Məhkəmə qərarları › İş №2-1(103)-2501/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2501/2024

11.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2501/2024 11.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Dövlət Mülki Aviasiya Agentliyinə qarşı iş üzrə (Açar sözlər: xüsusi icazənin verilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məmmədli Aytac Mahir qızının katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Dövlət Mülki Aviasiya Agentliyinə qarşı “xüsusi icazənin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 04 mart 2024-cü il tarixli, 2-1(112)-3302/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Dövlət Mülki Aviasiya Agentliyinə qarşı iddia ərizəsi, daha sonra isə iddianın dəyişdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, multispektral kamera ilə təchiz olunmuş DJİ şirkətinin məhsulu olan T30 və P4 multispektral kənd təsərrüfatı təyinatlı pilotsuz uçan aparatların dövriyyəsinə xüsusi icazələrin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC-nin təsisçisidir. Eyni zamanda fərdi sahibkarlıq fəaliyyəti və kənd təsərrüfatı ilə məşğul olan vergi ödəyicisidir. Təsisçisi olduğu "xxxx" MMC-nin mülkiyyətində olan Lənkəran rayonu, Veravul kəndi ərazisində yerləşən 100 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində çəltik əkini həyata keçirilmişdir. Bununla bağlı kənd təsərrüfatında məhsuldarlığın artırılması məqsədi ilə müasir texnologiyalardan istifadənin məqsədə uyğunluğu (dərmanlamaq, toxum səpimi, NDVİ analizinin edilməsi və s.) nəzərə alınaraq DJİ şirkətinin məhsulu olan T30 və P4 Multispektral kənd təsərrüfatı təyinatlı PUA-ların əldə edilməsi və istifadəsinə zərurət yaranmışdır. Belə ki, çəltik əkini sahəsində dərman səpimi zamanı traktorlardan istifadə ilk olaraq məhsuldarlığın 30% aşağı düşməsinə, eyni zamanda texnikanın əkin sahəsində tez-tez batmasına gətirib çıxarmaqdadır ki, bu da əldə edilən məhsulun miqdarına ciddi təsir göstərmişdir. Bu təsir ölkə iqtisadiyyatına göstərilən xidmətin və ölkənin düyü idxalından azad olunması istiqamətində görülən tədbirlərin effektivliyini dəfələrlə aşağı salmışdır. Bu səbəbdən Multispektral kamera ilə təchiz olunmuş DJİ şirkətinin məhsulu olan T30 və P4 Multispektral kənd təsərrüfatı təyinatlı PUA-ların Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq ölkə ərazisinə idxal edilməsi məqsədilə bütün lazım olan xüsusi icazələrin alınması üçün AR Dövlət Mülki Aviasiya Agentliyinə müraciət edilmişdir. Dövlət Mülki Aviasiya Agentliyində baxılaraq mərkəzi icra hakimiyyəti orqanlarından daxil olan mənfi rəylər əsas gətirilərək xüsusi icazənin verilməsi məqsədəuyğun hesab edilməmişdir. Lakin həmin mənfi rəylərin hansı qurumlar və hansı əsaslarla verilməsi izah edilməmişdir. Eyni zamanda qeyd edilən rəylərin heç biri iddiaçıya təqdim edilməmişdir.

3. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazda göstərilmişdir ki, məsafədən idarə edilən pilotsuz uçan aparat (PUA) “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məndudlaşdırılmış) əşyaların siyahısı haqqında" 2003-cü il 23 dekabr tarixli 565 nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış əşya hesab edilir. Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyanın dövriyyəsinə xüsusi icazə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verilməsi Qaydaları”na (Qaydalar) uyğun olaraq verilir. İddiaçı (iddiaçı) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (Nazirlik). DMAA-ya ünvanladığı “DJİ Agras T30" və “DJİ Phantom 4 Multispectral” markalı PUA-ların idxal və istifadəsinə icazə verilməsi barədə olan 2023-cü il 25 yanvar tarixli və əlavə məlumatların təqdim edilməsi ilə bağlı Nazirliyə göndərilmiş 2023-cü il 14 fevral tarixli müraciətləri aidiyyəti üzrə DMAA-da icraata alınmışdır. İddiaçının sənədləri yoxlanılmış və müvafiq qaydada rəy alınması üçün 5 dövlət orqanına göndərilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahı”sının 17-ci hissəsinə uyğun olaraq, PUA-nın dövriyyəsinə xüsusi icazə 5 dövlət orqanının (Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti) rəyləri nəzərə alınmaqla DMAA tərəfindən rəsmiləşdirilir. Müvafiq 5 rəy DMAA-ya daxil olmuş və qanunvericiliyin tələblərinə uyğun olaraq, aşağıdakı dövlət orqanlarının müsbət olmayan rəyləri nəzərə alınaraq müraciətə DMAA-nın 2023-cü il 25 aprel tarixli 3-27-102/2-Q-334/2-28/2023/1530 nömrəli məktubu ilə imtina cavabı verilmişdir: həmçinin iddiaçı müvafiq PUA-ların idxal və istifadəsinə icazə verilməsinə dair 2023-cü il 25 yanvar tarixli Nazirliyə göndərilmiş müraciət məktubuna cavab alınmaması barədə ünvanlanmış 2023-cü il 29 sentyabr tarixli eyni məzmunlu müraciətinə aidiyyəti üzrə DMAA- da baxılmış və DMAA-nın 2023-cü il 20 oktyabr tarixli 3- 27-102/2-Q-334/4-28/2023/4366 nömrəli məktubu ilə cavab verilmişdir. Yuxarıda qeyd olunanlara əsasən iddianın təmin edilməməsi məhkəmədən xahiş edilmişdir.

4. Bakı İnzibati Məhkəməsinin 04 mart 2024-cü il tarixli, 2-1(112)-3302/2024 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməmişdir.

5. Qərardan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

6. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun olaraq əsaslandırılmış və qeyd edilmişdir ki, "xxxx" MMC-nin təsisçisi olaraq çəltik əkini ilə məşğul olmaqdadırlar. Bununla bağlı bütün sənədlər iş materiallarına əlavə edilmişdir. Həmin dron təsərrüfatılarını dərmanlamaq üçün lazımdır. Bundan əlavə olaraq qeyd edilir ki, digər kənd təssərüfatı ilə məşğul olan şəxslərə kənd təsərrüfatı təyinatlı PUA-nın ölkəyə gətirilməsinə icazə verilmişdir. Qeyd edilən dron vasitəsi artıq kənd təsərrüfatlarının əhəmiyyətli qurğusuna çevrilmişdir. Belə ki, həm qonşu ölkələrdə, həm də Azərbaycan Respublikasında bir çox təsərrüfat subyektləri özlərinə məxsus 100 hektarlarla ərazilərini yuxarıda qeyd edilmiş dronlar vasitəsi ilə dərmanlayaraq yüksək məhsuldarlıq əldə edirlər. Lakin onlar isə bu dronu əldə etməkdə çətinlik çəkdikləri üçün köhnə üsullarla əkin sahələrini dərmanlamağa məcbur olurlar ki, bu da məhsuldarlığın aşağı düşməsinə, eləcə də 10 tonlarla məhsulun israf olunmasına səbəb olur. 10 ton çəltik düyüsünün məhv olması, itkiyə getməsi təkcə onlara yox, dövlətin iqtisadiyyatına da təsir göstərir.

MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

7. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

8. Məhkəmə iclasında cavabdehin nümayəndəsi R.Əbilova apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və əlavə olaraq qeyd etdi ki, həmin dronların istifadəsinə icazə verilən fiziki şəxslər və hüquqi şəxslər olsa da, imtina alanlar daha çoxdur.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR

9. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə məktub ünvanlayaraq, məşğul olduğu kənd təsərrüfatında məhsuldarlığın artırılması üçün Multispektral kamera ilə təchiz olunmuş DJİ şirkətinin məhsulu olan T30 və P4 Multispektral kənd təsərrüfatı təyinatlı PUA-ların Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq ölkə ərazisinə idxal edilməsi məqsədilə bütün lazım olan xüsusi icazələrin alınması üçün köməklik göstərilməsini xahiş etmişdir.

10. İddiaçının müraciəti daxil olduqdan sonra başlanmış icraat çərivəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə xx.xx.2023-cü il tarixli, 3- 27-102/2-Q- 334/2-28/2023/639 nömrəli, Azərbaycan Respublikasının Prezidentinin Təhlükəsizlik Xidmətinə xx.xx.2023-cü il tarixli, 3-27-102/2-Q-334/2-28/2023/642 nömrəli, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə xx.xx.2023-cü il tarixli, 3-27- 102/2-Q- 334/2-28/2023/653 nömrəli, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə xx.xx.2023cü il tarixli, 3-27-102/2-Q-334/2-28/2023/654 nömrəli məktublar ünvanlayaraq, göstərmişdir ki, İddiaçı pilotsuz uçan aparatların (PUA) idxal və istifadəsinə icazənin verilməsi barədə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (Nazirlik), Nazirliyin yanında Dövlət Mülki Aviasiya Agentliyinə ünvanlanmış 2023-cü il 25 yanvar tarixli və əlavə məlumatların təqdim edilməsi ilə bağlı Nazirliyə göndərilmiş 2023-cü il 14 fevral tarixli müraciətləri daxil olmuşdur. Qeyd edilən müraciətlərdə, İddiaçı hər biri 1 (bir) ədəd olmaqla “DJİ Agras T30” və “DJİ Phantom 4 Multispectral” markalı PUA-ların idxal və istifadəsinə icazə verilməsini xahiş etmişdir. Bu müraciətlərə dair rəyin bildirilməsi xahiş edilmişdir.

11. Həmin müraciətə cavab olaraq: - Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin Komandanının xx.xx.2023-cü il tarixli, 1666 nömrəli məktubunda göstərmişdir ki, vətəndaş İddiaçı nəzərdə tutulmuş 1 (bir) ədəd pilotsuz uçuş aparatının idxal və istifadəsinə Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2018-ci il tarixli 1785 nömrəli Fərmanına, habelə, Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2005-ci il tarixli 292 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahısı”nın 17-ci hissəsinə əsasən aidiyyəti üzrə razılıqlar olduğu təqdirdə müvafiq icazələrin verilməsinə etiraz etmirlər. Pilotsuz uçuş aparatından istifadə zamanı Dövlət əhəmiyyətli obyektlərin ətrafında və üzərində çəkilişlərin aparılması qadağandır. Bunu nəzərə alaraq istifadəçi Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti tərəfindən təlimatlandırılmalıdır. - Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-39/2-24/1019/2023 nömrəli məktubunda göstərilmişdir ki, kənd təsərrüfatında istifadəsi nəzərdə tutulan hər biri 1 (bir) ədəd olan “DJİ Agras T30" və “DJİ Phantom 4 Multispectral" markalı məsafədən idarə edilən pilotsuz uçan aparatların fiziki şəxs İddiaçı (VÖEN: **********) tərəfindən ölkəyə gətirilməsi və istifadəsinə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyində qeydiyyatdan keçirildikdən sonra müvafiq qanunvericiliyin tələbləri nəzərə alınmaqla icazə verilməsinə etiraz etmirlər. - Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-42/2-47/564/2023 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı müraciəti ilə əlaqədar, ölkə ərazisində pilotsuz uçuş aparatlarının dövriyyəsi, o cümlədən idxal-ixrac əməliyyatları və istismarı ilə bağlı müvafiq Qaydaların mövcud olmaması səbəbindən hazırda İddiaçı müraciətinə müsbət rəy verilməsi mümkün hesab edilməmişdir. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-38- 5/2-Q-7xx-xx/2023 nömrəli məktubunda göstərilmişdir ki, Dövlət Sərhəd Xidməti tərəfindən pilotsuz uçan aparatların dövriyyəsi hazırki dövrdə məqsədəuyğun hesab edilməmişdir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-13/2- 26427/23 nömnrəli məktubunda göstərilmişdir ki, PUA-ların istifadəsi nəzərdə tutulmuş ərazi (sahibkara məxsus və icarəyə götürdüyü torpaq sahəsi) haqqında hər hansı təsdiqedici sənəd, həmçinin cihaz vasitəsilə kimyəvi maddələr və dərmanlardan istifadə ediləcəyini nəzərə alaraq onu istifadə edəcək şəxs barədə məlumatlar müraciətə əlavə edilmədiyindən qeyd olunan məsafədən idarə edilən PUA-ların ölkəyə gətirilməsini və istifadə olunmasını məqsədəmüvafiq hesab etmirlər.

12. Daxil olmuş rəylər nəzərə alınmaqla cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-27-102/2-Q-334/2-28/2023/1530 nömrəli məktubundan görünür ki, müraciətlərə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahısı”nın 17-ci hissəsindən irəli gələn tələblər, habelə PUA-nın istifadəsinə dair ümumi qaydalar çərçivəsində baxılmışdır. Müvafiq dövlət orqanlarından daxil olmuş mənfi rəylər nəzərə alınmaqla onun müraciətilə bağlı xüsusi icazənin verilməsi məqsədəuyğun hesab edilməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

13. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

14. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verilməsi” Qaydalarının: -1.1-ci bəndinə görə bu Qaydalar “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli 26 nömrəli Fərmanına əsasən hazırlanmışdır və mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə (bundan sonra - əşyaların dövriyyəsi) xüsusi icazə verilməsini tənzimləyir. -1.2-ci bəndinə əsasən əşyaların dövriyyəsinə xüsusi icazə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi mərkəzi icra hakimiyyəti orqanları (bundan sonra - dövlət orqanları) tərəfindən bu Qaydalara uyğun olaraq verilir. -1.3-cü bəndinə görə xüsusi icazə hüquqi və fiziki şəxslərə (bundan sonra - ərizəçi) verilə bilər. -2.1-ci bəndinə əsasən əşyaların dövriyyəsinə xüsusi icazə almaq üçün ərizəçi müvafiq xüsusi icazəni verən dövlət orqanına aşağıda göstərilən sənədləri təqdim edir: 2.1.1. əşyaların dövriyyəsinə xüsusi icazə almaq üçün aşağıdakılar göstərilmiş ərizə: 2.1.1.1. hüquqi şəxslər üçün - adı, hüquqi ünvanı, sahibkarlıq fəaliyyətinin növü; 2.1.1.2. fiziki şəxslər üçün - adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı), sahibkarlıq fəaliyyətinin növü; 2.1.2. ərizəyə aşağıdakı sənədlər əlavə olunur: 2.1.2.1. ərizəçinin vergi orqanları tərəfindən vergi uçotuna alınması haqqında müvafiq sənədin surəti; 2.1.2.2. əşyaların göstəricilərindən və dövriyyənin xüsusiyyətlərindən asılı olaraq: 2.1.2.2.1. qanunvericilikdə nəzərdə tutulmuş hallarda lisenziyanın surəti; 2.1.2.2.2. qanunvericilikdə nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının rəyi; 2.1.2.2.3. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən əlavə şərtləri əks etdirən sənədlər. -2.3-cü bəndinə görə əşyaların dövriyyəsinə xüsusi icazə almaq üçün təqdim edilən sənədlər xüsusi icazəni verən müvafiq dövlət orqanı tərəfindən qəbul edilir, xüsusi kitabda qeydə alınır və müəyyən edilmiş qaydada baxılır. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda, müvafiq dövlət orqanında sənədlər qeydə alındığı gündən başlayaraq 10 gündən gec olmayan müddətdə əşyaların dövriyyəsinə xüsusi icazə verilməsi haqqında qərar qəbul edilir. -2.5-ci bəndinə əsasən əşyaların dövriyyəsinə xüsusi icazənin verilməsindən yalnız qanunvericilik aktlarında nəzərdə tutulmuş hallarda imtina oluna bilər. -2.6-cı bəndinə görə ərizəçiyə əşyaların dövriyyəsinə xüsusi icazənin verilməsindən imtina edildikdə, bu barədə ona qanunvericilik aktlarında nəzərdə tutulmuş imtinanın səbəbləri göstərilməklə, 10 gün müddətində yazılı məlumat verilir. Əşyaların dövriyyəsinə xüsusi icazənin verilməsindən imtina edilməsindən qanunvericiliyə uyğun olaraq inzibati qaydada və (və ya)” məhkəməyə şikayət verilə bilər. -2.12-ci bəndinə əsasən əşyaların dövriyyəsinə xüsusi icazə müvafiq xüsusi icazəni verən dövlət orqanının rəhbəri tərəfindən imzalanır və həmin orqanın möhürü ilə təsdiq edilir. -3.1-ci bəndinə görə xüsusi icazə sahibi tərəfindən əşyaların dövriyyəsinə və onun şərtlərinin gözlənilməsinə riayət olunmasına əşyaların dövriyyəsinə xüsusi icazə verən müvafiq dövlət orqanları nəzarət edirlər

15. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

16. Belə ki, Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahısının 17-ci bəndinə görə məsafədən idarə edilən pilotsuz uçan aparatlara xüsusi icazə verən icra hakimiyyəti orqanı-Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəyləri nəzərə alınmaqla)

17. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Rəqəmsal inkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə’’nin 3.0-cı bəninə əsasən Nazirlik bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir: 3.0.14 “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa 3 nömrəli əlavə – “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı”nın 5-8-ci, 31-ci, 32-ci (xarici dövlətlərdə qeydiyyatda olan nəqliyyat vasitələrinə “İcazə” blanklarının dövlət sərhədinin buraxılış məntəqələrində verildiyi hallar istisna olmaqla), 33-cü, 35-ci, 36-cı, 38-ci, 39-cu, 41-ci, Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla 34-cü və 37-ci maddələrində nəzərdə tutulmuş icazələri, habelə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahısı”nda müəyyən edilmiş hallarda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda ixrac nəzarətinə düşən mallara (işlərə, xidmətlərə, əqli fəaliyyətin nəticələrinə) icazələri bilavasitə və ya strukturuna daxil olan qurum vasitəsilə vermək, icazə şərtlərinə əməl edilməsinə nəzarət etmək.

18. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 may tarixli 90 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi haqqında” Əsasnamənin 1.1-ci bəndinə görə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi (bundan sonra – Agentlik) mülki aviasiya sahəsində (bundan sonra – müvafiq sahədə) dövlət nəzarətini və tənzimləməsini həyata keçirən icra hakimiyyəti orqanıdır.

19. Göstərilən normalardan müəyyən olunur ki, pilotsuz uçan aparatı (PUA) mülki dövriyyəsi məhdudlaşdırılmış əşya olmaqla istifadəsi yalnız cavabdeh inzibati orqan Dövlət Mülki Aviasiya Agentliyinin icazəsi əsasında mümkündür, lakin belə icazə 5 dövlət orqanının,yəni Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəyləri nəzərə alınmaqla verilir.

20. Belə ki, xüsusi icazə almaq üçün ərizəçi məsafədən idarə edilən pilotsuz uçuş aparatının istifadə edilməsi ilə bağlı cavabdeh orqana müraciət edir, cavabdeh inzibati orqan müraciət daxil olduqdan sonra inzibati icraatı başlayır, pilotsuz uçuş aparatının icazə istəyən şəxs tərəfindən istifadəsinə icazə verilməsi ilə bağlı məsələyə münasibət bildirilməsi üçün yuxarıda adları çəkilən müvafiq qurumlara müraciət edir, cavab məktubları daxil olduqdan sonra Agentlik icazənin verilməsi barədə qərar qəbul edir və ya xüsusi icazənin verilməsindən imtina barədə yazılı qaydada cavab verir.

21. Təqdim olunmuş inzibati icraat materiallarından müəyyən olunur ki, iddiaçının müraciəti əsasında başlanmış icraat gedişində cavabdeh inzibati orqanın sorğu edərək rəylər əldə etmiş, pilotsuz uçuş aparatından istifadə ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən mənfi rəy verilmişdir.

22. Belə olan halda, təqdim olunan icraat materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının pilotsuz uçuş aparatından istifadəsi ilə bağlı apardığı icraat zamanı qanunla müəyyən edilmiş səlahiyyətini aşması, səlahiyyətindən sui-istifadə, səlahiyyətin məqsədlərinə açıq-aşkar zidd hərəkət etməsi halları müəyyən edilmir.

23. Çünki istinad olunan qanunvericiliyə əsasən məsafədən idarəedilən pilotsuz uçan aparatlarla bağlı icazənin verilməsi zamanı cavabdeh mütləq şəkildə 5 orqanın – Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəylərini nəzərə almalıdır.

24. İş materiallarından göründüyü kimi, həmin 5 orqandan 3 inzibati orqan məsələ ilə bağlı mənfi rəy verdiyindən cavabdehin imtinası bilavasitə onun hərəkət və ya hərəkətsizliyinin nəticəsi olmamaqla, qanunvericilikdə müəyyən edilmiş prosedurların tətbiqi nəticəsində əldə edilmiş həmin mənfi rəylərə əsasən verilmişdir. Yəni, hazırkı halda cavabdehin davranışı birbaşa olaraq maddi hüquq normaları ilə onun üzərinə qoyulmuş yuxarıda adları qeyd edilən 5 orqanın müsbət və ya mənfi rəylərinə istinad edilməklə həyata keçirilmiş və gəldiyi yekun nəticə həmin 5 orqandan üçü tərəfindən verilən mənfi rəyə mütənasib olmuşdur (bax: Azərbayca Respublikası Ali Məhkəməsinin 2-1(102)- 2038/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı).

25. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

27. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz.

28. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 04 mart 2024-cü il tarixli, 2-1(112)-3302/2024 nömrəli nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar