Məhkəmə qərarları › İş №2-1(103)-2510/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2510/2021

12.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2510/2021 12.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlu və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi, İddiaçı və onun nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh AR ƏƏSMN yanında Sosial Xidmətlər Agentliyinə (üçüncü şəxs: AR ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondu) qarşı mənzil verilməsinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1204/2021 saylı iş üzrə qəbul etdiyi 17 iyun 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha bir otaqlı mənzilin iddiaçıya verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2-1(112)-1204/2021 saylı qərarı ilə iddia təmin edilmişdir. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 31.03.2000-ci il tarixində mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə Bakı şəhəri Suraxanı Rayonu İcra Hakimiyyətində növbəyə durmuşdur. İddiaçı 24 dekabr 2019-cu il tarixində Bakı şəhəri Nizami rayonu, B.Çobanzadə küçəsi, 2399-cu məhəllədə inşa edilmiş 12 mərtəbəli, 96 mənzilli yaşayış binasında 2 otaqlı mənzillə təmin olunmuşdur. Aztəminatlı vətəndaşların sosial kirayə müqaviləsi əsasında mənzillə təmin olunma səviyyəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən müəyyənləşir. Nazirlər Kabinetinin 459-cu Qərarına əsasən sosial kirayə müqaviləsi əsasında Dövlət Mənzil Fondunun yaşayış sahəsinin ayırılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən Dövlət Mənzil Fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilməsi qərarı alınmışdır. Hazırkı iş üzrə isə iddiaçının ailə tərkibi 4 nəfərdən ibarət olmasına baxmayaraq, o, 80 kvadratmetr deyil, normadan artıq sahədə 84,17 kvadratmetr yaşayış sahəsi ilə təmin edilmişdir. Mənzil Məcəlləsinin 57.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi adambaşına düşən ayrılma normasından 2 dəfə çox olmamaq şərti ilə artıq olan ümumi sahə kimi verilə bilər o şərtlə ki, belə yaşayış sahəsi 1 otaqdan və 1 otaqlı mənzildən ibarət olsun. Ailə tərkibi 4 nəfərdən ibarət olan və normadan artıq ölçüdə yaşayış sahəsi ilə təmin olunmuş vətəndaşa əlavə birotaqlı mənzilin verilməsi əsassız olmaqla yanaşı, həm də dövlət büdcəsinin və Dövlət Mənzil Fondunun imkanları xaricindədir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh tərəf apelyasiya şikayətini müdafiə edərək və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, аpеlyаsiyа şikаyətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 19.05.2003-cü il tarixli 316-6-514 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, “Nazirliyin sifarişi ilə 2003-cü ildə Qarabağ əlilliləri və şəhid ailələri üçün Bakı şəhərində 36 mənzilli yaşayış binası tikilib istifadəyə verilməsi planlaşdırılır. Həmin mənzillərin bölgüsü zamanı mənzil növbəsinə dayansanız Sizin də mənzil şəraitinizin yaxşılaşdırılması məsələsinə komissiyada baxılacaqdır”. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 23.02.2004-cü il tarixli 3/6-6-385 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olmuş ərizənizə baxılmışdır. Bildiririk ki, Nazirliyin sifarişi ilə 2004-cü ilin mart -aprel aylarında Qarabağ əlilləri və şəhid ailələri üçün Bakı şəhərinin Sabunçu rayon ərazisində 36 mənzilli yaşayış binasının tikilib istifadəyə verilməsi planlaşdırılır. Həmin mənzillərin bölgüsü zamanı Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən təqdim olunacaq Qarabağ əlillərinin mənzil növbəliliyi siyahısında adınız qeyd olunarsa, mənzil növbəsinə dayanan digər Qarabağ əlilləri və şəhid ailələri ilə yanaşı Sizin də mənzil şəraitinizin yaxşılaşdırılması məsələsinə komissiyada baxılacaqdır”. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 02.04.2010-cü il tarixli 06/17-6-116 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olmuş teleqramınıza baxılmışdır. Bildiririk ki, hazırda müvafiq dövlət proqramlarına uyğun olaraq Bakı şəhərinin Sabunçu, Əzizbəyov və Yasamal ravonlarında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxslər və şəhid ailələri üçün Nazirliyin sifarişi ilə 81 mənzilli yaşayış binası inşa olunur. Yaşayıs binalarının 2010-cu ildə istifadəyi verilməsi planlaşdırılır. Siz 31 mart 2000-ci il tarixdən Suraxanı rayon İcra Hakimiyyətində Qarabağ müharibəsi əlilləri siyahısında 32-ci sıra nömrəsilə mənzil növbəsinə dayanmısınız. Həmin binalardakı mənzillərin bölgüsü zamanı Sizin də mənzil-məişət şəraitinizi yaxşılaşdırılması məsələnizə Nazirliyin məsul işçilərindən, rayon İcra Hakimiyyətləri başçılarının müavinlərindən, Respublika Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birininin və “20 yanvar” Cəmiyyəti sədrlərindən ibarət yaradılmış komissiyada növbəlilik qavdasında baxılacaqdır”. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş arayışdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziririnin müvafiq əmri ilə Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətində mənzil növbəsinə dayanmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş İddiaçı Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi 2399-cu məhəllə inşa edilmiş mərtəbəli 96 mənzilli binanın 11-ci mərtəbəsində 32 saylı 2 otaqlı mənzil verilmişdir. - Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin 24.08.2020-ci il tarixli H-206-068 saylı məktubundan görünür ki, iddiaçı yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış şəxslərin siyahısında olub-olmamağı barədə müraciətinə cavab olaraq bildirilmişdir ki, o, 31.03.2000-ci il tarixdən 1-ci qrup əlil kimi yaşayış yeri üzrə Suraxanı rayon İcra Hakimiyyətində 4 nəfər ailə tərikibi ilə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində alınmışdır və siyahı üzrə 1-ci şəxsdir. - Cavabdehin 17.12.2020-ci il tarixli **********5 saylı məktubu ilə bildirilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “mənzil tələbinə” dair 2-1(112)- 5337/2020 saylı inzibati iş üzrə Bakı İnzibati Məhkəməsindən daxil olmuş 29.10.2020-ci il tarixli məktubuna Agentliyin Hüquq şöbəsində baxılmışdır. İddiaçı 31.03.2000-ci il tarixində mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə 3 (üç) nəfər ailə üzvləri ilə Suraxanı rayon İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 20 iyun 2014-cü il tarixli 569 nömrəli Sərəncamına əsasən 24 dekabr 2019-cu il tarixində Qarabağ müharibəsi nəticəsində əlilliyi müəyyən edilmiş İddiaçı Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, 2399-cu məhəllədə inşa edilmiş 12 mərtəbəli, 96 mənzilli yaşayış binasında mərtəbə 11, giriş 1, otaq sayı 2 olan 84.17 kvadratmetrlik 32 saylı mənzil təhvil verilmişdir. Bundan əlavə bildiririk ki, İddiaçı növbəsi üzrə 2018-ci ildə digər ərazidə inşa olunmuş binada 3 otaqlı mənzil təklif olunsa da, iddiaçı ondan imtina etmişdir. Bakı şəhəri, Nizami rayonu B.Çobanzadə küçəsi, 2399- cu məhəllədə inşa edilmiş yaşayış binasında olan 36 ədəd 1 otaqlı mənzil, 48 ədəd 2 otaqlı mənzil və 12 ədəd 3 otaqlı mənzildən ibarət olan 96 mənzillik binanın hər bir mənzili qanunvericilik üzrə imtiyazlı şəxslərə təqdim olunduğundan binada boş mənzillər mövcud deyildir. Buna görə də iddiaçının müvafiq tələbini təmin etmək mövcud imkanlar xaricindədir. - Cavabdehin 06.04.2021-ci il tarixli **********3 saylı məktubu ilə bildirilmişdir ki, Bakı şəhəri, Suraxanı rayon sakini İddiaçı ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olmuş 1 fevral 2021-ci il tarixli İş № 2-1(112)- 1204/2021 nömrəli məktuba aidiyyəti üzrə Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyində baxılmışdır. Bildiririk ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 nömrəli Sərəncamı ilə 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış bu kateqoriyadan olan şəxslərin 2014- 2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Yuxarıda adıçəkilən Sərəncamın icrası çərçivəsində Suraxanı Rayon İcra Hakimiyyətindən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmuş 19 mat 2016-cı il tarixli 181 nömrəli məktubda 4 nəfər ailə tərkibi ilə 31 mart 2000-ci il tarixdən mənzil növbəsinə dayandığı qeyd edilən İddiaçı Nazirlik tərəfindən qanunvericiliyə uyğun 26 dekabr 2019-cu il tarixində Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, 2399-cu məhəllədə inşa edilmiş 12 mərtəbəli, 96 mənzilli yaşayış binasının 1-ci giriş, 11-ci mərtəbəsində ikiotaqlı ümumi sahəsi 84.17 kvadratmetr olan 32 nömrəli mənzil ilə təmin edilmişdir. Həmin mənzil paylanışı olan binada 36 ədəd 1 otaqlı mənzil, 48 ədəd 2 otaqlı mənzil, 12 ədəd 3 otaqlı mənzil olduğunu nəzərə alaraq ailə tərkibləri 4 nəfər olan vətəndaşlara 2 otaqlı mənzil verilməsi məqsədəuyğun hesab edilmişdir. Əlavə olaraq bildiririk ki, qeyd edilən Sərəncamın həyata keçirilməsi çərçivəsində Nazirlik son illərdə Bakı şəhərinin Qaradağ rayonu ərazisində və Abşeron rayonunun Məmmədli kəndində, Saray və Mehdiabad qəsəbələrində, 2020-ci ildə isə Bakı şəhərinin Suraxanı və Xətai rayonlarında inşa olunmuş çoxmərtəbəli binalardan mənzilləri satın alaraq imtiyazlı şəxslərin mənzillə təmin olunmasını həyata keçirmişdir. Hazırda Abşeron rayonu, Məmmədli kəndi və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən binalardakı mənzillərlə bərabər, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilmiş Bakı şəhərinin Sabunçu rayonu, Ramana qəsəbəsində, Binəqədi rayonu, Xocəsən qəsəbəsində və Qaradağ rayonu, Ümid qəsəbəsində inşa edilmiş yaşayış komplekslərindəki çoxmərtəbəli binalarda yerləşən mənzillər də imtiyazlı şəxslərə təklif edilir. Eyni zamanda qeyd edirik ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakı şəhərinin Nizami rayonu ərazisində yerləşən çoxmərtəbəli binalardan mənzillər satın alınması nəzərdə tutulmamışdır. İddiaçı inzibati orqanın hərəkətsizliyindən narazı qalaraq, AR ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iddia ərizəsilə məhkəməyə müraciət edərək, ona birotaqlı mənzil verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsi şəklində yuxarıda göstərilən qaydada həll edilmişdir. Kollegiya işin faktiki hallarını hətrərəfli araşdıraraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikasının Konstitusiyasınını 38-ci maddəsinin İİİ hissəsinə əsasən Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir 49.1. Sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin ayrılma norması (bundan sonra – ayrılma norması) sosial kirayə müqaviləsi üzrə verilən yaşayış sahəsinin ümumi sahəsinin (ölçülərinin) müəyyənləşdirilməsi üçün əsas götürülən yaşayış sahəsinin minimal ölçüsüdür. 49.2. Dövlət mənzil fonduna münasibətdə ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 49.4. Yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması (bundan sonra – uçot norması) vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. 49.6. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən kateqoriyadan olan vətəndaşlar üçün fərqli uçot norması və ya dövlət mənzil fondundan sosial kirayə müqavilələri əsasında verilən yaşayış sahələrinin ümumi normadan daha yuxarı ayrılma norması müəyyən edilə bilər. 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; Birinci instansiya məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı İ-ci qrup Qarabağ əlili kimi 31.03.2000-ci il tarixində mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə 3 (üç) nəfər ailə üzvləri ilə Suraxanı rayon İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 20 iyun 2014-cü il tarixli 569 nömrəli Sərəncamına əsasən 24 dekabr 2019-cu il tarixində ona Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, 2399-cu məhəllədə inşa edilmiş 12 mərtəbəli, 96 mənzilli yaşayış binasında mərtəbə 11, giriş 1, otaq sayı 2 olan 84.17 kvadratmetrlik 32 saylı mənzil təhvil verilmişdir. Lakin hazırda iddiaçı 4 nəfər ailə üzvü ilə birlikdə yaşadığı üçün mövcud mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə cavabdeh tərəfindən əlavə bir otaqlı mənzilin verilməsini də tələb etmişdir. Cavabdeh tərəfindən isə iddiaçının gözləntilərinin hansı vaxtda reallaşacagını bildirmədən, iddiaçını qeyri-müəyyən gözləmə vəziyyətində qoyaraq formal məktublar göndərməklə tələbin icrasından əsassız olaraq imtina etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 61.1-ci maddəsində qeyd edilmişdir ki, yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Kollegiya qeyd edir ki, iddiaçı ikiotaqlı mənzillə təmin edilsə də, sağlamlıq və ailə vəziyyəti nəzərə alınaraq ona daha bir otaqlı mənzilin verilməsini xahiş etmiş, lakin inzibati orqan qeyd olunan halların mövcudluğunu düzgün araşdırmamış və iddiaçının sosial vəziyyətinin yaxşılaşdırılmasından imtina etmişdir. Kollegiya hesab edir ki, inzibati orqan iddiaçının müraciətinə qanunvericiliyin tələblərinə uyğun olaraq yenidən baxmalı və işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlarının müvafiq müddəalarını göstərməklə müvafiq inzibati akt qəbul etməlidir. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Yuxarıda sadalanan halları nəzərə alaraq məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmaqla İddiaçı ona birotaqlı mənzilin verilməsi ilə bağlı müraciəti üzrə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla, müvafiq inzibati aktın qəbul edilməsi barədə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin üzərinə öhdəlik qoyulmalıdır. Qeyd edilənləri və İPM-nin 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1204/2021 saylı 17 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Həmid Həmidov Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar