərazisinə uyğun gəldiyi müəyyən edilmişdir. 325 D saylı bağ sahəsi ilə bağlı hüquqmüəyyənedici və texniki sənədlər təqdim edilmədiyindən üst-üstə düşmə olubolmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Ekspert rəyi məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməklə tərtib edildiyindən və işdəki digər sənədlərlə öz təsdiqini tapdığından, eləcə də, iddiaçı və cavabdeh tərəfindən ekspert rəyinin mötəbərliliyini şübhə altına alacaq hər-hansı bir dəlil məhkəməyə təqdim edilmədiyindən, məhkəmə təqdim edilmiş ekspert rəyini mötəbər hesab edir. Beləliklə işin hallarının araşdırılması nəticəsində məhkəmə belə qənaətə gəlir ki, mahiyyəti etibari ilə hazırki mübahisənin predmetini iddiaçıya ayrılmış bağ sahəsinin sxematik xəritəyə uyğun gəlməməsi təşkil edir.
11. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci, 152.9-cu maddəsinə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84.1-ci, «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə, 10-cu maddəsinin 1-ci abzasına və həmin maddənin 4-cü abzasına, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.-cı, 8.0.7ci, 10.2-ci, 12.1-ci, 15.1.-ci, 15.1.1.-ci, 15.1.2.-ci, 15.1.3.-cü, 15.1.4.-cü, 15.1.5.-ci, 15.1.6.-cı maddələrinə istinad etmişdir.
b)Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
12. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-50/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılan araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən şərti koordinatlarla göstərilən torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, qeyd edilən torpaq sahəsi “325D” saylı torpaq sahəsinin yerinə uyğun gəlir.
d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmayıb.
e) Prosses iştirakçılarının izahatları
15. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
16. Məhkəmə Kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.9-cu maddəsinə əsasən əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir.
18. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: - 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir.
19. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunun: - 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. - Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: - 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. - 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: - 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; - 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; - 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; - 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; - 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; - 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
23. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. 25.İddianın mahiyyəti və apellyasiya şikayətinin dəlilləri baxımından məhkəmə Kollegiyası qeyd edir ki, işin hallarından göründüyü kimi, iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti tərəfindən verilmiş 35594 saylı bağın istifadəyə verilməsi haqqında müqaviləyə əsasən ona ayrılmış 0.12 ha torpaq sahəsinə xüsusi mülkiyyət hüququnun qeydiyyata alınması barədə ilk öncə cavabdehə, sonra isə məhkəməyə müraciət etmişdir.
26. Məhkəmə Kollegiyası hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.7-ci maddəsi hər üç sənədin (order, qərar, icarə müqaviləsi) birgə mövcudluğunu şərtləndirmədiyindən, Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti tərəfindən verilmiş 35594 saylı bağın istifadəyə verilməsi haqqında müqavilə iddiaçının torpaq (bağ) sahəsi üzərində mülkiyyət hüququnun tanınmasına yetərli sənəd hesab edilir.
27. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, inzibati məhkəmə təcrübəsində bağ sahəsi üzərində vətəndaşın mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı mübahisələr üzrə “bağ sahəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi” əsası cavabdeh inzibati orqanın tez-tez rastlanan imtina əsaslardan biridir. Əlbəttə mövcud məhkəmə təcrübəsi bu qəbildə olan mübahisələrdə bağ sahələrinin “sxematik xəritə ilə uyğunsuzluq təşkil etmə” əsasının vətəndaşların ziyanına şərh edilməməsi kimi qiymətləndirir.
28. Cavabdeh tərəfindən iddiaçıya torpaq sahəsi ayrılması barədə müvafiq hüquqmüəyyənedici sənəd olan bağın istifadəyə verilməsinə dair müqavilə mübahisələndirilməmişdir.
29. Məhkəmə araşdırması zamanı da, məhkəmə tərəfindən sözügedən müqavilənin arxiv nüsxəsinin əldə olunması məqsədilə cavabdehə sorğu göndərilmiş və müqavilənin arxiv nüsxəsi məhkəməyə təqdim edilmişdir.
30. Beləliklə, mübahisə predmetinə dair hüquqmüəyyənedici sənəd olan bağın istifadəyə verilməsinə dair müqavilənin mötəbər qiymətləndirilməməsi üçün hər hər hansı bir əsas müəyyən edilməmişdir.
31. Cavabdehin iddiaçıya məxsus bağ sahəsinə dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinasının əsası bağ sahəsinin sxematik xəritəyə əsasən “325D” saylı bağ sahəsinin ərazisinə uyğun gəlməsinə, bu səbəbdən notarial qaydada təsdiq edilmiş bölgü sxeminin təqdim edilməsinə, bağ sahəsini ərazisinin 1200 kv.m olmasına baxmayaraq, faktiki olaraq istifadədə 1415.0 kv.m olmasına istinad edilmişdir.
32. Məhkəmə tərəfindən cavabdehin imtinasının əsarlarının araşdırılması zamanı müəyyən edilmişdir ki, 325 D saylı bağ sahəsinə dair ümumiyyətlə İdarənin arxivində məlumat aşkar edilməmişdir. Xaşa-Xuna bağlar sahəsinə dair sxematik xəritədə iddiaçıya ayrılmış bağ sahəsinin (325 e/2) nömrəsi aşkar edilməmiş, 325 E nömrəli bağ sahəsi bağ sahəsi sxematik xəritədə öz əksini tapmış, ardıcıl olaraq onun qonşuluğunda 325 D saylı bağ sahəsi göstərilmiş, iddiaçıdan əvvəl order əsasında X6 ayrılmış bağ sahəsinin nömrə (2) isə ümumiyyətlə sxematik xəritədə aşkar edilməmişdir.
33. Təqdim edilmiş ekspert rəyinə əsasən isə sözügedən bağ sahəsinin dövlət reyestrində qeydiyyatdan keçmədiyi üçün koordinatlarının müəyyən edilməsi mümkün olmamışdır. Bağların bölgüsünə dair sxematik xəritəyə əsasən faktiki sahənin çox hissəsinin 325 D saylı bağ sahəsinin ərazisinə uyğun gəldiyi müəyyən edilmişdir. 325 D saylı bağ sahəsi ilə bağlı hüquqmüəyyənedici və texniki sənədlər təqdim edilmədiyindən üst-üstə düşmə olubolmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Ekspert rəyi məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməklə tərtib edildiyindən və işdəki digər sənədlərlə öz təsdiqini tapdığından, eləcə də, iddiaçı və cavabdeh tərəfindən ekspert rəyinin mötəbərliliyini şübhə altına alacaq hər-hansı bir dəlil məhkəməyə təqdim edilmədiyindən, məhkəmə təqdim edilmiş ekspert rəyini mötəbər hesab edir.
34. Beləliklə işin hallarının araşdırılması nəticəsində məhkəmə belə qənaətə gəlir ki, mahiyyət etibari ilə hazırki mübahisənin predmetini iddiaçıya ayrılmış bağ sahəsinin sxematik xəritəyə uyğun gəlməməsi təşkil edir.
35. Məhkəmə Kollegiyası hesab edir ki, bu halın mövcudlluğu hazırki iddia ilə iddiaçının reallaşdırmaq istədiyi mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönələ bilməz. Belə ki, bir daha qeyd olunur ki, torpaq sahəsinin mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla torpaq istifadəçilərin mülkiyyətlərinə verilməsi DƏDKR-in vəzifələrindən biridir.
36. Məhkəmə Kollegiyası qeyd edir ki, bağ sahəsinin digər fiziki şəxsin adına qeydiyyata alınmış bağ sahəsi ilə üst-üstə düşməsi və ya iddiaçının bağ sahəsinə münasibətdə hüquqmüəyyənedici sənədlərə malik olmaması müəyyən olunmadığından (hər iki hal cavabdeh tərəfindən mübahisələndirilməmişdir), həmçinin hüquqmüəyyənedici sənəd qismində çıxış edən müqavilə ləğv olunmadığından və hazırda qüvvədə olduğundan, o cümlədən də torpaq sahəsinin mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla torpaq istifadəçinin mülkiyyətinə verilməsi cavabdehin vəzifəsinə aid olduğundan, cavabdehin sxematik xəritə ilə uyğunsuzluğun olmasına dair əsası imtina əsası kimi qiymətləndirilə bilməz. 37.Göründüyü kimi, formalaşmış məhkəmə təcrübəsinə əsasən, bu qəbildən olan işlərdə cavabdeh inzibati orqan tərəfindən imtina əsası kimi “bağ sahəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyi” göstərilsə də, bu istiqamətdə cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir.
38. Cavabdehin digər imtinası əsası bağ sahəsinin ərazisinin 1200 kv.m olmasına baxmayaraq, faktiki olaraq istifadədə 1415.0 kv.m olmasıdır.Nəzərə alınmışdır ki, iddiaçının tələbindən göründüyü kimi, onun iddiası 0.12 ha ölçüdə mübahisəli bağ sahəsinə dair hüquqların dövlət qeydiyyatına alınmasından ibarətdir.Onun əlavə sahəyə dair hər hansı bir iddiası yoxdur.
39. Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-50/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. 40.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-50/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.