Məhkəmə qərarları › İş №2-1(103)-251/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-251/2025

15.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-251/2025 15.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə (Açar sözlər: siyahıya alınmış əmlakın satılması) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Nəbizadə Nigar Xeyrulla qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, X6 qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 01 aprel 2024-cü il tarixli, 2-1(112)-998/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehin xx.xx.2021- ci il tarixə qeyd olunan borc məbləğindən İcbari Tibbi Sığorta Fonduna ödənilməmiş 1391,32 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 110000 manat məbləğində siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsi ilə satılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun İcbari Tibbi Sığorta Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2021-ci il tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2021-ci il tarixə yaranan 2115,31 manat borcuna görə 110000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2022-ci il tarixli **********0 saylı protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixə qeyd olunan borc məbləğindən İcbari Tibbi Sığorta Fonduna 1391,32 manat ödənilməmiş borcu qalmışdır.

3. Bakı İnzibati Məhkəməsinin 01 aprel 2024-cü il tarixli, 2-1(112)-998/2024 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir.

4. Qərardan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Vergi Məcəlləsinin 89.10-cu maddəsinə nəzər saldıqda görünür ki, protokola əlavə edilməli olan sənədlər əmlakın fotoşəkili və əmlakın siyahısıdır. Lakin Bakı İnzibati Məhkəməsinin sözügedən qərarında məhkəmə vergi orqanının vergi borcunun ödənilməsini təmin etmək məqsədi ilə siyahıya aldığı və satılması üçün hazırkı məhkəmədə iddia qaldırdığı iddia predmeti olan qeyriyaşayış sahələrinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmayan əmlaklar olmaqla, cavabdeh vergi ödəyicisi olan Cavabdeh MMC-nin mülkiyyət hüququ üzrə qeydiyyatdan keçmədiyi qeyd olunur. Halbuki, yuxarıda da qeyd olunduğu kimi Vergi Məcəlləsinin 89-cu maddəsində əmlakın sənədlərinin protokola əlavə edilməli olması qeyd olunmamış, həmçinin daşınmaz əmlak siyahıya alınarkən mütləq qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatda alınmış əmlakların siyahıya alınmalı olması qeyd olunmamışdır. Əmlakın siyahıya alınması haqqında protokoldan göründüyü kimi protokol və ona əlavə edilmiş siyahı hüquqi şəxsin rəhbəri tərəfindən imzalanmışdır. Eyni zamanda Cavabdeh MMC-nin direktoru X3 Abşeron rayonunda, Masazır kəndi, Duz zavodu yolu-3, Rahat-Nəfəs yaşayış kompleksində siyahıya alınmış əmlakların cəmiyyətə məxsus olduğunu təqdim etdiyi izahatında qeyd etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyiyanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin Bakı İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd olunur ki, ünvan 2 ünvanında yerləşən paylı (payı çoxmərtəbəli yaşayış binası tam (64-mənzil)) çoxmərtəbəli yaşayış binası üzərində Cavabdeh MMC-nin (VÖEN: **********) adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat, **********34-05301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. ünvan 3 ünvanında yerləşən paylı ( p a y ı çoxmərtəbəli yaşayış binası tam (32-mənzil)) çoxmərtəbəli yaşayış binası üzərində Cavabdeh MMC-nin (VÖEN: **********) adına mülkiyyət hüququ daşınmaz əmlak ın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat, **********35-05301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. ünvan 4 ünvanında yerləşən paylı(payı çoxmərtəbəli yaşayış binası tam (64- mənzil)) çoxmərtəbəli yaşayış binası üzərində Cavabdeh MMC-nin (VÖEN: **********) adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat, **********10-05301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Göründüyü kimi məhkəmənin qeyd etdiklərinin əksinə siyahıya alınmış əmlak üzərində Cavabdeh MMC-nin mülkiyyət hüququ qeydiyyata alınmışdır. Amma bu hallar məhkəmə tərəfindən nəzərə alınmamışdır. Məhkəmənin əmlakın dəyərinin müəyyən edilməsinə dair inzibati icraatın aparılmaması ilə bağlı mövqeyinə münasibətdə qeyd olunur ki, vergi orqanı tərəfindən vergi ödəyicisinin əmlakının siyahıya alınması Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən həyata keçirilir. Həmin maddədə də qeyd olunmuşdur ki, əmlakın siyahıya alınması ilə əlaqədar protokol üzrə siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Göründüyü kimi Vergi Məcəlləsinin 89-cu maddəsində əmlakın siyahıya alınması zamanı qiymətləndiricinin dəvət edilməsi nəzərdə tutulmamış, əmlakın siyahıya alınması zamanı qiymətin mümkün olduğu halda göstərilməsi qeyd olunmuşdur. Yəni protokolda siyahıya alınmış əmlakın qiymətin əks olunması məcburi şərt olaraq göstərilməmişdir.

MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

6. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə tərəflər məhkəmə kollegiyasının iclasında iştiraklarını təmin etməmişdir.

7. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR

8. **********3 saylı xx.xx.2022-ci il tarixli muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə dair bildirişdə bildirilmişdir ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə ümumilikdə 72078,88 manat, o cümlədən: muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə maliyyə sanksiyaları üzrə 0 manat, faizlər üzrə 32303,75 manat, inzibati cərimə üzrə 0 manat borcu var. 9.Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********2 saylı xx.xx.2021-ci il tarixli qərarına əsasən Cavabdeh əmlakı siyahıya alınmış və əmlakın siyahıya alınmasının həyata keçirilməsi böyük dövlət vergi müfəttişi X4 tapşırılmışdır. 10.Əmlakın siyahıya alınması haqqında **********574600 saylı xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavədən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Əmlakın siyahıya alınması haqqında” **********574600 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən dövlət vergi müfəttişi X5 tərəfindən Cavabdeh borclarını Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödəmədiyinə və yaxud öhdəliyini yerinə yetirməkdən boyun qaçırdığına görə “Rahat-Nəfəs” yaşayış kompleksində 60000 manat məbləğində 30 kv.m Bina A-1 ticarət obyekti və 50000 manat məbləğində 25 kv.m Bina 1- A ticarət obyekti olmaqla ümumilikdə 110000 manat məbləğində əmlakı siyahıya alınmışdır. 11.Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında xx.xx.2022-ci il tarixli akta əsasən siyahıya alınmış əmlak məsul saxlanmaya verilmək üçün Cavabdeh direktoru X2 təhvil verilmişdir. Əmlakı məsul saxlanmaya təhvil almış şəxs siyahıya alınmış əmlak barəsində sərəncam vermək hüququndan məhrum edildiyi, həmin əmlaka sahiblik və ondan istifadə edilməsinin yalnız vergi orqanının nəzarəti ilə həyata keçirilə biləcəyi, habelə bu əmlaka dair onun bağladığı əqdlərin etibarsız hesab ediləcəyi və siyahıya alınmış əmlakın israf edilməsinə, özgəninkiləşdirilməsinə, gizlədilməsinə, dəyişdirilməsinə yol verdiyi təqdirdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 303-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdar edilmişdir. 12.İddiaçı tərəfindən məhkəmənin “əmlakların qiymətləndirilməsi qaydası, borcun tərkibi və yoxlama barədə ətraflı məlumatın təqdim edilməsi barədə” sorğusuna cavab olaraq **********389400 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatda olan "xxxx" MMC-nin (VÖEN **********) 72078,88 manat Sosial sığorta fonduna, 2115,31 manat İşsizlikdən sığorta fonduna, 1217,50 manat İcbari tibbi sığorta fonduna borcu olduğuna görə xx.xx.2022-ci il tarixdə əmlakın siyahıya alınması tədbirləri həyata keçirilmişdir. Siyahıya alınmış əmlakın qiymətləndirilməsi orta bazar qiymətlərinə uyğun olaraq aparılmışdır. xx.xx.2022-ci il tarixli **********162815 nömrəli səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərara əsasən hazırda müəssisədə yoxlama keçirilir. 13.İddiaçı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq **********365100 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, Cavabdeh (VÖEN **********) iddia ərizəsinin əsasını təşkil edən borc məbləği cari bəyənnamələrlə formalaşmış, o cümlədən icbari tibbi sığorta fonduna olan ümumlikdə 1391,32 manat, vergilər üzrə 1217,5 manat, faiz üzrə 173,82 manat dövlət büdcəsinə ödənilməli borcdan ibarətdir.

14. İddiaçı tərəfindən məhkəmənin “siyahıya alınmış daşınmaz əmlakın hüquqmüəyyənedici sənədlərinin (eyniləşdirməyə imkan verən məlumatlar) və qiymətləndirmə meyarları barədə məlumatın təqdim edilməsi barədə” sorğusuna cavab olaraq **********609800 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatda olan "xxxx" X1 (VÖEN: **********) xx.xx.2021-cu il tarixli **********89 nömrəli icraat vərəqəsi üzrə xx.xx.2023-cü il tarixə 1391,32 manat ödənilməli olan borcu vardır. Vergi Məcəlləsinin 89-cu maddəsinin tələbləri əmlakın siyahıya alınması ilə bağlı prosedurları tənzimləyir. Məcəllənin 89.10-cu maddəsinin tələblərinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. Həmçinin Məcəllənin 89.10-cu maddəsində əmlakın siyahıya alınması ilə əlaqədar protokol üzrə siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlakın tam təsvir edilməsi qeyd olunmuşdur. Göründüyü kimi, Məcəllənin 89.10-cu maddəsində əmlakın siyahıya alınması zamanı qiymətləndiricinin dəvət edilməsi nəzərdə tutulmamışdır. Eyni zamanda, Məcəllənin 89.10-cu maddəsində protokolda hansı məsələlərin əks olunması konkret təsbit olunmuşdur. Həmin maddə də əmlakın siyahıya alınması zamanı qiymətin mümkün olduğu halda göstərilməsi qeyd olunmuşdur. Yəni protokolda siyahıya alınmış əmlakın qiymətin əks olunması məcburi şərt olaraq göstərilməmişdir. Vergi Məcəlləsinin 89.5-ci maddəsinin tələbləri baxımından əsas şərt yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınmasıdır. Vergi Məcəlləsinin 90.3-cü maddəsinin Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, vergi ödəyicisinin siyahıya alınmış əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Məhkəmə qərarlarına əsasən verilən icra vərəqələri daxil olduqdan 10 (on) gün müddətində qiymətləndirici vergi orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada dəvət olunur. Vergi orqanı qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. Qiymətləndiricinin xidməti məhkəmənin qərarı ilə əmlakı satılan vergi ödəyicisi tərəfindən ödənilir. Göründüyü kimi, Məcəllənin 90.3-cü maddəsinin tələblərinə əsasən qiymətləndirici məhz vergi orqanı tərəfindən məhkəmə qərarının icrası zamanı dəvət oluna bilər. Vergi Məcəlləsi, o, cümlədən Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli **********544500 nömrəli “Vergilər, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış borcların alınmasına dair” Qaydalarında da əmlakın siyahıya alınması zamanı qiymətləndirmənin təsdiq edən sənədlər və onların hüquq strukturuna təqdim edilən sifarişdə təqdim edilməsi barədə də hər hansı tələblər mövcud deyildir.

15. Bakı Apellyasiya Məhkəməsinin sorğusuna cavab olaraq iddiaçı tərəfindən verilən 20 noyabr 2024-cü il tarixli, 3-21-2-3/2-301333/2024 saylı məktubdan müəyyən olunur ki, xx.xx.2024-cü il tarixə "xxxx" MMC-nin icraat vərəqələri üzrə ümumilikdə büdcəyə 42585 manat ödənilməmiş borcu vardır.

16. Bakı Apellyasiya Məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən 10 dekabr 2024-cü il tarixli, 3- 21-3-02/2-14681/2024 saylı məktubla "xxxx" MMC-yə məxsus daşınmaz əmlakların çıxarışları təqdim olunmuşdur.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

17. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 01 aprel 2024-cü il tarixli, 2-1(112)-998/2024 qərarı ləğv edilməli, məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməlidir.

18. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda;

19. Beləliklə, məhkəmə sözügedən qaydada davranmaq üçün əsasların mövcud olubolmadığı məsələsini həll edərkən bir sıra meyarlar baxımından qiymətləndirmə aparmalıdır. İlk növbədə, aşağıdakı məsələlərin aydınlaşdırılması və qiymətləndirilməsi təmin olunmalıdır: - borcun məbləği və ödənilməməsinin müddəti; - ödənilməmənin səbəbləri; - ödəyicinin büdcə öhdəliklərini yerinə yetirməyə yönəlmiş davranışlarına məcmu halda qiymət verildikdə onun vicdanlı hesab edilməsinin mümkünlüyü; - satılmalı olan əmlakın təyinatı, həmin əmlakın gələcəkdə ödəməni həyata keçirməyə imkan verən sahibkarlıq fəaliyyətində istifadəsinin mümkünlüyü; - əmlakın satılmasının ödəyicinin şəxsi, ailə və sahibkarlıq fəaliyyətində yaradacağı diqqətə alınmalı olan mümkün nəticələr; - ödəyicinin bildirdiyi diqqətəlayiq maraqların, eləcə də icranı onun üçün daha əlverişli üsul və vasitələrlə təmin etməyə dair təklifinin mövcudluğu; - vergi orqanının sərgilədiyi diqqətə alınmalı olan davranışlar və s. Qeyd edilən halların araşdırılması və qiymətləndirilməsi məhkəmənin xidməti vəzifəsinə görə müstəqil qaydada toplayacağı sübutlarla yanaşı, həm də sübutetmə yükünün bölüşdürülməsi qaydasında tərəflərin hər birinin təqdim etməli olduğu sübutlardan da asılıdır. Ona görə də, məhkəmə sübutetmə yükünün bölüşdürülməsi qaydasından çıxış etməklə məsələni tərəflərlə müzakirə etməli, onlara müvafiq sübutları təqdim etmək hüququnu və təqdim etməmənin doğuracağı hüquqi nəticələri də izah etməlidir. Göstərilənləri nəzərə almaqla məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisə birinci instansiyası məhkəməsi tərəfindən həll edilərkən yuxarıda göstərilən qaydada araşdırma və qiymətləndirmə aparılmamışdır. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsinə dair mövqeyini onunla əsaslandırmışdır ki, daşınmaz əmlakın cavabdehin mülkiyyətində olmasını təsdiq edən hər-hansı sənəd iddiaçı tərəfindən təqdim edilməmişdir, həmçinin Vergi ödəyicisinin əmlakının siyahıya alınması və hərrac vasitəsilə satışa çıxarılması hazırkı iş üzrə borc məbləği vergitutmanın adekvatlılıq prinsipi və qərarının icrasının təmin olunması baxımdan məqsədə müvafiq deyildir. Birinci instansiya məhkəməsinin büdcəyə olan borcun məbləği ilə əmlakın dəyərini müqayisə etməklə əmlakın siyahıya alınması və hərrac vasitəsilə satışa çıxarılmasının hazırkı iş üzrə vergitutmanın adekvatlılıq prinsipi baxımından məqsədə müvafiq olmadığına dair gəldiyi nəticə əsassız olmuşdur. Belə ki, bir qayda olaraq, büdcə qarşısında öhdəlik davam etdiyi müddət ərzində öhdəliyin həcmindən asılı olmayaraq siyahıya alınmış əmlakın satılması əsaslı hesab olunmalıdır. Belə yanaşma, dəyərindən asılı olmayaraq ödəyicinin siyahıya alınmış yeganə əmlakının olduğu hallara da aiddir. Lakin məhkəmə həm də nəzərə almalıdır ki, hər bir konkret işin xüsusi halları mütənasiblik və ədalətlilik prinsipləri baxımından xüsusi yanaşmanı da tələb edə bilər. Belə xüsusi hallarda yanaşmanın müəyyənləşdirilməsi yuxarıda qeyd olunun meyarlar nəzərə alınmaqla ümumi və xüsusi maraqların əlaqəli qiymətləndirilməsindən asılı olacaqdır. Hazırkı iş üzrə isə məhkəmə sözügedən qaydada araşdırma və qiymətləndirmə aparmadan iddianı rədd etmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. 20.Həmçinin Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin sorğusuna əsasən cavabdehin mülkiyyətində olan əmlakların siyahısı barədə məlumat məhkəməyə daxil olmuşdur (çıxarışlar və s). Halbu ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən daşınmaz əmlakın cavabdehin mülkiyyətində olmasını təsdiq edən hər-hansı sübutun olmamasını qeyd etmişdir. Odur ki, siyahıya alınmış əmlakın hazırda vergi ödəyicisinin mülkiyyətində olub-olmaması faktı məhkəmə tərəfindən aydınlaşdırılmalıdır. Belə ki, Vergi Məcəlləsinin 89.1-ci maddəsinə görə, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Həmin Məcəllənin 89.4-cü maddəsinə əsasən, vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. Vergi Məcəlləsinin 89-cu maddəsinin müddəaları baxımından əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının məhdudlaşdırılmasını ehtiva edir. Belə məhdudlaşdırma nəticəsində vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququnu itirir, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin xx.xx.2020-ci il tarixli **********043600 nömrəli əmri ilə təsdiq edilmiş “Vergilər, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış borcların alınmasına dair” Qaydalarına əsasən, siyahıya alma tədbiri ilə bağlı borclu vergi ödəyicisinin obyektinə getməzdən əvvəl siyahıya alınması üçün vergi ödəyicisinə məxsus daşınar və daşınmaz əmlaklar müəyyən edilir. Daşınmaz əmlak və nəqliyyat vasitəsi siyahıya alındıqda ona dair mülkiyyət hüququnu təsdiq edən sənədlər, tikilidə tikintiyə icazə verilməsi barədə sənədlər siyahıya almaya dair materiallara əlavə edilməlidir

21. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməlidir.

QƏRARA ALDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 01 aprel 2024-cü il tarixli, 2-1(112)-998/2024 qərarı ləğv edilsin. İş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Nigar Nəbizadə Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar