Məhkəmə qərarları › İş №2-1(103)-251/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-251/2021

14.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-251/2021 14.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon Şöbəsinə (hazırki DSMF-nun Nərimanov rayon Xidmət Nümayəndəliyinə) qarşı “pensiyanın yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Namiq Şamil oğlu Cəfərovdan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon Şöbəsinə (hazırki DSMF-nun Nərimanov rayon xidmət nümayəndəliyinə) qarşı “pensiyanın yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2085/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon xidmət nümayəndəliyi tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxx 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx xxxxxx 1953-cü il təvəllüdlüdür və ona 910 saylı xx.xx.2017-ci il tarixli qərara əsasən xx xxxxxx 2016-cı il tarixdən ömürlük yaşa görə pensiya təyin edilmişdir. Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayışlarda İddiaçı xx.xx.2006-ci il tarixdən xx.xx.2009-cu il tarixədək 3 il 7 ay sosial sığorta stajının, sığorta hissəsində fərdi şəxsi hesab üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90%-i və xx.xx.2017-ci il tarixədək istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınmaqla 13551,44 manat pensiya kapitalının, xx.xx.2011-ci il tarixdən xx.xx.2017-ci il tarixədək 5 il 9 ay sosial sığorta stajının, fərdi hesabın sığorta hissəsində xx.xx.2017-ci il tarixədək istehlak qiymətləri indeksinin illik səviyyəsi və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90%-i nəzərə alınmaqla 37805,75 manat pensiya kapitalının olduğu qeyd edilmişdir. İddiaçı məcburi sosial sığorta haqlarının tam həcmdə hesablanması, pensiyanin yenidən hesablanaraq yaranmış fərq məbləğinin ödənilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon Şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış **********8 saylı xx.xx.2019-cu il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, İddiaçı pensiya hüququnun yarandığı xx.xx.2016-cı il tarixdən əmək pensiyası təyin edilmişdir. 53.739,43 manat pensiya kapitalı və xx.xx.2006cı il tarixədək sığorta stajı ilə (32 il 02 ay 04 gün) pensiyası 506.27 manat hesablanaraq ödənilmişdir. xx.xx.2019-cu il tarixdə pensiyası 605.16 manat olmaqla ödənilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Daxili Nəzarət və audit şöbəsinin araşdırması nəticəsində pensiya kapitalının 50% ilə yox, 90% ilə hesablanması müəyyən edilmiş, bu səbəbdən əmək pensiyası yenidən hesablanaraq xx.xx.2019-cu il tarixdən 414.60 manat təşkil edir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon Şöbəsinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun xx.xx.2006-cı ildən xx.xx.2017-ci il tarixədək 11 il 6 ay sosial sığorta stajı və sığorta hissəsində fərdi şəxsi hesab üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90%-i və xx.xx.2017-ci il tarixədək istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınmaqla 53.739,43 manat pensiya kapitalı vardır. O, pensiyaya çıxarkən pensiyası pensiya kapitalına uyğun hesablanaraq ödənilmişdir. Lakin sonradan pensiyasının məbləği azaldılmışdır. Cavabdeh ona istinad etmişdir ki, pensiyası səhvən kapitalının 90%-dən hesablanmışdır. Məcburi dövlət sosial sığorta haqlarının tam həcmdə ödənilməsi pensiyanın əvvəlki hesablanmış formada verilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon Şöbəsinə müraciət etsə də, müraciəti təmin edilməmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, vətəndaş İddiaçı pensiya hüququnun yarandığı xx.xx.2016-cı il tarixdən əmək pensiyası təyin edilmişdir. 53.739,43 manat pensiya kapitalı və xx.xx.2006-cı il tarixədək sığorta stajı ilə (32 il 02 ay 04 gün) pensiyası 506,27 manat hesablanaraq ödənilib. xx.xx.2019-cu il tarixdə pensiyası 605.16 manat olmaqla ödənilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Daxili Nəzarət və audit şöbəsinin araşdırılması nəticəsində pensiya kapitalının 50% ilə yox, 90% ilə hesablanması müəyyən edilmiş, bu səbəbdən vətəndaşın əmək pensiyası yenidən hesablanaraq xx.xx.2019-cu il tarixdən 414.60 manat təşkil edir. Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsində edilmiş dəyişiklik xx.xx.2017-ci il tarixdən sonra pensiyaya çıxmış şəxslərə aid olduğundan həmin dəyişikliyin vətəndaşın pensiya sığorta kapitalının hesablanmasında nəzərə alınması müvafiq Fərmana ziddir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2085/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon xidmət nümayəndəliyi apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarı qanuna zidd hesab edilərək ləğv olunmalıdır. Məhkəmə tərəfindən normativ hüquqi aktın norması yanlış təfsir edilmiş, maddi hüquq normasının tələbi pozulmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin x xxxx 2006-cı il tarixli 377 nömrəli Fərmanının 2.9-cu bəndinə əsasən Qanunun 1.0.5-ci maddəsinə uyğun olaraq məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizi onların fərdi hesablarının sığorta hissəsində qeydə alınır. Həmin bənddə nəzərdə tutulmuş 1.0.5-ci maddə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun hazırkı redaksiyası baxımından deyil, x xxxxxx 2006-cı il redaksiyasına uyğun tətbiq edilməlidir. Belə ki, Qanunun x xxxxxx 2006-cı il redaksiyasında 1.0.5-ci maddə hazırkı 1.0.8-ci maddəyə uyğun gəlir. xx xxxxxx 2006-cı il tarixli 184-İİİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə 1-ci maddəyə yeni məzmunda 1.0.3-cü- 1.0.5-ci maddələr əlavə edilmiş, 1.0.3-cü-1.0.12-ci maddələr 1.0.6-cı-1.0.15-ci maddələr hesab edilmişdir. Yəni, bu dəyişiklik nəticəsində 1.0.5-ci maddə hazırkı 1.0.8-ci maddə kimi başa düşülməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə xx xxxx 2017-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.8-ci maddəsinə belə dəyişiklik edilmişdir: fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Həmin Qanunun 2-ci maddəsinə görə isə bu Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minir. Yəni, pensiya kapitalının 90% ilə hesablanması məhz həmin tarixdən sonra pensiyaya çıxmış şəxslərə şamil olunur. Vətəndaş isə xx.xx.2016-cı il tarixdə yaşa görə pensiyaya çıxmışdır. Ona görə də iddiaçıya pensiya təminatı hüququ yarandığı vaxtda, yəni xx.xx.2016-cı ildə pensiya kapitalı 50% ilə hesablanmalı idi. Məhz bu səbəbdən iddiaçıya təyin olunmuş yaşa görə əmək pensiyasının xx.xx.2019-cu il tarixdən yenidən hesablanması qanunun tələblərinə uyğun olmuşdur. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək bildirmişdi ki, iddiaçı xx.xx.2016-cı il tarixdə pensiyaya çıxdıgından onun pensiyası kapitalının 50 faizi ilə hesablanmalı idi. “Əmək pensiyaları haqqında” Qanuna edilmiş dəyişiklik iddiaçıya şamil oluna bilməz. Bununla bağlı cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında bildirmişdi ki, hazırda 450 manat pensiya alır, hesab edir ki, pensiyası əvvəlcə ona düzgün olaraq pensiya kapitalının 90 faizindən hesablanmışdı, lakin sonradan pensiyası kapitalının 50 faizindən hesablanaraq azaldılmışdı. Cavabdeh inzibati orqan tərəfindən onun pensiyasının pensiya kapitalının 50 faizindən yenidən hesablanması əsassız olmuşdur. Ona görə də hesab edir ki, hazırki vaxta qədər kapitalının 90 faizindən olmaqla pensiyasının ödənilmədiyi dövr üzrə fərq hesablanаrаq ona ödənilməlidir. Bununla bağlı iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı İddiaçı ərizə verərək bildirmişdir ki, iddia ərizəsində yazdığı “bütün sosial sığorta haqlarının yenidən hesablanması” dedikdə, kapital yığımının 90 faizini nəzərdə tutmuşdur. Buna görə də “Əmək pensiyaları haqqında” Qanuna xx.xx.2017-ci il tarixdən edilmiş dəyişikliyi nəzərə alaraq ona pensiyasının təyin edildiyi xx.xx.2017-ci il tarixdən yenidən hesablanıb fərqin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon Şöbəsinə qarşı tələbi “pensiyasının yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədədir. Apellyasiya baxışı zamanı müəyyən olundu ki, iddiaçının ona təyin edilmiş pensiyanın yenidən hesablanmasını tələb etməkdə hüquqi marağı “Əmək pensiyaları haqqında” Qanuna xx.xx.2017-ci ildən edilmiş dəyişikliyin nəzərə alınaraq pensiyasının təyin edildiyi xx xxxxxxx 2017-ci il tarixdən sosial sığorta yığımlarının 90%-dən yığılan kapitaldan yenidən hesablanması və yaranmış fərqin ona ödənilməsindən ibarətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Bununla bağlı apellyasiya baxışı zamanı iddiaçıya tələbinin dəqiqləşdirilməsi ilə bağlı məhkəmə kollegiyası tərəfindən hüquqi yardım edilmiş və bu yardımla bağlı iddiaçı müvafiq dəqiqləşmə ərizəsini məhkəməyə təqdim edərək bildirmişdir ki, iddia ərizəsində yazdığı “bütün sosial sığorta haqlarının yenidən hesablanması” dedikdə, kapital yığımının 90 faizini nəzərdə tutmuşdur. Buna görə də “Əmək pensiyaları haqqında” Qanuna xx.xx.2017-ci il tarixdən edilmiş dəyişikliyi nəzərə alaraq ona pensiyasının təyin edildiyi xx.xx.2017-ci il tarixdən yenidən hesablanıb fərqin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçıya məxsus pensiya işi cavabdeh inzibati orqandan tələb edilmişdir. Məhkəmə kollegiyası tərəfindən iddiaçıya məxsus pensiya işinə baxış keçirilərkən müəyyən olundu ki, iddiaçıya xx.xx.2017-ci il tarixdə yaşa görə pensiya təyin edilsə də, pensiya məbləğinin hesablanması xx.xx.2016-cı il tarixdən aparılmışdır. Cavabdehin dəlillərinə görə iddiaçıya pensiya onun kapitalındakı yığımların 90 faizindən hesablanmışdır, halbuki həmin dövrdə qüvvədə olan, yəni xx.xx.2017-ci il tarixədək qüvvədə olan qanunvericiliyin tələblərinə görə pensiya təyin edilməsi kapitaldakı yığımların 50 faizindən hesablanırdı. İddiaçının pensiya kapitalındakı məbləğ 53739,43 manat təşkil edir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi DSMF-nun Daxili nəzarət və audit şöbəsinin müdiri Heybət İmanov tərəfindən Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialının direktoru Abuzər Mütəllimova ünvanlanmış **********0 saylı xx.xx.2021-ci il tarixli “pensiya məbləğinin düzgün hesablanmaması barədə” məktubunu təqdim etmişdir. Həmin məktubdan görünür ki, “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinə əsasən sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Eyni zamanda Qanunun 31.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Nazirliyin Aparatının Daxili nəzarət və audit şöbəsi tərəfindən nazirlik tabeliyində DSMF-nin Bakı şəhəri Nərimanov rayon Şöbəsində xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək dövlət büdcəsindən ayrılan vəsaitlərin, məcburi dövlət sosial sığortası üzrə gəlirlərin və xərclərin icrası ilə bağlı audit yoxlaması zamanı aşkarlanmış nöqsanlar müvafiq qaydada rəsmiləşdirilmiş, İddiaçı pensiya təyin edilərkən pensiyanın məbləğinin düzgün hesablanmadığı, nəticədə xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək 7620.40 manat artıq pensiya məbləğinin ödənildiyi qeyd edilmişdir. Belə ki, xx.xx.2017-ci il tarixdə pensiya təyin edilməsi üçün DSMF-nin Bakı şəhəri Nərimanov rayon şöbəsinə müraciət etmiş xx.xx.1953-cü il təvəllüdlü İddiaçı xx.xx.2016-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya təyin edilərkən toplanmış pensiya kapitalı 50% əvəzinə, 90%-lə hesablanmış, nəticədə pensiya məbləği 414.60 manat deyil, 605.16 manat müəyyən olunmuşdur. Lakin İddiaçı xx.xx.2017-ci il tarixdən əvvəlki dövrə pensiya təyin edildiyindən, pensiyanın hesablanmaı zamanı onun fərdi hesabının yığım hissəsində toplanmış vəsaitin 50%-i nəzərə alınmaqla pensiya təyin olunmalıdır. Bundan sonra cavabdehin nümayəndəsi DSMF-nun Bakı şəhəri Nərimanov rayon xidmət nümayəndəliyi tərəfindən Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi Filiala ünvanlanmış **********0 saylı xx.xx.2021-ci il tarixli məktubunu təqdim etmişdir. Həmin məktubun da məzmununda qeyd olunmuşdu ki, əmək pensiyasının sığorta hissəsi məcburi dövlət sosial haqlarının müəyyən olunduğu arayışlarda sosial sığorta ayırmaları əsasında 90%-lə hesablanmışdır. Auditin araşdırmasına görə “Əmək pensiyaları haqqında” Qanunun həmin dövrdə olan tələbləri nəzərə alınaraq fərdi hesabın sığorta hissəsinin 50%-i hesablanmışdır. Fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90%-nin və xüsusi hesabdakı vəsaitin qeyd olunduğu subhesabdır. Pensiya kapitalı müvafiq olaraq fərdi hesabın sığorta hissəsində toplanan vəsaitlərin məbləğidir. Pensiya hesablanarkən sosial sığorta stajı və fərdi hesabın sığorta hissəsində toplanan məcburi dövlət sosial sığorta ayırmaları nəzərə alınmaqla belə hesablanır: 52351.20:144=363.55:11.2%=323.43+183.24=506.67 manat və 192.32+(323.43*112.4%) + 363.53 = 555.85 manat. İşə birinci instansiya qaydasında baxan məhkəmə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsində hərbi qulluqçuların təminat xərcliyindən bəhs olunduğuna, Prezidentin Fərmanının 2.9-cu bəndində də Qanunun 1.0.5-ci maddəsinə istinad olunduğuna, iddiaçının isə hərbi qulluqçu olmadığına və cavabdehin də bu barədə mübahisə açmadığına görə cavabdehin istinad etdiyi Prezidentin xx xxxx 2006-cı il tarixli 377 nömrəli Fərmanının 2.9.-cu bəndinin hazırki mübahisəyə tətbiq edilə bilmədiyinə əsaslanmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı)—hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 377 saylı x xxxx 2006-cı il tarixli Fərmanının 2.9-cu bəndinə əsasən həmin Qanunun 1.0.5-ci maddəsinə uyğun olaraq məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizi onların fərdi hesablarının sığorta hissəsində qeydə alınır. Sonradan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 543- VQD nömrəli Qanununun tətbiqi və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanında dəyişikliklər edilmiş və Azərbaycan Respublikası Prezidentinin 1352 saylı xx.xx.2017-ci il tarixli Fərmanına əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqinin təmin edilməsi qərara alınmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1352 saylı xx xxx 2017-ci il tarixli Fərmanı ilə Qanunun “2.9-cu bəndinə əsasən, həmin Qanunun 1.0.5-ci maddəsinə uyğun olaraq məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizi onların fərdi hesablarının sığorta hissəsində qeydə alınır” bəndi ləğv edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 543 VQD saylı xx xxxx 2017-ci il tarixli Fərmanı ilə Qanunun 1.0.8-ci maddəsi yeni redaksiyada verilərək, fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır” müəyyən edilmişdir. Göründüyü kimi, Qanunun 1.0.5-ci maddəsi hərbi qulluqçularla bağlı olmuş və məhz həmin şəxslər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizinin onların fərdi hesablarının sığorta hissəsində qeydə alınması nəzərdə tutulmuşdur. Sonradan qanunvericiliyə edilmiş dəyişikliklər isə 1.0.8-ci maddənin tələbinə görə bütün kateqoriya şəxslərə aid olub, fərdi hesabın sığorta hissəsinin ödənilmiş sosial sığorta haqlarının 90 faizindən və xüsusi hesabdakı vəsaitdən təşkil olunması ilə bağlıdır. Hazırki işdə iddiaçıya pensiyanın xx.xx.2017-ci il tarixədək olan dövrdə təyin olunmasını nəzərə alan cavabdeh inzibati orqan hesab edir ki, iddiaçıya pensiya xx.xx.2017-ci il tarixdən qüvvədə olan qanunvericiliyin tələbinə görə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizindən deyil, həmin dövrdə qüvvədə olan qanunun tələbinə müvafiq, yəni 1.0.5-ci maddəyə uyğun olaraq kapitalının 50 faizindən hesablanmalı idi. Bu barədə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, iddiaçı hərbi qulluqçu olmadığı halda onun pensiyasının xx.xx.2017-ci il tarixədək qüvvədə olan Qanunun 1.0.5-ci maddəsinə uyğun olaraq ödənilmiş sosial sığorta haqlarının 50 faizindən hesablanması düzgün olmamışdır. Kollegiya Qanunun 1.0.8-ci maddəsinə edilmiş dəyişikliyin xx.xx.2017-ci il tarixdən qüvvəyə minməsinə baxmayaraq onun bütün kateqoriya şəxslərə aid olduğunu və iddiaçıya da pensiyanın xx.xx.2016-cı ildən hesablansa da, xx.xx.2017-ci il tarixdən təyin olunmasını nəzərə alaraq hesab edir ki, ona pensiyanın ödənilmiş sosial sığorta haqlarının 50 faizindən deyil, 90 faizindən yığılan kapitaldan olmaqla xx.xx.2017-ci il tarixdən hesablanması mümkündür. Lakin işə baxan birinci instansiya məhkəməsi iddiaçıya pensiyasının ödənilmiş məcburi sosial sığorta haqlarının 90 faizindən toplanan kapitaldan yenidən hesablanması barədə düzgün nəticəyə gəlsə də, bu hesablamanın və yaranmış fərq məbləğinin hansı tarixdən aparılmasını qərarında dəqiq göstərməmişdir. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, məhkəmə qərarı dəyişdirilərək, iddiaçının pensiyasının ödənilmiş məcburi sosial sığorta haqlarının 90 faizindən yığılan kapitaldan olmaqla xx.xx.2017-ci ildən yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır. Bundan başqa qeyd olunmalıdır ki, hazırki iş üzrə cavabdeh inzibati orqan- DSMFnun Nərimanov rayon Şöbəsi apellyasiya icraatı zamanı əsl cavabdeh DSMF-nun Bakı şəhəri Nərimanov rayon Xidmət Nümayəndəliyi ilə əvəz edilsə də, bu hal birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas yaratmır. Göstərilənlərə əsasən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2085/2020 saylı xx xxxxxxxx 2020ci il tarixli qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon xidmət nümayəndəliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2085/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilərək, İddiaçı təyin edilmiş yaşa görə əmək pensiyasının ödənilmiş məcburi sosial sığorta haqlarının 90 faizindən yığılan kapitaldan olmaqla xx.xx.2017-ci ildən yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon Xidmət nümayəndəliyinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Namiq Cəfərov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar