Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2503/2024 21.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və X2 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında qərarın ləğv edilməsi və iddiaçıya qaçqın statusunun verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1048/2024 nömrəli, 28 fevral 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli İQ-24/1 nömrəli “Qaçqın statusnun verilməsindən imtina edilməsi haqqında” qərarının ləğvi edilməsi və İddiaçı qaçqın statusunun verilməsi vəzifəsinin cavabdehə havalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, azərbaycanlı olduqlarına görə 1999-cu ildə nənəsi ilə birlikdə Azərbaycana gəlmişdir. Azərbaycana gəlmələrinə əsas səbəb həmin ölkədə azərbaycanlılara qarşı pis rəftar idi. Gözümü açan vaxtdan hər zaman yanında olan və hazırda yeganə ailə üzvü olan nənəsi, Azərbaycan Respublikasının vətəndaşı X3 Türkmənistandan Azərbaycana onunla köçəndə, o, hələ körpə uşaq olmuşdur. Nənəsindən eşitdiklərinə görə orada azərbaycanlı cavan uşaqları narkotiklərə öyrəşdirərək, həyatlarını məhv edirdilər. Hətta bir türkmən millətindən olan kəs cinayət əməli etdikdə, bu əməli bir azərbaycanlının boynuna atırdılar. İddiaçının nənəsi evini satıb, oradan canını qurtarıb çıxmışdır. Evlərini satan kimi Türkmənistandakı yaşayış yeri üzrə qeydiyyatları da ləğv olunmuşdur. İddia ərizəsinə əlavə olunan ÖM-150559 nömrəli mənzilə dair qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən göründüyü kimi, Türkmənistandakı evin satışından əldə olunan vəsait və əlavə qoyulan digər vəsait hesabına hazırda yaşadıqları ünvan 1 ünvanında yerləşən mənzili mülkiyyət hüququ əsasında əldə etmişlər. Ataları xx.xx.2017-ci il tarixdə dünyasını dəyişmişdir. Anası Türkiyə Respublikasının vətəndaşına ərə getdiyinə görə öz ailəsi ilə Türkiyə Respublikasında yaşayır. Azərbaycanda iddiaçı bir yaşından etibarən nənəsi ilə birlikdə yaşayır. Azərbaycana gələn kimi nənəsinə Azərbaycan Respublikasının vətəndaşlığı verilmişdir. 2003-cü ildə Bakı şəhərinin Yasamal rayonunda yerləşən 27 saylı uşaq bağçasına qəbul olunmuşdur. 2004-cü ildə Respublika İncəsənət Gimnaziyasinda orta təhsilini başlamış, orada milli rəqslərlə məşğul olaraq, bir çox tədbirlərdə iştirak etmişdir. Ümumi orta təhsil haqqında şəhadətnamənin və tam orta təhsil haqqında attestatın surətindən göründüyü kimi, iddiaçı 2015-ci ildə orta təhsilini başa çatdırmışdır. İddia ərizəsinə əlavə olunan Baki Slavyan Universiteti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 0128 nəmrəli arayışın və tələbə biletinin surətlərindən göründüyü kimi, 2016-cı ildə Baki Slavyan Universitetinə qəbul olaraq, Beynalxalq Münasibətlər və Regionşunaslıq fakültəsinin tələbəsi olmuşdur. İddiaçı universitetin 4-cü kursunu bitirdikdən sonra istehsalat təcrübəsinin (praktika) müddəti məlum pandemiya dövrünə təsadüf etdiyi üçün digər tələbələr kimi, o da praktika dövrünü evdə keçirməli olmuşdur. Pandemiya dövrü bitdikdən sonra istehsalat təcrübəsinin bərpa olunması barədə universitet tərəfindən, ona məlum olmayan səbəblərdən xəbərdarlıq edilmədiyi üçün, dərslərə davamiyyəti ilə bağlı problemi yarandığından universitetin 4-cü kursunu bitirə bilməmişdir. Universiteti bitirə bilmədiyi üçün 4-cü kursa yenidən bərpa olunmaq istəmişdir, lakin sənədləri hələ ki, qaydasında deyil. Azərbaycan Respublikasının ərazisində yaşadığı müddətdə, artıq 24 ildir ki, ölkəni bir dəfə də olsun tərk etməmişdir. Anası Azərbaycana gələrək, iddiaçıya vətəndaşlığın verilməsi ilə bağlı bir neçə dəfə müraciət edib, lakin bu, bir nəticə verməmişdir. Bu səbəbdən o, 18 yaşına gədər Azərbaycan vətəndaşlığını ala bilməmişdir. Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vərəqələrinin surətlərindən göründüyü kimi, Dövlət Miqrasiya Xidməti tərəfindən ona iki dəfə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vərəqəsi verilmişdir: Növbəti üçüncü 5 illik müddətli icazə vərəqəsinin ona verilməsi üçün yaşı ilə əlaqədar olaraq ondan Türkmənistan Pespublikasının pasportu tələb olunmuşdur. Lakin körpə yaşlarından etibarən hazırkı vaxta qədər Azərbaycanda yaşamış, buranı bir dəfə də olsun tərk etmədiyi üçün Türkmənistan pasportu yoxdur. Türkmənistan səfirliyinə (konsulluğuna) dəfələrlə pasport almaq üçün müraciəti etməsinə baxmayaraq, hər dəfə şifahi olaraq rədd cavabı verilmişdir. İddiaçı 20 fevral 2020-ci ildə səfirliyə müraciət edərək, bildirmişdir ki, xx.xx.2020 tarixində onun daimi yaşamaq icazəsinin müddəti bitir, bununla bağlı ona hər hansı bir sənəd verilsin. 4 aydan sonra ona formal olaraq rədd cavabı gəlmişdir, səbəb olaraq isə anketdə yaşadığı və Azərbaycanda qeydiyyatda olduğu ünvanı səhv yazdığı bildirilmişdir, halbuki hər şey tam dəqiqliklə doğru yazılmışdır. Ona Türkmənistana gedib bu problemi orada həll etməyə çalışmaq lazım olduğunu bildirmişlər. Türkmənistandakı rejimi və oradan qayıda bilməmək ehtimalını bildiyindən himayəsində olan və ona ehtiyacı olan nənəsini burada tək qoyaraq axırı və nəticəsi bilinməyən bu gediş hazırda mümkün deyil. Hazırda sərt rejimlə əlaqədar cavan adamların əksəriyyəti Türkmənistanı tərk etmək niyyətində olduqları üçün, hazırda cavan insanları ölkədən kənara buraxmırlar. İddiaçı ailəsi ilə oradan çıxanda o, hələ körpə uşaq idi. Milliyətçə azərbaycanlıdır və o, Türkmənistana getsə onu hərbi xidmətə göndərəcəklər. Kağız üzərində olan doğum haqqında şəhadətnamədən başqa onu Türkmənistana bağlayan bir hal yoxdur. xx.xx.2023-cü il tarixli qərarda onun 1999-cu ildə anası ilə birlikdə Azərbaycana gəldiyi qeyd olunsa da, o, anası ilə deyil, nənəsi ilə Azərbaycana gəlmişdir. Daha sonra qərarda hazırda işsiz olduğu qeyd olunsa da, o, ailəsinin və özünün saxlanılması üçün heç vaxt işsiz qalmamışdır, peşəkar aşbazdır, sadəcə olaraq, sənədləri qaydasında olmadığı üçün rəsmi iş yeri yoxdur. Daha sonra qərarda qaçqın statusunun alınmasında məqsəd kimi qısa olaraq sənədləşməyə ehtiyacı olduğu qeyd olunsa da, qaçqın statusunun alınmasında əsas məqsədi milliyyətinə görə təqib olunmaqdan və himayəmdə olan yeganə ailə üzvündən ayrı düşməyə ehtiyat etdiyi üçün Türkmənistana getmək istəməməyi, ona doğma olan yerlər və insanların Azərbaycanda olduğu səbəbindən, burada yaşamağa davam etmək istəyi, bunun üçün də şəxsyyətini təsdiq edən qaçqın sənədinin olması zərurəti, həmçinin, rəsmi əmək fəaliyyəti ilə məşğul olmaq imkanlarımın olmaması hallarının aradan qalxmasıdır. Daha sonra qərarda onun dediyi məlumatların bir qisminin öz təsdiqini tapması qeyd olunsa da, dediyi hansı məlumatların öz təsdiqini tapmadığı bildirilməmişdir. Daha sonra qərarda onun öz pasportunu təqdim etməyi qeyd olunsa da, onun pasportu yuxarıda qeyd etdiyi səbəblərdən yoxdur. Həmçinin qərarda qeyd olunur ki, ərizəçinin Türkmənistanda təhdid və təqib olunmadığı müəyyən olundu. Lakin o, cavabdeh təşkilata olan müraciətində Türkmənistanda təhdid və ya təqib olunduğunu deyil, məhz milliyyətinə görə orada təqib olunmaqdan, həmçinin, himayəsində olan yeganə ailə üzvündən ayrı düşməyə ehtiyat etdiyini bildirmişdir. Cavabdehin qərarı Azərbaycan Respublikasının Konstitusiyasına, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, bu Konvensiyanın 1967-ci il Protokoluna, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında “Qaçqın” statusunun verilməsi haqqında vəsatətə baxılması qaydasının tələblərinə uyğun deyildir. Bakı İnzibati Məhkəməsinin (hakim Rüstəm Kərimli) 2-1(112)-1048/2024 nömrəli, 28 fevral 2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli müvəqqəti şəhadətnamənin surətindən göründüyü kimi, iddiaçı 21 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qaçqın statusunun verilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Həmin müvəqqəti şəhadətnamədə o, Türkmənistan vətəndaşı kimi qeyd olunsa da, hazırda onun həmin ölkənin vətəndaşı olmağı, faktiki olaraq, müəyyən deyildir. Belə ki, hazırda onun 25 yaşı var və Türkmənistan Respublikasından 1 yaşında, yəni 24 il bundan əvvəl çıxmaqla, bir daha oraya qayıtmayaraq, yalnız Azərbaycan Respublikasında yaşamışdır. Türkmənistan Respublikasında ümumiyyətlə qeydiyyatda olmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Qaçqın statusnun verilməsindən imtina edilməsi haqqında” qərarın surətindən göründüyü kimi, cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin həmin qərarı ilə ona qaçqın statusunun verilməsindən imtina edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada surətindən göründüyü kimi, İddiaçı xx.xx.1998-ci il tarixində Türkmənistan Respublikasının Türkmənbaşı şəhərində anadan olmuşdur. X1 və anası X4 hər ikisi azərbaycanlı olmaqla, atası Türkmənistan Respublikasının, anası isə Türkiyə Respublikasının vətəndaşıdır. Azərbaycana gəlməsinə əsas səbəb həmin ölkədə azərbaycanlılara qarşı pis rəftar idi. Nənəsindən eşitdiyinə görə Türkmənistandan azərbaycanlı cavan uşaqları narkotiklərə öyrəşdirərək, həyatlarını məhv edirdilər. Hətta türkmən millətindən olan kimsə cinayət əməli etdikdə, bu əməli bir azərbaycanlının boynuna atırdılar. ÖM-150559 nömrəli mənzilə dair qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən göründüyü kimi, Türkmənistandakı evin satışından əldə olunan vəsait və əlavə qoyulan digər vəsait hesabına hazırda yaşadıqları ünvan 2 ünvanında yerləşən mənzili mülkiyyət hüququ əsasında əldə etmişlər. Atası xx.xx.2017-ci il tarixdə dünyasını dəyişmişdir. Anası Türkiyə Respublikasının vətəndaşına ərə getdiyinə görə öz ailəsi ilə Türkiyə Respublikasında yaşayır. İddiaçı Azərbaycanda bir yaşından etibarən nənəsi ilə birlikdə yaşayır. Azərbaycana gələn kimi nənəsinə Azərbaycan Respublikasının vətəndaşlığı verilmişdir. 2003-cü ildə Bakı şəhərinin Yasamal rayonunda yerləşən 27 saylı uşaq bağçasına qəbul olunmuşdur. 2004-cü ildə Respublika İncəsənət Gimnaziyasında orta təhsilinə başlamışdır, orada milli rəgslərlə məşqul olaraq, bir çox tədbirlərdə iştirak etmişdir. İş materiallarında olan ümumi orta təhsil haqqında şəhadətnamənin və tam orta təhsil haqqında attestatın surətindən göründüyü kimi, 2015-ci ildə orta təhsilini başa çatdırmışdır. İş materiallarında olan Baki Slavyan Universiteti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli arayışın və tələbə biletinin surətlərindən göründüyü kimi, 2016-cı ildə Baki Slavyan Universitetinə qəbul olaraq, Beynalxalq Münasibətlər və Regionşunaslıq fakültəsinin tələbəsi olmuşdur. Universitetin 4-cü kursunu bitirdikdən sonra istehsalat təcrübəsinin (praktika) müddəti məlum pandemiya dövrünə təsadüf etdiyi üçün digər tələbələr kimi, o da praktika dövrünü evdə keçirməli olmuşdur. Pandemiya dövrü bitdikdən sonra istehsalat təcrübəsinin bərpa olunması barədə universitet tərəfindən, ona məlum olmayan səbəblərdən xəbərdarlıq edilmədiyi üçün, dərslərə davamiyyəti ilə bağlı problemi yarandığından universitetin 4-cü kursunu bitirə bilməmişdir. Universiteti bitirə bilmədiyi üçün 4-cü kursa yenidən bərpa olunmaq istəmişdir, lakin sənədləri hələ ki, qaydasında deyil. Azərbaycan Respublikasının ərazisində yaşadığı müddətdə, artıq 24 ildir ki, ölkəni bir dəfə də olsun tərk etməmişdir. Anası Azərbaycana gələrək, iddiaçıya vətəndaşlığın verilməsi ilə bağlı bir neçə dəfə müraciət etmiş, lakin bu, bir nəticə verməmişdir. Bu səbəbdən o, 18 yaşına qədər Azərbaycan Respublikasının vətəndaşlığını əldə edə bilməmişdir. Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün İcazə vərəqələrinin surətlərindən göründüyü kimi, Dövlət Miqrasiya Xidməti tərəfindən ona iki dəfə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vərəqəsi verilmişdir. Növbəti üçüncü 5 illik müddətli İcazə vərəqəsinin ona verilməsi üçün yaşı ilə əlaqədar olaraq ondan Türkmənistan Pespublikasınm pasportu tələb olunmuşdur. Lakin körpə yaşlarından etibarən hazırkı vaxta qədər Azərbaycanda yaşayıb, buranı bir dəfə də olsun tərk etmədiyi üçün Türkmənistan pasportu yoxdur. Türkmənistan səfirliyinə dəfələrlə pasport üçün müraciətinə baxmayaraq, ona heç bir köməklik göstərilmədən, hər dəfə şifahi olaraq rədd cavabı verilmişdir. İddiaçı 20 fevral 2020-ci ildə səfirliyə müraciət edərək, bildirmişdir ki, xx.xx.2020 tarixində onun daimi yaşamaq icazəsinin müddəti bitir, bununla bağlı ona hər hansı bir sənəd verilsin. 4 aydan sonra ona formal olaraq rədd cavabı gəlmişdir, səbəb olaraq isə anketdə yaşadığı və Azərbaycanda qeydiyyatda olduğu ünvanı səhv yazdığı bildirilmişdir, halbuki hər şey tam dəqiqliklə doğru yazılmışdır. Ona Türkmənistana gedib bu problemi orada həll etməyə çalışmaq lazım olduğunu bildirmişlər. Türkmənistandakı rejimi və oradan qayıda bilməmək ehtimalını bilib, hazırda himayəsində olan və ona ehtiyacı olan nənəsini burada tək qoyaraq axırı və nəticəsi bilinməyən bu gediş hazırda mümkün deyil. Kağız üzərində olan doğum haqqında şəhadətnamədən başqa onu Türkmənistana bağlayan bir hal yoxdur. Məhkəmə tərəfindən onun «qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında qərarın ləğv edilməsi və iddiaçıya qaçqın statusunun verilməsi» tələbi barədə iddia ərizəsinə baxılarkən və iddia tələbi rədd edilərkən işin faktiki hallarının araşdırılmaması iddiaçının məhkəmə müdafiəsi hüquqlarının pozulmasına səbəb olmuşdur. Qanunvericiliyin tələblərinə əsasən milliyyətinə görə təqib olunmaqdan və himayəsində olan yeganə ailə üzvündən ayrı düşməyinə ehtiyat etdiyi üçün Türkmənistana getmək istəmir. Məhkəmə işin bu əhəmiyyətli halını qanunsuz olaraq araşdırmamış və qərarda bu hala ümumuyyətlə qiymət və ya münasibət bildirməmişdir. Məhkəmə tərəfindən sübutlar düzgün qiymətləndirilməmişdir, iddiaçı tərəfindən təqdim edilmiş sübutlar qəbul edilməmiş, irəli sürdüyü bir dəlil belə qiymətləndirməyə məruz qalmamış və son nəticə də düzgün olmayan qərar qəbul edilmişdir. Mübahisələndirilən məhkəmə qərarında belə qeyd edilir ki, İddiaçı İrzaqulu oğlunun ona “qaçqın” statusunun verilməsi ilə bağlı dəlilləri qanunvericliklə “qaçqın”a verilən anlayışın tələbləri, buna dair əlamətlərlə əhatə olunmur. Qərarda qeyd olunanın əksinə olaraq, onun dəlilləri qanunvericliklə “qaçqın”a verilən anlayışın tələblərinə uyğun gəlir. Belə ki, dəlili ondan ibarətdir ki, milliyyətinə görə təqib olunmaqdan və artıq yaşa dolduğu üçün himayəsində olan yeganə ailə üzvündən ayrı düşməyimə ehtiyat etdiyi üçün Türkmənistana getmək istəmir. Belə ki, Türkmənistana gedərsə, oradan yaxın illər ərzində qayıda bilmək ehtimalı yoxdur. İddiaçının yeganə ailə üzvü olan nənəsi artıq yaşa dolduğu üçün onun himayəsinə ehtiyacı var. Ondan başqa nənəsinə baxa biləcək kimsə yoxdur. Qərarda “eləcə də iddiaçı vətəndaşı olduğu ölkədə ciddi təqiblərə məruz qalmasını təsdiqləyən heç bir tutarlı sübutu nə inzibati icraat çərçivəsində, nə də hazırkı məhkəmə icraatında təqdim etməmişdir” qeyd olunsa da, iddia ərizəsində qeyd olunduğu kimi iddiaçı bir yaşında Türkmənistanı tərk edərək, bir daha ora qayıtmadığından orada ciddi təqiblərə məruz qalmağını təsdiqləyən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməsi mümkün deyil. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-24/1 nömrəli 13 mart 2023-cü il tarixli qərarından görünür ki, “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyanın təklifini, həmçinin “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-cı bəndinin tələblərini nəzərə alaraq, həmin Qanunun 9-cu və 13-cü maddələrini, habelə “Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 12-ci və 13-cü bəndlərini rəhbər tutaraq Türkmənistan vətəndaşı İddiaçı qaçqın statusu verilməsindən imtina edilməsi qərara alınmışdır. Qərar onunla əsaslandırılmışdır ki, Türkmənistan vətəndaşı (Pasport:yoxdur), hazırda ünvan 2 ünvanında müvəqqəti yaşayan, xx.xx.1998-ci il təvəllüdlü İddiaçı 22 dekabr 2022-ci il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, adına ***-**** saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş və onunla müsahibə keçirilmişdir. İddiaçı qaçqın statusu verilməsi haqqında vəsatətinin qeydiyyatı və müsahibəsi zamanı Türkmənistanın Türkmənbaşı şəhərində anadan olduğunu, milliyyətcə azərbaycanlı, dini etiqadına görə müsəlman olduğunu, 1999-cu ildə anası ilə birlikdə Azərbaycan Respublikasına gəldiyini, 2004-2015-ci illərdə Bakı şəhərində Respublika İncəsənət Gimnaziyasında orta təhsil aldığını, 2016-cı ildə Bakı Slavyan Universitetinin “Beynəlxalq münasibətlər və regionşünaslıq” fakültəsinə daxil olduğunu, 2021-ci ildə universiteti bitirdiyini, lakin pandemiya dövrü olduğu üçün praktikada iştirak etmədiyinə görə diplom ala bilmədiyini bildirmişdir. Əmək fəaliyyəti haqqında məlumat verərək ərizəçi xüsusi peşəsi olmadığını, 2021-ci ilin fevralından 2022-ci ilin yanvar ayınadək yeməklərin hazırlanıb ünvana çatdırılması ilə məşğul olduğunu, başqa heç bir yerdə işləmədiyini, halhazırda işsiz olduğunu demişdir. Ailə vəziyyəti barədə məlumat verən ərizəçi subay olduğunu, ailədə tək övlad olduğunu, atasının Türkmənistanda vəfat etdiyini, anasının Türkiyədə yaşadığını, özünün isə 1 yaşından etibarən Bakıda nənəsi ilə birlikdə qaldığını qeyd etmişdir. Qaçqın statusu verilməsi ilə bağlı müraciət etmə səbəbi barədə danışarkən ərizəçi Türkmənistanda verilmiş doğum haqqında şəhadətnaməsindən başqa heç bir sənədi olmadığını, bütün ömrü boyu Azərbaycanda yaşadığını, hal-hazırda sənədləşməyə ehtiyacı olduğu üçün qaçqın statusu verilməsini xahiş etdiyini bildirmişdir. Ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı ərizəçinin verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi öz təsdiqini tapmışdır. Belə ki, ərizəçi özünün pasportunu təqdim edərək adını, yaşını, vətəndaşlığını, doğulduğu yeri təsdiq etmiş və bunlar doğru olaraq qəbul edilmişdir. Ərizəçinin ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı dediklərindən onun 1 yaşından etibarən Türkmənistanı tərk etdiyi, bundan sonra orda yaşamadığı, orada təhdid və ya təqib olunmadığı məlum olmuşdur. İddiaçı müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, irqi əlamətlərinə, milliyyətinə, siyasi əqidəsinə görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçinin nə özü, nə də ailə üzvləri vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra İddiaçı şəxsi işi “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş, qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi səbəblər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu səbəblər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində “qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü və 7-ci bəndlərinə əsasən onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən ərizəçiyə qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir (“Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyanın 13 mart 2023-cü il tarixli, 6 saylı protokolu). “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. 9-cu maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. 10-cu maddəsinə əsasən qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın: 3-cü bəndinə əsasən "Qaçqın" statusu almaq niyyətində olan şəxsin vəsatətini qəbul edən Dövlət Miqrasiya Xidməti vəsatəti dərhal qeydiyyata alır və şəxslə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə, vəsatətin baxılması və ya vəsatətə baxılmaqdan imtina edilməsi haqqında qərar qəbul edir. 7-ci bəndinə əsasən "Qaçqın" statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. 8-ci bəndinə əsasən müsahibə zamanı şəxs "Qaçqın" statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisindən dayanma səbəbləri, həmin dövlətlərdə ona "Qaçqın" statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. 9-cu bəndinə əsasən “Qaçqın” statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya "Qaçqın" statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq “Qaçqın” statusu verməkdən imtina edilir. İddia tələbindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 13 mart 2023-cü il tarixli, İQ-24/1 nömrəli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında qərarının ləğv edilməsi, cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə İddiaçı qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçının cavabdehə müraciəti ilə bağlı cavabdeh tərəfindən inzibati icraat başlanılmış, təqdim edilmiş sənədlərin surətləri inzibati icraata dair işə əlavə edilmiş, iddiaçının dinlənilmə hüququ təmin olunaraq onunla müsahibə keçirilmiş, inzibati icraatın nəticəsi olaraq vəsatətin təmin olunmaması, yəni iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsindən imtina barədə qərar qəbul edilmişdir. İnzibati orqanın qaçqın statusunun verilməsindən imtina ilə bağlı qərarından görünür ki, iddiaçı ilə aparılmış müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusunun mövcud olmadığı müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının qaçqın statusu verilməsi haqqında vəsatətinin qeydiyyatı və müsahibəsi zamanı gətirdiyi dəlillər onun vətəndaşı olduğu ölkədə təqib olunmasının təsdiq edilməsi üçün yetərli sayıla bilməz. Məhkəməyə təqdim edilmiş qanunsuz hesab edilməsi tələb edilən qərarın qəbul edilməsinə əsas olmuş inzibati icraat materiallarından aydın olur ki, iddiaçının ona qaçqın statusunun verilməsi ilə bağlı istinad etdiyi dəlillər «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində «qaçqın»a verilən anlayışın tələbləri ilə əhatə olunmur, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Qaçqın» statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası»nın 3-cü və 7-ci bəndlərinə əsasən onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmir. Cavabdehin qaçqın statusunun verilməsindən imtina edilməsi barədə qənaəti əsaslı olmuşdur. Beləliklə, cavabdehin qəbul etdiyi imtina barədə qərar qanuni olmuşdur və ləğv edilməsi üçün əsas yoxdur. Mübahisələndirilən qərarın qanunauyğunluğu məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından məhkəmə kollegiyası hesab edir ki, iddia əsassızdır və birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1048/2024 nömrəli, 28 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2503/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2503/2024
21.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver