Məhkəmə qərarları › İş №2-1(103)-2508/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2508/2021

15.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2508/2021 15.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Dövlət Sosial Müdafiə Fonduna qarşı “ona təyin edilmiş ünvanlı sosial yardımın onun cavabdeh orqana ilk müraciət etdiyi tarixdən bərpa edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Elşən Cələddin oğlu Kazımovdan ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi Nümayəndə, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fonduna qarşı “ona təyin edilmiş ünvanlı sosial yardımın onun cavabdeh orqana ilk müraciət etdiyi tarixdən bərpa edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2367/2021 saylı 07 iyun 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 15 dekabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “ona təyin edilmiş ünvanlı sosial yardımın onun cavabdeh orqana ilk müraciət etdiyi tarixdən bərpa edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, onun ailə üzvləri özü – 1-ci dərəcəli əlil, iki qızı – 6 noyabr 1999-cu il tarixdə doğulmuş X3 və 12 iyun 2004-cü il tarixdə doğulmuş X2 ibarətdir. O, 2019-cu ilin sentyabr ayında dövlət sosial yardımın alınması barədə Dövlət Sosial Müdafiə Fonduna müraciət etmiş, lakin sonuncu tərəfindən informasiya sistemindən əldə edilən məlumata əsasən onun pensiya məbləğində uyğunsuzluğun müəyyən edilməsi səbəbindən tələbinin təmin olunmasından imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz olmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2367/2021 saylı 07 iyun 2021-ci il tarixli qərarı ilə iddianın qismən təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının 19.09.2019 tarixli **********77201 nömrəli ilk müraciətinə 04.10.2019-cu il tarixdə, 20.11.2019 tarixli **********77204 nömrəli sonuncu müraciətinə isə 05.12.2019-cu il tarixdə imtina verilsə də, iddiaçı arzuladığı inzibati aktın - ailəsinə ünvanlı dövlət sosial yardımının təyin edilməsi barədə qərarın qəbul edilməsi ilə bağlı müvafiq iddia ərizəsi ilə məhkəməyə 28.10.2020-ci il tarixdə müraciət etmişdir ki, bu da İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddətinə əməl edilmədiyini təsdiq edir. Məhkəmənin mövqeyinə görə, “iddiaçının müraciətləri üzrə inzibati orqanda inzibati icraat tam və hərtərəfli aparılmamış, imtinalar formal şəkildə əsaslandırılmış, bununla da “İnzibati icraat haqqında” AR Qanununun 15, 17, 19, 24-cü maddələrinin tələbləri pozulmuşdur. Halbuki, qanunvericilik inzibati icraatı aparan inzibati orqana ərizəçinin əldə edə bilmədiyi sübutların, məlumatların “hüquqi yardım” göstərərək aidiyyəti qurumlardan toplanması səlahiyyətləri nəzərdə tutur, habelə inzibati orqanın üzərinə işin tam və hərtərəfli araşdırılması vəzifəsini qoyur. Odur ki, məhkəmənin hüquqi mövqeyinə görə cavabdeh DSMF-nin imtinası (imtinaları) qanuni qiymətləndirilməməli və cavabdeh DSMF tərəfindən iddiaçının müraciəti üzrə inzibati icraat onun əmək pensiyaçısı olub-olmaması, təqaüdünün növü, aylıq müavinət alan şəxs olub-olmaması, işsiz olub-olmaması, özünün və ailə üzvünün adına rəsmiləşdirilmiş telefonlar (ev və mobil telefon) vasitəsilə danışıqlar üzrə xərclər, onun pensiya məbləğində uyğunsuzluğun müəyyən edilməsi, kommunal xidmətlər üzrə eyniləşdirmə vasitələri və xərclər, ailə üzvü X1 təhsil alıb-almaması barədə məlumatlar iddaçıdan və (və ya) aidiyyəti qurumlardan toplanmaqla aparılmalı və müvafiq qərar qəbul edilməlidir”. İddiaçının inzibati orqana qarşı müxtəlif tarixlərdə verdiyi müraciətlərlə bağlı məlumatların tam göstərilməməsi və uyğunsuzluğun müəyyən edilməsi səbəblərinə görə imtina edilmişdir. Sonuncu dəfə vətəndaşın verdiyi 20.11.2019-cu il tarixli müraciət “İnzibati icraat haqqında” Qanuna və “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarına əsasən tam və hərtərəfli şəkildə araşdırılmış və VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduğundan sosial yardımın təyin olunmasından imtina edilmişdir. Lakin birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməmiş, “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 3.2-ci, 3.4.1-ci, 3.4.2-ci və 3.7.1-ci bəndlərinin tələbləri nəzərə alınmamaqla maddi hüquq normaları pozulmuşdur. Tərəflərin izahatları Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək bildirmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş ərizədə göstərilmiş məlumatlar sistem tərəfindən avtomatik olaraq yoxlanılmış və uyğunsuzluq aşkar edilmişdir. İddiaçının cavabdeh orqana 4 müraciəti olmuş və onların hər birinə fərqli əsaslarla imtina verilmişdir. İddiaçı sonuncu imtinadan qanunla müəyyən edilmiş müddəti ötürməklə iddia vermişdir. Buna görə də iddiaçının iddiası qeyri-mümkün sayılmalıdır. Bununla bağlı cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin nümayəndəsi X7 izahatında iddia müddətinin ötürülməsi səbəbindən iddianın qeyri-mümkün sayılmalı olduğu halda, birinci instansiya məhkəməsinin işə mahiyyəti üzrə baxıb qərar qəbul etməsinin əsassız olduğunu bildirdi və bununla bağlı məhkəmə qərarının ləğv edilməsini və iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. 15.12.2021-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış İddiaçı məhkəmə iclasında iştirakını təmin etməmişdir. İddiaçı tərəfindən 15.11.2021-ci il tarixdə məhkəməyə daxil olmuş məktubun məzmunundan görünür ki, o, məhkəmə iclasının onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fonduna qarşı tələbi “ona təyin edilmiş ünvanlı sosial yardımın cavabdeh orqana ilk müraciət etdiyi tarixdən bərpa edilməsi” barədədir. Bununla bağlı iddiaçı cavabdeh inzibati orqana bir neçə dəfə müraciət etmiş, onun 20.11.2019-cu il tarixli müraciətinə cavabdeh tərəfindən verilmiş imtina məktubunda qeyd edilmişdir ki, Fondun informasiya istemindən əldə olunmuş məlumata əsasən ailə üzvü İddiaçı pensiya məbləğində uyğunsuzluğun müəyyən edilməsi, ərizə-bəyannamədə 1562 manat qeyd edilib, aidiyyəti qurumun informasiya sistemindən əldə edilən məlumata əsasən 1849,81 manat olmalıdır. Sosial müavinətlər, təqaüdlər və kompensasiyalar alt sistemindən əldə edilən məlumata əsasən ailə üzvü Yunaya Babayeva üçün təqaüdün növü barədə məlumat düzgün qeyd edilməmişdir. Həmçinin "xxxx" ASC tərəfindən təqdim edilən məlumata əsasən qeyd edilən subscribecode **********074 abonent kodu aşkarlanmamışdır. Həmin imtinadan narazı qalan iddiaçı dəfələrlə inzibati orqana müraciətlər etdiyi üçün ona verilmiş cavab məktublarında ailəni təmsil edən şəxs qismində ünvanlı dövlət sosial yardımının alınması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 37 saylı 05.02.2016-cı il tarixli Qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na uyğun olaraq “Ünvanlı yardım” (VEMTAS) altsisteminə daxil edilmiş **********7704 saylı 20 noyabr 2019-cu il tarixli müraciətdə “Ərizə-bəyannamə”də qeyd olunan məlumatlarda uyğunsuzluğun aşkar olunmasına görə Qaydaların 3.7.1-ci yarımbəndinə əsasən VEMTAS tərəfindən avtomatlaşdırılmış qaydada imtina edildiyi və bu barədə qeyd edilmiş əks-əlaqə vasitəsinə məlumat göndərildiyi qeyd edilmişdir. Lakin iş materiallarından göründüyü kimi, iddiaçı ona tələb etdiyi ünvanlı sosial yardımın verilməsindən imtina edilməsi ilə bağlı çıxarılmış qərarlarda (belə imtina bildirişləri 20.11.2019-cu il tarixli müraciətindən əvvəl də qəbul edilmişdir) göstərilən nöqsanları aradan qaldırmamış və hazırki tələblə məhkəməyə müraciət etmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə işə mahiyyəti üzrə baxaraq onun qismən təmin edilməsi, iddiaçıya ünvanlı sosial yardımın verilməsi barədə müraciətinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yenidən baxılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını qərara almışdır. Belə ki, iddianı qismən təmin edən məhkəmə hesab etmişdi ki, cavabdeh inzibati orqanın imtinası (imtinaları) qanuni qiymətləndirilmir, cavabdeh tərəfindən iddiaçının müraciəti üzrə inzibati icraat, onun əmək pensiyaçısı olub-olmaması, təqaüdünün növü, aylıq müavinət alan şəxs olub-olmaması, işsiz olub-olmaması, özünün və ailə üzvünün adına rəsmiləşdirilmiş telefonlar (ev və mobil telefon) vasitəsilə danışıqlar üzrə xərcləri, onun pensiya məbləğində uygunsuzluğun müəyyən edilməsi, kommunal xidmətlər üzrə eyniləşdirmə vasitələri və xərcləri, ailə üzvü X1 təhsil alıb-almaması barədə məlumatlar iddaçıdan və (və ya) aidiyyəti qurumlardan toplanmaqla aparılmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin işə mahiyyəti üzrə baxıb qərar qəbul etməklə bağlı gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarından görünür ki, iddiaçının 19.09.2019-cu il tarixli **********77201 nömrəli ilk müraciəti ilə bağlı ona sosial yardımın təyin olunmasından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun informasiya sistemindən əldə edilən məlumata əsasən ailə üzvü İddiaçı əmək pensiyaçısı olması barədə məlumatın qeyd edilməməsi, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən təqdim edilən məlumata əsasən ailə üzvü X1 təhsil alması barədə məlumatların öz təsdiqini tapmaması, Sosial müavinətlər, təqaüdlər və kompensasiyalar alt sistemindən əldə edilən məlumata əsasən ailə üzvü İddiaçı üçün təqaüdün növü barədə məlumatın düzgün qeyd edilməməsi, Sosial müavinətlər, təqaüdlər və kompensasiyalar alt sistemindən əldə edilən məlumata əsasən ailə üzvü İddiaçı aylıq sosial müavinət alan şəxs olması barədə məlumatın öz təsdiqini tapmaması, Sosial müavinətlər, təqaüdlər və kompensasiyalar alt sistemindən əldə edilən məlumata əsasən ailə üzvü X3 üçün təqaüdün növü barədə məlumatın düzgün qeyd edilməməsi, Məşğulluq alt sistemindən əldə edilən məlumata əsasən ailə üzvü İddiaçı dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz olması barədə məlumatın öz təsdiqini tapmaması, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təqdim edilən məlumata əsasən ailə üzvü X1 adında rəsmiləşdirilmiş +**********14 telefon nömrəsinin bəyan edilməməsi səbəbi ilə imtina olunmuşdur. İddiaçının 11.10.2019-cu tarixli **********77202 nömrəli müraciəti ilə bağlı ona sosial yardımın təyin olunmasından Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təqdim edilən məlumata əsasən müəyyən edilmiş ********* telefon nömrəsi üzrə əvvəlki 12 ay ərzində xərclərin bəyan edilməməsi, Sosial müavinətlər, təqaüdlər və kompensasiyalar alt sistemindən əldə edilən məlumata əsasən ailə üzvü İddiaçı və X1 təqaüd alan şəxs olması barədə məlumatın qeyd edilməməsi, Sosial müavinətlər, təqaüdlər və kompensasiyalar alt sistemindən əldə edilən məlumata əsasən ailə üzvü İddiaçı aylıq sosial müavinət alan şəxs olması barədə məlumatın öz təsdiqini tapmaması, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təqdim edilən məlumata əsasən ailə üzvü İddiaçı adında rəsmiləşdirilmiş +**********23 telefon nömrəsinin bəyan edilməməsi səbəbi ilə imtina olunmuşdur. İddiaçının 31.10.2019-cu il tarixli **********77203 nömrəli müraciəti ilə bağlı ona sosial yardımın təyin olunmasından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun informasiya sistemindən əldə edilən məlumata əsasən ailə üzvü İddiaçı əmək pensiyaçısı olması barədə məlumatın geyd edilməməsi, Sosial müavinətlər, təqaüdlər və kompensasiyalar alt sistemindən əldə edilən məlumata əsasən ailə üzvü İddiaçı aylıq sosial müavinət alan şəxs olması barədə məlumatın öz təsdiqini tapmaması səbəbi ilə imtina olunmuşdur. İddiaçının sonuncu dəfə verdiyi 20.11.2019-cu il tarixli **********77204 nömrəli müraciəti ilə bağlı ona sosial yardımın təyin olunmasından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun informasiya sistemindən əldə edilən məlumata əsasən ailə üzvü İddiaçı pensiya məbləğində uyğunsuzluğun müəyyən edilməsi, belə ki, ərizə bəyannamədə 1562 manat qeyd edilib, aidiyyəti qurumun informasiya sistemindən əldə edilən məlumata əsasən 1849,81 manat olmalıdır, Sosial müavinətlər, təqaüdlər və kompensasiyalar alt sistemindən əldə edilən məlumata əsasən ailə üzvü X3 üçün təqaüdün növü barədə məlumatın düzgün qeyd edilməməsi səbəbi ilə imtina olunmuşdur. Beləliklə, iddiaçının sonuncu dəfə verdiyi 20.11.2019-cu il tarixli **********77204 nömrəli müraciətinə cavabdehin təqdim etdiyi informasiya sistemindən çıxarışa əsasən 05.12.2019cu il tarixdə imtina verildiyi müəyyən olunur. İddiaçı həmin imtina qərarından sonra da dəfələrlə cavabdeh inzibati orqana müraciət etsə də, ona məktubla (i.v. 11) tələbinin təmin olunmasından müvafiq qərarlarla imtina olunduğu və imtinaya səbəb olan uyğunsuzluğun aradan qaldırılıb yenidən müraciət etmək imkanının olduğu bildirilmişdir. İddiaçı ona sonuncu dəfə verilən 05.12.2019-cu il tarixli imtina bildirişindən narazı qalaraq 28.10.2020-ci ildə hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçının iddia tələbi “ona təyin edilmiş ünvanlı sosial yardımın cavabdeh orqana ilk müraciət etdiyi tarixdən bərpa edilməsi” barədə olduğu üçün məhkəmə kollegiyası hesab edir ki, iddiaçı onun xeyrinə hüquqi nəticə doğuran (ünvanlı sosial yardımın verilməsi) inzibati aktın qəbulunu tələb etdiyindən onun iddiası “məcburetmə haqqında” iddia növünə aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Hazırki işdə iddiaçının cavabdeh inzibati orqanın 20.11.2019-cu il tarixli müraciəti ilə bağlı qəbul etdiyi imtina haqqında bildirişdən 2019-cu ilin sonunda (sistem vasitəsilə 05.12.2019-cu il tarixdə) məlumatlı olduğu inkar olunmur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür (62.1, 62.2, 62.3). İddiaçının 20.11.2019-cu il tarixdə qeydə alınan müraciəti ilə bağlı imtina aktı cavabdeh inzibati orqanın təqdim etdiyi sistemdən çıxarışa əsasən 05.12.2019-cu il tarixdə sistemə yerləşdirilmişdir. Həmin imtina barədə inzibati aktda ona qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddətinin nəzərdə tutulmadığını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçı həmin inzibati aktı 6 ay müddətinə mübahisələndirə bilərdi. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Hazırki işdən müəyyən olunur ki, iddiaçı sözügedən 20.11.2019-cu il tarixdə verdiyi müraciətindən imtina edilməsinə dair bildirişi (05.12.2019-cu ildə sistemə yerləşdirilmiş inzibati aktı) mübahisələndirmədən onun xeyrinə müvafiq inzibati aktın qəbul edilməsini tələb edir. Bu barədə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ona tələbinin təmin olunmasından imtina verilmiş inzibati aktı mübahisələndirmədən xeyrinə arzuladığı başqa inzibati aktın qəbulunu tələb etməsi həm “İnzibati icraat haqqında” Qanunun, həm də İnzibati Prosessual Məcəllənin tələbləri baxımından yolverilməzdir. Buna baxmayaraq işə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçıya tələbinin dəqiqləşdirilməsi, yəni onun tələbindən imtina ilə bağlı qəbul edilmiş inzibati aktın mübahisələndirmək imkanının olması ilə ələaqədar hüquqi yardım göstərmədən verilmiş iddia tələbinə mahiyyəti üzrə baxaraq cavabdehin üzərinə müvafiq öhdəlik qoymuşdur. Bununla razılaşmayan Kollegiya apellyasiya baxışı zamanı iddiaçıya İPM-nin 12-ci maddəsinə uyğun xidməti vəzifəsindən istifadə edərək Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş hüquqi yardımı göstərərək izah etmişdir ki, iddiaçının 20.11.2019-cu il tarixli müraciəti ilə bağlı verilmiş tələbinin təmin olunmasından imtina barədə cavabdehin 05.12.2019-cu il tarixli inzibati aktını (imtina bildirişini) mübahisələndirmək hüququ vardır. Bununla bağlı iddiaçının hazırki iddia tələbini dəqiqləşdirərək 05.12.2019-cu il tarixli imtina aktını mübahisələndirəcəyi təqdirdə iddia müddətinin bərpası ilə bağlı ərizə vermək hüququnun da olduğu nəzərinə çatdırılmışdır. Buna görə də iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsinə və iddia müddətinin bərpasına dair ərizələri məhkəməyə təqdim etmək təklif olunmuşdur. Lakin iddiaçı 15.12.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirakını təmin etməməklə yanaşı, həm də məhkəmənin hüquqi yardımı ilə bağlı tələbini dəqiqləşdirməmiş, iddia müddətinin bərpası ilə bağlı hər hansı ərizə də təqdim etməmişdir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir (12-ci bənd). Qeyd olunan normanın tələbinə əsasən iddia o zaman mümkün sayılır ki, iddiaçının hüquqları və qanunla qorunan maraqları inzibati orqanın qərarı, hərəkəti və ya hərəkətsizliyi nəticəsində pozulsun və iddiaçı cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə təşkil edən həmin hərəkətlərin edildiyinə dəlalət edən ilkin və inandırıcı sübutları iddia verilərkən təqdim etsin. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7). Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən ümumi publik hüquq sahəsində qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. İşə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. İnzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırılmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Lakin hazırki işdə yuxarıda da qeyd olunduğu kimi, iddiaçı onun hüquqlarına toxunan 20.11.2019-cu il tarixli müraciəti ilə bağlı tələbinin təmin olunmasından 05.12.2019-cu il tarixdə verilmiş imtina bildirişini (inzibati aktı) mübahisələndirmədən xeyrinə yeni əlverişli inzibati aktın qəbulunu tələb edir ki, bu da digər inzibati akt qüvvədə ola-ola belə məcburetmə haqqında iddiaya baxılmasını mümkünsüz edir. Digər tərəfdən Kollegiya onu da nəzərə alır ki, iddiaçının hazırki işdə qoyduğu tələb “məcburetmə haqqında iddia” üzrə də tərəfindən iddia müddəti ötürülmüş, ötürülmüş prosessual müddətin bərpaı ilə bağlı da ərizə verilməmişdir. Bununla da, işə birinci instansiya qaydasında baxmış məhkəmə qeyd olunan halları araşdırmadan, iddianın mümkünlük şərtlərinin ödənilib-ödənilmədiyini yoxlamadan verilmiş tələbə inzibati məhkəmə icraatı qaydasında mahiyyəti üzrə baxmaqda haqlı olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2367/2021 saylı 07 iyun 2021-ci il tarixli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2367/2021 saylı 07 iyun 2021-ci il tarixli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar