Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2507/2022 26.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, nümayəndəsi-vəkili Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X7na qarşı «imtinanın qanunsuz sayılması, artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması barədə qərarın ləğv edilməsi, pensiyanın yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi» tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2055/2022 saylı 19 aprel 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 23-26 avqust 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X7na qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dövlət qulluqçusu kimi pensiyasının yenidən hesablanaraq ona qanunsuz və əsassız olaraq artıq ödəmə kimi hesablanmış 31.848,94 manat pul vəsaitinin silinməsi və az hesablanmış 19.833,44 manat məbləğində pul vəsaitinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikasının Vergilər Nazirliyində müxtəlif vəzifələrdə, 1994-2000-ci illərdə isə Azərbaycan Respublikası Baş X1 İşlər İdarəsində “aparıcı mühəndis” vəzifəsində işləmişdir. Ona DSMF Bakı şəhəri Nərimanov rayon şöbəsi tərəfindən 12 dekabr 2016-cı il tarixdən vergi orqanlarının sabiq əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya əmək pensiyası 30 aprel 2021-ci il tarixədək müəyyən artımlarla hesablanıb ödənilmişdir. Son dövrlərdə ona hər ay pensiya 1.610,80 manat məbləğində verilmişdir. Lakin iddiaçının pensiyasının məbləği 30 aprel 2021-ci il tarixdən qanunsuz və əsassız olaraq azaldılmışdır. O, bununla bağlı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat X7na müraciət etmişdir. Adıçəkilən qurumdan iddiaçıya bildirilmişdir ki, 1 yanvar 2017-ci il tarixdən 30 aprel 2021-ci il tarixədək olan dövr ərzində ona ümumilikdə 31.848,94 manat artıq pul vəsaiti ödənilmişdir. İddiaçı yenidən 5 iyul 2021-ci il tarixli ərizə ilə həmin quruma müraciət etmişdir. Həmin ərizədə müvafiq açıqlama diqqətə çatdırılmış və xahiş olunmuşdur ki, pensiyanın düzgün hesablanması ilə bağlı qərar verilsin. Lakin DSMF Xüsusi Şərtlərlə Təyinat X7 ərizəyə 28 iyul 2021-ci il tarixli məktubla əsaslandırma aparmadan cavab vermiş və əvvəlki cavab məktubunda qeyd olunanları təkrarlamış və bununla da işi bitmiş hesab etmişdir. DSMF Xüsusi Şərtlərlə Təyinat X8 tərəfindən «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikası Qanununun 7.7 və 12-ci maddələrinin tələblərinə düzgün əməl olunmamış və nəticədə onun (iddiaçının) qanunla qorunan hüquqları pozulmuşdur. DSMF Xüsusi Şərtlərlə Təyinat X5 məktubunda qeyd olunmuşdur ki, “ona (iddiaçıya) 12 dekabr 2016-ci il tarixdən Azərbaycan Respublikası Vergilər Nazirliyinin sabiq xüsusi rütbəli əməkdaşının ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Əslində ona Azərbaycan Respublikası Vergilər Nazirliyinin sabiq xüsusi rütbəli əməkdaşının ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası deyil, 22 il 9 ay qulluq stajına uyğun yaşa görə əmək pensiyası hesablanıb ödənilmişdir. Yuxarıda qeyd edilən məktubda göstərilmişdir ki, yenidən hesablama zamanı 1 yanvar 2017-ci il tarixdə vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşının 210 manat olduğu, rütbə maaşının 30 manat, qulluq stajıma görə əlavə 22.05 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavənin 418.70 manat götürməklə orta aylıq əmək haqqının 680 manat təşkil etməsi əsası ilə pensiya yenidən hesablanmışdır. Hesablama zamanı 22 il 9 ay qulluq stajını, rütbəyə görə 30 manat, mükafat və müavinətlərin cəminin vəzifə maaşına uyğun hesablanması (210 x 119,63 : 60 = 418.70 manat) mexanizmini düzgün götürülmüş, stajına görə, xidmət illərinə görə əlavə 22 il 9 ay olduğuna görə (20 ildən 25 ilədək) 22.05 manat deyil, 39 manat olmalıdır. Ən əsası vəzifə maaşını düzgün qəbul etməmişlər. Belə ki, o, 1994 – 2000-ci illərdə Azərbaycan Respublikası Baş X1 İşlər İdarəsində “aparıcı mühəndis” vəzifəsində işləmişdir. Həmin dövrdə işlədiyi “aparıcı mühəndis” vəzifəsinin indiki vəzifəyə uyğunluğu ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ona təqdim etdiyi 25 iyun 2021-ci il tarixli **********297400 saylı məktubunda göstərilir ki, ”. . . 1996 – 2000-ci illərdə işlədiyiniz “aparıcı mühəndis” vəzifəsi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Aparatının Maliyyə Baş İdarəsinin Təchizat şöbəsinin “aparıcı mütəxəssis” vəzifəsinə uyğun hesab edilir və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2019-cu il 26 sentyabr tarixli 421 nömrəli qərarına əsasən bu vəzifəyə uyğun aylıq vəzifə maaşı 855 manat müəyyən edilmişdir. 1) Beləliklə, 1 dekabr 2016-cı il tarixdə pensiya aşağıdakı kimi hesablanmalıdır: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 4 fevral tarixli 32 nömrəli qərarına 1 nömrəli əlavəyə görə “Azərbaycan Respublikası Vergilər Nazirliyinin aparatının işçilərinin aylıq vəzifə maaşlarına uyğun olaraq 1 dekabr 2016-cı il tarixdə “aparıcı mütəxəssis”in aylıq vəzifə maaşı 520 manat olmuşdur. Onların hesablamasına əsasən iddiaçının 520 manat (vəzifə maaşı) + 30 manat (rütbəyə görə) + 39 manat (qulluğa görə) + 1.036,79 manat (mükafat və müavinətlərə görə) = orta aylıq əmək haqqı 1.625.79 manat təşkil edir. Bu məbləğin də 80 faizi ona pensiya kimi hesablanmaqla pensiya 1.300.63 manat təşkil edir. 1.036,79 manat məbləğin açıqlaması: 520 manat (vəzifə maaşı) x 119,63 / 60 ay = 1.036.79 manat. 2) 1 mart 2018-ci il tarixdən – Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 30 mart tarixli 124 nömrəli qərarına 1 nömrəli əlavəyə görə Azərbaycan Respublikası Vergilər Nazirliyinin aparatının işçilərinin aylıq vəzifə maaşlarına uyğun olaraq 1 mart 2018-ciı il tarixdən “aparıcı mütəxəssis”in aylıq vəzifə maaşı 572 manat olmuşdur. Azərbaycan Respublikası Vergilər Nazirliyinin xüsusi rütbəli əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixdən (10 faiz artım) nəzərə alınmaqla onların hesablamasına əsasən 572 manat (vəzifə maaşı) + 30 manat (rütbəyə görə) + 39 manat (qulluğa görə) +1.140.47 manat (mükafat və müavinətlərə görə) = orta aylıq əmək haqqı 1.781.47 manat təşkil edir. «’Əmək pensiyaları haqqında» Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Qarşı tərəfin hesablamasına uyğun olaraq 1 mart 2018-ci il tarixdə müəyyən edilmiş 1.781.47 manat orta aylıq əmək haqqından – 1.625.79 manat (xx.xx.2016-cı ildə müəyyən edilmiş orta aylıq əmək haqqı) çıxılır və nəticədə artım 155.68 manat təşkil edir. İddiaçının qulluq stajı 22 il 9 ay olduğu üçün həmin 155.68 manat artımın 73.25 faizi 114.03 manat təşkil edir. Bu isə, onun 1 mart 2018-ci il tarixə kimi olan pensiyanın üstünə əlavə edildikdə 1 mart 2018-ci ildən pensiyanın məbləği 1.300,63 + 114.03 = 1.414,66 manat olmalıdır. (Qeyd: 1.140.47 manat məbləğin açıqlanması: 572 (vəzifə maaşı) x 119.63 / 60 ay = 1.140,47 manat). 3) 1 sentyabr 2019-cu il tarixdən – Azərbaycan Respublikası Vergilər Nazirliyinin xüsusi rütbəli əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixdən nəzərə alınmaqla onların hesablamasına əsasən iddiaçının 855 manat (vəzifə maaşı) + 30 manat (rütbəyə görə) + 39 manat (qulluğa görə) + 1.704.72 manat (mükafat və müavinətlərə görə) = orta aylıq əmək haqqı 2.628.72 manat təşkil edir. Yenə də cavabdehin hesablamasına uyğun olaraq 1 sentyabr 2019-cu il tarixdə müəyyən edilmiş 2.628,72 manat orta aylıq əmək haqqından 1.781.47 manat (01 mart 2018-ci ildə müəyyən edilmiş orta aylıq əmək haqqı) çıxılır və nəticədə artım 847.25 manat təşkil edir. İddiaçının qulluq stajı 22 il 9 ay olduğu üçün həmin 847.25 manat artımın 73.25 faizi 620.61 manat təşkil edir. Bu da onun 1 sentyabr 2019-ui il tarixədək olan pensiyasına əlavə edildikdə 1 sentyabr 2019-cu il tarixdən pensiyanın məbləği 1.414,66 + 620,61 = 2.035,27 manat olmalıdır. Qeyd : 1.704,72 manatın açıqlaması – 855 manat (vəzifə maaşı) x 119,63 / 60 ay = 1.704,72 manat. Eyni zamanda, 1 yanvar 2017-ci il tarixdən 1 iyul 2021ci il tarixədək iddiaçıya hesablanıb ödənilməli olan pensiya az hesablanıb ödənilmişdir. Belə ki, 1 yanvar 2017-ci il tarixdən 1 mart 2018-ci il tarixədək iddiaçıya hər ay 1.038,33 manat məbləğində pensiya ödənilmişdir. Əslində isə, yuxarıda qeyd olunduğu kimi ona hər ay 1.300,63 manat məbləğində pensiya ödənilməli idi. Hər ay ona 262,30 manat məbləğində az pensiya ödənilmişdir. Bununla da həmin 14 ay üzrə ümumilikdə 14 ay x 262.30 manat = 3.672.72 manat az ödənilmişdir. 1 mart 2018-ci il tarixdən 1 sentyabr 2019-cu il tarixədək iddiaçıya hər ay 1.121,11 manat məbləğində pensiya ödənilmişdir. Əslində isə yuxarıda qeyd olunduğu kimi, ona hər ay 1.414,66 manat məbləğində pensiya ödənilməli idi. Hər ay ona 293,55 manat məbləğində az pensiya ödənilmişdir. Bununla da həmin 18 ay üzrə ümumilikdə 18 ay x 293,55 manat = 5.283,90 manat az ödənilmişdir. 1 sentyabr 2019-cu il tarixdən 30 aprel 2021-ci il tarixədək ona hər ay 1.610,80 manat məbləğində pensiya ödənilmişdir. Əslində isə yuxarıda qeyd olunduğu kimi ona hər ay 2.035,27 manat məbləğində pensiya ödənilməli idi. Hər ay ona 424.47 manat məbləğində az pensiya ödənilmişdir. Bununla da, həmin 20 ay üzrə ümumilikdə 20 ay x 424,47 manat = 8.489,40 manat az ödənilmişdir. Beləliklə, ona hesablanmış pensiya yoxlama aparılanadək 3 dövr üzrə ümumilikdə 17.446.02 manat az hesablanıb ödənilmişdir. Bundan başqa yoxlamadan sonra, yəni 1 may 2021-ci il tarixdən 1 iyul 2021-ci il tarixədək ona hər ay 841.56 manat ödənilmişdir. Əslində isə ona hər ay 2.035.27 manat məbləğində pensiya hesablanıb ödənilməli idi. Hər ay 1.193,71 manat az ödənilmişdir. Həmin 2 ay üzrə ona 2 ay x 1.193,71 manat = 2.387,42 manat az ödənilmişdir. Yekun olaraq 17.446,02 + 2.387,42 manat = 19.833,44 manat az ödənilmişdir. Lakin DSMF Xüsusi Şərtlərlə Təyinat X6 pensiyanın yenidən hesablanaraq yuxarıda qeyd olunan İdarənin yoxlama komissiyası tərəfindən qanunsuz və əsassız olaraq artıq ödəmə kimi hesablanmış 31.848,94 manat pul vəsaitinin silinməsi və iddiaçıya az hesablanmış 19.833,44 manat məbləğində pul vəsaitinin qanunvericiliyə uyğun olaraq birdəfəlik olaraq ona ödənilməsi barədə dəfələrlə ünvanlanmış müraciətlərə baxmayaraq bu barədə müraciət təmin olunmamışdır. İddiaçının 74 yaşı, 50 ildən artıq əmək stajı var. Övladı (X3) Azərbaycanın Ərazi bütövlüyü və müstəqilliyi uğrunda gedən ikinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmiş və Qarabağ Qazisidir, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə medallarla təltif olunmuşdur. Oğlu hal-hazırda işsiz olduğundan, iddiaçının himayəsindədir. İddiaçının pensiya məbləğinin qanunsuz olaraq azaldılması və ondan qanunsuz və əsassız olaraq pul vəsaitinin tələb edilməsi bütün ailənin maddi durumuna pis təsir edir. Cavabdeh iddiaya qarşı məhkəməyə yazılı etiraz təqdim edərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh etirazda qeyd etmişdir ki, iddiaçı Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. Həmin müraciətlə bağlı tərəflərindən aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildirilir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. İddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu DSMF Xüsusi Şərtlərlə Təyinat X7 tərəfindən araşdırılmışdır. İddiaçı DSMF Nərimanov rayon şöbəsi tərəfindən 12 dekabr 2016-cı il tarixdən vergi orqanlarının sabiq xüsusi rütbəli əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. DSMF Daxili nəzarət departamenti tərəfindən aparılmış audit araşdırmaları zamanı məlum olmuşdur ki, 1 yanvar 2017-ci il tarixdə iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 210 manat, rütbə maaşı 30 manat, qulluq stajına görə əlavəsi (vaxtilə qulluq keçdiyi vəzifə üzrə ümumi orta aylıq əmək haqqı hesablanarkən əsas götürülən dövr (xx.xx.1996-xx.xx.2000-ci il) ərzindəki müvafiq qulluq stajına uyğun olaraq 5 ildən çox qulluq müddəti olan 21 ay üçün 24,00 manat, 5 ildən az qulluq müddəti olan 39 ay üçün isə 21 manat hesablanmaqla (21 x 24 + 39 x 21) 760) 22,05 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 418,70 manat olmaqla orta aylıq əmək haqqı 680,75 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 22 il 9 ay qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (680,75 manat) 80 faizi – 544,60 manat məbləğində müəyyən edilmişdir. Lakin xx.xx.2017- xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində iddiaçıya hər ay 1.038,33 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində ona 6.912,22 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il tarixli 25 iyun 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.3-cü bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əmək haqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə orta aylıq əmək haqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar İddiaçı 22 il 9 ay qulluq stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 73,25 faiz təşkil edir. Vergi orqanlarının xüsusi rütbəli əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 231,00 manat, rütbə maaşı 30,00 manat, qulluq stajına görə əlavəsi 22,05 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 460,57 manat olmaqla orta aylıq əmək haqqı 743,62 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək onun vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (680,75 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqı (743,62 manat) arasındakı fərq məbləğinin (62,87 manat) 73,25 faizi – 46,05 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyasının (544,60 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 590,65 manat müəyyən edilmişdir. Lakin xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində iddiaçıya hər ay 1.121,11 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində 9.548,28 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Vergi orqanlarının xüsusi rütbəli əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 345,00 manat, rütbə maaşı 30,00 manat, qulluq stajına görə əlavəsi 22,05 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 687,87 manat olmaqla orta aylıq əmək haqqı 1084,92 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (743,62 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqı (1084,92 manat) arasındakı fərq məbləğinin (341,30 manat) 73,25 faizi – 250,00 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyanın (590,65 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 840,65 manat müəyyən edilmişdir. Lakin xx.xx.2019- xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində iddiaçıya hər ay 1.610,80 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində 3.080,60 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 73-cü maddəsinin 1 yanvar 2020-ci il tarixindən qüvvədə olan redaksiyasına əsasən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 345,00 manat, rütbə maaşı 30,00 manat, qulluq stajına görə əlavəsi 23,29 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 687,87 manat olmaqla orta aylıq əmək haqqı 1.086,16 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 yanvar 2020-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (1.084,92 manat) ilə 1 yanvar 2020-ci il tarixindən sonrakı orta aylıq əmək haqqı (1.086,16 manat) arasındakı fərq məbləğinin (1,24 manat) 73,25 faizi – 0,91 manat 1 yanvar 2020-ci il tarixinədək hesablanmış pensiyasının (840,65 manat) üzərinə əlavə olunmaqla iddiaçının əmək pensiyasının məbləği 841,56 manat müəyyən edilmişdir. Lakin xx.xx.2020-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ona hər ay 1.610,80 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində 12.307,84 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Qeyd olunanlara əsasən İddiaçı xx.xx.2017-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 31.848,94 manat artıq pul vəsaitinin ödənildiyi DSMF Daxili nəzarət departamenti tərəfindən müəyyən edilmiş və həmin artıq ödənilmiş vəsaitin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. İddiaçı tərəfindən sözügedən yazılı razılıq Mərkəzi Filiala təqdim olunmadığından, Mərkəzi Filial tərəfindən «İnzibati icraat haqqında» Qanunun tələblərinə uyğun qaydada tərtib olunmuş “artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” qərar iddiaçının ünvanına göndərilmişdir. Həmin Qanunun 82.3-cü maddəsinə əsasən tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsi üçün nəzərdə tutulmuş şərtlərə əməl edilmiş, yəni borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati akt qəbul edilərək ona rəsmi olaraq ünvanlanmış, pul tələblərinin ödənilməsi üçün müəyyən olunmuş icra müddəti bitmiş, Mərkəzi Filial tərəfindən borcluya edilmiş xəbərdarlıqdan sonra, xəbərdarlığın elan olunduğu gündən sonrakı 10 gün müddətində borclu ödəməni həyata keçirməmişdir. Qanunvericiliyin müddəalarından görünür ki, şəxsə əsassız ödənilmiş pensiya məbləğinin qaytarılması ilə bağlı məsələ inzibati orqanın özü tərəfindən də həll oluna bilər. Bunun üçün inzibati orqan göstərilən məbləğin cavabdehdən tutulmasına dair qərar qəbul etməlidir. Pul tələbinin ödənilməsi ilə bağlı olan belə qərar «İnzibati icraat haqqında» Qanunun tələbləri baxımından inzibati aktdır, ünvanlandığı şəxslər üçün məcburi xarakter daşıyır. Göstərilənlərə və «İnzibati icraat haqqında» Qanunun 21.3.6, 81, 82-ci maddələrinə, «İcra haqqında» Qanunun 6.1.8-ci maddəsinə əsaslanaraq, İddiaçı iddiasının rədd edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Sonradan iddiaçı iddia tələbinin dəyişdirilməsi (dəqiqləşmə) barədə ərizə verərək, iddianın «imtinanın qanunsuz sayılması, artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması barədə qərarın ləğv edilməsi, pensiyanın yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2055/2022 saylı 19 aprel 2022-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək, cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat X5 “artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması barədə” 27 avqust 2021-ci il tarixli **********6 nömrəli qərarı ləğv edilmiş, cavabdehin “iddiaçının əmək pensiyasının yenidən hesablanması”ndan imtinası qanunsuz sayılaraq İddiaçı əmək pensiyasının yenidən hesablanması və əmək pensiyasının yenidən hesablanması zamanı ödənilməmiş məbləğin ödənilməsi məsələsinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yenidən baxılması öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat X5 üzərinə qoyulmuşdur. (hakim: R.Kərimli) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində etirazda göstərilən dəlilləri qeyd etmişdir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X4 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı İddiaçı və nümayəndəsi-vəkili Vəkil apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı imtinanın qanunsuz sayılması, artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması barədə qərarın ləğv edilməsi, pensiyanın yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, qanunvericilik normaları əmək pensiyasının təyin olunmasını birmənalı olaraq bu barədə aidiyyəti səlahiyyətli orqan kimi DSMF orqanının qərar qəbul etməsi ilə şərtləndirir və həmin qərar “əlverişli inzibati akt” sayılır. Nəzərə alınmalıdır ki, DSMF orqanının bu qəbildən olan əlverişli inzibati aktı ona münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadıqda, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadıqda, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığı hallarda, inzibati aktın ünvanlandığı şəxs kimi əmək pensiyası təyin edilmiş şəxs etimadın qanunla qorunması hüququna malikdir. Hazırkı işin halları ilə bağlı isə qeyd olunan yuxarıda sadalanan xüsusatların mövcud olmaması ilə yanaşı iddiaçıya ilkin pensiya təyin olunması barədə DSMF orqanının iddiaçıya pensiya təyinatı barədə ilkin qərarı – inzibati aktı geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən (bunu təkzib edən dəlil və sübutlar təqdim edilməmişdir), «İnzibati icraat haqqında» Qanunun 64.2-ci maddəsinin tələblərinə görə hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Lakin məlum olur ki, hazırkı iş üzrə cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat X7 tərəfindən iddiaçıya əmək pensiyasının təyin edilməsi barədə qərar ləğv edilmədən, “ödənilmiş pensiya məbləğinin qaytarılması barədə” ayrıca qərar qəbul edilmişdir. Məhkəmə xüsusilə vurğulamışdır ki, iddiaçı ona münasibətdə qanunla qorunan etimad hüququna malik olduğundan, hazırda mübahisələndirilən “ödənilmiş pensiya məbləğinin qaytarılması barədə” 27 avqust 2021-ci il tarixli **********6 nömrəli qərarın qəbulu «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə görə yolverilən deyil. Qeyd olunanlardan əlavə məhkəmə qeyd etmişdir ki, iddiaçıya təyin olunmuş pensiyanın məbləği qanuna uyğun hesablanmaması sübuta yetirilmiş olsa belə, həmin məbləğ iddiaçının gətirdiyi dəlil kimi “artıq ödənilmiş əmək pensiyası məbləği” qismində qiymətləndirilə bilməz, eləcə də müvafiq məbləğlər aylıq ödəniş şəklində verildiyi halda, ondan toplam olaraq birdəfəlik tutulması «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun müddəaları və «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbləri baxımından adekvat da sayılmır. Yuxarıda göstərilənlərin məcmusunda məhkəmə belə qənaətə gəlmişdir ki, DSMF Xüsusi Şərtlərlə Təyinat X5 27 avqust 2021-ci il tarixli **********6 nömrəli qərarı müvafiq inzibati icraatı apararkən qanunçuluq və etimadın qorunması prinsiplərini gözləmədən qərar qəbul edildiyindən, həmin qərar qanunsuzdur. Odur ki, iddia həmin hissədə əsaslı sayılır. İddiaçının əmək pensiyasının məbləğinin hansı qaydada (hansı vəzifə maaşını əsas götürməklə) hesablanmasına gəldikdə isə, məhkəmə qeyd etmişdir ki, işin hallarına görə iddiaçı 1994 – 2000-ci illərdə Azərbaycan Respublikası Baş X1 İşlər İdarəsində “aparıcı mühəndis” vəzifəsində işləmişdir, lakin imtinada, eləcə də etirazda ona əmək pensiyası təyin olunarkən həmin vəzifənin dövlət qulluğu keçən qulluqçu kateqoriyasına aid olubolmaması tam araşdırılması barədə, eləcə də həmin vəzifənin vəzifə maaşının məbləğinin hansı normadan, mənbədən əldə edilməsi barədə xüsusat açıqlanmamışdır. Odur ki, məhkəmə iddiaçının müraciəti üzrə inzibati icraatın formal aparıldığı qənaətinə gəlir. Məhkəmənin hüquqi mövqeyi belə olmuşdur ki, iddiaçının əmək pensiyasının yenidən hesablanması barədə müraciətinə yuxarıda qeyd olunan xüsusatlar qiymətləndirilməklə, habelə «İnzibati icraat haqqında» Qanunun 13, 24-cü maddələrinin tələbləri də nəzərə alınmaqla baxılmalıdır. Nəzərə alınmalıdır ki, iddiaçının əmək pensiyasının yenidən hesablanması zamanı ödənilməmiş (ehtimal olunan) pensiya məbləğini də müəyyənləşdirmək hazırkı məhkəmə icraatında mümkün olmamışdır. Nəzərə alınmalıdır ki, «İnzibati icraat haqqında» Qanunun 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İş materiallarına olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin hazırkı İddiaçı ünvanlanmış 25 iyun 2021-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: - 1996 – 2000-ci illərdə İddiaçı işlədiyi “aparıcı mühəndis” vəzifəsi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Aparatının Maliyyə baş idarəsinin Təchizat şöbəsində “aparıcı mütəxəssis” vəzifəsinə uyğun hesab edilir və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 sentyabr 2019-cu il tarixli 421 nömrəli qərarına əsasən bu vəzifəyə uyğun aylıq vəzifə maaşı 855 manatdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin mahiyyətcə imtinada, eləcə də etirazda göstərilən əsaslarla eyni olan dəlilləri üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, aşağıdakıları qeyd edir. Belə ki, “Əmək Pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. “İnzibati icraat haqqında” Qanunun: Maddə 1.1 Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Maddə 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Maddə 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Maddə 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Maddə 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Maddə 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Maddə 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Maddə 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Maddə 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. Maddə 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. Maddə 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Maddə 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, məhkəmə əlverişli inzibati aktın ləğvi və ya dəyişdirilməsi ilə bağlı mübahisənin mahiyyəti üzrə qərar qəbul edərkən, o cümlədən də artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin cavabdehdən geri tələb olunması ilə bağlı hallarda, “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinin, xüsusən 67.5-67.13-ci maddələrinin tələblərinin, şəxsin həmin qanunda təsbit edilmiş etimad hüququnun inzibati orqan tərəfindən nəzərə alınıb-alınmadığını müəyyən etməli və ona qiymət verməlidir. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, 67.5-ci maddənin tələbinə görə, şəxsin özünün əlverişli hüquqi mövqeyinə olan etimadı qanunla qorunur. Xüsusən birdəfəlik və ya mütəmadi pul ödəmələri və ya əşyanın verilməsi ilə bağlı hallarda, şəxsin etimadının qanunla qorunub-qorunmadığı yuxarıda qeyd edilən maddələrin müddəaları baxımından yoxlanılmalıdır. Məhkəmələr həmin maddədə nəzərdə tutulmuş ilkin şərtlərin ödənililib-ödənilmədiyini tam yoxlamaq səlahiyyətinə malikdir. Bu zaman həm də şəxsin etimad hüququna istinad etməsini istisna edən şərtlərin mövcudluğu da məhkəmələr tərəfindən xidməti vəzifəsinə görə yoxlanılmalıdır. Həmçinin nəzərə almaq lazımdır ki, birdəfəlik və ya mütəmadi pul ödəmələrinin, o cümlədən artıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, inzibat icraat hüququnun müddəaları baxımından şəxsin əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman həmçinin şəxsin ona ödənilmiş pul vəsaitlərini xərclədiyi və buna görə də həmin vəsaiti qaytarmaq iqtidarında olmadığı və ya onu qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda həmin şəxsin etimad hüququnun qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Qeyd edilən qayda artıq ödənilmiş əmək pensiyası məbləğinin şəxsdən geri tələb olunması ilə bağlı hallara da tam şəkildə tətbiq olunur. Nəzərə almaq lazımdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, inzibati orqan həmin pensiyanın təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməyə, icraat çərçivəsində pensiyanın artıq ödənilib-ödənilməməsini və bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı sayılmalıdır. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, hazırki mübahisə ilə bağlı yaranmış münasibətlər “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsinin tənzimləməsi altına düşür. Həmin normanın birinci bəndi aşkar olaraq tələb edir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir. Odur ki, artıq ödənilmiş vəsaitlərin (əmək pensiyası və əmək pensiyasına əlavənin) geri qaytarılmasının iki qaydası təsbit olunur: ya könüllü, ya da məcburi. Aydındır ki, könüllü qaytarılma yalnız əmək pensiyaçısının razılığı ilə mümkündür. Məcburi geri qaytarılma isə belə razılıq olub-olmamasından asılı olmayaraq tətbiq olunur. Əmək pensiyaçısının artıq ödənilmiş vəsaitlərlə bağlı könüllü olaraq geri dönüş etməsinə razılıq verməsi inzibati orqana məhkəmədən kənar qaydada inzibati akt qəbul etmək səlahiyyəti verir. Başqa sözlə, əgər inzibati orqan məhkəməyə müraciət etmədən inzibati akt qəbul etməklə artıq ödənilmiş vəsaitlərin geri qaytarılmasına nail olmaq istəyirsə, bunun yeganə yolu əmək pensiyaçısının razılığının alınmasıdır. Əgər bununla bağlı tərəflər arasında mübahisə vardırsa, və yaxud əmək pensiyaçısının bununla bağlı aşkar görünən razılığı yoxdursa, inzibati orqan müvafiq məzmunda inzibati akt qəbul etmək səlahiyyətinə malik olmayacaqdır. Hazırki mübahisə üzrə də iddiaçı belə bir razılığının olmadığını və bəyan edilmədiyini bildirir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki cavabdehin iddiaçıdan asılı olmayan hallar nəticəsində səhv etməsi məhkəmə kollegiyası hesab edir ki, iddiaçıdan artıq ödənişin tutulmasına əsas yarada bilməz. Məhkəmə araşdırması nəticəsində zərurəti nədən meydana gəldiyi qeyd edilməmiş, iddiaçı tərəfindən pensiya məbləği ilə bağlı hər hansı qanunsuz hərəkət göstərilməmişdir. Göründüyü kimi, rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə kimi vasitələrlə iddiaçı onun pensiya məbləğinə müdaxilə etməmişdir. Eləcə də, inzibati aktın qanunsuz olduğunu bilinməsi və ya bilməli olmasının iddiaçıdan gözlənilməsi məntiqsiz olar. Belə ki, müvafiq bazaya və mütəxəssis heyətinə malik cavabdeh tərəfindən əmək pensiyasının ehtimal olunan səhv hesab edilməsi illər sonra müəyyən edilə bilirsə, həmin halların hesablamanın aparılması ilə bağlı müvafiq ixtisasa malik olmayan iddiaçıdan səhv hesablamanın müəyyən edilməsinin gözlənilməsi əsassızdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, maraqlı şəxs kimi iddiaçı etimadın qorunması hüququna istinad etməsinə istisna müəyyən edilməmişdir ki, qeyd olunan hal onun barəsində pensiya təyin edilməsi, pensiya təyini ilə yenidən hesablama barədə qərar, sərəncam qəbul edilərək, faktiki xarakterli hərəkətlər edilərək həmin qərarların hüquqi nəticəsi kimi artıq məbləğ ödənilməsi, cavabdehin səhvi səbəbindən artıq hesablanan məbləğin geri qaytarılmasına əsas vermir. Belə ki, pensiya təyini və səhv hesablamalarla bağlı cavabdehin hərəkətlərini, qəbul edilmiş qərar və sərəncamları qanunsuz hesab etsək belə, həmin hərəkətlər iddiaçı üçün daha artıq ödənişlərin həyata keçirilməsi ilə nəticələndiyindən, yəni onun üçün əlverişli xarakterə malik olduğundan pulun geri qaytarılması əsası da mövcud olmayacaqdır. İnzibati icraat haqqında qanunvericiliyin tələbindən də göründüyü kimi maraqlı şəxsin etimad hüququna istinadı istisna etmirsə qanunsuz inzibati akt əlverişli inzibati akt hesab edilsə belə onun hüquqi nəticələrinin aradan qaldırılmasından söhbət gedə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini qismən təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2055/2022 saylı 19 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2507/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2507/2022
26.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver