Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2502/2023 02.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və X2 ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-509/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən, ARDNŞnin N.Nərimanov adına NQÇİ-in “Dəniz Neftçisi” bağçılıq-yoldaşlıq təsərrüfatı tərəfindən iddiaçıya verilmiş Qaradağ rayonu, Səngəçal bağ massivində yerləşən 29 saylı, 0,06 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq iddiaçının adına çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əsasən iddiaçı istifadəsində olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu iddiaçının müraciətindən imtina etmişdir. İddiaçı bildirir ki, həmin torpaq sahəsinin ona ayrılması və onun istifadəsində olması müvafiq sənədlər ilə təsdiq olunmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-509/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən, ARDNŞ-nin N.Nərimanov adına NQÇİ-in “Dəniz Neftçisi” bağçılıq-yoldaşlıq təsərrüfatı tərəfindən iddiaçıya verilmiş Qaradağ rayonu, Səngəçal bağ massivində yerləşən 29 saylı, 0,06 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq İddiaçı adına çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli ,Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-509/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamədə isə təsbit olunmuşdur ki, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi ərizənin daxil olduğu gündən etibarən 30 gün ərzində vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verir. Vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Göründüyü kimi bağ sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının yaranması əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi ilə tənzimlənir. Fiziki şəxsin bağ sahəsi üzrə mülkiyyət hüququnun yaranması hallarından biri, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən verilmiş sənədlərin mövcud olmasıdır. Belə halda, fiziki şəxsin həmin bağ sahəsi üzərində hüququ mövcüd olur və qanunvericiliyin tələbləri əsasında, onun həmin bağ sahəsinin özəlləşdirilməsini tələb etmək hüququ yaranır. Hazırkı işin hallarından görünür ki, iddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal bağ massivində yerləşən 29 saylı, 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasını arzulayır. Cavabdeh inzibati orqan isə iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasından imtina edir. İmtinanın əsasları kimi - 1. “Dəniz Neftçisi” bağçılıq-yoldaşlığın nəznində 29 saylı bağ sahəsinin digər şəxsin (X8) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi və özgəninkiləşdirilməsi; 2. Bağ sahəsinin ayrıc aktından kənarda yerləşməsi; 3. Bağ sahəsinin yerləşməsinin müəyyən etmək mümkün olmaması göstərilmişdir. Cavabdehin imtina üçün göstərdiyi birinci əsasa münasibətdə qeyd edilməlidir ki, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal bağ massivində yerləşən “29” nömrə altında olan bağ sahəsinin iki fiziki şəxs, yəni İddiaçı, eyni zamanda X6 ayrılmışdır. Baxmayaraq ki, həmin nömrə altında olan bağ sahəsinin iki fiziki şəxsə ayrılmasını təsdiq edən sənədlər mövcuddur. Belə ki, Bakı şəhər XDS-nin İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 10/369 saylı, xx.xx.1990-cı il tarixli 4/145 saylı, xx.xx.1990-cı il tarixli 7/437 saylı və xx.xx.1991-ci il tarixli 10/518 saylı qərarları ilə Səngəçal bağ massivindən N.Nərimanov adına NQÇİ-nin işçilərinə paylanmış bağ sahəsinin siyahısında İddiaçı adı 93 sətirdə, Tofiq Əbilovun adı isə 341 sətirdə göstərilmişdir. Bundan sonra İddiaçı “Dəniz neftçisi” Bağçılıq yoldaşlıq təsərrüfatı üzvlüyünə qəbul olunması ilə bağlı iclas keçirilmiş və üzvlüyü qəbul olunması protokol ilə rəsmiləşdirilmiş, bununla bağlı ona üzvlük kitabçası verilmişdir. Göründüyü kimi iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.7-ci maddəsinə əsasən bağ sahəsinə münasibətdə üzvlük kitabçasına, bağlar təsərrüfatının iclasından protokola malik olmuş, onun adı bağlar təsərrüfatının siyahısında aşkar olunmuş, bununla da o bağ sahəsinə hüquqmüəyyənedici sənədlərə malik olmuşdur. Təqdim olunan sənədlərin mötəbərliyini şübhə altına alan hər hansı hal müəyyən olunmamış, eləcə də cavabdeh və üçüncü şəxs tərəfindən də həmin şənədlərin mötəbərliyini şübhə altına alan hər hansı sübut təqdim olunmamışdır. İşin müəyyən olunmuş hallarından iddiaçıya torpaq sahəsinin ayrılması barədə sənədlərin qüvvədə olduğu görünür. İddiaçıya torpaq sahəsinin ayrıldığı və həmin sahənin onun istifadəsində olduğu müddətdə qeyd olunan sənədlərin hər hansı subyekt, o cümlədən üçüncü şəxs tərəfindən mübahisələndirildiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdeh və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Başqa sözlə, həmin sənədlər qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdiriməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. Həmçinin iş üzrə materiallardan görünür ki, bağ sahəsi bağçılıq-yoldaşlıq təsərrüfatına və bunun üzərindən də həmin bağçılıq-yoldaşlıq təsərrüfatının üzvü olan iddiaçıya səlahiyyətli orqanlar tərəfindən müvafiq qərar əsasında ayrılmış və həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq rəsmiləşdirilmişdir. Həmin dövrdə qüvvədə olmuş torpaq qanunvericiliyinə (1992-ci ilədək qüvvədə olmuş Torpaq Məcəlləsinin 20-ci maddəsi) əsasən torpaqlar daimi və ya müvəqqəti istifadəyə müvafiq xalq deputatları sovetinin icraiyyə komitəsi tərəfindən onun qərarı əsasında ayrılırdı. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar həmin Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində də bu qayda nəzərdə tutulmuşdur. Eyni zamanda həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. İddiaçıya bağ torpaq sahəsinin ayrılması barədə qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdirilmiş protokoldan müvafiq çıxarış, eyni zamanda “Dəniz neftçisi” Bağçılıq yoldaşlıq təsərrüfatının üzvlük kitabçası iş materiallarına əlavə edilmişdir. Digər tərəfdən digər fiziki şəxsə (X6) ayrılmış 29 nömrəli bağ sahəsi üzərində ilkin olaraq X4 mülkiyyət hüquqları qeydə alınmış, daha sonra mülki əqd (alqı-satqı müqaviləsi) əsasında həmin bağ sahəsi digər fiziki şəxsin adına özgəninkiləşdirilmişdir. Həmin bağ sahəsinin hazırki mülkiyyətçisi X5 işin birinci instansiya icraatı zamanı verdiyi izahatında hər iki bağ sahəsinin fərqli dislokasiyada yerləşdiyini bildirmiş, bununla da hazırki iddia tələbinə etirazının olmadığını vurğulamışdır. Göründüyü kimi cavabdeh inzibati orqan imtina əsası kimi 29 saylı bağ sahəsinin digər fiziki şəxsin adına özgəninkiləşdirildiyini bildirsə də, 29 nömrə altında olan bağ sahələrinin dislokasiya baxımından fərqli olduğunu, iddiaçının və üçüncü şəxsin bağ sahələrinə münasibətdə fərqli sənədlərə malik olduğunu nəzərə almamış, bununla da iddiaçının daşınmaz əmlaka münasibətdə yaranmış mülkiyyət hüquqlarının qeydə alınmasından imtina etmişdir. Məhkəmə kollegiyası cavabdehin imtinasının ikinci dəlili ilə bağlı aşağıdakıları qeyd edir: Cavabdeh inzibati orqan imtinanın ikinci əsası kimi iddiaçı tərəfindən iddia olunan bağ sahəsinin ayrıc aktından kənarda yerləşdiyini göstərir. Bununla bağlı qeyd edilməlidir ki, cavabdehin imtinasının həmin hissəsi ilə bağlı tikintitexniki ekspertizasının təyin edilməsi, mütəxəssis rəyinin alınması və ya yerində müayinə kimi tədbir görülməsi istiqamətində tədbirlərin görülməsinə zərurət yoxdur. Belə ki, hətta iddia olunan torpaq sahəsi ayrıc aktından kənarda yerləşsəydi belə, bu halı vəziyyəti iddiaçının ziyanına dəyişməzdir. Həmçinin formalaşmış məhkəmə təcrübəsinə əsasən də torpaq sahəsi ayrıc aktından kənarda yerləşsə belə, bu hal vətəndaşın ziyanına şərh edilmir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-301/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətindəki dəlillərlə bağlı vurğulayır ki, 1 saylı Bakı Ərazi İdarəsinin arxivində “Avtonəqliyyattexnika” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında A.Qədimlinin adına 27 deyil 22 saylı bağ sahəsinin ayrılmasının qeyd olunması, həmçinin həmin bağ sahəsinin elektron kadastr məlumatlarına əsasən digər bağçılıq-yoldaşlığının – “Avtomobil Nəqliyyat Nazirliyi” təsərrüfatının ayrıc aktının daxilində yerləşməsi iddiaçının təqsiri deyil və qeyd edilən hallar torpaq sahəsinə dair hüquqların müvafiq qaydada qeydiyyatının aparılmasına maneə ola bilməz. İmtinanın üçüncü əsası olan torpaq sahəsinə bölgü sxeminin təqdim olunmaması öz növbəliyində imtina əsası qismində çıxış etmir. İlk növbədə qeyd edilməlidir ki, topraq sahəsinə mülkiyyət bu zaman torpaq sahəsinin naturada ayrılması barədə qərarın və ya bölgü sxeminin olması şəxsin məhz hansı hissəyə münasibətdə mülkiyyət hüququna malik olmasını müəyyən edir. Azərbaycan Respublikasının Mülki Məcəllənin müddəalarına nəzər yetirdikdə məlum olur ki, Məcəllənin: 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.3. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər: 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Daşınmaz əmlakın sxematik bölgüsünün aparılması ümumi mülkiyyətçilər və ya əmlakın əvvəlki və köhnə mülkiyyətçisi mülki mübahisələrin yaranmasının azaldılmasına xidmət edir. Misal olaraq 10 ha torpaq sahəsi olan A adlı şəxs B adlı şəxsə həmin torpaq sahəsindən 3 ha torpaq sahəsini satarkən və ya digər üsulla özgəninkiləşdirərkən 3 ha torpaq sahəsinin mülkiyyətçisinin B adlı şəxs olması barədə müqavilə 3 ha torpaq sahəsinə mülkiyyət hüququnun mövcudluğu üçün əsas qismində çıxış edir. Lakin həmin 3 ha torpaq sahəsinin harada yerləşməsi, hansı koordinatlarının olması, 10 ha torpaq sahəsinin hansı hissəsindən ayrılması həmin müqavilədə əksini tapmır. Qeyd olunan halların aydınlaşdırılması, yəni A-nın B-yə 3 ha torpaq sahəsini özünün mülkiyyətində olmuş 10 ha torpaq sahəsinin hansı hissəsindən ayrılması sxematik bölgünün aparılması, başqa sözlə bölgü sxemin tərtib edilməsi ilə həyata keçirilir. Həmin sənəd əsasında həm A özündə qalan 7 ha torpaq sahəsinin hansı sahə olması barədə koordinatlar göstərilən plan və ölçü sənədi ala bilir, həmçinin B-də 3 ha torpaq sahəsinə real koordinatlarını müəyyən edən plan və ölçü sənədi almaq imkanına malik olur. Nəticədə də həmin torpaq sahələrinin hansının harada yerləşməsi ilə bağlı tərəflər arasında torpağın hansı hissəsinin kimə məxsus olması haqqında mübahisə yaranmır, o cümlədən daşınmaz əmlaka mülkiyyət hüququnu qeydə alan orqan texniki sənədlərin hazırlanması imkanına malik olur. Beləliklə Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan bölgü sxeminin tələb edilməsində yalnız o zaman haqlı olardı ki, əgər torpaq sahəsinin yerləşməsi ilə bağlı mülkiyytçilər arasında mübahisə yaranmış olsun. Hazırda iddiaçı və üçüncü şəxs arasında belə bir mübahisə olmadığından, yəni torpaq sahələrinin üst-üstə düşməsi halı müəyyən olunmadığından, cavabdeh inzibati orqan bölgü sxeminin tələb edilməsində haqlı olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə kollegiyası hesab edir ki, dövlət qeydiyyatından imtinanın əsaslarını nəzərdə tutan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində göstərilən hallar müəyyən edilmədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini təmin etmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-509/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-509/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2502/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2502/2023
02.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver