Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2508/2022 15.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Tanrıverdiyev Anar Vəzir oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2800/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının qanunsuz hesab edilməsi və ona pensiya hüququnun yarandığı xx.xx.2015-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin iddia ərizəsində şərh olunan faktiki hallarına görə:xx.xx.1963-cü il təvəllüdlü iddiaçının 58 yaşı var. İş fəaliyyətinə xx.xx.1987-ci ildə Şəki Profdezinfeksiya şöbəsində dezinfektor olaraq başlamış, fasiləsiz olaraq 28 il 10 ay işləmiş, xx.xx.2016-cı il tarixli əmrlə işdən azad edilmişdir. İşlədiyi illərdə tam iş günü ərzində ağır və zərərli iş şəraitində işləmişdir. Onun əmək kitabçasında və iş yerindən verilən güzəştli arayışa əsasən ümumilikdə 28 il 10 ay ağır sahədə iş stajı var, işlədiyi sahə zərərli sahə olmuşdur. Güzəştli şərtlərlə pensiya almaq hüququ 52 yaşının bitdiyi 2015-ci ilin sentyabr ayından yaranmışdır. Bununla əlaqədar o, cavabdehə müraciət etsə də, idarə ondan 3 ay sonra xx.xx.2021-ci il tarixdə əvvəlcə ondan sənədlərin əslini tələb etmiş, sənədlərin əsli cavabdehə göndərilmiş, 3 ay gözlədikdən sonra cavabdeh xx.xx.2021-ci il tarixli məktubu ilə ona işlədiyi sahənin güzəştli pensiya sahəsinə aid olmadığı və lazım olan pensiya kapitalının olmadığı bildirilmişdir. İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci və Əmək Məcəlləsinin 115-ci maddələrinə istinadən cavabdehin imtinası ilə razılaşmır. Cavabdeh iddia ərizəsinə etirazında imtina məktunda göstərilən əsaslarla iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2800/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğundur, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmıdır ki, yaşım bitidiyi və pensiya hüququqm yarandığı vaxt qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək stajına güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək şəraitinə və əmək funksiyasinin xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağir istehsalatlarin, peşə və vəzifələrin siyahisi”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərari ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 115-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq "Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı" təsdiq edilmişdir (5 iyul 2004-cü il № 92). Həmin Siyahıda mənim iş sahəmin zərərli olduğu və güzəştli şərtlərlə pensiya hüququmu olduğu göstərilir. Məhkəmə kollegiyasının iclasları barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı məhkəmə iclaslarına gəlməmiş, İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi A.Rəcəbli iddiaçının işlədiyi vəzifənin qeyd edilən Siyahıha nəzərdə tutulmadığını bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşin hallarından göründüyü kimi, xx.xx.1963-cü il təvəllüdlü iddiaçının fasiləsiz olaraq xx.xx.1987-ci il tarixdən xx.xx.2016-cı il tarixinədək Şəki Profdezinfeksiya şöbəsində dezinfektor vəzifəsində çalışması işin mübahisələndirilməyən halını təşkil edir. Cavabdeh tərəfindən iddiaçının güzəştli şərtlərələ yaşa görə pensiya təyinatı barədə müraciətinə ünvanlanmış xx.xx.2021-ci il tarixli imtina məktubuna, habelə, məhkəməyə təqdim etdiyi iddia ərizəsinə etirazına əsasən müəyyən edəlir ki, işin mübahisələndirilən halları aşağıdakılardan ibarətdir:
1. İddiaçının Şəki Profdezinfeksiya şöbəsində işlədiyi dezinfektor vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda nəzərdə tutulmamışdır.
2. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir (ona münasibətdə 39.638,02 manat pensiya kapitalı tələb olunduğu halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 21.495,73 manat təşkil edir). Mübahisələndirilən 1-ci hala münasibətdə araşdırma aparıldıqda müəyyən olunur ki, istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahıda, istərsə də bundan əvvəl, 1993-cü il 21 iyun 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin» 1 və 2 nömrəli Siyahılarında iddiaçının işlədiyi dezinfektor vəzifəsi – güzəştli pensiya hüququ verən göstəricilər sırpsında yer almamışdır. Apellyasiya mərhələsində məhkəmə tərəfindən mübahisələndirilən məsələyə daha da aydınlıq gətirilməsi məqsədilə həm iddiaçının işlədiyi Şəki rayon Profilaktik Dezinfeksiya şöbəsinə, həm də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinə göndərilmiş məhkəmə sorğuları aşağıdakı kimi cavablandırılmışdır: Şəki rayon Profilaktik Dezinfeksiya şöbəsi Bakı Apellyasiya Məhkəməsinə ünvanladığı 05 nömrəli xx.xx.2022-ci il tarixli məlumat üçün bildirmişdir ki, “Dezinfeksiya şöbəsi zəhərli, kimyəvi dərman maddələri ilə işləyir. Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda nəzərdə tutulan heç bir göstəriciyə uyğun gəlmədiyi aşkar edildi. Gigiyena və Epidemiologiya Mərkəzi isə sorğuya cavabında bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “dezinfektor” vəzifəsi - «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda təsbit olunan hər hansı göstəriciyə uyğun gəlmir və bu qəbildən olan şəxslərə həm əvvəllər , həm də hazırda güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi nəzərdə tutulmur. Həmin məktuba əlavə edilmiş, Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci il tarixli əmri ilə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatlarıda “Dezinfektor”un nümunəvi vəzifə təlimatının İİ hissəsində isə aşağıdakı kimi vəzifə öhdəlikləri göstərilmişdir: “6. Dezinfektor fiziki, kimyəvi, bioloji və kombinə edilmiş metodlarla geyimləri, ev məhişət əşyalarını, avadanlıqları, maşınları, xammalları yarımfabrikatları, nəqliyyat vasitələrini, əraziləri, istehsalat tikililərini, binaları və s. dezinfeksiya və dezodarasiya edir.
7. Əl vasitəsi ilə zəhərli kimyəvi preparatlarla dezinfeksiya, deratizasiya və dezodarasiya edir. 8.Emal ediləcək əşyaları dezinfeksiya kameralarına gətirir, onların doldurulması və boşaldılmasını həyata keçirir. 9.Xüsusi maşın və avadanlıqların köməyi ilə zəhərli kimyəvi preparatlarla dezinfeksiya, dezodarasiya, deratizasiya edir.
10. Dezinfeksiya, dezinseksiyan və deratizasiya üçün maşın və avadanlıqları hazırlayır, onlara qulluq edir, təlimata uyğun olaraq kimyəvi preparatları və digər vasitələri tətbiq edir.
11. Kimyəvi preparatların və digər vasitələrin qəbulu, uçotu, saxlanılması və buraxılışını həyata keçirir.
12. Zəhərli maddələrdən müdafiə vasitələrinin keyfiyytini və sazlığını yoxlayır.” Beləliklə də, “Dezinfektor”un nümunəvi vəzifə təlimatı”ndan göründüyü kimi, baxmayraq ki, yerinə yetirdiyi - dezinfeksiya, dezinseksiyan, dezodarasiya və deratizasiya işləri fiziki, kimyəvi, bioloji və kombinə edilmiş metodlarla, əl vasitəsilə zəhərli kimyəvi preparatlarla görülür, AR Nazirlər Kabinetinin qeyd olunan həm əvvəlki, həm də qüvvədə olan qərarı ilə təsdiq olunmuş “Siyahılar”da (o cümlədən: qüvvədə olan Siyahının 19. “Tibb və sosial təminat müəssisələri “bölməsində, qüvvədən düşmüş: 1 nömrəli Siyahının “********. XİX. Səhiyyə idarələri” bölməsində, 2 nömrəli Siyahının isə “22600000 XXİV. Səhiyyə və sosial təminat idarələri” bölməsində) güzəştli pensiya hüquq verən peşələr sırasında nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinəin tədqiq edilən məhkəmə sorğusuna cavabından göründüyü kimi, dezinfektor vəzifələrində çalışanlara nə əvvəllər və nə də hazırda güzəştltli şərtələrlə pensyia təyin edilmir. Qeyd olunmalıdır ki, məhkəmə praktikasında da bu qəbildən olan şəxslərə güzəştli şərtlərlə pensya təyin edilməsi hallarına rast gəlinməmişdir. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh, iddiaçının işlədiyi “dezinfektor” vəzifəsinin «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda nəzərdə tutulmadığını və bu səbəbdən onun güzəştli stajının olmadığını əsas gətirməklə, ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsindən imtina etməkdə haqlı olmuşdur. İPM-in 73.1-ci maddəsi nəzərdə tutur ki, məhkəmə o halda, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd olsun və iddiaçının hüquqlarının pozulmasına səbəb olsun. Konkret halda isə cavabdeh tərəfindən iddiaçının qanunla qorunan hüquqlarını pozan hərəkətlərə yol verdiyi müəyyən olunmur. Əksinə iddiaçıya güzəştli pensiya təyin edilməsindən imtina etmək cavabdehin qanunvericiliklə üzərinə düşən öhdəliyi olmuşdur. Bu baxımdan, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsiin qərarı ilə razı olmadığını mübahisələndirən dəlillərini əsassız hesab edilməlidir. İddiaçının güzəştli stajı mövcud olmadığı halda, artıq prosessual qənaət prinsipi baxımından, onun fərdi hesabının sığorta hissəsində minimum pensiya təminatına imkan verən pensiya kapitalının olması ilə bağlı araşdırma aparılması zərurətini aradan qaldırır. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə gəldiyi nəticəni işin hallarına və maddi hüquq normalarına uyğun nəticə kimi qiymətləndir. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin həmin qərarın ləğv edilməsini tələb edən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2800/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2800/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.