Məhkəmə qərarları › İş №2-1(103)-2505/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2505/2022

13.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2505/2022 13.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının nümayəndəsi X2 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 06 may 2022-ci il tarixli, 2-1(112)-1895/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək “Samux Rayon İcra Hakimiyyətinin Samux Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 64 saylı arxiv arayışında göstərilən xx.xx.1974-cü il tarixdən 1978-ci ilin sentyabr ayınadək Samux rayon “Gəncə Üzümçülük” sovxozunda işlədiyi illərin sosial sığorta stajı kimi nəzərə alınmaqla əmək pensiyası hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi və ödənilməyə başlanıldığı günədək ödənilməmiş pensiya məbləğinin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1066/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Samux Rayon İcra Hakimiyyətinin Samux Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 64 saylı arxiv arayışında göstərilən xx.xx.1974-cü il tarixdən 1978-ci ilin sentyabr ayınadək Samux rayon “Gəncə Üzümçülük” sovxozunda işlədiyi illərin sosial sığorta stajı kimi nəzərə alınmaqla əmək pensiyası hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi və ödənilməyə başladığı günədək ödənilməmiş pensiya məbləğinin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin hazırlıq icraatı üzrə iclasında iddiaçının ərizəsi əsasında məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia tələbi “Samux Rayon İcra Hakimiyyətinin Samux Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 64 saylı arxiv arayışında göstərilən xx.xx.1974-cü il tarixdən 1978-ci ilin sentyabr ayınadək Samux rayon “Gəncə Üzümçülük” sovxozunda işlədiyi illərin sosial sığorta stajı kimi nəzərə alınmaqla əmək pensiyası hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir. Bakı İnzibati Məhkəməsinin 06 may 2022-ci il tarixli, 2-1(112)-1895/2022 saylı qərarı ilə iddia təmin edilmiş, İddiaçı 1974-1978-ci illərdə Samux rayonu “Gəncə üzümçülük” sovxozunda fəaliyyət göstərdiyi dövr nəzərə alınmaqla 62 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti məhkəmənin icraatına qəbul olunmuş və inzibati iş apellyasiya şikayətinə baxılması üçün məhkəmə baxışına təyin olunmuşdur. Apellyasiya baxışı zamanı cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş ərizədə hazırkı işin cavabdeh inzibati orqan tərəfindən məhkəmədənkənar həll edildiyini, İddiaçı hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin olunduğunu, apellyasiya şikayətindən imtina etdiklərini bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi ərizəni müdafiə edərək pensiyanın təyin olunduğunu, apellyasiya şikayətini geri götürdüklərini bildirdi və apellyasiya icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş ərizəni araşdıraraq hesab edir ki, apellyasiya şikayətinin geri götürülməsi barədə ərizə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. Göründüyü kimi, inzibati prosessual qanunvericilik inzibati məhkəmə icraatında dispozitivlik prinsiplərini tanımışdır. Apellyasiya icraatında isə dispozitivlik prinsipi özünü onda biruzə verir ki, apellyasiya icraatı yalnız apellyasiya şikayəti əsasında başlanır və belə şikayət olmadığı halda apellyasiya icraatına başlanılması istisna edilir. Bu səbəbdən qanunvericilik həmin Məcəllənin 88.1-ci maddəsində şikayət verən inzibati məhkəmə icraatının iştirakçısına apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək şikayətini geri götürmək hüququ vermişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətindən imtina barədə cavabdeh tərəfindən verilmiş ərizə təmin edilməli və bununla bağlı apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilməlidir. İPM-in 88.3-cü maddəsinə əsasən şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 88, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 06 may 2022-ci il tarixli, 2-1(112)-1895/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin geri götürülməsi barədə ərizə təmin edilsin. Apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Cavabdehə izah olunsun ki, şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Qərardaddan, inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Azər Hüseynov Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar