Məhkəmə qərarları › İş №2-1(103)-2507/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2507/2021

12.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2507/2021 12.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X20 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Həmid Üzeyir oğlu Həmidovdan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçı və nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “iddiaçıya şəhid ailəsi üzvü olması barədə arayışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2-1(112)-4550/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı «iddiaçıya şəhid ailəsi üzvü olması barədə arayışın verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçının qardaşı X13 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə alın nahiyyəsi və sağ baldırın dəlib keçmiş güllə yarasından şəhid olmuşdur. Onun ölümü haqqında 3 iyul 1992-ci il tarixli 15 nömrəli akt qeydi tərtib olunmuşdur. Qardaşının şəhid olması ilə əlaqədar X3na Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Suraxanı rayon şöbəsi tərəfindən 009055 nömrəli 14 iyun 1995-ci il tarixli vəsiqə verilmiş və həmin vəsiqə əsasında anası “şəhid ailəsi” statusu almışdır. X2 25 sentyabr 1969-cu ildə vəfat etmişdir. X3 isə, 4 sentyabr 1995-ci ildə Bakı şəhərində vəfat etmişdir. X4, bacısı X9 şəhid ailəsi statusunun iddiaçının adına verilməsinə etiraz etmədikləri barədə notarial qaydada təsdiq olunmuş ərizə vermişlər. X1 iddiaçının digər qardaşı X7 vəfatından sonra sonuncudan miras qalmış əmlakdan iddiaçının xeyrinə imtina etməsi barədə notarial qaydada təsdiq olunmuş ərizə vermişdir. İddiaçıya şəhid ailəsi statusunun verilməsi barədə DSMF-nin Bakı şəhəri Suraxanı rayon şöbəsinə müraciət etmişdir. Sonuncunun 24 fevral 2020-ci il tarixli **********7 nömrəli məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”na görə şəhid ailəsi statusunun mülki vətəndaşlara rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunduğu, müvafiq arayışı DSMF-yə təqdim etdikdən sonra ona şəhid ailəsi üzvü vəsiqəsinin verilə biləcəyi bildirilmişdir. Bundan sonra iddiaçı şəhid ailəsi statusunun verilməsi ilə bağlı ərizə ilə cavabdeh inzibati orqan Bakı şəhəri Suraxanı RİH-ə müraciət etmiş, lakin inzibati orqan onun müraciətini təmin etməmişdir. Cavabdeh iddiaya etiraz təqdim edərək göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 4.1-ci bəndinə əsasən şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Hazırki iş üzrə İddiaçı şəhid olmuş qardaşı X13 isə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərə qeydiyyatda olduğu Cəbrayıl rayonundan çağırıldığından, Suraxanı RİHə qarşı iddianı əsassız hesab edir və rədd edilməsini məhkəmədən xahiş olunur Bakı İnzibati Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2-1(112)-4550/2021 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və nümayəndəsi X12 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2-1(112)-4550/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, iddiaçının qardaşı X13 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. İddiaçı ona şəhid ailəsi üzvü olmasını təsdiq edən arayışın verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, inzibati orqan tərəfindən müraciətin təmin olunmasından imtina olunmuşdur. «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Həmin Qanunun 2-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrini elektron formada aparır. Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 2.1-ci bəndinə görə şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar: (2.1.1) arvadı (əri), (2.1.2) valideynləri, (2.1.3) 18 yaşına çatmamış uşaqları, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, (2.1.4) qardaşları və bacıları – uşaq evlərində tərbiyə olunanlar, (2.1.5) babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa, (2.1.6) 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər Göründüyü kimi, mövcud qanunvericilik şəxsin şəhid ailəsinin üzvü olması ilə bağlı meyarları konkret müəyyən etmişdir və bu şəxslərin sırasına şəhidin qardaşını “uşaq evlərində tərbiyə edilən” olması ilə şərtləndirmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı şəhid qardaşı olsa da, o, “uşaq evində tərbiyə olunan” deyil və 65 yaşı var. Odur ki, iddiaçının müraciəti üzrə qaldırılan məsələnin həllindən cavabdeh inzibati orqanın imtinası qanuna uyğun qiymətləndirilir. Beləliklə, cavabdehin imtinası əsaslıdır və birinci instansiya məhkəməsi haqlı olaraq iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2-1(112)-4550/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Həmid Həmidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar