Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2503/2021 05.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi İddiaçı oğlunun, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı aylıq 190 manat müavinətin verilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5548/2021 saylı, 17 avqust 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5548/2021 saylı, 17 avqust 2021-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “aylıq 190 manat müavinətin verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilərək iddianın təmin edilməsini xahiş etmiş və apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya göndərilən imtina smsdə qeyd edilib ki, ər və irvadın mülkiyyətində iki və daha çox daşınmaz əmlak olduğundan 190 manat birdəfəlik ödəmənin verilməsindən imtina olunur. Lakin iddiaçının nikahı pozulub və o qeydiyyatdan subay kimi keçib. Onun keçmiş arvadının mülkiyyətində olan əmlakın ona aidiyyəti yoxdur. Nikah pozulduqdan dərhal sonra da onun şəxsiyyət vəsiqəsində ailə vəziyyəti subay kimi qeyd olunub. Əgər hər hansı sistemdə belə onun nikahının pozulması qeyd olunmayıbsa, bu onun günahım deyil. Birdəfəlik ödəmənin verilməsi üçün qeydiyyatdan keçəndə də o subay kim qeydiyyatdan keçib, amma imtinada keçmiş arvadının mülkiyyətində olan daşınmaz əmlak da qeyd ediblər. Onun mülkiyyətində cəmi bir otaqlı bir mənzil olub. Məhkəmə qərarında qeyd edilir ki, iddiaçının istifadəsində minik avtomobili olduğundan imtina əsaslı olmuşdur. Halbuki imtinada ümumiyyətlə daşınar əmlak qeyd edilməyib. Çünki iddiaçının istifadəsində həmin vaxt minik avtomobili olmayıb. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsi tərəfindən ünvanlanmış 12.06.2021-ci il tarixli, 016-68121-1221 saylı məktubdan da görünür ki, etibarnamə 10.09.2020-ci il tarixdə verilmişdir. İddiaçı isə birdəfəlik ödəmə üçün 2020-ci ilin aprel ayında müraicət edib. Məhkəmə kollegiyasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasında iştirak edən cavabdehin nümayədəsi apelyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını izahatını dinləyərək, iş materiallarını apelyasiya şikayətinin dəlilləri ilə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Аzərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Məşğulluq Xidməti Sumqayıt şəhər Məşğulluq Mərkəzi tərəfindən iddiaçıya ünvanlanmış 12 iyun 2020-ci il tarixli imtina məktubu onunla əsaslandırılmışdır ki, xüsusi karantin rejimində işsiz şəxslər üçün nəzərdə tutulan birdəfəlik ödəmə üzrə təyinatla bağlı müraciətlər cari ilin 27 aprel tarixində dayadırılmışdır. Əlavə araşdırmalar nəticəsində sizin və ya həyat yoldaşınızın mülkiyyətində iki və daha çox əmlak olduğu üçün 190 manat birdəfəlik ödəmədən imtina edilmişdir. Bundan sonra iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2020-ci ilin aprel, may, iyun, iyul, avqust ayları, həmçinin karantin müddəti uzadılacağı təqdirdə növbəti aylar ərzində 190 manat birdəfəlik ödəmənin ona ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı tələbi “190 manat birdəfəlik ödəmənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlı olmuşdur. İşə birinci instansiya qaydasında baxmış məhkəmə öz qərarını onunla əsaslandırmışdır ki, iddiaçının tələbinin təmin olunmasından imtina edilərkən mülkiyyətində 2 və daha çox əmlakın olmasına istinad olunmuş və bu zaman müxtəlif dövlət orqanlarının informasiya ehtiyatlarındakı məlumatlar əsas götürüldüyü üçün, həmin məlumatların götürüldüyü dövrdə də əmlakları kimi baza məlumatlarında 2 və daha çox əmlakın olması göstərildiyindən cavabdeh inzibati orqan tərəfindən həmin məlumatlara istinadən iddiaçıya imtina edilməklə hər hansı qanun pozuntusuna yol verilməmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Qaydalara əsasən imtina əsaslarından biri sayılan- iddiaçının istifadəsində minik avtomobili mövcuddur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.6-cı maddəsinə əsasən işsiz şəxs-işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli, 127 nömrəli Qərarı ilə təsdiq edilmiş «Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası»nın 1.1-ci bəndinə əsasən koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası (bundan sonra - Qayda) koronavirus (COVİD-19) pandemiyası (bundan sonra - pandemiya) dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Məşğulluq” altsistemində (bundan sonra - MAS) işsiz kimi qeydiyyatda olan şəxslərə (bundan sonra - işsiz şəxslər) aylıq birdəfəlik ödəmənin (bundan sonra - birdəfəlik ödəmə) verilməsi şərtlərini və qaydasını tənzimləyir. Həmin Qaydalara əsasən birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir. Birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir. Birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə və pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə ödənilir (1.2; 1.3; 1.4; 2.1- ci bəndləri). Həmin Qərarın 2.3-cü bəndinə əsasən Dövlət qurumlarından aşağıdakı ödənişləri alan işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə (2.3.1); əmək pensiyaçılarına (2.3.2); aylıq müavinət alanlara (2.3.3.); aylıq təqaüd alanlara(2.3.4); özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə(2.3.5); işsizlikdən sığorta ödənişi alanlara (2.3.6); peşə hazırlığına görə təqaüd alanlara (2.3.7); 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə(2.3.8); əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara(2.3.9); əri və ya arvadı bu Qaydanın 2.3.1-ci - 2.3.8-ci yarımbəndlərinə uyğun olaraq ödəniş alan şəxslərə (2.3.10). Sonradan “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası’nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli, 127 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 149 saylı, 25 aprel 2020-ci il tarixli Qərarın 2.3-cü bəndinə 2.3.11-2.3.15-ci yarımbəndlər əlavə edilmişdir: mülkiyyətində müxtəlif ünvanda iki və daha çox daşınmaz əmlakı olanlara (2.3.11); mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəqliyyat vasitəsi olanlara (2.3.12); birdəfəlik ödəmə üçün müraciət tarixində xaricdə olanlara(2.3.13); yaşı 18-dən aşağı olanlara(2.3.14); Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyi tərəfindən bu Qaydaların 3.8-ci bəndinə uyğun olaraq əldə edilən məlumatlar əsasında birdəfəlik ödəmə üçün müraciət tarixinə 2020-ci il üçün ölkə üzrə yaşayış minimumunun iki mislindən çox digər gəliri (maliyyə vəsaiti, qeyri-maddi aktivləri və s.) olanlara. Həmçinin, 2.3.10-cu bəndində, bu Qaydanın 2.3.1-2.3.8-ci, 2.3.11-ci, 2.3.12-ci və 2.3.15-ci yarımbəndlərində göstərilən şəxslərin əri və ya arvadı kimi qeyd olunması qərara alınmışdır. İş materiallarından görünür ki, iddiacı İddiaçı verilmiş imtinanın əsasını təşkil edən məlumatlar real vaxt rejimində “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslər birdəfəlik ödəmənin verilməsi şərtləri və Qaydası”nın 3.8-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Ədliyyə, Daxili İşlər, Kənd Təsərrüfatı nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarınnın (qurumlarının) informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla əldə olunmuşdur. Göründüyü kimi araşdırma zamanı müxtəlif dövlət orqanlarının informasiya ehtiyatlarındakı məlumatlar əsas götürüldüyü üçün, həmin məlumatların götürüldüyü dövrdə də iddiaçının və onun həyat yoldaçının əmlakları kimi baza məlumatlarında 2 və daha çox əmlakın olması göstərildiyindən cavabdeh inzibati orqan həmin məlumatlara istinad edilərək iddiaçıya imtina cavabı verməkdə haqlı olmuşdur. Eyni zamanda, iddiaçı və onun həyat yoldaşı arasında nikahın 01.10.2018-ci il tarixdə məhkəmə qaydasında xitam verilməsi və nikahın pozulması haqqında şəhadətnamənin alınması müəyyən edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə nikahın pozulması barədə qeydin müvafiq qeydiyyat orqanı tərəfindən sistemdə vaxtında aparılmaması hazırkı halda cavabdeh inzibati orqanın təqsirliliyi kimi qəbul edilə və cavabdehin üzərinə iddiaçının tələbinin təmin olunması barədə müvafiq öhdəliyin qoyulması üçün əsas ola bilməz. Daşınar əmlaka istifadə hüququnun cavabdeh orqana müraciət etdikdən sonra əldə edilməsinə dair apelyasiya şikayətinin dəlili isə formal mülahizədən ibarət olub qərarın ləğv olunması üçün əsas deyildir. Belə ki, cavabdehin imtina əsaslarında göstərilməsə də, iddia tələbi həm 2020-ci ilin aprel, may, iyun, iyul, avqust ayları, həm də karantin müddəti uzadılacağı təqdirdə növbəti aylar ərzində 190 manatın ödənilməsinin cavabdehə həvalə edilməsi olduğundan, birinci instansiya məhkəməsi haqlı olaraq 1998-ci il buraxılışlı “Opel Astra” minik avtomobilinin İddiaçı istifadəsində olmasını Qaydalara əsasən imtina əsaslarından biri olmasına dair düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddiasını təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir və qərarda göstərilmiş nəticələr işin hallarına uyğundur. Apelyasiya şikayətinin dəliləri formal mülahizələrdən ibarət olduğundan, onun təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Hazırkı işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə qanuni və əsaslıdır, bu səbədən də apelyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 68, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı oğlunun apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5548/2021 saylı, 17 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Xəyalə Cəmilova Hakim: Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-2503/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2503/2021
05.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver