Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-251/2024 12.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakimlər: Rəşid Əfraim oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin imtinasının qanunsuz hesab edilməsi və əlillik meyarının müəyyən olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-265/2023 saylı, 09 iyun 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin əlil və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması barədə imtinasının (inzibati akt) qanunsuz hesab olunması, təkrar müayinənin keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehin əlillik və ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması barədə imtinasının (inzibati aktın) qanunsuz hesab olunması, əlillik meyarının müəyyən olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Əfqanıstan Respublikasında həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi əməliyyatı yerinə yetirən zaman ağır yaralanmışdır. Kabul, Daşkənd, Leninqrad (Sankt-Peterburq), Kirovabad (Gəncə) hərbi hospitallarında müayinə olunmuşdur. 1985-ci ildən 1990-cı ilə kimi İİ qrup əlil olmuşdur. 1990-cı ildə məlum hadisələrlə bağlı növbəti həkim komissiyasına getməmiş və əlilliyi dayandırılmışdır. Sonralar əlilliyi ilə bağlı komissiyaya müraciət etdikdə sənədləri, yəni Gəncə hərbi hospitaldan verilmiş xəstəlik tarixindən çıxarış naməlum səbəblərdən tapılmamışdır. Həmin sənəd 11 fevral 2021-ci il tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon şöbəsindən tapılmışdır. Əlilliyin təyin olunması ilə bağlı qeydiyyatda olduğu 27 nömrəli şəhər poliklinikasına müraciət etmişdir. Poliklinikadan müalicə və müayinə olunmağı üçün Ə.D.Məlikov adına Birləşmiş şəhər Xəstəxanasına göndəriş verilmişdir. Həmin Xəstəxanada müalicə almış və X2 verilmişdir. Ə.D.Məlikov adına Birləşmiş şəhər Xəstəxanasına verilmiş diaqnozla Gəncə Hərbi Hospitalından verilmiş diaqnoz əsas xəstəliklə üst-üstə düşür. 1984-cü ildən bitişmə xəstəliyindən əziyyət çəkir. Hər il müayinə və müalicə olunur, lakin xəstəliyi daha da ağırlaşmışdır. Sonuncu müalicənin nəticələri aşağıdakı kimidir. 27 saylı Şəhər Poliklinikası Həkim Məsləhət Komissiyası tərəfindən əlil və ya sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməsi barədə Tibbi-Sosial Ekspert Komissiyasına forma 88 göndərilmişdir. TSEK tərəfindən əlilliyin təyin olunmasından imtina edilmişdir. İmtinaya əsas kimi əlavə müalicəyə ehtiyacın olması göstərilmişdir. 1984-cü ildən hal-hazıra kimi müalicə və müayinə olunur, xəstəlik daha da ağırlaşmışdır. Təqdim edilən diaqnozlar bu halı təsdiq edir. Cavabdehin imtinası qanunsuzdur, onun pensiya təminatı hüququnu pozur. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyəti Bakı 27 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli 0098003AAB6W saylı göndərişi əsasında baxılmış və əlavə müalicəyə ehtiyacın olması, müalicə müddətinin yetərli olmaması əsası ilə əlillik təyin edilməsindən imtina edilmiş və ixtisaslaşdırılmış müalicəni davam etdirmək məsləhət görülmüşdür. İddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicə etdirilməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-265/2023 nömrəli, 09 iyun 2023-cü il tarixli qərarı ilə (hakim B.Cəlalov) iddia təmin edilərək, İddiaçı qiymətləndirildiyi xx.xx.2021-ci il tarixdən əlillik dərəcəsinin (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisinin) təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh iddiaya etirazın məzmunu ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iddiaçı və cavabdeh inzibati orqana lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş, cavabdeh tərəfindən isə nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, səbəbləri barədə heç bir məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını məhkəmədən tələb edə bilər. İşdən görünür ki, iddiaçının müraciətinə əsasən Bakı 27 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli 0098003AAB6W saylı göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K65-K67- Periton xəstəlikləri =>K66-Peritonun digər zədələnmələri => K66.0 – Periton bitişmələri qeyd edilmişdir. İddiaçıya əlilliyin təyin edilməsindən imtina edilərkən əlavə müalicəyə ehtiyacının olması, müalicə müddətinin yetərli olmaması səbəb göstərilmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçının müraciətinə 2 ay müddətində yenidən baxılaraq müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi üçün xx.xx.2021-ci ildə Agentlikdə mütəxəssislərin iştirakı ilə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq “Diaqnoz əlillik təyin etmir” qərarı qəbul edilmişdir. Belə ki, İddiaçı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş diaqnozlar obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Bundan irəli gələrək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq iddiaçıya “Diaqnoz əlillik təyin etməməsi” barədə qərar verilmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə-tibbi ekpertizası təyin edilərək keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5-Təcrübi və Tədris Birliyinin ekspertlərinə tapşırılmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, 1965ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1. Vətəndaş İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə Xİ Sinif –həzm sisteminin xəstəlikləri => K65-K67- periton xəstəlikləri => K66peritonun digər zədələnmələri =>K66.0-periton bitişmələri. Diaqnozun mətni: K66.0 – periton bitişmələri, bitişmə xəstəliyi, qarın boşluğuna nüfuz edən qəlpə yaralanmasına görə aparılmış əməliyyatdan sonrakı vəziyyət. Ağırlaşma: K90.8- bağırsaqda sorulmanın digər pozğunluqları, bağırsaqlarda sorulma funksiyasının pozulması. Ağırlaşma: K56.5bağırsaq bitişmələri, keçməməzlik ilə, bitişmə mənşəli residivləşən hissəvi bağırsaq keçməməzliyi. Yanaşı xəstəliklər: K26-onikibarmaq bağırsağın xorası. Yanaşı xəstəliklər: K29-qastrit və duodenit, xroniki qastrit. Yanaşı xəstəliklər: F48.0 - nevrasteniya. Yanaşı xəstəliklər: B18.2-virus mənşəli xroniki C hepatiti. Yanaşı xəstəliklər: E11-İnsulindən asılı olmayan şəkərli diabet, şəkərli diabet İİ tip” diaqnozu şəxsin stasionarda müalicəsi zamanı kliniki, laborator-instrumental müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. 2,3. Vətəndaş İddiaçı müəyyən edilən diaqnozla əlaqədar zərurət yarandığı təqdirdə əlavə bərpa müalicəsinə cəlb edilə bilər. 4,5. Qərardadda göstərilən digər suallar məhkəmə tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət-Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. İddiaçının birinci instansiya məhkəməsinin məhkəmə iclasında təqdim etdiyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan (xəstəlik tarixindən) Çıxarışlardan müəyyən edilir ki, iddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək X3, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək X6 publik hüquqi şəxsində, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Ə.D.Məlikov adına xəstəxanada ambulator tibbi müayinələrdə olmuş, iddiaçıda 2021-ci ildə tibbi müayinə zamanı qeyd edilən xəstəliklərin davam etdiyi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi araşdırma zamanı belə nəticəyə gəlmişdir ki, təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçı göstərilən xəstəliklərdən 1984-cü ildən əziyyət çəkir. Bu barədə 5.02.1985-ci il tarixli xəstəlik şəhadətnaməsinin surəti iş materiallarına əlavə edilmişdir. Təqdim edilmiş həmin sənəddən müəyyən edilir ki, 1984-cü il tarixdə iddiaçıda qeyd olunan xəstəliklər hərbi əməliyyat zamanı ağır yaralanma səbəbindən yaranmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan (xəstəlik tarixindən) Çıxarışlardan müəyyən edilir ki, iddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək X3, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək X6 publik hüquqi şəxsində, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Ə.D.Məlikov adına xəstəxanada ambulator tibbi müayinələrdə olmuş, iddiaçıda 2021-ci ildə tibbi müayinə zamanı qeyd edilən xəstəliklərin davam etdiyi müəyyən edilmişdir. Bundan başqa, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə-tibb ekspertizasının keçirilməsi qərara alınmış, iddiaçı xx.xx.2023-cü il tarixdə Birliyin ekspertizalar şöbəsində müayinədən keçirilmiş və göndərişdə qeyd olunan diaqnozların iddiaçıda olması barədə rəy verilmişdir. Göründüyü kimi, cavabdehin imtinada istinad etdiyi faktiki hal öz təsdiqini tapmır. İddiaçı 2021-ci il tarixdən 2023-cü ilədək müxtəlif vaxtlarda müxtəlif dövlət tibb müəssisələrində ambulator müalicələrdə olmuş, lakin iddiaçıda olan xəstəliklərin aradan qalxması, onun sağlamlığının bərpa olunması müəyyən edilməmişdir. Cavabdeh apellyasiya şikayətində qanunvericilik normalarını sadalayaraq sonda qeyd etmişdir ki, Agentlik tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Məhkəmə kollegiyası aşağıdakılara görə cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlilləri ilə razılaşmır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının iş üzrə 01 noyabr 2023-cü il tarixli qərardadı ilə İddiaçı müraciətinə münasibətdə onu əyani müayinə etməklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın müddəaları nəzərə alınmaqla müvafiq inzibati aktı qəbul etmək üçün cavabdeh inzibati orqana 1 (bir) ay müddətin təyin olunması və bunun nəticəsi barəsində həmin müddət ərzində cavabdeh Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə məlumat verməsi qərara alınmışdır. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 08 fevral 2024-cü il tarixli məktubu ilə bildirilmişdir ki, İddiaçı dövlət tibb müəssisəsinin X00113041SUJ nömrəli göndərişi əsasında xx.xx.2024-cü il tarixində cəzaçəkmə müəssisəsində 7 nömrəli Tibbi-sosial ekspert komissiyasının ekspert-həkimi tərəfindən əyani müayinə olunmuşdur. Bu barədə tərtib edilən akt baxılması üçün X4-sosial ekspertiza komissiyasına göndərilmişdir. Təqdim olunan tibbi sənədlər və həyata keçirilmiş müayinənin nəticəsi olaraq, ekspertiza üçün əhəmiyyətli sayılan müayinələr aparılmadığından, həmçinin müalicə potensialı tükənmədiyindən əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. Vətəndaş ixtisaslaşmış tibb müəssisəsində tam müalicə kursu keçdikdən sonra yeni göndəriş (Forma-088) rəsmiləşdirildiyi halda, əlillik vəziyyəti mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəkdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə aşağıdakı kimi öz əksini tapmışdır: 3. Həzm sistemi orqanlarının xəstəlikləri 3.4.2. bağırsaq bitişmələri, keçməzlik ilə - K56.5 periton bitişmələri - K66.0.... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən: 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır (hazırkı redaksiyası: 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır). Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir İşin hallarına əsasən müəyyən edilir ki, cavabdeh inzibati orqan səlahiyyətlərinin icrası ilə əlaqədar vəzifələrini tam yerinə yetirməmiş, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, təqdim olunmuş sübutlar yetərli olmadıqda, öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borclu olduğu halda bunu etməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 15.1. qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. - 15.2. qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmasını mahiyyəti üzrə işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və qanuni qərarın ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-265/2023 saylı, 09 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33, 82, 85 və 90-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-265/2023 saylı, 09 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-251/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-251/2024
12.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver