Məhkəmə qərarları › İş №2-1(103)-2504/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2504/2021

16.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2504/2021 16.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı (xx.xx.1962-ci il tarixində ünvan 1 ünvanında qeydiyyatdadır, faktiki olaraq yaşadığı ünvan-ünvan 2orpus, döngə 2, ev 5) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “190 manat birdəfəlik ödəmənin verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 09 iyul 2021-ci il tarixli, 2-1(112)- 6461/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 07.05.2021-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07 dekabr 2020-ci il tarixli və 10 aprel 2021-ci il tarixli şikayət ərizələrinə dair cavabdeh tərəfindən nümayiş olunan hərəkətsizliyin qanunsuz hesab edilməsi; “Koronavirus (COVİD-19) pandemiya dövründə xüsusi karantin rejiminin 2020-ci ilin aprel, may, iyun, iyul aylarında tətbiq olunması ilə əlaqədar 1-ci Qarabağ müharibəsi qazisi İddiaçı 760 manat məbləğində vurulmuş maddi ziyanın və 190 manat birdəfəlik ödəmə edilməməsi nəticəsində iddiaçıya vurulmuş 200 manat məbləğində mənəvi ziyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ehtiyyatda olan zabit olmaqla yanaşı Qarabağ müharibəsi veteranıdır. O, işsiz olması səbəbi ilə koronavirus pandemiyası dövründə tətbiq olunan xüsusi karantin rejimində 190 manat birdəfəlik ödəmənin verilməsi ilə bağlı müraciət etmiş, lakin təqaüd aldığı üçün onun müraciətinin təmin olunmasından imtina olunmuşdur. İddiaçı hesab edir ki, onun 80 manat məbləğində aldığı müavinət ünvanlı olduğuna və əmək haqqının minimum səviyyəsindən az olmayan dolanacağ məbləğdən az olduğuna görə, bu hal 190 manat birdəfəlik ödəmə verilməsi üçün maneə yaratmamalıdır. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, 2020-ci il aprel, may, iyun, avqust, dekabr ayları üzrə nəzərdə tutulmuş hər ay üzrə 190 manat cəmi 950 manat məbləğində pulun ödənilməsi, eyni zamanda 200 (iki yüz) manat məbləğində mənəvi ziyanın ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 09 iyul 2021-ci il tarixli, 2-1(112)-6461/2021 nömrəli qərardadı ilə (hakim O.Həsənov) iddia tələbi “mənəvi ziyanın ödənilməsi” hissəsində mümkün sayılmamışdır. İddiaçı tərəfindən qərardaddan apellyasiya şikayəti verilməmişdir. Bakı İnzibati Məhkəməsinin 09 iyul 2021-ci il tarixli, 2-1(112)-6461/2021 nömrəli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı qərardan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 09 iyul 2021-ci il tarixli, 2-1(112)-6461/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 09 iyul 2021-ci il tarixli, 2-1(112)-6461/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan E-SOSİAL.AZ tərəfindən İddiaçı göndərilmiş SMS-in surətindən görünür ki, İddiaçı təqaüd aldığı üçün, ona 190 manat birdəfəlik ödəmə verilməsindən imtina edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə mövqeyi ilə razılaşaraq, aşağıdakıları qeyd edir: “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1.6-cı maddəsinə əsasən işsiz şəxs - işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxsdir. Həmin Qanunun 1.1.7-ci maddəsinə əsasən işaxtaran - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) münasib iş üçün və bu Qanunda nəzərdə tutulmuş hallarda aktiv məşğulluq tədbirləri ilə bağlı müraciət edən və işaxtaran kimi qeydiyyata alınan şəxsdir; Həmin Qanunun 5.1-ci maddəsinə əsasən işaxtaran və işsiz şəxslərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) qeydiyyata alınması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş «Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası»nın 1.1-ci bəndinə əsasən koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası (bundan sonra – Qayda) koronavirus (COVİD-19) pandemiyası (bundan sonra - pandemiya) dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Məşğulluq” altsistemində (bundan sonra - MAS) işsiz kimi qeydiyyatda olan şəxslərə (bundan sonra – işsiz şəxslər) aylıq birdəfəlik ödəmənin (bundan sonra – birdəfəlik ödəmə) verilməsi şərtlərini və qaydasını tənzimləyir. Həmin Qaydaların 1.3-ci bəndinə əsasən birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir. Həmin Qaydaların 1.4-ci bəndinə əsasən birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir; 2.2-ci bəndinə əsasən birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, aşağıdakı işsiz şəxslərə bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla ödənilir: 2.2.1. 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə; Həmin Qaydaların 2.2.2. pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya verilmiş imtinanın əsasını təşkil edən məlumatlar real vaxt rejimində «Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası»nın 3.8-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin müxtəlif altisistemlərindən əldə olunmuşdur. Həmin məlumatların həqiqiliyi iddiaçı tərəfindən mübahisələndirilməmiş, hətta iddiaçı, onun müharibə veteranı olmasını və aylıq olaraq prezident təqaüdünün almasını təkzib etməmişdir. Bundan başqa, məhkəmə icraatı zamanı təqdim olunmuş elektron çıxarışlardan məlum olur ki, iddiaçıya 01.04.2019-cu il tarixdən 80 manat məbləğində təqaüd ödənilməyə başlanılmış, təyinatın son tarixi 10.11.2015-ci il tarixədək müəyyən edilmiş və müntəzəm qaydada ödənişlər həyata keçirilmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, xüsusi karantin rejimi tətbiq olunduğu zaman iddiaçı işsiz kimi qeydiyyatda olsa belə, o həmin dövrdə müharibə veteranları üçün nəzərdə tutulan aylıq təqaüdləri aldığından və yuxarıda qeyd edilən Qaydaların 2.3.4cü (aylıq təqaüd alanlara) bəndinin tələbləri əsasında birdəfəlik ödəmənin verilməsi üçün nəzərdə tutulan şəxslərin əhatə dairəsinə düşmədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini rədd etmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 09 iyul 2021-ci il tarixli, 2-1(112)-6461/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 09 iyul 2021-ci il tarixli, 2-1(112)-6461/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar