Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2504/2023 07.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ehiyata buraxılma vəzifəsinin qoyulması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2836/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı məhkəməyə müraciət edərək onun xx.xx.2022- ci il tarixli raportuna əsasən AR Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (‘'öz arzusu ilə” maddəsi ilə) ehtiyata buraxılması tələbi irəli sürmüşdür. İddia tələbi onunla əsaslandırılmışdır ki, o artıq 20 ildən çoxdur ki, AR Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdədir. 17-ci ildir ki, zabit kimi həqiqi hərbi xidmət keçir. Hazırda N №-li hərbi hissədə “mayor” hərbi rütbəsində “hərbi-nəqliyyat eskadrilyasının komandiri müavini qərargah rəisi” vəzifəsində xidmət edir. xx.xx.2022-ci il tarixdə AR Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 6-cı maddəsinin tələblərinə uyğun olaraq komanda üzrə hərbi hissə komandirinin adına raport yazaraq “Hərbi Xidmət Keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) AR Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Lakin raportu qeydiyyata alınmamış və cavablandırılmamışdır. Bundan sonra iddiaçı xx.xx.2022-ci il tarixdə AR Müdafiə Nazirliyinə, Müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələrinin Komandanına etibarnamə üzrə səlahiyyətli nümayəndə vasitəsi ilə müraciət edərək xx.xx.2022-ci il tarixli raportuna əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün müvafiq təqdimatın N №-li hərbi hissədən yuxarı komandanlığa göndərilməsinin təmin edilməsi və onun həmin raportuna uyğun olaraq “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) hərbi xidmətdən ehtiyata buraxılması üçün müvafiq göstəriş verilməsini xahiş edib. Lakin bu müraciətləri də cavabsız və nəticəsiz qalmışdır. Hesab edir ki, onun Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə utulmuş müraciət etmə və hərbi xidmətdən ehtiyata buraxılma hüquqlarım cavabdeh tərəfindən kobud şəkildə pozulmuşdur. Cavabdeh orqan iddiaya yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı mayor İddiaçı xx.xx.1984-cu il tarixdə anadan olmuşdur. 2006-ci ildə Ali Hərbi Təyarəçilik Məktəbini bitirmişdir. Həmin vaxtdan Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdədir və hal-hazırda Müdafiə Nazirliyinin N nömrəli hərbi hissədə hərbi nəqliyyat-eskadrilyasının komandirinin müavini-qərərgah rəisi vəzifəsində xidmət edir. Qeyd etmək lazımdır ki, iddiaçı mayor İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrin tərkibində 17 ildən artıq müddətdə zabit heyəti vəzifələrində xidmət edir və buna görə də kifayət qədər təcrübəli zabitdir. Eyni zamanda mayor İddiaçı peşəkar və təcrübəli zabit olduğunu, Azərbaycan Respublikası Müdafiə Nazirliyin müvafiq hərbi hissələrində ixtisasına uyğun hazırlanmış savadlı kadr olduğunu nəzərə alaraq, onun barəsində ehtiyata buraxılmağa dair qərar qəbul edilməmişdir. Bundan başqa, “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə görə dinc dövrdə həqiqi hərbi xidmətdə olmağın son vas həddi kiçik zabitlər (o cümlədən, mayor, polkovnikleytenant hərbi rütbəsində olanlar) üçün 48 yaş həddi müəyyən edilmişdir. Göründüyü kimi həqiqi hərbi xidməti davam etdirməsini istisna edən əsaslar olmadığı halda mayor hərbi rütbəsində olan hərbi qulluqçular 48 yaşa, yəni həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatana kimi hərbi xidmətdə qala bilərlər. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq hərbi hissələrində ixtisasına uyğun istifadə olunmaq üçün zabitlər 10 il müddətində peşəkar bir zabitə çevrilir, yüksək səviyyəli təcrübə toplayır, öz vəzifəsi üzrə praktik vərdişlər əldə edir, hərbi xidmət zamanı yiyələndiyi bilik, təcrübə və bacarıqlarından gənc zabitlərin hazırlanmasında böyük rolu olur. Azərbaycan Ordusu tərkibində 10 ildən artıq müddətdə zabit heyəti vəzifələrində xidmət etmiş hərbi qulluqçuların könüllü olaraq ehtiyata buraxılmaq arzusunu hal-hazırda məhkəmə qətnamələri əsasında həyata keçirilməsi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin peşəkar, təcrübə toplamış zabitlərin itirilməsi gənc zabitlərin hazırlıq prosesində mənfi nəticələrə gətirib çıxarar. Bu da Azərbaycan Ordusunda peşəkar zabit kadrlarının böyük çatışmazlığına gətirib çıxaracaqdır. Nəticədə, Azərbaycan Respublikasının mənafeyinin, suverenliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin müdafiəsi üçün yaradılmış Azərbaycan Ordusu qarşısında Azərbaycan Respublikası Prezidenti-Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı tərəfindən qoyulan əmr və tapşırıqların tam, dəqiq və vaxtında yerinə yetirilməsinə təsir göstərə bilər. Yuxarıda qeyd olunanlara əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Azərbaycan Ordusu ehiyata buraxılmasına dair iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2836/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək, N nömrəli hərbi hissənin hərbi nəqliyyat eskadrilyasının (İL-76) komandirinin müaviniqərargah rəisi vəzifəsində xidmət edən mayor - İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin “j” bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılması ilə bağlı əmrin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulmuşdur. Qərardan narazı qalan cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları : Apellyasiya şikayəti birinci instansiya məhkəməsinə təqdim edilən etiraz məktubu ilə oxar məzmunlu tərtib edilmiş və şikayətdə qeyd edilmişdir ki, “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə uyğun olaraq dinc dövrdə həqiqi hərbi xidmətdə olmanın son yaş həddi kiçik zabitlər (o cümlədən, mayor, polkovnikleytenant hərbi rütbəsində olanlar) üçün 48 yaş həddi müəyyən edilmiş, həqiqi hərbi xidməti davam etdirməsini istisna edən əsaslar olmadığı halda mayor hərbi rütbəsində olan hərbi qulluqçular 48 yaşa, yəni həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatana kimi hərbi xidmətdə qala bilərlər. Tərəflərin izahatları : İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh və iddiaçı məhkəmə iclasına gəlməmiş, habelə gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlməyən tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. İşin hallarından aydın olur ki, iddiaçı xx.xx.2022-ci il tarixdə AR Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 6-cı maddəsinin tələblərinə uyğun olaraq komanda üzrə hərbi hissə komandirinin adına raport yazaraq, “Hərbi Xidmət Keçmə” Haqqında Əsasnaməyə əsasən öz arzusu ilə ehtiyata buraxılmasını xahiş etmişdir. Bununla əlaqədar olaraq iddiaçının izahatı alınmış, iddiaçı izahatında bu istətinin ailəvi məsələlərlə bağlı olduğunu bildirərək fikrini qətiləşdirmişdir. Daha sonra isə iddiaçının müraciələri cavabsız qaldığından, iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən şəkildə iddianın təmin olunması ilə həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanunu : 39.1.Dinc dövrdə həqiqi hərbi xidmətdə olmağın aşağıdakı son yaş hədləri müəyyən edilir: 39.1.1. müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün - 36,5 yaş; 39.1.2. müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanlar üçün - 45 yaş; 39.1.3. kiçik zabitlər üçün - 48 yaş; 39.1.4. baş zabitlər üçün: 39.1.4.1. mayor, polkovnik- leytenant və onlara müvafiq hərbi rütbələri olan zabitlər üçün - 48 yaş; 39.1.4.2. polkovnik və ona bərabər hərbi rütbəsi olan zabitlər üçün - 53 yaş; 39.1.5. ali zabitlər üçün - general-mayor, kontr-admiral, general-leytenant, vitseadmiral - 58 yaş, general-polkovnik, admiral rütbələrində - 63 yaş 39.4. Həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmış hərbi qulluqçular dinc dövrdə ehtiyata və ya istefaya buraxılırlar (zabitlər, gizir və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını almaq hüququnu əldə etmirlərsə, öz arzuları ilə həqiqi hərbi xidmətlərini bu hüququ əldə edənə qədər davam etdirə bilərlər). 39.5. Həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmış hərbi qulluqçuların razılığı ilə onlar hərbi qulluqçuların müvafiq heyəti üçün ehtiyatda olmağın son yaş həddindən artıq olmamaqla həqiqi hərbi xidmətdə saxlanıla bilərlər. 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.9. öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə:
8. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabit heyətinə həqiqi hərbi xidmət keçən, “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada kiçik leytenant və ondan yuxarı (bu maddədə, ümumqoşun hərbi rütbələrinin göstərildiyi digər maddələrdə və bu Əsasnamənin 10-cu maddəsində göstərilən onlara bərabər hərbi rütbələr) hərbi rütbələr verilmiş hərbi qulluqçular aiddirlər. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabit heyəti hərbi rütbələrdən asılı olaraq aşağıdakılara bölünür: kiçik zabit heyətinə (kapitan daxil olmaqla kiçik leytenantdan kapitana qədər); baş zabit heyətinə (polkovnik daxil olmaqla mayordan polkovnikə qədər); ali zabit heyətinə (ordu generalı daxil olmaqla general-mayordan ordu generalına qədər); hərbi xidməti özünə peşə seçmiş, bu Əsasnamənin 13-cü və 14-cü maddələri ilə zabitlər üçün nəzərdə tutulmuş qaydalar və şərtlər daxilində həqiqi hərbi xidmət keçən zabit heyətindən olan şəxslər kadr zabiti heyətinə aiddirlər.
155. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması aşağıdakı qaydada aparılır: a) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmamışlarsa, səhhətlərinə görə dinc, yaxud müharibə dövründə hərbi xidmətə yararlıdırlarsa, ehtiyata buraxılırlar; b) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmışlarsa, yaxud hərbi həkim komissiyaları tərəfindən hərbi xidmətə yararsız sayılıblarsa, hərbi uçotdan silinməklə istefaya buraxılırlar. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması bu Əsasnamənin 156 — 159-cu maddələrindən birinin nəzərdə tutduğu əsasla icra edilir. 156. hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: j) öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər. İlk növbədə Kollegiya qeyd edir ki, iddiaçının zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 ildən artıq xidmət etməsi işin mübahisəsiz halıdır. Yuxarda qeyd edilən normaların tələblərindən də göründüyü kimi, zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlərin öz arzusu ilə ehtiyata buraxılmaq hüquqları var. Cavabdehin istinad etdiyi “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə münasibətdə Kollegiya qeyd edir ki, hüquq normaları icra edilməsi tələbinə görə iki cür olur – imperativ norma, dispozitiv norma. Qeyd edilən hüquq normasının məzmunundan görünür ki, həmin norma dispozitiv normadır, yəni eyni vaxtda subyektə qanun çərçivəsində münasibətləri öz iradələrinə uyğun həll etmə imkanı verir. İddiaçının hazırkı halda iki seçim imkanı var – 1) zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabit kimi öz arzusu ilə ehtiyata buraxılmaq , 2) həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə kimi (iddiaçıya münasibətdə 48 yaş) hərbi xidmətdə qalmaq. İşin faktiki hallarından görünür ki, iddiaçı öz arzusu ilə ehtiyata buraxılmaq hüququndan istifadə etmək istəsədə, iddiaçının iradəsi ələyhinə olaraq hərbi xidmətə davam etməsi məqsədəmüvafiq hesab edilmiş, bununlada iddiaçının hüquqları pozulmuşdur. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayəti dəlillərinin əsassız olduğunu, iddiaçının iddia tələbinin təmin edilməsi ilə yekunlaşan məhkəmə qərarının əsaslı olduğunu hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Hazırki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Yuxarıda şərh olunanlara əsasən, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2836/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Kamran Əkbərov İkram Şirinov