Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2504/2024 25.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X4 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı «iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(81)- 1691/2016 saylı, xx.xx.2024-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1691/2016 saylı iş üzrə 2 may 2016-cı il tarixli qərarı ilə İddiaçı 13 dekabr 1982-ci il tarixdən 1 iyul 1999-cu il tarixədək işlədiyi dövrün xüsusilə zərərli iş stajı kimi nəzərə alınmaqla ona 17 iyul 2007-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Bakı şəhəri Suraxanı rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1533/2016 saylı iş üzrə 26 oktyabr 2016- cı il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilərək, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinn 2-1(82)-1691/2016 saylı iş üzrə 2 may 2016-cı il tarixli qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-370/2017 saylı iş üzrə 7 fevral 2017-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasya Məhkəməsinin 2-1(103)-1533/2016 saylı iş üzrə 26 oktyabr 2016-cı il tarixli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-10490/2017 saylı iş üzrə 18 iyul 2017-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş və 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-1691/2016 saylı iş üzrə 2 may 2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin 2-1(102)-1263/2019 saylı iş üzrə 7 may 2019-cu il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1040/2017 saylı iş üzrə 18 iyul 2017-ci il tarixli qərarından cavabdeh DSMF Bakı şəhəri Suraxanı rayon şöbəsinin verdiyi kassasiya şikayəti mümkün sayılmayaraq, şikayətin qəbulundan imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinə 19 fevral 2024-cü il tarixdə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının sözügedən mübahisəyə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1691/2016 saylı iş üzrə 2 may 2016-cı il tarixli qərarına qarşı yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsi daxil olmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 1691/2016 saylı iş üzrə 2 may 2016-cı il tarixli qərarı ilə İddiaçı iddiası təmin edilərək, ona 47 yaşdan – 17 iyul 2007-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hesablama zamanı yaranacaq fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyi DSMF Bakı şəhəri Suraxanı rayon şöbəsinin üzərinə qoyulmuşdur. Məhkəmə qərarı yuxarı instansiya məhkəməsinin qərarı ilə qüvvədə saxlanılmışdır. Sənədlərin araşdırılması ilə məlum olmuşdur ki, DSMF orqanının 10 avqust 2019-cu il tarixli qərarı ilə məhkəmə aktları üzrə müəyyən edilmiş ümumi və güzəştli (xüsusi) iş stajı nəzərə alınmaqla, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və ödəniş aparılmışdır. İddiaçının adına açılmış “Pensiyaçının uçot vərəqi”ndə onun şöbəyə 47 yaşından əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciət sənədi (ərizəsi), şöbənin imtina qərarı, imtina barədə məktub, iddianın surəti, məhkəmənin şöbə ilə yazışmaları, şöbənin məhkəməyə göndərdiyi müvafiq etiraz, şikayət və digər sənədlər aşkar edilməmiş, yalnız məhkəmə qərarlarının işə tikildiyi məlum olmuşdur. Uçot vərəqinə əlavə edilmiş məhkəmə qərarında qeyd olunanlara əsasən məlum olmuşdur ki, iddiaçı ona 47 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı DSMF orqanına müraciət etmiş, lakin həmin qurum onun pensiya hüququnun 52 yaşından yarandığını bildirmiş və məsələnin həllindən imtina etmişdir. Bundan sonra o, məhkəmədə iddia qaldırmış və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2 may 2016-cı il tarixli məlum qərarı ilə onun iddiası təmin edilmişdir. Apellyasiya şikayətinə baxılması üzrə məhkəmə qərarında qeyd olunmuşdur ki, 47 yaşlı iddiaçı 1 yanvar 2006-cı il tarixədək 21 ildən çox ümumi iş stajı toplasa da, güzəştli iş stajı üçün tələb olunan stajı toplamamışdır. Bakı Apellyasiya Məhkəməsinin 26 oktyabr 2016-cı il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin 2 may 2016-cı il tarixli qərarı ləğv edilmiş və iddia təmin edilməmişdir. Ali Məhkəmənin 7 fevral 2017-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 26 oktyabr 2016-cı il tarixli qərarı ləğv edilərək iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Sonradan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamışdır. Cavabdeh tərəfindən 1 il 2 ay müddətdən sonra verilmiş kassasiya şikayəti Ali Məhkəmənin 7 may 2019-cu il tarixli qərardadı ilə mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən 19 sentyabr 2017-ci il tarixli məktubla iş icraya yönəldilmiş, şöbənin 12 oktyabr 2017-ci il tarixli məktubunda qərarın icra olunduğu bildirilmişdir. Sonradan cavabdeh şikayəti vermişdir. İddiaçının əmək kitabçasında 1999 – 2003-cü illərdə işlədiyi təşkilatın adı mörür üzərindəki adı ilə fərqlidir, əmək kitabçasının açıldığı tarix 14 dekabr 1982-ci il tarixə təsadüf etdiyi halda, məhkəmə qərarında həmin tarix 13 dekabr 1982-ci il kimi göstərilmiş və bu səhvə digər instansiya məhkəmələrində münasibət bildirilməmişdir, iddiaçının xüsusilə zərərli və ağır işlərdə işləməsini təsdiq edən arayış tələb olunmamış, bununla bağlı zəruri tədqiqat işləri aparılmamış, bununla da məhkəmə baxışları formal olaraq keçirilmişdir, məhkəmə qərarlarının tərtibi və rəsmiləşdirilməsi zamanı şablon mətnlərdən istifadə edilmiş, iddiaçının əmək kitabçasında qeyd olunan peşə və vəzifələrin AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş siyahılarda nəzərdə tutulmadığı müəyyən edilmiş, iddiaçının 1999 – 2003-cü illər üzrə əmək kitabçasında əks olunmuş əmək fəaliyyətinin qarşılıqlı yoxlanılması zamanı onun iş stajının təşkilatın əmrlər kitabı və əməkhaqqı cədvəllərində əksini tapmadığı aşkar edilmişdir. Bundan başqa, təyin olunmuş pensiya üzrə 2007 – 2019-cu illərdə 19.639,49 manat fərq məbləği hesablanmış, lakin iddiaçının pensiyasının ödənişi araşdırma ilə əlaqədar 1 avqust 2020-ci il tarixdən dayandırılmışdır. Müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materiallar 9 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmiş və həmin orqandan daxil olmuş 5 iyul 2021-ci il tarixli məktubda sözügedən iş üzrə cinayət işinin başlanmasına dair qərar qəbul olduğu bildirilmişdir. Göstərilənlərə və İPM-in 100-cü maddəsinə əsaslanaraq, iş üzrə icraatın təzələnməsi və işdə iştirak edən tərəf kimi DSMF Bakı şəhəri Suraxanı rayon şöbəsinin DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilməsi məhkəmədən xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-1691/2016 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakim R.Kərimli) Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “yeni açılmış hallarla bağlı” ərizəsi mümkün sayılmamışdır. Qərardaddan narazı qalan cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(81)-1691/2016 saylı, xx.xx.2024-cü il tarixli qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti “yeni açılmış hallarla bağlı” ərizəyə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, mümkünlük şərtlərini nəzərdə tutan normalar yalnız iddialar üzrə tətbiq edilməklə cavabdeh inzibati orqana qarşı iddianın mümkünlük şərtlərini yoxlayır. Hazırkı mübahisə isə yeni açılmış hallara dair ərizədir. Eyni zamanda, qanunda müddətin ötürülməsinin mümkün hüquq müdafiə vasitələrindən istifadəni məhdudlaşdıran qərarın qəbul edilməsi yolverilməz hesab olunmalıdır. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini əsassız hesab etdiyini bildirərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını və ərizəni araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İPM-in: -100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. - 101-ci maddəsinə görə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə qərarına qarşı ərizə verilmiş məhkəmə tərəfindən baxılır. - 102-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə vermiş şəxs (ərizəçi), habelə qərarına qarşı ərizə verilmiş məhkəmədə icraatın iştirakçıları olmuş başqa şəxslər, yeni açılmış hallar üzrə məhkəmə icraatının iştirakçıları sayılırlar. - 103.2-ci maddəsinə əsasən mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. - 103.3-cü maddəsinə əsasən bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından və “yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair” ərizədən məlum olur ki, iş üzrə cavabdeh DSMF Bakı şəhəri Suraxanı rayon şöbəsi Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-10490/2017 saylı iş üzrə 18 iyul 2017-ci il tarixli qərarıdan hələ 7 may 2019-cu il tarixdən əvvəlki dövrdə məlumatlı olmuşdur. Belə ki, iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin cavabdehin Bakı Apellyasiya Məhkəməsinin 18 iyul 2017-ci il tarixli qərarından verdiyi kassasiya şikayətinin mümkün sayılmayaraq onun qəbulundan imtina olunması barədə qərardadı 7 may 2019cu il tarixlidir və İPM-in 89-cu maddəsinə görə bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Lakin, “yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair” ərizə isə, məhkəməyə 19 fevral 2024-ci il tarixdə – ona qarşı ərizə verilmiş məhkəmə qərarının qanuni qüvvəyə mindiyi 8 sentyabr 2017-ci il tarixdən (apellyasiya instansiyası məhkəməsinin 18 iyul 2017ci il tarixli qərarını cavabdeh 8 avqust 2017-ci il tarixdə almışdır) 6 ildən artıq vaxt keçdikdən sonra təqdim edilmişdir. Halbuki, inzibati prosessual qanunvericiliyin tələbləri “yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair” ərizənin verilməsini müvafiq məhkəmə hökmünün (ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü) ləğv edildiyi hal istisna olmaqla, məhkəmə qərarının qanuni qüvvəyə minməsindən 3 il keçənədək mümkün sayır və ərizənin verilməsi üzrə buraxılmış həmin müddətin bərpasını istisna edir. Nəzərə alınmalıdır ki, hazırkı iş üzrə ilkin icraat zamanı məhkəmə hər hansı məhkəmə hökmünə istinad etməmişdir. İPM-in 106-cı maddəsinə görə məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. İPM-in 107.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli məhkəmə ilkin icraat üzrə araşdırmanı davam etdirir. İlkin məhkəmə qərarının qəbul edildiyi zaman istinad edilmiş faktiki hallar yeni sübutlar əsasında məhkəmə tərəfindən araşdırılır və ilkin ərizə üzrə yeni qərar qəbul edilir. Göründüyü kimi, inzibati mübahisələrin məhkəmə aidiyyəti, onlara məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsip və qaydaları İPM-lə müəyyən edilir. Bu Məcəllədə mübahisəyə mahiyyəti üzrə baxılıb qərar qəbul edildikdən sonra müvafiq səlahiyyətli məhkəməyə “yeni açılmış hallarla bağlı” icraatın təzələnməsinə dair ərizə verilməsi və Məcəllədə göstərilən əsasların mövcud olduğu hallarda həmin ərizə təmin olunmaqla icraatın təzələnməsi, əks təqdirdə isə ərizənin təmin olunmaması nəzərdə tutulsa da, ərizə bu Məcəllə ilə müəyyən edilmiş müddətə əməl edilmədən təqdim edildikdə, tətbiq edilməli prosedur qayda və nəticə əks olunmamışdır. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, inzibati məhkəmə icraatında bu halı tənzimləyən konkret müddəa olmadığından, “yeni açılmış hallarla bağlı” ərizə məhkəməyə qanunla müəyyən edilmiş müddət kriteriyasına əməl olunmadan verildikdə, ərizənin qanunun analogiyası tətbiq edilməklə mümkün sayılmaması daha adekvat prosessual nəticə kimi qəbul olunandır, nəinki “rədd edilməsi”. Çünki, məhkəməyə “iddia ərizəsi”nin daxil olması zamanı iddiaya və “yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair” ərizə təqdim edilərkən həmin ərizədə göstərilənlərə mahiyyəti üzrə baxılmasının mümkünsüz sayılması bir-birindən nəticə etibarı ilə fəqlənmir (həmin vaxtadək olan vəziyyəti dəyişdirmir) və bu halların qeyd olunan xüsusat baxımından analoji xarakterli qiymətləndirilməsi İPM-in prinsiplərini pozmur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə prosessual hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərardad dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Şərh edilənlərə əsasən və İPM-in 80, 89, 90, 100, 103, 107-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-1691/2016 saylı, 13 mart 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçılarına rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-2504/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2504/2024
25.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver