Məhkəmə qərarları › İş №2-1(103)-2507/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2507/2024

30.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2507/2024 30.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azəırbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı Rayon şöbəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), X5 və Xəyalə Adil qızı Cəmilovadan ibarət tərkibdə, Aygün Ülviyyət qızı Nizamlının katibliyi, cavabdehin nümayəndəsi X4 və iddiaçının vəkili X2 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(82)-628/2016 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları

1. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-628/2016 saylı iş üzrə 11 yanvar 2016-cı il tarixli qərarı ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Bakı şəhəri Suraxanı rayon şöbəsinin imtinası qanunsuz sayılmış və İddiaçı 25 may 2009-cu il tarixdən (50 yaşdan) həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq 2004 – 2005-ci illərdə orta aylıq əmək haqqı nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh DSMF Bakı şəhəri Suraxanı rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

2. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1010/2016 saylı iş üzrə 12 may 2016-cı il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş və 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(82)-628/2016 saylı iş üzrə 11 yanvar 2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1358/2016 saylı iş üzrə 2 dekabr 2016-cı il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasya Məhkəməsinin 2-1(103)-1010/2016 saylı iş üzrə 12 may 2016-cı il tarixli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-338/2017 saylı iş üzrə 9 fevral 2017-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş və 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(82)-628/2016 saylı iş üzrə 11 yanvar 2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

5. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli 1325 nömrəli Fərmanının 1-ci və 2-ci bəndlərinə əsasən 2020-ci il yanvarın 1-dən Bakı şəhərində Bakı İnzibati Məhkəməsi və Bakı Kommersiya Məhkəməsi təşkil edilmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsi və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi ləğv edilmişdir.

6. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanının 1 – 3-cü hissələri ilə “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi”, “X3 Nizamnaməsi”, “Dövlət Tibbi-Sosial Ekspertiza və X1” təsdiq edilmişdir. Həmin Fərmanın 5-ci hissəsi ilə müəyyən edilmişdir ki, bu Fərmanın 1–3-cü hissələrində nəzərdə tutulan Dövlət Sosial Müdafiə Fondu, X6, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, müvafiq olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Məşğulluq Xidmətinin, Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin hüquqi varisləridir, onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı (bu Fərmanın 5.2-ci bəndi nəzərə alınmaqla) aidiyyəti üzrə yuxarıda adları çəkilən publik hüquqi şəxslərə keçir.

7. Bakı İnzibati Məhkəməsinə 19 fevral 2024-cü il tarixdə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının sözügedən mübahisəyə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-628/2016 saylı iş üzrə 11 yanvar 2016-cı il tarixli qərarına qarşı yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsi daxil olmuşdur.

8. “Yeni açılmış hallarla bağlı icraatın təzlənməsinə dair” ərizədən məlum olur ki, iş üzrə cavabdeh DSMF Bakı şəhəri Suraxanı rayon şöbəsi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-628/2016 saylı iş üzrə 11 yanvar 2016-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılması barədə Bakı Apellyasiya Məhkəməsinin 2- 1(103)-338/2017 saylı iş üzrə 9 fevral 2017-ci il tarixli qərarından 27 fevral 2017-ci il tarixdə məlumatlı olmuşdur və apellyasiya instansiyası məhkəməsinin sözügedən qərarı ondan müvafiq vaxt ərzində kassasiya şikayəti verilmədiyindən, həmin tarixdən 30 gün sonra qüvvəyə minmişdir.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-628/2016 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “yeni açılmış hallarla bağlı” ərizəsi mümkün sayılmamışdır.

Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

10. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 29 mart 2024cü il tarixli, 2-1(82)-628/2016 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin iddiası 2 məhkəmə instansiyası tərəfindən təmin olunmuşdur. Bununla belə, məhkəmə mübahisələri davam etdirildiyi dövrdə vətəndaşa xx.xx.2016-cı il tarixdən 57 yaşından 285,12 manat məbləğində pensiya təyinatı və ödənişi aparılmış. Lakin 3-cü instansiyaya kassasiya şikayətinin verilməsinə baxmayaraq və nəticəsini gözləmədən şöbə tərəfindən məhkəmə qərarları əsas götürülərək rəsmiləşdirilmiş, tarixi qeyd olunmayan sərəncamla 2016-cı ilin avqust ayında vətəndaşın aylıq pensiya məbləği yenidən hesablanmaqla artırırlaraq 913,22 manata çatdırılmış və əvvəlki dövrlərə yaranmış fərq məbləğləri avqust-oktyabr aylarında 3 dəfəyə ödənilmişdir. Halbuki, yuxarıda da qeyd edildiyi kimi, Ali Məhkəmənin xx.xx.2016-cı il tarixli müvafiq qərarı ilə əvvəlki instansiyanın qərarı ləğv edilmişdir. Əvvəlki dövrlərdən təyin edilmiş pensiyanın hesablanmasını təsdiq edən şöbənin sərəncamı olmadığı halda vətəndaşın uçot vərəqinə qeyd edilmiş müvafiq hesablama qeydlərinə əsasən şöbənin mühasibatlığı tərəfindən hesablamalar aparılmış və hesablanmış vəsaitin vətəndaşın plastik kartına köçürülməsi təmin edilmişdir.Məhkəmə qərarları qəbul edilərkən mübahisələndirilən halın düzgün əsaslandırılmadığı ehtimal olunur. Belə ki, birinci instansiyanın qərarında qeyd olunanlara baxılarkən məlum olmuşdur ki, qərarda vətəndaşın peşəsi və iştehsalat sahəsi ümumiyyətlə şərh edilməmiş, iddiaçının zərərli işlər üzrə stajının 15 ildən çox olması, habelə ümumi stajının 27 ildən çox olması işin mübahisələndirilməyən halı kimi göstərilmiş, işin mübahisələndirilən halının iddiaçıya hansı yaşdan, habelə hansı dövrün qanunvericiliyinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini vurğulamışdır. Qeyd olunanlardan əlavə, sosial təminat sahəsində əvvəllər qüvvədə olmuş və qüvvədə olan normativ-hüquqi aktlara istinad edilməklə, əvvəlki dövrlərdən pensiya təyin edilməsi üçün tələb olunan şərtlərə uyğun hesab edilməsi yönündə əsaslandırmaq üçün kifayət etməyən çıxarışlar və şərhlər sadalanmaqla vətəndaşın iddiası təmin olunmuşdur Qeyd olunduğu kimi, Ali Məhkəmədə əvvəlki instansiyanın qərarı ləğv edilmişdir. Tərəflərin iştirakı olmadan kassasiya şikayətinə baxılarkən apellyasiya məhkəməsinin əsaslanmalarında bir çox ziddiyyətlərin mövcudluğu müəyyən olunmuşdur. Belə ki, apellyasiya məhkəməsinin yalnız cavabdehin təqdim etdiyi surətləri təsdiq olunmamış sənədlərə əsaslandığını, vətəndaşın hal-hazırda işlədiyini qeyd etsə də, onun 2014-cü ildə əmək münasibətlərinə xitam verildiyi məlum olmuşdur. Qeyd olunanlardan əlavə, nöqsan kimi göstərilmişdir ki, əgər pensiya hüququnun əldə olunmasını iddia edən şəxs bunun üçün müraciət edirsə, müvafiq sənədləri təqdim etməli və əgər işləyən pensiyaçıdırsa, onun sosial sığorta stajı, o cümlədən güzəştli sosial sığorta stajı barədə məlumat işlədiyi müəssisə tərəfindən təqdim edilməlidir. Habelə, Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş siyahı üzrə peşənin müəyyən edilməsi üçün hansı bölməyə, hansı bəndə və s. istinad edilməsi həmin məlumatdan bəlli olmalıdır. Qərarda sadalanan digər nöqsanlara gəldikdə qeyd olunmuşdur ki, “Sadalanan bu qanunvericiliyin müddəalarının mübahisəyə münasibətdə tətbiqinin zəruriliyi onunla bağlı olmuşdur ki, cavabdehin bildirdiyi dəlilin, yəni iddiaçının “tam iş günü ərzində çalışması” ifadəsinin hüquqi əsasının olub-olmamasının müəyyən edilməsi yuxarıda göstərilmiş səbəblərdən mümkün olmamışdır. İddiaçıya aid olan yuxarıda göstərilmiş sənədlər işdə mövcud olmamış və məhkəmələr tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş hansı siyahıya əsaslanmaqla gəldiyi nəticənin əldə edilməsi, o cümlədən də cavabdehin qanunvericiliyə yuxarıda göstərilmiş hansı müddəalarına və əsaslarına istinadən bu nəticənin mübahisələndirilməsi tam aydın deyildir. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsində müəyyən edilmiş “İşin araşdırılması prinsipi” pozulmuşdur. Həmin maddədə nəzərdə tutulmuşdur ki, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutlar toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Azərbaycan Respublikası İPM-nin 13- cü maddəsinə görə məhkəmə natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məcəllənin 82-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Müddəaların tələblərinə görə məhkəmə iş üzrə araşdırma apardıqda işdə olan sənədlərlə məhdud olmamalı və iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalananlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə tam uyğun qəbul edilməmişdir və kassasiya şikayətində göstərilmiş dəlil qərarın ləğv olunması üçün əsaslıdır.”Beləliklə, Ali Məhkəmə bu və digər buraxılmış nöqsanları qanunvericiliklə əsaslandırdıqdan sonra şöbənin şikayətini qismən təmin etmişdir.Ali Məhkəmənin müvafiq qərarına uyğun olaraq Bakı Apellyasiya Məhkəməsində yeni apellyasiya qaydasında işə təkrar baxılmış, İddiaçı xeyrinə xx.xx.2017-ci il tarixli (İş №2-1(103)-338/17) qərar qəbul edilmişdir. Tərəflər məhkəmə iclasında iştirak etmişdir. Məhkəmə qərarında qeyd olunanlara əsasən müəyyən edilmişdir ki, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının sözügedən qərarında əvvəlki məhkəmə instansiyaları tərəfindən keçirilmiş iclaslarda və qəbul etdiyi qərarlarda mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən çoxsaylı nöqsanlara yol verildiyinin bildirilməsinə baxmayaraq işə təkrar baxılarkən analoji nöqsanlara yol verilməsi hallarının təkrarlandığı müşahidə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin kollegiyası iclasda iştirak edən vətəndaşın izahatını qəbul edib onun xx.xx.1977-xx.xx.2001 -ci il dövr ərzində “Xəzərdənizgəmitəmiri” zavodunda və “Azdəniznefttikinti” Trestinin idarələrində qapalı gəmi bölmələrində və qapalı şəraitdə neft çənləri və rezervuarların hazırlanmasında əl ilə elektrik qaynaqçısı kimi işlədiyini təsdiq etməklə kifayətlənmiş, Ali Məhkəmənin sadaladığı digər nöqsan və iradlar üzrə araşdırmalar aparmamış, vətəndaşın izahatında bildirdiklərini sübut edən müvafiq sənədlərin alınması təmin edilməmişdir. Bununla da şöbənin apellyasiya şikayəti təmin olunmamış, yenə də əvvələ qayıdılaraq 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qəbul etdiyi qərar dəyişdirilmədən qüvvədə saxlanılmışdır.Göründüyü kimi, məhkəmə qərarlarına əsasən xx.xx.1977-xx.xx.2001 -ci il dövr ərzində işlədiyi müddət nəzərə alınmaqla İddiaçı güzəştli şərtlərlə pensiya təyinatı barədə qərar qəbul edilmişdir. Lakin vətəndaşın istinad edilən iş yerindən onun zərərli və ağır olan işlərdə işləməsini təsdiq edən müvafiq rəsmi sənədlərin, o cümlədən güzəştli arayışın alınması təmin və ya tələb edilməmiş, zərərli və ağır işlərdə işləməsi və peşəsi barədə zəruri tədqiqat işləri aparılmamış, onun dəniz şəraitində işlədiyi barədə əsaslı sənədlər olmadan iddia tələbi təmin edilmişdir. Eyni zamanda, apellyasiya məhkəməsinin sonuncu qərarında qeyd olunan “qapalı gəmi bölmələrində və qapalı şəraitdə neft çənləri və rezervuarların hazırlanmasında əl ilə elektrik qaynaqçısı” peşəsinin Güzəştli siyahıda, 1 və 2 №-li siyahılarda qeyd olunan müvafiq kodlar üzrə peşələrə uyğunluğu barədə mübahisələndirmə aparılmamış, əsaslı hüquqverici sənədlərlə sübuta yetirilməmişdir. Məhkəmənin daxili inama əsaslanaraq vətəndaşın əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirib-yetirməməsi vəziyyəti aydınlaşdırmadan həmin şəraitdə və işlərdə işləməsi faktını qəbul etməsi əmək hüquq münasibətləri və əmək kitabçasında yazılanlarla ziddiyyət təşkil edir.Bunlardan əlavə, vətəndaşa pensiya təyin olunduğu dövrdə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin “Neftqaztikinti” trestinin xx.xx.2016-cı il tarixli, pensiya işinə tikilmiş arayışında isə İddiaçı işlədiyi vəzifələrin Güzəştli siyahının 35-ci bölməsinə (ümumi peşələr) əsasən zərərli şəraitdə əl ilə qaynaqada elektrik qaynaqçısı peşəsi üzrə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququna malik olması qeyd olunmuş, zərərli şəraitin ağırlıq dərəcəsi, istehsalat sahəsinin xarakteristikası barədə izahatlar verilməmişdir.Qeyd olunanlarla yanaşı, İddiaçı əmək kitabçasında qeyd olunmuş xx.xx.1977- xx.xx.2001-ci il dövr ərzindəki iş stajı, habelə 2004-2005-ci illərin əməkhaqlarının düzgünlüyünün ilkin sənədlərlə qarşılıqlı yoxlanılması həm şöbə və həm də məhkəmələr tərəfindən bu işdə maraqlı olan şəxslərə görə təmin edilməmiş, eləcə də həmin dövrdə hesablanmış əməkhaqlarının və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə, habelə pensiya məbləğinin hesablanması zamanı nəzərə alınmış 2004-2005-ci illərin əməkhaqlarına görə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə Fondun müvafiq qurumlarından zəruri arayışlar alınmamışdır.Beləliklə, göstərilənlər təsdiq edir ki, məhkəmə baxışı formal olaraq keçirilmiş, məhkəmə qərarının tərtibi və rəsmiləşdirilməsi zamanı şablon mətnlərdən istifadə edilmiş, məhkəmə predmeti vətəndaşa əmək pensiyasının təyin edilməsi deyil, yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin qoyulması olmuşdur.Məhkəmə qərarlarından göründüyü kimi, ilk iki məhkəmə kollegiyaları tərəfindən Qanunun 9.8-ci - “Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.” maddəsi əsas götürülərək “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun (qanun) tələblərinə uyğun olaraq mübahisələndirilmişdir. Belə ki, qeyd olunan qanuna Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Həmin dəyişikliyə kimi 13-cü maddənin a) bəndində kişilər azı 20 il iş stajı olduqda, bu müdddətin azı 10 ilini həmin işlərdə (1 №-li Siyahı üzrə nəzərdə tutulmuş) çalışdıqları halda 50 yaşına çatdıqda güzəştli şərtlərlə yaşa görə pensiya hüququ qazanırdılar. Lakin xx.xx.1959-cu il təvəllüdlü vətəndaşın xx.xx.1997ci il tarixində 38 yaşı var idi və həmin tarixdə vətəndaşın pensiya hüququ yaranmırdı. Eyni zamanda, 1997-2000-ci il ərzində yaş həddinin artırılması ilə kişilərin pensiya yaşı 52 yaşına çatdırılmış, vətəndaş isə 2000-ci ilin birinci yarısının sonuna 40 yaşına çatmışdır.Əmək pensiyaları üzrə yaş həddinin artırılması isə qanunun təkcə 13-cü deyil, 12-ci, 15-ci 16-cı, 19-cu, 35-ci və 40-cı maddələrində, habelə sosial pensiyaların təyinində də tətbiq edilmişdir. Bundalardan əlavə, yaş həddinin artırılması 1 №-li Siyahı üzrə deyil, 2 №- li Siyahı üzrə nəzərdə tutulmuş kişi və qadınlara münasibətdə də tətbiq edilmişdir. Qanunun 9.8-ci maddəsinin şərtləri daxilində 38 yaşlı vətəndaşın pensiya hüququna 1997ci ildəki qanunvericiliklə nəzərdə tutulmuş 50 yaşdan təyin edilməsi isə göründüyü kimi qanunvericiliklə ziddiyyət təşkil edir.Eyni zamanda bildiririk ki, araşdırma nəticəsində adıçəkilən şəxsə qanunazidd olaraq əsassız yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına və yenidən hesablanmasına nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri nəzərə alınaraq müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materiallar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xx.xx.2021 -ci il tarixində Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. Həmin orqandan Nazirliyə daxil olmuş xx.xx.2021-ci il tarixli 02/2-15mat-21 /684 nömrəli məktubda sözügedən iş üzrə cinayət işinin başlanmasına dair qərar qəbul olduğu bildirilib (surəti əlavə olunur).Həmçinin, qeyd edirik ki, hazırki iş üzrə ərizəçi olan Fondun Suraxanı rayon şöbəsinin əsl ərizəçi Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilməsi zərurəti yaranmışdır.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilə İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır.Yəni inzibati məhkəmə icraatı qaydasında baxılan istənilən növ iddianın məhkəmə icraatı yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtlərinin yerinə yetirildiyi təqdirdə yolverilən sayılır, iddianın mümkünlüyü şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi məhz iddiaçının üzərinə düşür. İddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikasının Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 28 dekabr 2015-ci il tarixli qərarında göstərilmişdir ki, iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1 -ci maddəsi) əməl olunmalıdır.Göründüyü kimi mümkünlük şərtlərini nəzərdə tutan normalar yalnız iddialar üzrə tətbiq edilməklə cavabdeh inzibati orqana qarşı iddianın mümkünlük şərtlərini yoxlayır. Hazırki mübahisə isə yeni açılmış hallara dair ərizədir.Eyni zamanda qanunda müddətin ötürülməsinin nəzərdə tutulmaması mümkün hüquq müdafiə vasitələrindən istifadəni məhdudlaşdıran qərarın qəbul edilməsi yol verilməz hesab olunmalıdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

Prosses iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi qərardadın ləğv edilməsini və apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili qərardadın qüvvədə saxlanılmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllə

Məcəllənin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Həmin Məcəllənin 103.3-cü maddəsinə əsasən bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Həmin Məcəllənin 106-cı maddəsinə görə məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. İcraatın təzələnməsi üçün İPM-in 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya şikayətində qərardad tam hissədə mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

17. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.

19. Qanunvericiliyin tələbindən göründüyü kimi yeni açılmış hallara dair ərizənin verilməsi üçün də mümkünlük şərtləri nəzərdə tutulmuşdur. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, mümkünlük şərtləri həm də yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəyə münasibətdə də nəzərdə tutulmuşdur.

20. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, formalaşmış inzibati praktikaya görə ərizəçi DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı müvafiq inzibati mübahisə üzrə cavabdeh DSMF Bakı şəhəri Suraxanı rayon şöbəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı ilə bağlı səlahiyyətlərini hazırda həyata keçirən qurumdur. Cavabdeh (ərizəçi) yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəni məhkəməyə xx.xx.2024-cü il tarixdə - ona qarşı ərizə verilmiş məhkəmə qərarının qanuni qüvvəyə mindiyi tarixdən azı 6 il 10 aydan artıq vaxt keçdikdən sonra təqdim edilmişdir.

21. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, ərizəçi (cavabdeh inzibati orqan) məhkəmə qərarının mövcudluğundan məlumatlı olmuş, buna baxmayaraq yeni açılmış hallar barədə ərizəni qanunvericiliklə müəyyən edilmiş müstəsna hallar üçün nəzərdə tutulmuş ən sonuncu 3 illik müddəti ötürməklə vermişdir.

22. Bununla belə, məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya şikayətindən aydın göründüyü kimi mübahisə ilə bağlı məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra cavabdeh yeni açılmış hallarla bağlı ərizəsində qeyd etdiyi məlumatın sonradan aşkar olunması və həmin məlumatın ondan asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmaması ilə bağlı hər hansı əsaslandırma verməmişdir.

23. Ərizəçinin istinad etdiyi – iddiaçının müvafiq sənədlərin saxtalaşdırılması yolu ilə yüksək məbləğdə pensiya alması faktına hüquqi qiymətin verilməsi məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq materialların Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməsi, cinayət işinin açılması və istintaqının aparılması ilə bağlı halın da, iddiaçı barəsində qanuni qüvvəsini almış məhkəmənin ittiham hökmü mövcud olmadığı halda, yeni açılmış hal kimi qəbul edilməsi mümkünsüzdür. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1311/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli oxşar qərarında qeyd edilmişdir ki, yeni sübutlar və hallar dedikdə, başa çatmış icraat zamanı təqdim edilməmiş və araşdırılmamış sübut və hallar nəzərdə tutulur. Qeyd etmək lazımdır ki, istinad edilən sübut və hallar inzibati məhkəmə icraatının aparıldığı dövrdə mövcud olmalı və obyektiv maneələr səbəbindən məhkəməyə təqdim olunmamalıdır.

24. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

25. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(82)-628/2016 nömrəli, xx.xx.2024-cü il tarixli nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

26. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası.

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(82)-628/2016 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar