Məhkəmə qərarları › İş №2-1(103)-2509/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2509/2025

24.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2509/2025 24.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi (qardaşı) Nümayəndə, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati işlə bağlı ərizəçi İddiaçı yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin 13 mart 2025-ci il tarixli, e-2-1(112)-1486/2023 saylı qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci tarixli əlilliyin qiymətləndirilməsi göndərişi əsasında ikinci dərəcəli əlillik statusunun xx.xx.2021-ci il tarixdən təkrar təsdiq edilməsi, əlilliyin təkrar qiymətləndirilməsində buraxılmış 6 ay 15 gün müddətə görə kompensasiyanın hesablanıb tam həcmdə ödənilməsi, xx.xx.2012-ci il tarixində təyin edilən əlilliyə görə əmək pensiyasının yenidən hesablanması, xx.xx.2012-ci il tarixindən hazırkı dövrə qədər fərq məbləğinin hesablanaraq tam həcmdə ödənilməsi öhdəyilinin cavabdehlərə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 02 noyabr 2022-ci il tarixli qərardadı ilə, ərizə təmin edilərək, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Birinci instansiya məhkəməsinin eyni tarixli qərardadı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “pensiyanın yenidən hesablanması və əlillik statusunun təsdiq edilməsi” tələbinə dair iş - İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbi üzrə icraat e-2-1(112)-9922/2022 nömrə ilə; - İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik statusunun təsdiq edilməsi” tələbi üzrə icraat yeni nömrə ilə qeydiyyata alınmaqla ayrılması qərara alınmışdır. İddiaçı 02 noyabr 2022-ci il tarixdə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 31 avqust tarixli, 3-17-1/2-199889/2023 saylı məktubunda göstərilənlər nəzərə alınmaqla xx.xx.2012-ci il tarixində təyin edilən əlilliyə görə əmək pensiyasının yenidən hesablanması və fərq məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizədə göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəmənin sorğusunun cavablandırılması barədə 14 aprel 2023-cü il tarixli məktubunda göstərilən hesablamalarla əlaqədar bildirilir ki, hesablanmış 25 il 8 ay 9 gün sığorta stajı və həmin dövr üçün hesablanmış 70,45 manat pensiyanın sığorta hissəsi mübahisələndirilmir. Lakin məktubda göstərilən Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə istnadən xx.xx.2006-cı il - xx.xx.2012-ci il dövrü üçün 2477,29 manat indeksləşdirilmiş pensiya kapitalı və onun əsasında hesablanmış 22,61 manat pensiyanın sığorta hissəsi səhv hesablanmışdır. Belə ki, Məhkəmənin xx.xx.2023-cü il tarixli, e-2(112)1486/2023 nömrəli sorğusuna cavab olaraq cavabdehin 31 avqust tarixli, 3-17-1/2-199889/2023 saylı məktubunda göstərilmişdir ki, 2007-ci il -2013-cü il dövrü üçün ödənilmiş pensiya kapitalı 3983,24 manat təşkil edir. Həmin məktuba əlavə edilmiş cədvəldən görünür ki, xx.xx.2006cı il-xx.xx.2012-ci il dövrü üçün ödənilmiş pensiya kapitalı 3983,24 manat - (18,7x 9 =168,3) manat = 3 814,94 manat təşkil edir. İddiaçı tərəfin verdiyi iddia tələbinin dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(112)-1486/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(103)-1467/2024 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(112)-1486/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respblikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-2839/2024 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)- 1467/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Ərizəçi (iddiaçı) İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, birinci instansiya mərhələsində işə baxılarkən cavabdeh pensiyanı bir daha yenidən hesalayaraq əyani təhsil müddəti nəzərə alınmaqla sığorta stajı ilə əlaqədar buraxılmış səhvləri aradan qaldırmış, “xx.xx.2006-cı il tarixinədək qazanılmış əmək pensiyasının sığorta hissəsini” pensiya təyin edilən xx.xx.2012-ci il tarixinə indeksləşdirilməklə düzgün müəyyən etsə də, bundan sonrakı dövrdə “2006 - 2012- ci illər ərzində fərdi hesaba ödənilmiş məcburi dövlət sosial sığorta haqları” düzgün hesablamamışdır. Bu barədə məhkəməyə təqdim edilən DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının direktor müavini Anar Mirzəyevin 14 aprel 2023-cü il tarixli məktubda göstərilir ki, “Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” alt sisteminə əsasən İddiaçı fərdi hesabının sığorta hissəsində xx.xx.2007-ci ildən xx.xx.2012-ci il tarixədək 2477,29 manat (xx.xx.2012-ci il tarixinə indeksləşdirilmiş məbləğ) kapitalı qeydə alınmışdır. Belə olanda fərdi hesabda qeydə alınmış pensiya kapitalının sığorta hissəsi SH=22,61 manat təşkil edir.” Nəticədə vətəndaşın xx.xx.2012-ci il tarixinə əmək pensiyasının məbləği 178,06 manat hesablanmışdır. (70,45+22,61+ 85 (baza hissəsi) = 178,06 manat)”. Halbuki, iddia ərizəsi ilə birlikdə məhkəməyə təqdim edilmiş Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemindən İddiaçı fərdi uçot məlumatları əsasında onlayn rejimdə çıxarılmış “Sosial arayış”dan görünür ki, 2006 - 2012-ci illər ərzində pensiya təyin edilən xx.xx.2012-ci tarixə ödənilmiş məcburi sığorta haqlarının cəmi 3 814,94 manat təşkil edir. Bu məlumat DSMF-in Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının məhkəmə sorğusuna verdiyi 31 avqust 2023-cü il tarixli cavab məktubu ilə təsdiq edilir. Lakin birinci instansiya məhkəməsi özünün sorğu verib əldə etdiyi rəsmi məlumatları tədqiq edib araşdırmamış, onların əsasında cavabdehin məhkəməyə verdiyi məlumatları müqayisəli yoxlamamışdır, əsassız olaraq belə hesab etmişdir ki, “3814,94 manat mübahisələndirilən 2477,29 manatın indeksləşdirilmiş məbləğidir. Kassasiya şikayətində cavabdehin təqdim etdiyi məlumatların yoxlanılmadan işə tətbiq edilməsi barədə iddiaçının irəli sürdüyü həlledici əhəmiyyətinə görə konkret və aydın hüquqi qiymət tələb edən dəlillər kassasiya məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən nəzərə alınmamışdır, nəticədə yalan məlumatlar əsasında çıxarılmış məhkəmə qərarı qanuni qüvvəyə minmişdir. Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-2839/2024 saylı qərarı rəsmi qaydada təqdim ediləndən sonra işdə maraqlı tərəf olaraq məhkəmə qərarının əsasına qoyulmuş “3814,94 manatın mübahisələndirilən 2477,29 manatın indeksləşdirilmiş məbləğ” olması barədə mülahizənin hesablama yolu ilə əyani şəkildə yoxlanılması keçirilmişdir. İndeksləşdirilmə faizinin illər üzrə səviyyəsi nəzərə alınmaqla (2012-ci ildə 7,9 faiz, 2013-də 1,1 faiz, 2014-də 2,4 faiz, 2015-də 1,4 faiz, 2016-da 4 faiz, 2017-də 12.4 7 faiz, 2018-də 5,7 faiz, 2019-də 3 faiz, 2020 - 16.6 faiz, 2021- 11.4 faiz 2022-dı 3.4 faiz, xx.xx.2023-də 14.7 faiz) 2477,29 manatı 2023-cü ilə indeksləşdirəndə, 2477.29 manat x (1,011x 1,02.4x1,014x1,04 x 1,1247 x 1,057 x 1,03 x 1,166 x 1,114 x 1,034 x 1,147 ) = 5,101.71 manat edir. Bu isə o deməkdir ki, birinci instansiya məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı yoxlanılmamış yalan faktlarla əsaslandırılmışdır. Göstərilən yeni açılmış hallara əsasən Fərdi Uçot üzrə Mərkəzi Filialının 31 avqust 2023-cü il tarixli, məktubunda verilən rəsmi məlumatlar istifadə edilməklə əmək pensiyasının məbləği yenidən hesablanmalıdır. Bakı İnzibati Məhkəməsinin 13 mart 2025-ci il tarixli, e-2-1(112)-1486/2023 saylı qərardadı ilə (hakim H.Ağalarov) ərizəçi İddiaçı yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Ərizəçi (iddiaçı) İddiaçı iş üzrə icraatın təzələnməsi barədə ərizənin məzmunu ilə eyni məzmunda əsaslandırılan apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 13 mart 2025-ci il tarixli, e-2-1(112)-1486/2023 saylı qərardadının ləğv edilməsini, ərizənin təmin edilərək iş üzrə icraatın təzələnməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (qardaşı) Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və “yeni açılmış hallarla bağlı” ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, iş materiallarını və ərizəni araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 12-ci fəslində yeni açılmış hallar üzrə icraatın təzələnməsi barədə ərizəyə baxılmasının bir neçə mümkünlük şərtləri qeyd edilmişdir. 1) Məhkəmə aidiyyəti; 2) Yeni açılmış hallar üzrə icraatın təzələnməsinə dair ərizə ilə müraciət etmək üçün müddət; 3) müraciət edən şəxslərin dairəsi. Hazırkı işdə ərizənin mümkünlük şərtləri ilə əlaqədar mübahisəli məqam yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Həmin Məcəllənin 102-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə vermiş şəxs (ərizəçi), habelə qərarına qarşı ərizə verilmiş məhkəmədə icraatın iştirakçıları olmuş başqa şəxslər, yeni açılmış hallar üzrə məhkəmə icraatının iştirakçıları sayılırlar. Həmin Məcəllənin 103-cü maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 106-cı maddəsinə görə məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən müvafiq səlahiyyətli məhkəmə ilkin icraat üzrə araşdırmanı davam etdirir. İlkin məhkəmə qərarının qəbul edildiyi zaman istinad edilmiş faktiki hallar yeni sübutlar əsasında məhkəmə tərəfindən araşdırılır və ilkin ərizə üzrə yeni qərar qəbul edilir. Mübahisə ilə bağlı iş üzrə məhkəmənin yeni qərarı ilkin qərarı əvəz edir. Məhkəmə həmin qərarda yeni açılmış hallar üzrə icraatla əlaqədar prosessual xərclər haqqında məsələni də həll edir. Yuxarıda qeyd olunan qanunun normalarından göründüyü kimi yeni sübutlar və hallar dedikdə, başa çatmış icraat zamanı təqdim edilməmiş və araşdırılmamış sübut və hallar nəzərdə tutulur. Qeyd etmək lazımdır ki, sübut və hallar mütləq mübahisənin olduğu dövrdə mövcud olmalı və ancaq obyektiv maneələr səbəbindən məhkəməyə təqdim olunmamalıdır. Sonradan yaranmış sübutlar və hallar yeni hallar üzrə icraatın təzələnməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Y.Cümşüdovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair Məhkəmə Tərkibinin 5 dekabr 2019-cu il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması mülki mühakimə icraatının xüsusi növüdür. Bu icraat növü apellyasiya və kassasiya qaydasında işə baxılmasından mahiyyəti üzrə fərqlənir. Bu icraat prosesində qərar qəbul edilərkən işin nəticəsinə əhəmiyyətli şəkildə təsir edəcək və ya iş üçün xüsusi əhəmiyyət kəsb edən hallar araşdırılır. İşə yeni açılmış hallar üzrə yenidən baxılmasının mahiyyəti iş üzrə məhkəmə aktının qanuni qüvvəyə minməsindən sonra qanunvericiliklə nəzərdə tutulan şərtlər əsasında işə yenidən baxılmasıdır. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair icraat qaydaları Mülki Prosessual Məcəllənin 45-ci fəslinin normaları ilə tənzimlənir. Həmin Məcəllənin 432.2-ci maddəsi yeni açılmış hallar üzrə məhkəmə aktlarına yenidən baxılmasının fərqli, lakin bir-biri ilə əlaqəli olan dörd əsasını müəyyən etmişdir: - məhkəmə aktı çıxarıldıqdan sonra işə əvvəllər baxılarkən məlum olmayan həlledici materialların aşkar edilməsi; - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş və qanunsuz, yaxud əsassız qətnamənin çıxarılmasına səbəb olmuş şahidin bilə-bilə yalan ifadələr verməsi, ekspertin bilə-bilə yalan rəy verməsi, tərcüməçinin bilə-bilə düzgün tərcümə etməməsi, sənədlərin və ya maddi sübutların saxtalığı; - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş və həmin işə baxılarkən tərəflərin, işdə iştirak edən digər şəxslərin, yaxud onların nümayəndələrinin cinayətkar hərəkətləri və ya hakimlərin cinayətkar əməlləri; - həmin məhkəmə aktlarının çıxarılması üçün əsas olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının, yaxud sair orqanın qərarının ləğv edilməsi”. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinad edərək qeyd etmişdir ki, “mülki prosessual qanunvericiliyin yeni açılmış hallar üzrə işə yenidən baxılması üçün qoyduğu şərtlər nəticə etibarı ilə hüquqi müəyyənlik prinsipinin qorunmasına xidmət edir və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının əsassız ləğvinin qarşısını almaq məqsədini güdür. Məhkəmə təcrübəsində hüquqi müəyyənlik prinsipinin əsas meyarı son məhkəmə instansiyası qərarının mübahisələndirilməməsidir. Əks halda ədalət mühakiməsinin təminatı uzun müddətə artırıla bilər və hər hansı bir ağlabatan müddətin pozulmasına səbəb ola bilər. Digər tərəfdən isə istənilən zaman son məhkəmə qərarının yenidən baxılıb ləğv edilməsi insanlarda ümumiyyətlə məhkəmə qərarlarına və ədalət mühakiməsinə inamı zəiflədə bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında bildirmişdir ki, məhkəmə təcrübəsində res judicata (artıq həll olunmuş iş) prinsipi qorunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı yenidən mübahisələndirilməməlidir. Hüquqi müəyyənliyin əsas amili ondan ibarətdir ki, tərəflərdən heç birinin həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədi ilə qüvvəyə minmiş yekun məhkəmə qərarına yenidən baxılmasını tələb etmək imkanı olmamalıdır. Mülki Prosessual Məcəllənin 432.2.1-ci maddəsinə gəldikdə isə qeyd edilməlidir ki, işə əvvəllər baxılarkən məlum olmayan materialların iş üçün həlledici əhəmiyyətə malik olması onda ifadə olunur ki, belə hallar (materiallar) işə baxılması zamanı məlum olsaydı, başqa məzmunda məhkəmə aktı qəbul edilmiş olardı. Bununla yanaşı bu maddənin məzmununa görə, yeni açılmış hallar işə baxıldığı zaman mövcud, lakin məhkəməyə təqdim edilməmiş olmalıdır”. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Konstitusiyanın 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Bu təminat əksər hallarda yalnız məhkəmə müdafiəsi yolu ilə həyata keçirilir. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədi ilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Həmin hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Göründüyü kimi, icraatın yeni açılmış hallar üzrə icraat qaydasında təzələnməsi üçün, təzələnmə barədə ərizə ilə müraciət edən tərəf məhkəməyə yeni sübutlar və ya halların olduğunu əsaslandırmalıdır. Yeni sübutlar və hallar dedikdə, başa çatmış icraat zamanı təqdim edilməmiş və araşdırılmamış sübut və hallar nəzərdə tutulur. Qeyd etmək lazımdır ki, sübut və hallar mütləq mübahisənin olduğu dövrdə mövcud olmalı və ancaq obyektiv maneələr səbəbindən məhkəməyə təqdim olunmamalıdır. Məhkəmə kollegiyası iddiaçının ərizəsinin və apellyasiya şikayətini dəlili olaraq istinad etdiyi hallarla bağlı qeyd edir ki, ərizəçinin istinad etdiyi hallarla bağlı sənədlər birinci instansiya məhkəməsinə təqdim edilmiş və araşdırılmışdır. Üç instansiya məhkəmə tərəfindən iddiaçının istinad etdiyi hallar əsaslı hesab edilməyərək iddianın təmin edilməməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ilkin icraat zamanı ərizəçidən asılı olmayan səbəblərdən təqdim edilməyən və sonradan aşkar olunan yeni sübut və hallar müəyyən olunmadığından, ərizəçinin yeni açılmış hallar üzrə icraatın təzələnməsi barədə ərizə təmin edilməməlidir. İPM-nin 106.3-cü maddəsinə əsasən icraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə prosessual hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərardad dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və İPM-in 80, 89, 90, 100, 103, 106, 107-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 13 mart 2025-ci il tarixli, e-2-1(112)-1486/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar