Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2506/2025 09.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədovdan (sədrlik edən və məruzəçi), X5 və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı Vəkil, adi qaydada cəlb edilmiş 3-cü şəxs X1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-276/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları
1. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx.xx.2023-cü il tarixli 3-48- 2F/00901/2023 saylı məktubu ilə təqdim olunmuş:
2. Binəqədi rayon Xocasən Bələdiyyəsinin “Faktiki istifadə etdiyi torpaq sahəsini fərdi yaşayış evinin tikinitisi təyinatı ilə alqı-satqı yolu ilə vətəndaş İddiaçı mülkiyyətinə verilməsi haqqında” 10/36 №li 23 may 2005-ci il tarixli Qərarından görünür ki, Binəqədi rayon Xocasən bələdiyyəsinin ərazisində təqdim edilmiş cizgidə (cizgi əlavə olunur) göstərilən ölçü və ünvana uyğun olaraq fərdi yaşayış evinin ikintisi üçün 600 kv. metr torpaq sahəsinin alqı-satqı yolu ilə İddiaçı mülkiyyətinə verilməsi qərara alınmışdır.
3. Binəqədi rayon Xocasən Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış “Torpaqların alqısatqısına dair” Aktın surətindən müəyyən olunur ki, Bünyatov X2 rayon Xocasən Bələdiyyəsinə 13 may 2005-ci il tarixində torpaq sahəsi almaq barədə müraciət etmişdir. Ərizəyə bələdiyyə iclasında baxılmış Bakı şəhəri Binəqədi rayonu Xocasən Bələdiyyəsinin ərazisində 600 kv. metr torpaq sahəsi satılması barədə 2005-ci ilin 23 may tarixli 10/36 №li qərar qəbul edilmişdir. Bunun müqabilində İddiaçı tərəfindən Binəqədi rayonu Xocasən Bələdiyyəsinin hesabına ******* manat haqq ödənilmişdir (qəbz № 074638).
4. Binəqədi rayon Xocasən Bələdiyyəsi tərəfindən İddiaçı adına tərtib olunmuş “Torpaq sahəsinin yerləşdiyi ərazinin cizgisi”ndən müəyyən olunur ki, nəzərdə tutulan torpaq sahəsinin ölçüsü 600 kv. metr təşkil edir.
5. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********45 №li cavab məktubunda göstərilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin, o cümlədən DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin arxivində Bakı şəhəri, Binəqədi rayonu, Xocasən bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 10/36 nömrəli qərarı ilə Binəqədi rayonu, Xocasən bələdiyyəsi ərazisində İddiaçı ayrılmış 600 kv. metr torpaq sahəsinin ayrılmasına dair məlumat aşkar edilməmişdir.
6. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, № 3-35-1/2- 1154/2024 saylı cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 10/36 nömrəli qərarı əsasında Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən bələdiyyəsinin ərazisində yerləşən 600 kv.m torpaq sahəsinin ayrılması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət edilib-edilməməsi, edilmişdirsə bununla bağlı rəyin verilib-verilməməsinə dair məlumatın müvafiq təsdiqedici sənədlərlə birlikdə verilməsi barədə məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(112)-1413/2024 nömrəli müraciətinizə baxılmışdır. Bildirirlər ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi TikintiPlanlaşdırma Mərkəzinin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində qeyd edilən məsələ ilə bağlı sənəd aşkar edilməmişdir.
7. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********52 saylı məktubu ilə təqdim edilmiş mütəxəssis rəyində qeyd olunmuşdur ki, göstərilən torpaq sahəsi faktiki olaraq 755.0 kv.m təşkil edir. Göstərilən torpaq sahəsində üç hissədən ibarət qeyri-yaşayış obyekti mövcuddur. Torpaq sahəsi dörd tərəfdən üzərindəki mövcud tikililərin çöl divarları ilə sərhədlənib. Faktiki olaraq göstərilən 755.0 kv. metr torpaq sahəsinin koordinatlarını əks etdirən sxem əlavə olundu. Sxemdə “A” ilə işarələnmiş tikili ikimərtəbəlidir (tikintialtı sahəsi St.a=324.0 kv m., həcmi V=2722.0 kub metr təşkil edir). Sxemdə “B” ilə işarələnmiş tikili birmərtəbəlidir (tikintialtı sahəsi St.a=190.0 kv. metr, həcmi V=855.0 kub metr təşkil edir). Sxemdə “C” ilə işarələnmiş tikili birmərtəbəlidir (tikintialtı sahəsi St.a=240.0 kv metr, həcmi V=1320.0 kub metr təşkil edir). Qeyd olunan “A” və “B” tikililər inşaat materialları mağazası,”C” tikilisi isə mebel sexidir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə “Yaşayış məntəqələri torpaqları” kateqoriyasına aid olmaqla Dövlət mülkiyyəti torpağıdır.
8. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-6392/2025 saylı məktubu ilə məhkəmə təqdim edilmiş iddiaçının faktiki istifadəsində olan mübahisəli torpaq sahəsinin şimal, cənub, qərb və şərq sərhədlərində qonşu torpaq sahələrinə dair sənədlərin (Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və həmin çıxarışların verilməsinə əsas olan) təsdiq olunmuş surətlərindən müəyyən olunur ki, mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazidə Bakı şəhəri, Binəqədi rayonu, Hökməli qəsəbəsi, ünvan 1 ünvanı verilməklə, ayrı-ayrı fiziki şəxslərin adlarına yaşayış məntəqələri kateqoriyalı torpaqlarda inşa olunmuş fərdi yaşayış evləri və həmin evlərin yerləşdiyi torpaq sahələri xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
9. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/6071 saylı xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, ekspert aşağıda qeyd olunan nəticəyə gəlmişdir: DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2- 27752/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, göstərilən torpaq sahəsi faktiki olaraq 755.0 kv. m təşkil edir. Göstərilən torpaq sahəsində üç hissədən ibarət qeyri-yaşayış obyekti mövcuddur. Torpaq sahəsi dörd tərəfdən üzərindəki mövcud tikililərin çöl divarları ilə sərhədlənib. Faktiki olaraq göstərilən 755.0 kv. m torpaq sahəsinin koordinatlarını əks etdirən sxem əlavə olundu. Sxemdə “A” ilə işarələnmiş tikili ikimərtəbəlidir (tikintialtı sahəsi St.a=324.0 kv m, həcmi V=2722.0 kub m təşkil edir.) Sxemdə “B” ilə işarələnmiş tikili birmərtəbəlidir (tikintialtı sahəsi St.a=190.0 kv m, həcmi V=855.0 kub m təşkil edir). Sxemdə “C” ilə işarələnmiş tikili birmərtəbəlidir (tikintialtı sahəsi St.a=240.0 kv m, həcmi V=1320.0 kub m təşkil edir). Qeyd olunan “A” və “B” tikililəri inşaat materialları mağazası, “C” tikilisi isə mebel sexidir.
10. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********56 saylı xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, sözügedən torpaq sahəsinin torpaqların alqısatqısına dair aktı keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeydə alınmamışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı” Qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 10 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir.
a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi rayon Xocəsən Bələdiyyəsinin 23 may 2005-ci il tarixli 10/36 №li Qərarı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv. metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, Binəqədi rayon Xocasən Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 10/36 №li Qərarı ilə ona fərdi yaşayış evinin tikintisi üçün 600 kv. metr torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin ayrılmasına dair ona Binəqədi rayon Xocasən Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 10/36 №li Qərarı, torpaq sahəsinin alqısatqısına dar Akt və torpaq sahəsinin yerləşdiyi ərazinin eskiz layihəsi verilmişdir. Qeyd edilən sənədlərin arxivdən çıxarışlarının əldə edilməsi üçün tərəflərindən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına müraciət olunmuş və xx.xx.2023- cü il tarixli 3-48-2F/00901/2023 saylı məktubla sənədlərin təsdiq olunmuş surətləri onalara təqdim olunmuşdur. Bundan sonra mülkiyyət hüquqlarının qeydə alınması üçün DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, sonuncunun xx.xx.2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeydə alınmış torpaqların alqı-satqısına dair akt təqdim edilməmişdir. Halbuki, iş materiallarına 13 may 2005-ci il tarixli torpaqların alqısatqısına dair Akt əlavə olunmuşdur. Cavabdehə təkrar müraciət edərək (göstərilən akt əlavə olunmaqla) mülkiyyət hüquqlarının qeydiyyata alınmasını xahiş etmiş, cavabdeh inzibati orqan təkrar xx.xx.2023-cü il tarixli məktubla əmlak üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, sözügedən torpaq sahəsinin torpaqların alqı-satqısına dair aktı keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeydə alınmamışdır. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, torpaq sahəsi 2005-ci ildən fasiləsiz olaraq iddiaçının istifadəsindədir və iddiaçı həmin torpaq sahəsi üçün 2.400.000 (iki milyon dörd yüz min) manat pul ödəmişdir (07 iyun 2005-ci il tarixli, 014638 saylı qəbz iddia ərizəsinə əlavə edilmişdir).
13. Cavabdeh iddiaya etiraz təqdim edərək bildirir ki, sərəncamın icrası ilə əlaqədar bildirirlər ki, İddiaçı Binəqədi rayon Xocəsən Bələdiyyəsinin 23 may 2005-ci il tarixli 10/36 nömrəli qərarı ilə ona fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv. m. torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, təqdim olunan “Torpaqların alqısatqısına dair akt” Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Bundan əlavə, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyətində olan torpaqlara aiddir. Eyni zamanda göstərilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması ilə əlaqədar elektron kadastr baza məlumatlarında heç bir məlumat aşkar edilməmişdir. Torpaq sahəsinə dair təqdim edilmiş yerləşmə cizgisində perimetrik ölçülər qeyd olunmamışdır. Bundan əlavə təqdim edilmiş yerləşmə cizgisində torpaq sahəsinin ayrılmasına dair qərara istinad olunmamışdır. Həmçinin, idarənin mütəxəssisləri tərəfindən göstərilən torpaq sahəsinə yerli baxış zamanı məlum olmuşdur ki, göstərilən torpaq sahəsində üç hissədən ibarət qeyri-yaşayış binası inşa edilmişdir. Qeyd olunanlarla yanaşı, təqdim edilən sənədlərdə Xosəsən qəsəbəsində torpaq sahəsinin ayrılması qeyd edilsə də, elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi 28 May qəsəbəsində yerləşir. Belə ki, xx.xx.2004-cü il tarixli, 674 nömrəli “Bakı şəhəri Binəqədi rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi” haqqında Azərbaycan Respublikasının Qanununa əsasən Bakı şəhəri Binəqədi rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi, 28 May qəsəbəsi Xocasən qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin qəsəbə mərkəz olmaqla, 28 May qəsəbə inzibati ərazi vahidi yaradılması Milli Məclis tərəfindən qərara alınmışdır. “X3 edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyin bələdiyyələrin səlahiyyətində olduğu göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş və 08 iyul 2014-cü ilədək qüvvədə olmuş “Torpaqların alqı-satqısı” qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqısatqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. “X3 edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1- ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
14. Üçüncü şəxs Bakı şəhəri Binəqdi rayon Xocasən Bələdiyyəsinin iddia tələbinə dair hər hansı bir münasibət bildirməmişdir.
15. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-276/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsinin 23 may 2005-ci il tarixli 10/36 №li Qərarı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 (altı yüz) kv. metr torpaq sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilmişdir.
16. Cavabdeh zərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
b) Apellyasiya şikayətinin dəlilləri
17. Apellyasiya şikayəti iddiaya dair etiraza uyğun əsaslandırılmışdır.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, hazırki mübahisə üzrə iddiaçı qanuni əsaslarla əldə etdiyi torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınmasını tələb edir. Cavabdeh orqan isə iddiaçı tərəfindən təqdim edilmiş hüquq müəyyən edici sənədlərin (qərar, alqı-satqı aktı və.s) ləğv edilməsi və ya etibarsız sayılmasına əsas verə bilən eləcə də həmin qərarda göstərilən məlumatların həqiqətə uyğun olmadığı barədə təsdiqedici sübutlarını məhkəməyə təqdim edə bilməmiş, və məhz bu səbəbdən də “İnzibati İcraat” haqqında Qanunun 19 və 64-cü maddələrinə görə həmin sənədlər mötəbər sənədlər hesab edilir. Eləcə də mübahisələndirilən torpaq sahəsinin Xocasən qəsəbəsində ayrılması qeyd edilsə də, elektron kadastr və baza məlumatlarına əsasən həmin sahə 28 May qəsəbəsində yerləşdiyi barədə cavabdehin öz apellyasiya şikayətində istinad etdiyi həmin dəlilə münasibətdə qeyd etməyi vacib hesab edirik ki, Binəqədi rayon inzibati ərazisinin bölgüsündə qismən dəyişiklik olunmaqla 28 May qəsəbəsi Xocəsən qəsəbə inzibati ərazi dairəsinin tərkibindən ayrılsa da belə, həmin qəsəbə Xocəsən bələdiyyəsinin inzibati ərazisinə daxil olmaqla qeyd edilən ərazi Xocəsən bələdiyyəsinin yurisdiksiyasına aiddir. Yəni həmin əraziyə də yerli özünüidarə orqanı kimi Xocasən bələdiyyəsi tərəfindən xidmət göstərilir. b) Proses iştirakçılarının izahatları
19. Məhkəmədə iştirak edən iddiaçı birinci instansiya məhkəməsində verdiyi izahatına uyğun izahat verərək apellyasiya şikayətinin rədd edilməsini və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh təşkilat məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştrakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştrakı olmadan keçirilməsi mümkün hesab edlmişdir.
20. Məhkəmədə adi qaydada cəlb edilmiş 3-cü şəxs X4 izahat verərək, bildirmişdir ki, qeyd olunan torpaq sahəsini İddiaçı ilkin alqı-satqı müqaviləsi əsasında almışdır. Həmin torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarını rəsmiləşdirmək məqsədi ilə DƏDRX-nə müraciət etdikdən ona qeyd olunan torpaq sahəsi ilə bağlı yalnız İddiaçı müraciət etmək səlahiyyətinin olması bildirilmişdir. Bu səbəbdən İddiaçıla aralarında olan sövdələşməyə əsasən DƏDRX-nə İddiaçı müraciət etmiş və yuxarıda qeyd olunan səbəblərə görə İddiaçı mülkiyyət hüquqlarının qeydə alınmasından imtina edilmişdir. Hazır ki, iddia tələbinin təmin edilməsi üçün hər hansı bir etirazı yoxdur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsinin məhkəmədən xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
21. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
22. “X3 edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası) : Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur.
23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar : 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
25. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3-ci maddələrinə əsasən)
27. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 20-23-cü bəndləri) əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalıdır.
28. Belə ki, iddiaçı istifadəsində olan torpaq sahəsinin bələdiyyə orqanının qərarı və alqısatqı aktı əsas götürülməklə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb edir.
29. Cavabdeh orqan isə, torpaq sahəsinin alqı-satqısına dair akt Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeydə alınmadığını, yerləşmə cizgisi ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcud olduğunu, torpaq sahəsinin dövlət mülkiyyətində olduğunu bildirərək, imtina cavabı vermişdir.
30. Məhkəmə kollegiyası cavabdeh təşkilatın iş materiallarına əlavə edilmiş etiraz ərizəsini və digər sənədləri tədqiq etdikdən sonra Bakı İnzibati Məhkəməsinin xx.xx.2025ci il tarixli 2-1(112)-276/2025 saylı qərarınının 12-ci vərəqəsində cavabdehin imtinasının əsaslarından birinin torpaq sahəsinin bir hissəsinin yüksək gərginlik elektrik xəttinin mühafizə zonasında yerləşməsini, 15-ci vərəqdə qeyd olunmuş Xocəsən bələdiyyəsinin əvəzinə Səbayıl bələdiyyəsinin, həmin vərəqədə mübahisəli torpaq sahəsinin ölçüsünün 1380 kv.m olması barədə qeydlərini texniki səhv kimi qiymətləndirərək hesab edir ki qeyd olunan texniki səhvlər məhkəmə qərarının ləğv edilməsi üçün əsas hesab edilə bilməz.
31. Qeyd olunan halların araşdırılması məqsədilə Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-2506/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə təkrar məhkəmə tikinti-texniki ekspertizası keçirilmişdir.
32. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 15 sentyabr 2025-ci il tarixli 10/4345 nömrəli ekspert rəyinə əsasən müəyyən olunur ki, iddiaçıya ayrılmış sahənin ARDNŞ-nin "Binəqədi OYL" ƏŞ-nin Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor blokunun kontrakt sahəsinin torpaqlarının inventarizasiyasına dair xəritədə göqtərilən sahədən kənarda yerləşdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Binəqədi rayon Xocasən Bələdiyyəsinin “23” may 2005-ci il tarixli, 10/36N°-li qərarı ilə “X3 edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri əsas tutularaq Binəqədi rayon Xocasən bələdiyyəsinin ərazisində İddiaçı torpaq sahəsinin ayrılmasını, ayrılmış sahənin planlı yerləşməsinin “23” may 2005-ci il tarixli, 10/36N°-li qərara əlavə edilmiş cizgiyə uyğun olmasını, həmçinin “Torpaq islahatı haqqında" qanununun 6-cı və 7- ci maddəsində qeyd olunanları nəzərə alaraq, Binəqədi rayon Xocasən Bələdiyyəsinin “23” may 2005-ci il tarixli, 10/36N°-li qərarı ilə İddiaçı 600 kv.m torpaq sahəsinin Xocəsən Bələdiyyəsinin inzibati ərazisində yerləşdiyi müəyyən edilmişdir.
32. İşin apellyasiya baxışı zamanı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş 12 sentyabr 2025-ci il tarixli mütəxəssis rəyinə əsasən göstərilən torpaq sahəsi sənəd üzrə 600.0 kv.m olsa da, faktiki olaraq 511.0 kv.m təşkil edir. Göstərilən torpaq sahəsində üç hissədən ibarət qeyri-yaşayış obyekti mövcuddur. Torpaq sahəsi dörd tərəfdən üzərindəki mövcud tikililərin çöl divarları ilə sərhədlənib. Sahənin yerləşməsinə dair təqdim edilmiş cizgidə perimetrik ölçülər qeyd edilməyib. Torpaq sahəsinin koordinatlarını əks etdirən sxem rəyə əlavə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə “Yaşayış məntəqələri torpaqları" kateqoriyasına aid olmaqla Dövlət mülkiyyəti torpağıdır. Bundan əlavə əraziyə digər şəxs müraciəti olmuşdur.
33. DƏDKRX məhkəməyə təqdim edilmiş 12 sentyabr 2025-ci il tarixli mütəxəssis rəyində qeyd olunan digər şəxsin müraciəti araşdırılmış və məlum olmuşdur ki, həmin şəxs İddiaçıla 10 yanvar 2025-ci ildə hazır ki, torpaq sahəsinə dair ilkin alqı-satqı müqaviləsi bağlamış X4 olmuşdur. Həmin torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarını rəsmiləşdirmək məqsədi ilə DƏDRX-nə müraciət etdikdən ona qeyd olunan torpaq sahəsi ilə bağlı yalnız İddiaçı müraciət etmək səlahiyyətinin olması bildirilmişdir. Bu səbəbdən İddiaçıla aralarında olan sövdələşməyə əsasən DƏDRX-nə İddiaçı müraciət etmiş və yuxarıda qeyd olunan səbəblərə görə İddiaçı mülkiyyət hüquqlarının qeydə alınmasından imtina edilmişdir. Hazır ki, iddia tələbinin təmin edilməsi üçün hər hansı bir etirazı yoxdur.
34. Eyni zamanda Binəqədi rayonu Xocəsən Bələdiyyəsi tərəfindn verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən bildirilir ki, Xocəsən bələdiyyəsinin torpaq fondu üzrə xəritəsi və baş planı bu günədək təqdim edilməsə də, 17 iyun 2003-cü il tarixli, 477-İİQ saylı AR Qanununa əsasən 28 May qəsəbəsi Xocəsən bələdiyyəsinin inzibati ərazisinə daxil edilmişdir.
35. Kollegiya qeyd edir ki, sözügedən torpaq sahəsi iddiaçıya bələdiyyə tərəfindən müvafiq qərar əsasında ayrılmış və həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq rəsmiləşdirilmiş torpaq sahəsi ilə bağlı zəruri parametrlər ölçüsü göstərilmişdir. Həmçinin, həmin qərar qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Eyni zamanda mübahisəli torpaq torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olması müvafiq ekspert rəyi ilə təsdiq olunur ki, həmin ekspert rəyində göstərilən halları təkzib edən, torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmamasını isə təsdiq edən dəlillər təqdim olunmamışdır.
36. Lakin, işdə olan mütəxəssis rəyindən görünür ki, həmin torpaq sahəsi sənəd üzrə 600.0 kv.m olsa da, faktiki olaraq 511.0 kv.m təşkil edir.
37. Belə olan halda kollegiya hesab edir ki, iddiaçı Binəqədi rayon Xocasən Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 10/36 №li Qərarı ilə ona fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinin 511.0 kv.m hissəsində mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb etməkdə haqlıdır.
38. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-276/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilməli, iddiaçıya Binəqədi rayon Xocasən Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 10/36 №li Qərarı ilə ayrılmış torpaq sahəsinin 511.0 kv.m hissəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması vəzifəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-276/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilsin. İddiaçı Binəqədi rayon Xocasən Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 10/36 №li Qərarı ilə ayrılmış torpaq sahəsinin 511.0 kv.m hissəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması vəzifəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.