Məhkəmə qərarları › İş №2-1(103)-2509/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2509/2022

25.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2509/2022 25.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «üzərində mülkiyyət hüququ qeydiyyata alınmış torpaq sahəsinə dair plan və ölçünün verilməsi» tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2929/2022 saylı 07 aprel 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 18-25 oktyabr 2022-ci il tarixlərdə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X17 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, **********18 reyestr nömrəli, 24 iyul 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,0360 ha torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü”nün tərtib edilməsi və verilməsi öhdəliyinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində yerləşən, döngə 6, 362 saylı sahədə yaşayış məntəqələrinin torpaqları təyinatlı 0,0360 ha torpaq sahəsini bir müddət əvvəl X9 almışdır. Həmin torpaq sahəsinə dair DƏDRX 1 saylı Bakı Ərazi İdarəsindən **********18 reyestr nömrəli, 24 iyul 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Beləliklə, iddiaçının müvafiq torpaq sahəsi üzərində mülkiyyət, o cümlədən sahiblik və istifadə hüquqları yaranmış, həmin torpaq sahələsinin üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, yəni torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ vardır, hazırda da o, faktiki olaraq qanuni sahib kimi istifadə edir. Həmin torpaq sahəsi alındıqdan sonra oraya külli miqdarda vəsait qoyulmuş, müvafiq layihəyə əsasən yaşayış evi inşa edilmişdir. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun “mülkiyyətin müdafiəsi” adlı 1-ci maddəsində deyilir: Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanuna və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İddiaçı tərəfindən cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunaraq, həmin torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi və verilməsi xahiş olunmuşdur. Lakin cavabdeh 24 sentyabr 2021-ci il tarixli məktubla məsələnin həllindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, göstərilən torpaq sahəsinə digər fiziki şəxslərin müraciətləri daxil olmuş, bu səbəbdən plan və ölçünün tərtib edilməsi mümkün olmamışdır. Cavabdehin həmin imtinası qanunsuz və əsassız hesab edilir. Ona görə ki, həmin imtina məktubunda «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 11.1- ci maddəsinə istinad edilmişdir. Həmin maddə isə, mülkiyyət hüquqlarının qeydiyyatı üçün təqdim edilən sənədləri özündə ehtiva edir. İddiaçının inzibati orqandan tələbi hüquqların dövlət qeydiyyatı ilə bağlı deyil, artıq ən azı 7 il bundan əvvəl mülkiyyət hüququnun yarandığı və 7 il bundan əvvəl verilmiş texniki sənədin, yəni torpaq sahəsinin planı və ölçüsünün yeni mülkiyyətçi kimi iddiaçının adına tərtib olunması ilə əlaqədardır. İşdən göründüyü kimi, iddiaçı həmin torpaq sahəsini X9 almışdır. Həmin torpaq sahəsi 30 ilə yaxındır iddiaçı tərəfin istifadəsində olmuş, 3 sentyabr 2014-cü il tarixdə DƏDRX tərəfindən X13 adına həmin torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş, həmin vaxt adıçəkilən şəxsin torpaq sahəsinə mülkiyyət hüququ qeydiyyat alınmış və onun adına reyestrdən çıxarış verilmişdir. Bundan 7 il sonra X22 ilə iddiaçı arasında 17 iyul 2021-ci il tarixli alqı-satıü müqaviləsi balanaraq, torpaq shəsi iddiaçıya satılmış və cavabdeh tərəfindən onun adına reyestdən çıxarış verilmişdir. Alqısatqı müqaviləsi bağlandıqdan sonra iddiaçının mülkiyyət hüququnun qeydiyyat alınması üçün X13 adına verilmiş reyestrdən çıxarışın və “Torpaq sahəsinin planı və ölçüsü”nün əsllləri cavabdehə təqdim edilmişdir. Lakin cavabdeh tərəfindən iddiaçının adına torpaq sahəsinin planı və ölçü verilməmişdir. Cavabdeh inzibati orqan iddiaya qarşı yazılı etirazında qeyd etmişdir ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, iddiaçı tərəfindən qeyd edilən torpaq sahəsinə dair digər fiziki şəxslərin müraciətləri daxil olmuşdur. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa 24 sentyabr 2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 9, 10, 11.1, 23-cü maddələrinə əsaslanaraq, İPM-in 35.1, 48.2-ci maddələrini rəhbər tutaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2929/2022 saylı 07 aprel 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim: R.Kərimli) Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, idarənin elektron kadastr baza məlumatlarına əsasən sözügedən sahəyə digər fiziki şəxslər tərəfindən (X14 və X11) dəfələrlə müraciət olunduğundan ərazi mübahisəlidir. Həmçinin mərhum X4 adına Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2-1(81)-4522/2014 saylı qərarına əsasən (ləğv edilmiş) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən “Torpaq sahəsinin plan-ölçüsü“ (kadastr planı) mövcuddur. Bununla yanaşı, müvafiq torpaq sahəsi ilə bağlı hal-hazırda Bakı İnzibati Məhkəməsinin icraatında məhkəmə mübahisə mövcuddur. Belə ki mərhum X5 arvadı X7 cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsinin 26 yanvar 2022-ci il tarixli imtinasının əsassız sayılması, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 387 A ünvanında yerləşən fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 0,382 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və həmin torpağa dair İddiaçı verilmiş çıxarışın, həmin çıxarışın verilməsinə əsas olmuş xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir və iş icraata qəbul edilmişdir (hakim: Günel Sevdimalıyeva). Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, qeyd olunan hallar qanunsuz və əsassız olaraq məhkəmə tərəfindən nəzərə alınmamış və nəticədə qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. İddiaçının nümayəndəsi-vəkili tərəfindən məhkəməyə apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilərək göstərilmişdir ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən təqdim olunmuş və işdə olan sübutlar, o cümlədən cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə ünvanlanmış etirazda göstərilənlərə istinad etmişdir. Həm həmin məktubda, həm də məhkəmə prosesi zamanı cavabdehin nümayəndəsinin izahat və çıxışında isə İddiaçı tərəfindən qeyd edilən torpaq sahəsinə dair digər fiziki şəxslərin müraciətlərinin daxil olması göstərilsə də, həmin şəxslərin dairəsi barədə heç bir məlumat verilməmişdir. Həmin şəxslərin dairəsi və məhkəmə mübahisəsi barədə yalnız apelyasiya şikayətinin dəlillərində məlumat verilir ki, bu da əsaslı hesab edilə bilməz. Əvvəla ona görə ki, apellyasiya şikayətində adları çəkilən şəxslərin, yəni X14 və X7 iddia etdiyi torpaq sahəsinin İddiaçı mülkiyyətində olan torpaq sahəsinə heç bir aidiyyəti yoxdur. Bu halı müvafiq sahədə dövlət siyasətini həyata keçirən orqan kimi hamıdan yaxşı bilən cavabdeh, heç bir əsas olmadan bu halı apellyasiya şikayətinin dəlilləri kimi təqdim etmişdir. Halbuki, apellyasiya şikayətinin həmin dəlilləri tamamilə əsassızdır. Belə ki, bir faktı məhkəmənin nəzərinə çatdırırlar ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim M.Qarayeva) icraatında olan 2-1(81)-2400/2018 saylı iş üzrə iddiaçı X14 tərəfindən cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X22) iddia qaldırmış, uzun sürən məhkəmə prosesindən sonra həmin iddianın qanunsuz və əsassız olduğunu dərk edən iddiaçı həmin iddiadan imtina etmiş, nəticədə Bakı inzibati Məhkəməsinin (hakim M.Qarayeva) 2-1(112)- 40/2021 saylı xx.xx.2021-ci il tarixli “iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması” barədə qərardadı, həmçinin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-2400/2018 saylı xx.xx.2018-ci il tarixli “Müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi barədə qərardadının ləğv edilməsi haqqında Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 40/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı qəbul edilmişdir. Göründüyü kimi, cavabdeh həmin iş üzrə iddiaçının həmin iddiadan imtina etdiyini, bunun da nəticəsində Bakı inzibati Məhkəməsinin (hakim M.Qarayeva) 2-1(112)-40/2021 saylı xx.xx.2021-ci il tarixli müvafiq qərardadlarının qəbul edildiyini və qüvvədə olduğunu bilə-bilə, məhkəməni yönəltməyə cəhd edir. Apelyasiya şikayətinin digər dəlili isə X4 arvadı X12 tərəfindən yeni qaldırılmış iddia ilə bağlıdır. Halbuki, apelyasiya şikayətinin həmin dəlili də tamamilə əsassızdır. Belə ki, əvvəla həmin iddia hazırkı iş üzrə yekun qərar qəbul edildikdən sonra qaldırılıb. Lakin həmin iddianın da İddiaçı mülkiyyətində olan torpaq sahəsinə heç bir aidiyyəti yoxdur. Bu halı da hamıdan yaxşı bilən cavabdeh, heç bir əsas olmadan bu halı apellyasiya şikayətinin dəlilləri kimi təqdim etmişdir. Belə ki, həqiqətən, Bakı inzibati Məhkəməsinin (hakim G.Sevdimalıyeva) icraatında 2-1(112)-6947/2022 saylı iş vardır və həmin iş üzrə Bakı inzibati Məhkəməsinin 2-1(112)-6947/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə X22 və İddiaçı iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişlər. Həmin iş üzrə məhkəmənin müvafiq sərəncamı İlə yaranmış zərurətlə əlaqədar olaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvan 4 ünvanda yerləşən torpaq sahəsinə dair İddiaçı adına qeydiyyat üçün əsas olmuş bütün sənədlərin təqdim edilməsi barədə sorğu göndərilmiş, həmin sorğuya Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə cavab verilmiş, həmin məktuba yalnız İddiaçı adına verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın və alqı-satqı müqaviləsinin surəti əlavə edilmişdir. Belə ki, həmin torpaq sahəsinə dair İddiaçı adına qeydiyyat üçün əsas olmuş sənədlərdən biri də X13 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı səhər Ərazi İdarəsi tərəfindən AA BSS689 nömrəli, reyestr nömrəsi **********18 olan xx.xx.2014-cü ildə “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmiş və verilmişdir. Həmin “Torpaq sahəsinin planı və ölçüsü” də İddiaçı adına qeydiyyat üçün əsas olmuş bütün sənədlərin içərisində olmuş, lakin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tamamilə qərəzli olaraq qovluqdan həmin sənədin surətini məhkəməyə təqdim etməmiş və ya məqsədyönlü olaraq gizlətmişdir. Qeyd edək ki, təkcə X13 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü ildə tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” ilə müəyyən edilir ki, X22 tərəfindən İddiaçı satılmış və hazırda sonuncunun mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” iş üzrə iddiaçı X12 tərəfindən təqdim edilən və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X4 adına xx.xx.2014-cü ildə tərtib edilmiş "Torpaq sahəsinin planı və ölçüsü”ndən 2 ay 16 gün əvvəl verilmişdir. Burada bir faktı da məhkəmənin nəzərinə çatdırlar ki, X13 adına xx.xx.2014-cü ildə tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü”ndə ünvan: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, döngə 6, 362, X4 adına xx.xx.2014-cü ildə tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü”ndə isə ünvan: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 387a göstərilmişdir. Göründüyü kimi, əvvəla ünvanlar fərqlidir, digər tərəfdən X13 adına tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü”ndəki ünvan daha dəqiq, yəni döngə 6, 362 göstərilmiş, X4 adına tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü”ndə isə ünvan fərqli olmaqla yanaşı, həm də natamamdır (387a). Məhkəmənin nəzərinə çatdırılmalı digər məqam ondan ibarətdir ki, X4 adına tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014cü il tarixli 2-1(081)-4522/2014 saylı qərarına əsasən verilmiş, bundan cəmi 32 gün sonra, yəni xx.xx.2014-cü il tarixdə cavabdeh Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən icra edilmişdir. Həmin qərardan cavabdeh Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən apellyasiya şikayətinin verilməməsi və dərhal icra edilməsi də əsaslı şübhələr yaradır. O da nəzərə alınmalıdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014cu il tarixli qərarına əsasan 600 kv.m torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü”nün tərtib edilməsi qərara alınmış və icra edilmiş, hazırkı iddianın predmeti isə yalnız 0,382 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması barədədir. Burada məntiqi sual ortaya çıxır: Bəs onda qalan 0.218 ha torpaq sahəsi haradadır?! Qeyd edək ki, X13 adına tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü”ndən isə görünür ki, həmin sahə Bakı səhəri 28 saylı DNK-da xx.xx.2014-cü il tarixli 46-172 nömrəli alqı-satqı müqaviləsinə əsasən tamamilə digər şəxs tərəfindən X1, satılan zaman həmin şəxsin mülkiyyətində olmuş sənəd üzrə sahəsi 0,086 ha, faktiki sahə de 0.036 ha olmuşdur. Beləliklə, iddia olunan torpaq sahəsi ilə hazırda İddiaçı mülkiyyətində torpaq sahəsinin ölçüləri də fərqlidir. 0,036 ha torpaq sahəsinin X26sına satılması ilə bağlı 30.08 2014-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən bir fakt da müəyyən olunur ki, hazırkı iş üzrə üçüncü şəxs İddiaçı həmin torpaq sahəsinin hazırda məlum olan üçüncü alıcısı-mülkiyyətçisidir. Onu da demək istəyir ki, İddiaçı vicdanlı alıcıdır. Həmin iş üzrə iddiaçı X8 tərəfindən 0.382 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə iddia qaldırılıb. Belə ki, iddianın əsasını təşkil edən X4 adına olan arxiv sənədləri və həmin sənədlər əsasında tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü”ndə torpaq sahəsi 600 kv.m. yəni 0.06 ha X22 tərəfindən İddiaçı satılmış və hazırda sonuncunun mülkiyyətində olan torpaq sahəsi 0.036 ha. hazırkı iş üzrə iddiaçı X7 tərəfindən mülkiyyət hüquqlarının qeydiyyata alınması tələb edilən sahə isə 0.382 ha təşkil edir. Bu hal da həmin iddianın əsassız və məntiqsiz olduğunu bir daha göstərir. Bir əsas faktı da məhkəmənin nəzərinə çatdırırlar ki, torpaq sahəsinin planı və ölçülərindən görünür ki, X13 adına tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü”ndə torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə X4 adına tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü”ndəki torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları da tam fərqlidir. Onu da qeyd edir ki, həmin iş üzrə iddiaçı X7 Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X4 adına tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü”nə dair iddianı qaldırmağa subyektiv hüququ da yoxdur. Belə ki. əvvəla “Torpaq sahəsinin planı və ölçüsü” mülkiyyət sənədi deyil, texniki sənəddir, ikincisi, hətta həmin torpaq sahəsinə dair X4 adına mülkiyyət sənədi əldə edilsə belə, o halda hazırkı iş üzrə iddiaçı X7 vərəsəliyi müəyyən edilməli və yalnız bundan sonra müvafiq iddia qaldırıla illər. Bundan başqa, Bakı İnzibati Məhkəməsinin (hakim G.Sevdimalıyeva) icraatında olan 2-1(112)-6947/2022 saylı iş üzrə məhkəmənin sorğusuna əsasən məhkəməyə daxil olmuş Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi idarəsinin xx.xx.2022-ci 11 tarixli məktubu və ona əlavə edilmiş sənədlərlə faktiki olaraq mübahisəyə tam aydınlıq gətirilmiş və iddianın tam əsassız olması müəyyən edilir. Belə ki, həmin sənədlərlə müəyyən edilir ki, hazırda İddiaçı mülkiyyətində olan sahə ilkin olaraq Səbail rayon İHB-nın xx.xx.1993-cü il tarixli 2292 saylı Sərəncamına əsasən X15 verilmiş, həmin torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestrində ilkin qeydiyyat xx.xx.2013-cü il tarixdə X10 adına aparılmış, bundan sonra həmin torpaq sahəsi xx.xx.2014-cü il tarixdə X21, tərəfindən X2 və sonuncunun adına xx.xx.2014-cü il tarixdə qeydiyyat aparılmış, bundan sonra həmin torpaq sahəsi xx.xx.2014-cü il tarixdə X23 tərəfindən X3 və sonuncunun adına xx.xx.2014-cü il tarixdə qeydiyyat aparılmış, bundan sonra isə həmin torpaq sahəsi xx.xx.2021-ci il tarixdə X22 tərəfindən İddiaçı satılmış və sonuncunun adına xx.xx.2021-ci il tarixdə qeydiyyat aparılmışdır. Beləliklə, həmin sənədlərlə müəyyən edilir ki, hazırkı iş üzrə üçüncü şəxs İddiaçı həmin torpaq sahəsinin hazırda məlum olan dördüncü alıcısı-mülkiyyətçisidir və o, vicdanlı alıcıdır. Həmin sənədlərlə o da müəyyən edilir ki, X15 torpaq sahəsinin verilməsinə dair Səbail rayon İHB-nın xx.xx.1993-cü il tarixli 2292 saylı Sərəncamı X6 torpaq sahəsinin verilməsinə dair Səbail rayon İHB-nın xx.xx.1994-cü il tarixli 2647 saylı Sərəncamından 1 il əvvəl verilmiş və fərqli sahələrdir. Beləliklə, göründüyü kimi, Apelyasiya şikayətinin həmin dəlilləri tamamilə əsassızdır. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyası iş üzrə iddiaçının nümayəndəsi-vəkilinin izahatını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan AN-İ №0934081 Daşınmaz Əmlakın alqı-satqı Müqaviləsindən görünür ki, İddiaçı ünvan 4 sahədə ünvanda yerləşən ümumi sahəsi 0,0360 ha torpaq sahəsini X9 almışdır. İş materiallarında olan **********18 reyestr nömrəli, 24 iyul 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,036 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarında olan İddiaçının hazırki tələblə bağlı cavabdeh inzibati orqana etdiyi müraciətə cavab olaraq DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********73 №li xx.xx.2021-ci il tarixli imtina məktubunda göstərilmişdir ki, iddiaçı tərəfindən qeyd edilən torpaq sahəsinə dair digər fiziki şəxslərin müraciətləri daxil olmuşdur. Bu səbəbdən plan və ölçünün tərtib edilməsi tərəflərindən mümkün olmamışdır. İşdən görünür ki, iddiaçı **********18 reyestr nömrəli, 24 iyul 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,0360 ha torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü”nün tərtib edilməsi və verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və mövqeyini aşağıdakılarla əsaslandırmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı AR Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Həmin Qanunun 8-ci maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.3) daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: (10.2.1) hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, (10.2.2) torpaq sahəsinin planı və ölçüsü, (10.2.3) torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, (10.2.4) dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Prezidentinin 17 iyun 2015-ci il tarixli 553 nömrəli Fərmanı ilə “Torpaq sahəsinin planı və ölçüsü”nün təsviri təsdiq edilmişdir. Sənədin 4-cü bəndinə görə plan və ölçüdə aşağıdakılar göstərilir: Komitənin, habelə onun strukturuna daxil olan, plan və ölçünü verən qurumun adı, torpaq sahəsinin ünvanı, ünvan olmadıqda isə Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə uyğun olaraq onun yerləşdiyi ərazi vahidi, torpaq sahəsi üzərində hüquq sahibi haqqında məlumat, torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı), torpaq sahəsinin mülkiyyət növü, torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınan hüququn növü, torpaq sahəsinə daşınmaz əmlak obyekti kimi verilən reyestr nömrəsi, torpaq sahəsinin hüquq-müəyyənedici sənədlərdə əksini tapmış sahəsi (hektarla), torpaq sahəsinin inventarlaşdırılma (çöl ölçmə) işləri nəticəsində müəyyən edilmiş faktiki sahəsi (hektarla), torpaq sahəsində mövcud olan servitutlar barədə məlumat, plan və ölçünün tərtib edilməsi üçün əsas olan sənədin rekvizitləri, plan və ölçünün tərtib edilməsi tarixi, torpaq sahəsinin kadastr göstəriciləri, o cümlədən torpaq sahəsinin qaiməsi (sertifikatı), torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və onlar arasındakı məsafələr, torpaq sahələri üzrə rəqəmli (elektron) kadastr xəritəsindən çıxarış, şərti işarələr (rəqəmli (elektron) kadastr xəritəsindən çıxarışda göstərilən işarələrin təsviri), torpaq sahəsinin qonşu sərhədləri, torpaq sahəsinin ölçüsünə müvafiq miqyasda tərtib olunmuş torpaq sahəsinin planı, plan və ölçünün X29 Kitabında uçota alındığı nömrə və tarix (üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahəsinə dair tərtib edilən plan və ölçü istisna olmaqla), Komitənin strukturuna daxil olan qurumun möhür yeri, vəzifəli şəxsinin imzası, soyadı, adı, atasının adı, plan və ölçünü tərtib etmiş icraçının imzası, soyadı, adı, atasının adı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları» təsdiq edilmişdir. Qaydaların 4-cü bəndinə görə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 gün müddətində icra edilir. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Göründüyü kimi, mövcud qanunvericilik (o cümlədən, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir və daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr bu əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Həmçinin, qanunvericilik normaları daşınmaz əmlaka, o cümlədən torpaq sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatını həmin əmlakın müvafiq əlamətlərini özündə əks etdirən “Torpaq sahəsinin planı və ölçüsü”nün tərtib edilməsi ilə şərtləndirir. Hazırkı işin hallarına görə isə, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, deməli göstəriciləri əks olunan torpaq sahəsinə müvafiq alqı-satqı müqaviləsi əsasında alıcı kimi İddiaçı mülkiyyət hüquqlarının qeydiyyatı aparılsa da, onun adına yeni “Torpaq sahəsinin planı və ölçüsü”nün tərtib olunması təmin edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində üzərində hüquqlar qeydiyyata alınmış və həmin qeydiyyat ləğv olunmamış torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” qeydiyyat orqanı tərəfindən mülkiyyətçinin adına şərtsiz olaraq tərtib edilməli və ona verilməlidir. Üzərində hüquq qeydiyyat alınmış (ləğv edilməmiş) həmin torpaq sahəsi ilə bağlı hər hansı şəxsin qeydiyyat orqanına müraciəti heç bir halda, mülkiyyətçiyə plan və ölçünün verilməməsinə əsas vermir. Belə olan halda məhkəmə cavabdeh inzibati orqanın mövqeyi ilə razılaşmamış və hesab etmişdir ki, iddiaçının müvafiq torpaq sahəsinə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığından, həmin torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü”nün tərtib edilərək iddiaçıya verilməsindən imtina olunması qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin mahiyyətcə imtinada göstərilən əsaslarla eyni olan dəlilləri üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın nəticələri ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu Qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydasını müəyyən edir. Həmin Qanunun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Həmin Qanununun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. İş materialları ilə müəyyən olunur ki, İddiaçı Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,0360 ha torpaq sahəsinə müvafiq alqı-satqı müqaviləsi əsasında mülkiyyət hüququ əldə etmiş və onun hüququ hazırkı cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınmış, bu barədə müvafiq reyestrdən çıxarış verilmişdir. Sonradan iddiaçı həmin qeydiyyat əsasında sözügedən torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü”nün verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh məsələnin həllindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən qeyd edilən torpaq sahəsinə dair digər fiziki şəxslərin müraciətləri daxil olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh qanunvericiliyin tələblərini formal mülahizələrdən çıxış edərək təmin etməmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.23 və 3.0.29-cu bəndlərinə əsasən, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifələrinə aiddir. Qeyd edilən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması, həmin torpaq sahəsinə plan ölçünün verilməsinə əsas verdiyinə baxmayaraq, cavabdeh əsassız olaraq torpaq sahəsinə dair digər fiziki şəxslərin müraciətlərin daxil olması əsası ilə imtina etmişdir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh imtinasında, eləcə də apellyasiya şikayətində iddiaçıya məxsus torpaq sahəsinə dair digər fiziki şəxslərin müraciətlərin daxil olmasını bildirsə də məhz həmin şəxslərə aid torpaq sahəsinin iddiaçıya məxsus torpaq sahəsi ilə əlaqəsinin olmasına dair hər hansı mötəbər sübutu nə birinci instansiya məhkəməsinə nə də apellyasiya instansiya məhkəməsinə təqdim edə bilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının tələbinin təmin olunmasından imtina edilməklə iddiaçının göstərilən hüquqlarının və qanunla qorunan mənafelərinin pozulmasına yol verilmişdir. Buna görə də iddiaçının tələb etdiyi torpaq sahəsinin plan ölçünün verilməsi öhdəliyinin inzibati orqanın üzərinə qoyulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəlləni 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2929/2022 saylı 07 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar