Məhkəmə qərarları › İş №2-1(103)-2509/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2509/2024

27.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2509/2024 27.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsinə (hüquqi varisi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə) “torpaq sahəsinin plan və ölçüsünün verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X9 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X4 və X8 ibarət tərkibdə, Pərvin Adil qızı İbrahimovanın katibliyi ilə, Ərizəçinin nümayəndəsi Vəkil iştirakı ilə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2779/2013 saylı xx.xx.2013-cü il tarixli qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə X2nun ərizəsinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2779/2013 saylı 28 fevral 2024cü il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş şikayinə 27 iyun 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2779/2013 saylı xx.xx.2013-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0.12 ha torpaq sahəsindən ibarət 1316 a saylı bağ sahəsinə “Torpaq sahəsinin planı və ölçüsü”nün verilməsi vəzifəsinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsinə (hüquqi varisi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə) həvalə edilməsi qərara alınmışdır. Həmin qərar xx.xx.2013-cü il tarixdə qanuni qüvvəsini almışdır. Sonradan X2 tərəfindən Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət edilərək, iş üzrə üçüncü şəxs qismində cəlb edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 2779/2013 saylı, xx.xx.2013-cü il tarixli qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri Ləhiş bağ massivində yerləşən 1318 saylı bağ sahəsinə dair “çıxarışın və plan ölçü sənədinin verilməsi” tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə araşdırmaları zamanı ekspert rəyi ilə məlum olmuşdur ki, ona məxsus 1318 saylı bağ torpaq sahəsi 1316a saylı bağ sahəsi ilə üst-üstə düşür. Məhkəmə tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2023-cü il tarixli 2- 1(112)-924/2023 saylı sorğuya cavab məktubuna əlavə olunmuş sənədlərdən məlum olmuşdur ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2-1(82)-2779/2013 saylı qərarı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İddiaçı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi verilmişdir. Müraciəti əsasında qeyd olunan inzibati iş üzrə məhkəmə qərarı əldə olunmuşdur. Həmin qərarın məzmunundan da görünür ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ ərazisində yerləşən istifadəsinə verilmiş 1316a saylı bağ sahəsinin adına sənədləşdirilməsi üçün DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsinə müraciət etmişdir. Lakin hər iki təşkilat tərəfindən iddiaçının müraciətinin müsbət həllindən imtina edilmişdir. İmtinanın əsası kimi o, göstərilmişdir ki, iddiaçının iddia etdiyi yer bağların sxematik xəritəsinə əsasən 1316a saylı bağ sahəsinin yerinə deyil, 1318 saylı bağ sahəsinin yerinə, yəni onun istifadəsinə verilmiş bağ sahəsinin yerinə uyğun gəlir. Göründüyü kimi, sözügedən məhkəmə qərarı onun maraqlarına toxunur. Ona görə də hesab edir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2779/2013 saylı, xx.xx.2013-cü il tarixli qərarı ləğv edilməli, o, 3-cü şəxs qismində cəlb edilməklə həmin işə yenidən baxılmalıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2779/2013 saylı 28 fevral 2024-cü il tarixli qərardadı ilə ərizənin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan ərizəçi tərəfindən apellyasiya şikayəti verilərək qərardadın ləğv edilməsi və onun 3-cü şəxs qismində cəlb edilməklə işə yenidən baxılmasına dair qərardad qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti ərizəçinin “onun üçüncü şəxs qismində işə cəlb olunması və icraatın təzələnməsi” barədə ərizəsinin məzmunu ilə eynilik təşkil edir. Tərəflərin izahatları Ərizəçinin nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək ərizənin təmin edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı və cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İnzibati məhkəmə icraatının iştirakçısı hazıki işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə İddiaçı və cavabdeh Azərbaycan Respublikası Dövlət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Hazırki işdən müəyyən olunur ki, X2 iş üzrə üçüncü şəxs qismində cəlb edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2779/2013 saylı, xx.xx.2013-cü il tarixli qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərar qəbul edilməsini tələb edir. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməməklə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, İnzibati Prosessual Məcəllənin 28-ci maddəsinə əsasən, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Hazırki işdə ərizəçi işə 3-cü şəxs qismində cəlb edilməli olduğunu onunla əsaslandırır ki, 2-1 (82)-2779/20213 saylı inzibati işə baxılarkən imtinanın əsası kimi iddiaçının iddia etdiyi torpaq sahəsinin bağların sxematik xəritəsinə əsasən 1318 saylı bağ sahəsinin yerinə uyğun gəldiyi göstərildiyi halda, məhkəmə öz təşəbbüsü ilə maraqlarına toxunulan şəxs kimi, yəni 1318 saylı bağ sahəsinin qanuni sahibi kimi, onu üçüncü şəxs qismində inzibati işə cəlb etməli idi. Lakin məhkəmə tərəfindən həmin işə baxılarkən o, 3-cü şəxs qismində işə cəlb edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə ərizəçinin üçüncü şəxs kimi işə cəlb olunmasına baxıldıqda ilk növbədə onun adi, yoxsa zəruri cəlbetmə qaydasında işə cəlb olunmasına dair məsələyə diqqət yetirmək lazımdır. İPM-in 28.1-ci maddəsi üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb olunması ilə bağlı adi cəlbetmə, 28.2-ci maddəsi isə zəruri cəlbetməni tənzimləyir. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2017-ci il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “Zəruri cəlbetmə o zaman mövcud olur ki, qəbul ediləcək məhkəmə qərarı tək inzibati məhkəmə icraatının tərəfləri barəsində deyil, həmçinin üçüncü şəxsə münasibətdə də hüquqi qüvvəyə malik olsun. Əgər məhkəmə qərarını üçüncü şəxsin hüquqlarına müdaxilə etmədən (başqa şəxs üçün hüquq və vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya ləğv edilməsi) qəbul etmək mümkün deyilsə, həmin şəxs mütləq məhkəmə icraatına cəlb edilməli və bu, zəruri cəlbetmə kimi qiymətləndirilməlidir. Bu hal bir qayda olaraq o zaman mövcud olur ki, üçüncü şəxsin mübahisəli hüquq münasibətlərində birbaşa iştirakı olsun və münasibətin hüquqi taleyi həll edildiyi zaman qəbul edilmiş qərar onun maraqlarına təsir etsin. Bu halda həmin şəxs üçüncü şəxs qismində, yəni iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməlidir”. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 01/2022 saylı 17 fevral 2022-ci il tarixli “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” qərardadında qeyd edilmişdir ki, “Zəruri cəlbetmə halının mövcudluğu üçün üçüncü şəxsin mübahisəli hüquq münasibətində bilavasitə iştirakı tələb olunur. Çünki İPM-in 28.2-ci maddəsinin tələblərinə əsasən zəruri cəlbedilən mübahisəli hüquq münasibətinin bilavasitə iştirakçısı olmalıdır. Bundan başqa, çıxarılacaq məhkəmə qərarı həm icraatın tərəflərinə, həm də üçüncü şəxsə münasibətdə vahid qərarın qəbul edilməsini şərtləndirməlidir. Adi cəlbetmə ilə zəruri cəlbetməni fərqləndirmək üçün əsas meyar zəruri cəlbetmədə vahid qərarın qəbul olunmasının vacibliyidir. Burada əsas fərq ondan ibarətdir ki, cəlb edilməsi zəruri olan üçüncü şəxslərin daxil olduğu mübahisəli hüquq münasibəti ilə əlaqədar məhkəmə yalnız belə şəxslər cəlb edildikdən sonra işə baxa və həmin şəxslər daxil olmaqla prosesin bütün tərəflərinə münasibətdə yekun və ədalətli qərar verə bilər. Zəruri cəlbetmə halında üçüncü şəxslər mübahisəli hüquq münasibətinin elə tərəfi olmalıdırlar ki, məhkəmə qərarı prosesin tərəfləri ilə birlikdə üçüncü şəxslərin də mütləq iştirakı ilə bütün tərəflərə münasibətdə vahid formada qəbul edilə bilsin. Bu hal o zaman mövcud olur ki, məhkəmə qərarını birbaşa olaraq üçüncü şəxslərin hüquqlarına müdaxilə etmədən effektiv şəkildə qəbul etmək mümkün olmur. Vahid qərardan isə o zaman söz edilə bilər ki, çıxarılmış qərar üçüncü şəxsin hüquqi statusuna birbaşa təsir edə bilsin. Əgər məhz məhkəmə qərarının çıxarılması nəticəsində hüquq və vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya ləğv edilməsi baş verirsə, hüquqi statusa həmin qərarla birbaşa təsir edilmiş olur. Qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının mübahisənin tərəfi olmayan digər şəxslərin hüquqi statuslarına göstərəcəyi mümkün təsirin dərəcəsi və intensivliyi cəlbetmənin adi, yaxud zəruri olduğunun müəyyənləşdirilməsi baxımından önəm kəsb edə bilər. Təsirin yüksək dərəcəsi və müdaxilə intensivliyinin çoxluğu bir qayda olaraq zəruri cəlbetmənin mövcudluğuna işarə edir. Beləliklə, əgər aidiyyəti olan şəxsin hüquqi statusuna birbaşa təsir və ya müdaxilə etmədən məhkəmə qərarını qəbul etmək mümkün deyilsə, o zaman hüququna müdaxilə edilməsi nəzərdə tutulan şəxs zəruri cəlbetmə qaydasında icraatda iştiraka cəlb olunmalıdır.” Hazırki işdə ərizəçinin ərizəsinin dəlillərindən görünür ki, o, inzibati məhkəmə icraatına cəlb olunmasını zəruri cəlbetmə qaydasında tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən qərarındakı hüquqi mövqelərə görə qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi yalnız zəruri cəlbetmə qaydasında üçüncü şəxslərin icraata cəlb edilməli olduğu hal müəyyən edildikdə yol veriləndir. Başqa sözlə, əgər adi qaydada cəlbetmə həyata keçirilməlidirsə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilə bilməz. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixi qərarında göstərilmişdir ki, Lakin məhkəmə qanuni qüvvəyə minmiş qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edərkən hüquqi müəyyənliyin mühüm tərkib hissəsi olan məhkəmə qərarlarının stabilliyi prinsipinin qorunması məqsədilə maraqlı şəxsin üçüncü şəxs qismində işə cəlb edilməsi üçün aşağıdakılara xüsusi diqqət yetirməlidir: - qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulub-pozulmamasına; - inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsinə. Beləliklə, həmin şəxs məhkəməyə müraciətində öz hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasını və bu pozuntunun ona hansı vaxtdan məlum olduğunu əsaslandırmalıdır. İşin birinci instansiya məhkəməsində icraatı zamanı müəyyən edilmişdir ki, İddiaçı ərizə ilə cavabdehə müraciət edərək istifadəsində olan bağ sahəsinə torpaq sahəsinin planı və ölçüsünün hazırlanmasını xahiş etmiş, təqdim olunmuş sənədlər cavabdeh tərəfindən araşdırılarkən məlum olmuşdur ki, torpaq sahəsinin faktiki yeri və ölçüləri Ləhiş ərazisi üzrə bağ sahələrinin yerləşmə sxeminə uyğun gəlmir. Belə ki, iddiaçıya 1316 a saylı bağ sahəsi ayrıldığı halda, sxematik xəritəyə əsasən faktiki olaraq 1318 və 1319 saylı bağ sahələrinə aid ərazidən istifadə edir. Bundan əlavə, bağ sahəsi layihəyə uyğun 48 m × 25 m konfiqurasiyada deyil, 40 m × 30 m ölçüdə hasarlanmışdır ki, nəticədə bağlararası yolun bir hissəsi hasarlanmışdır. Bununla əlaqədar iddiaçının ərizəsi təmin edilməmiş və xx.xx.2013-cü il tarixli xx/xx-2962 nömrəli məktubla iddiaçıya məlumat verilmişdir. Məhkəmə qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə bir nəticəyə gəlmişdir ki, cavabdehin imtinası iddiaçının istifadə etdiyi torpaq sahəsi üzərindəki hüquqlarını tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır. Belə ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 222 saylı sərəncamına əsasən Birlik ilə iddiaçı arasında 24 iyul 2006-cı il tarixdə bağlanmış 30413 nömrəli bağın istifadəyə verilməsi barədə müqavilə əsasında Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0.12 ha torpaq sahəsi olan 1316 a saylı bağ sahəsi iddiaçının istifadəsinə verilmiş, qanuni qüvvəsini almış 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 iyun 2013-cü il tarixli 2 in(82)-1431/2013 nömrəli qərarı ilə həmin bağ sahəsinə plan-sxemin verilməsi DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmiş, həmin qərar icra edilərək iddiaçının istifadəsində olan bağ sahəsinə plan-sxem tərtib edilərək ona təqdim edilmişdir. Həmçinin, imtina məktubunda göstərilən hal, yəni iddiaçının 1316 a saylı bağ sahəsi əvəzinə 1318 saylı bağ sahəsinin ərazisindən istifadə etməsi qeyd olunan məhkəmə qərarında mübahisələndirilmiş və məhkəmə tərəfindən həmin məsələyə hüquqi qiymət verilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2 in(82)-1431/2013 nömrəli 07 iyun 2013cü il tarixli qərarına əsasən məhkəmə hesab etmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və İstismarı Birliyinin 30413 saylı 24 iyul 2006-cı il tarixli “Bağın istifadəyə verilməsi haqqında” müqaviləsinə əsasən iddiaçı H.Həsnovun istifadəsinə verilmiş bağın nömrəsinin məhz 1316 a olması Bakı şəhər X3 mühəndisləri tərəfindən yerində ölçmə işləri aparılarkən bir daha təsdiq olunmuşdur. Cavabdeh 05 mart 2023-cü il tarixli imtina məktubunda iddiaçının istifadəsində olan bağ sahəsinin nömrəsində uyğunsuzluğun olmasını, iddiaçının 1318 saylı bağ sahəsinin ərazisindən istifadə etdiyini göstərsə də, imtinasını əsaslandıran sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçının qanuni istifadəsində olan bağ sahəsinin nömrəsində hər hansı uyğunsuzluğun olması müəyyən edilməmiş və əksinə, arxiv daşıyıcısı olan cavabdehin verdiyi arxiv əsaslarında iddiaçının istifadəsində olan bağ sahəsinin nömrəsinin 1316 a olması qeyd olunmuşdur. Həmçinin, iş materiallarında olan “1316a” saylı və “1318” saylı bağ sahələrinin ayrılmasına dair müqavilələrdən görünür ki, “1316a” saylı bağ sahəsi iddiaçıya 24 iyul 2006-cı il tarixli müqavilə ilə, “1318” saylı bağ sahəsi isə X2na 19 sentyabr 2006-cı il tarixli müqavilə əsasında ayrılmışdır. Həmin müqavilə birinci instansiya məhkəməsinin mübahisəli bağ sahəsinin iddiaçıya ayrılması zamanı bağ sahəsinin boş olmasına dair mövqeyinin düzgün olduğunu bir daha təsdiq edir. Digər tərəfdən məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə xx.xx.2013-cü il tarixli məhkəmə qərarı ilə iddiaçının tələb etdiyi və ona yuxarıda qeyd olunan müqavilə ilə ayrılmış məhz 1316a saylı bağ sahəsinə dair plan və ölçü sənədinin hazırlanıb verilməsi vəzifəsi inzibati orqana həvalə edilmişdir. Həmin məhkəmə qərarı ilə iddiaçıya plan və ölçü sənədinin verilməsi qərara alınan bağ sahəsinin nömrəsi “1318” (ərizəçinin bağ sahəsinin nömrəsi) olsaydı, məhkəmə qərarının ərizəçi Nazim Qayıbovun hüquqlarına toxunduğu qənaətinə gəlmək olardı. Hazırki vəziyyətdə isə xx.xx.2013-cü il tarixli məhkəmə qərarının ərizəçi Nazim Qayıbovun hüquqlarını və qanunla qorunan maraqlarını əhəmiyyətli dərəcədə pozduğu halı mövcud olmadığından ərizəçinin ərizəsinin təmin olunması qeyri-mümkündür. Odur ki, ərizəçinin göstərdiyi dəlillər onun 3-cü şəxs qismində işə cəlb olunmasını qanunla tələb etmir və qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilməsi üçün əsaslar mövcud deyildir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə çıxarılan xx.xx.2013cü il tarixli məhkəmə aktı X2nun hər hansı qanuni mənafeyinə toxunmadığından birinci instansiya məhkəməsi düzgün olaraq sonuncunun işə cəlb olunmasından imtina etmişdir. Bununla bağlı X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2779/2013 saylı 28 fevral 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2779/2013 saylı 28 fevral 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X12 Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar