Məhkəmə qərarları › İş №2-1(103)-2508/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2508/2025

29.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2508/2025 29.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X3 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı nümayəndəsi X6 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3064/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin mübahisələndirilməyən halları

1. Məmmədova Tünzalə Valeh qızına məxsus xx.xx.1985-ci il tarixdə doldurulmuş ИТ-İ seriyalı ******* №-li əmək kitabçasının notarial qaydada təsdiqlənmiş surətindən müəyyən olunur ki, Məmmədova Tünzalə Valeh qızı aşağıda qeyd olunan müəssisələrdə işləmişdir; S.Vurğun adına üzümçülük sovxozunda (iş stajı: 01 il, 21 gün) xx.xx.1985-ci ildə - Fəhlə qəbul edilmiş, xx.xx.1986-cı ildə – öz ərizəsi əsasında sovxoz fəhləliyindən azad edilmişdir; “Azərelektrotexnika” İstehsalat Birliyi “Naxçıvan” elektrotexnika zavodunda (iş stajı: 01 il, 11 ay, 01 gün) xx.xx.1986-cı ildə – Zavodun Şahbuz filialı üçün TQİ-yə 2-ci dərəcəli köməkçi fəhlə qəbul edilmiş, xx.xx.1988-ci ildə öz ərizəsinə əsasən işdən azad edilmişdir; M.Əzizbəyov adına Neft və Kimya institutunun idman kompleksində (iş stajı: 02 il, 01 ay, 19 gün + 01 il, 01 ay, 16 gün = 03 il, 03 ay, 04 gün) xx.xx.1988-ci ildə laborant təyin edilmiş; xx.xx.1990-cı ildə Başqa işə keçməsi ilə əlaqədar öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilmişdir; xx.xx.1990-cı ildə nəzarətçi təyin edilmiş, xx.xx.1991-ci ildə öz ərizəsi əsasında Azərbaycan Sənaye Universitetində idman klubundan azad edilmişdir. Azərbaycan Elmər Akademiyası X4 (iş stajı: 01 il, 01 ay, 27 gün) xx.xx.1994-cü ildə BTÇ üzrə 6-cı dərəcə olmaqla 3 №li laboratoriyaya laborant vəzifəsinə qəbul edilmiş, xx.xx.1995-ci ildə öz xahişi ilə işdən azad edlmişdir. "xxxx" Birgə Müəssisəsində (iş stajı: 05 il, 11 ay, 26 gün) xx.xx.1996-cı ildə dərzi işinə qəbul edilmiş, xx.xx.2001-ci ildə həmin tarixdən müəssisə fəaliyyətini dayandırdığı üçün işdən azad edilmişdir.

2. Bakı şəhəri Xətai rayonu VVAD şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş AZ-İ № 603495 saylı “Doğum haqqında şəhadətnamə”nin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2005-ci il tarixdə Bakı şəhəridə doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 2005-ci ilin aprel ayının 30 günündə 1143 № ilə qeyd edilmişdir. X2 və anası Məmmədova Tünzalə Valeh qızıdır.

3. Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş AZ-İİ № 410118 “Ölüm haqqında şəhadətnamə”nin notarial təsdiq olunmuş surətindən müəyyən olunur ki, Məmmədova Tünzalə Valeh qızı xx.xx.2024-cü il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 2024-cü ilin 02 ayının 20 günündə 297 № ilə qeyd edilmişdir.

4. Bakı Dövlət Universiteti tərəfindən verilmiş A-4981 №-li arayışda qeyd olunmuşdur ki, İddiaçı Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Dövlət və ictimai münasibətlər ixtiasının əyani təhsilalma forması, ingilis bölməsi üzrə dövlət sifarişi əsasında təhsil alan İİ (ikinci) kurs tələbəsidir.

5. “Ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” xx.xx.2024-cü il tarixli 3-17-1/2-M-67756/2024 saylı cavab məktubunda qeyd olunmuşdur ki, “... “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 14.1.1-ci maddəsinə uyğun olaraq vəfat etmiş və ya həlak olmuş ailə başçısının 18 yaşına çatmamış, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan və təhsil müəssisələrinin əyani şöbəsində təhsil alan, lakin ən çoxu 23 yaşına çatanadək övladlarının ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin edilir. Təqdim etdiyiniz sənədlərin surətlərinə əsasən mərhum Məmmədova Tünzalə Valeh qızının sığorta stajı 7 il 4 ay 19 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən Nümayəndənın əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1996-cı il tarixindən xx.xx.2001-ci il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğundan (işə daxil olma və işdən azad olma qeydlərində qaralamalar olduğundan) həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün hesab edilmir. Bildiririk ki, Nümayəndənın xx.xx.1996-cı il tarixindən xx.xx.2001-ci il tarixinədək əmək haqqı almağını təsdiq edən sənədləri (əmək haqqı arayışları) və əmrlərdən çıxarışları təqdim etdikdən sonra həmin dövrlərin sığorta stajına daxil edilməsinə baxıla bilər. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, mərhum Nümayəndənın qanunla tələb olunan sığorta stajı (13 il 4 ay) olmadığı üçün sizə ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.5.1ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və 9.1.4.1-ci maddəsinə əsasən vəfat etmiş şəxsin uşaqlarına ailə başçısını itirməyə görə müavinət - 18 yaşına çatanadək (əyani təhsil alanlara təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla) təyin edilir. Qeyd olunmuş maddəyə əsasən sizə xx.xx.2024-cü il tarixindən 120 manat məbləğində ailə başçısını itirməyə görə sosial müavinət təyin edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır.”

6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-21-2-1/2-7247/2024 №-li cavab məktubunda qeyd olunmuşdur ki, dövlət reyestrində oxşar adlı "xxxx" Azərbaycan-X5 (köhnə VÖEN: 1********) xx.xx.1993-cü il tarixdə 385 nömrə ilə dövlət qeydiyyatından keçmiş, 2004cü ildən hal-hazıradək inventarlaşmadan keçmək və yeni VÖEN almaq üçün vergi orqanına müraciət etməmişdir. Mövcud məlumat bazasına əsasən "xxxx" Azərbaycan X5 (köhnə VÖEN: 1********) tərəfindən 1998-ci il tarixdən 2002-ci il tarixədək olan dövr ərzində 7 194,4 manat məbləğində vəsait dövlət büdcəsinə ödənilmişdir.

7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət qeydiyyat İdarəsinin xx.xx.2024cü il tarixli, 3-21-2-2-1/2-34962/2024 №-li məktubu ilə təqdim edilmiş “Şəhadətnamə”nin surətindən müəyyən olunur ki, xx.xx.1993-cü il tarixində SSRİ Maliyyə Nazirliyində xx.xx.1990-cı tarixdə 2063 № ilə qeydə keçirilmiş "xxxx" X1 Azərbaycan Respublikası Maliyyə Nazirliyində yenidən qeydə alınmışdır.

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ailə başçısını itirməyə görə xx.xx.2024-cü il tarixdən İddiaçı təyin olunmuş 120 manat əmək pensiyasının dəyişdirilərək, onun əvəzinə 280 manat əmək pensiyası təyin olunmasına köməklik göstərilməsini xahiş etmişdir.

9. Sonradan iddiaçının nümayəndəsi X7 məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən xx.xx.2005-ci il təvəllüdlü İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum anası 1-ci qrup əlilliyə görə sosial müavinət alan Məmmədova Tünzalə Valeh qızı xx.xx.2024-cil tarixində xərçəng xəstəliyindən vəfat etmişdir. O, Bakı Dövlət Universitetində əyani təhsil aldığına görə ailə başçısını itirdiyi üçün əmək pensiyası haqqında müraciət etmişdir. Lakin cavabdeh inzibati orqan təqdim edilmiş sənədlərə əsasən mərhum Məmmədova Tünzalə Valeh qızının sığorta stajı 13 il 4 ay 18 gün etsə də mərhumun sığorta stajı 7 il 4 ay 19 gün götürülərək, ona 280 AZN əmək pensiyası əvəzinə 120 AZN əmək sosial müavinat təyin edilmişdir. Mərhum anası Məmmədova Tünzalə Valeh qızı xx.xx.1996-cı il tarixindən xx.xx.2001-ci ilə qədər “PET-AZƏRİ ” birgə müəsisəsində dərzi işləməklə 5 il 11 ay 25 gün əmək stajı toplamaqla ümumi iş stajı 13 il 4 ay 18 gün etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Əmək kitabçasında həmin müəssisənin kadrlar şöbəsinin cüzi bir səhvini doldurulma qaydasının pozulduğu kimi qəbul edərək həmin 5 il 11 ay 25 günü sığorta stajına əlavə etmirlər. Hesab edir ki, cavabdeh inzibati orqanın imtinasının əsasları qanunsuz və ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunmalıdır.

11. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, mərhum Nümayəndənın ümumi iş stajı 7 il 4 ay 19 gün təşkil etdiyindən və sözügedən müddət qanunvericiliklə tələb olunan müddətdən (13 il 4 ay) az olduğundan iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilməmişdir. İddiaçının mərhum anasının əmək kitabçasında xx.xx.1996-cı il tarixdən xx.xx.2001-ci il tarixədək olan qeydlərdə əmək kitabçasının doldurulma qaydaları pozulduğundan (işə daxilolma və işdən azadolma qeydlərində qaralamaların olması), həmin dövrlər onun sığorta stajına daxil edilməmişdir.

12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3064/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, xx.xx.2005-ci il təvəllüdlü İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilmişdir.

13. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

b) Apellyasiya şikayətinin dəlilləri

14. Apellyasiya şikayəti iddiaya etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, mərhum Nümayəndənın sözügedən müəssisədə işə daxil olmasına və ya işdən çıxmasına və yaxud da əməkhaqqı almasına dair hər hansı məlumatlar əks olunmamışdır. Müəssisənin fəaliyyət göstərməsi şəxsin həmin müəssisədə əmək fəaliyyəti ilə məşğul olması anlamına gəlmir. Eləcə də, hazırki vəziyyətdə əmək kitabçasının mötəbərliyinə şübhə doğuracaq müdaxilələr olması və mərhumNümayəndənın heç bir arxiv sənədlərinə rast gəlinməməsi iddia olunan əmək fəaliyyətinin mövcudluğuna ciddi şübhələr yaradır. Lakin, qeyd olunan hallar məhkəmə tərəfindən araşdırılmamış, qanunvericiliyin tələbləri gözlənilmədən əsassız qərar qəbul olunmuşdur.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatları

16. Məhkəmədə iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləi baxımından məhkəmə kollegiyası iclası cavabdehin nümayəndəsinin iştrakı olmadan keçirilməsini mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

17. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığorta olunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası Maddə 14. Ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvləri 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan)aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2.18 yaşına çatanadək əlilliyimüəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək;

19.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə:

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

21.Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. 22.Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3 və 3.1-ci maddələrinə əsasən)

24. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 17-20-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

25. Belə ki, hazırkı işin hallarından görünür ki, İddiaçı ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunmasını tələb edir.

26. Cavabdeh orqan isə iddiaçının mərhum anası Nümayəndənın əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1996-cı il tarixindən xx.xx.2001-ci il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğundan (işə daxil olma və işdən azad olma qeydlərində qaralamalar olduğundan) həmin dövrlərin sığorta stajına daxil edilməsini qanunvericiliklə mümkün hesab etməmişdir.

27. İşin apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına və Azərbaycan Respublikası Dövlət Arxivi Bakı Filialına müvafir sorğular verilmişdir.

28. Azərbaycan Respublikası Dövlət Arxivi Bakı Filialı tərəfindən 06 may 2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən "xxxx" Birgə Müəssisəsinin arxiv sənədləri Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir.

29. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən 16 may 2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən xx.xx.2025-ci il tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən mərhum Məmmədova Tünzalə Valeh qızının əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1996-cı il tarixindən xx.xx.2001-ci il tarixinədək olan dövrün doldurulma qaydası pozulmuşdur (işə daxil olma və işdən azad olma qeydlərində qaralamalar olmuşdur). Əlavə olaraq bildirilir ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin xx.xx.2025-ci il tarixli 3-48- 4/2-133/2025 nömrəli məktubuna əsasən "xxxx" Birgə müəssisəsinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. Bu səbəbdən Nümayəndənın xx.xx.1996-cı il tarixindən xx.xx.2001-ci il tarixinədək "xxxx" Birgə müəssisəsindəki əmək fəaliyyəti dövrləri sığorta stajına daxil edilməmişdir.

30. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 12.1 və 17-ci maddələrinə əsasən, ölüm gününədək ailə başçısının əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olmaqla, ən azı 5 il sığorta stajına malik olmalıdır.

31. İş materiallarına əlavə edilmiş Əmək kitabçasında olan qeydlərdən görünür ki, iddiaçının S.Vurğun adına üzümçülük sovxozunda iş stajı 01 il, 21 gün, “Azərelektrotexnika” İstehsalat Birliyi “Naxçıvan” elektrotexnika zavodunda iş stajı 01 il, 11 ay, 01 gün, M.Əzizbəyov adına Neft və Kimya institutunun idman kompleksində iş stajı 03 il, 03 ay, 04 gün, Azərbaycan Elmər Akademiyası X4 iş stajı 01 il, 01 ay, 27 gün "xxxx" Birgə Müəssisəsində iş stajı 05 il, 11 ay, 26 gün təşkil edir.

32. Cavabdeh tərəfindən gətirilən əsas arqumentə (yəni Tünzalə Məmmədovanın əmək kitabçasında "xxxx" Birgə Müəssisəsində işə daxil olma və işdən azad olunma qeydlərində qaralamanın olması) münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, əmək kitabçasında olan qaralama Nümayəndənın əmək kitabçasının 2-ci qrafasında qeyd olunmuş tarix hissəsində deyil, 3-cü qrafada qeyd olunmuş işə götürmə qrafasında və hərif səhvinə edilmiş dəyişikliklə bağlı olduğuna görə əmək kitabçasında qeyd olunmuş yazıların mötəbərliyinə şübhə yaratması üçün əsas hesab edilə bilməz.

33. Göründüyü kimi Məmmədova Tünzalə Valeh qızının əmək kitabçasında olan qeydlər əsasında ümumillikdə 13 il, 04 ay, 20 gün sosial sığorta stajına malik olması iş materialları ilə sübut olunur.

34. İşçinin əmək fəaliyyəti haqqında sənəddə yəni, əmək kitabçasında onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər işçinin (hazırda iddiaçının) deyil, işlədiyi müəssisənin rəhbərliyinin səlahiyyətində olmuşdur. Həmin səlahiyyətə uyğun olaraq müəssisə tərəfindən əmək kitabçasının doldurulması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 saylı Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”na uyğun olaraq tərtib edilmişdir.

35. Göründüyü kimi, cavabdeh orqan məhkəməyə mərhuma məxsus əmək kitabçasının mötəbərliyini şübhə altına alan hər hansı bir sübut təqdim edə bilməmişdir.

36. Belə olan halda kollegiya hesab edir ki, mərhumun iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğundan və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyindən, iddiaçının əmək kitabçası ilə müəyyən olunmuş iş stajının onun sosial sığorta stajı kimi nəzərə alınması barədə birinci instansiya düzgün nəticəyə gəlmişdir.

37. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. 38.İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 39.Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3064/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. 40.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3064/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar