Məhkəmə qərarları › İş №2-1(103)-2510/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2510/2023

12.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2510/2023 12.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Yusifov Cahangir Afər oğlu və X2 ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi ilə, İddiaçı X6 və cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı X6 cavabdeh Yasamal Rayon İcra Hakimiyyəti və qeyrilərinə qarşı əmlakın sökülmüş hissəsinin bərpa edilməsi və s tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 53/2023 saylı, 13 aprel 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı X8 cavabdeh Yasamal Rayon İcra Hakimiyyətinə qarşı əmlakın sökülmüş hissəsinin bərpa edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 11 sentyabr 2020-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 03 may 2021-ci il tarixli qərardadı ilə qərar ləğv edilmiş, iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşmə verərək Sonradan iddiaçı ərizə təqdim edərək Yasamal rayon İcra Hakimiyyəti,Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Cavabdeh2 və X1 cavabdeh qismində cəlb edilməsini, iddia tələbinin isə “Dövlət reyesteri haqqında AR Qanunun 13.7 maddəsinə və AR Yasamal İcra Hakimiyyətinin xx.xx.2006-cı il 34 №-li və xx.xx.2011-ci il 64 №-li sərəncamına istinadən əmlakın yerləşdiyi 17,75x17,25 metrəyə olan ümumilikdə 308 kv metrdən ibarət sahə 204 №-li icarə müqaviləsində artırılaraq reyestrdə qeyd olunması, icarə haqqı axımı əmlakının bərpasından və işinin-fəaliyyətinin bərpa olduqdan sonra başlanılması, üç il ərzində istifadəsindən məhrum olduğu yerə görə icarə haqqı olaraq ödədiyi məbləğin icarə axımı başladıqdan sonrakı dövrə aid edilməsi, işdə 3-cü şəxs kimi tərəf olaraq qəbul olmuş Cavabdeh5 icarə müqaviləsinin yerinə yetirilməmiş və etiraf etdiyi öhdəliklərinə dair tələbinin tam təmin olunması (2021-ci ilin noyabr və dekabr ayları üzrə: 4x2-8000AZN, 3 ədəd təndir x 5000AZN= 15000AZN, təmir bərpa 10000AZN, işiq borcu 1150AZN, su borcu 360AZN, qaz borcu 1500AZN və xx.xx.2022-ci ildən məhkəmə yekununa qədər icarə müqaviləsinin tələbi üzərinə aylıq 4000AZN olmaqla), xx.xx.2017ci il **********47 №-li fəaliyyətə dair, 204 №-li icarə müqaviləsinin göstəriş məktubunun icrası təmin olunaraq əmlakının sökülmüş hissəsi bərpa olunaraq mövcud halda reyestrdə qeydiyyata alınması, Yasamal rayon İH-nin 34 №- li, 64 №-li sərəncamlarına aid xx.xx.2011-ci il tarixli eskiz layihəsinə və ƏMDX-nin baş planına uyğun qeyri yaşayış sahəsi əmlakın bərpa edilməsi təmin edilərək fəaliyyətin qadağası və işsizliyi son verilərək Yasamal rayon İH-nin qanunsuz süni maneə və müdaxiləsinin qarşısının alınması, əmlakın qarşısında olan iaşə obyektinə aid ağ xətt olaraq 20 metrlik parking dayanacaq işarəsi bərpa olunması və BNA tərəfindən quraşdırılan dayanacaq qadağandır işarəsinin götürülməsi” formasında icraata qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 27 fevral 2023-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmiş Yasamal rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Cavabdeh2 və X3 iş üzrə cavabdeh qismində məhkəmə icraatının iştirakçısı kimi tanınmış, İddia tələbi “Dövlət reyesteri haqqında AR Qanunun 13.7 maddəsinə və AR Yasamal İcra Hakimiyyətinin xx.xx.2006-cı il 34 №-li və xx.xx.2011-ci il 64 №-li sərəncamına istinadən əmlakın yerləşdiyi 17,75x17,25 metrəyə olan ümumilikdə 308 kv metrdən ibarət sahə 204 №-li icarə müqaviləsində artırılaraq reyestrdə qeyd olunması, icarə haqqı axımı əmlakının bərpasından və işinin-fəaliyyətinin bərpa olduqdan sonra başlanılması, üç il ərzində istifadəsindən məhrum olduğu yerə görə icarə haqqı olaraq ödədiyi məbləğin icarə axımı başladıqdan sonrakı dövrə aid edilməsi, işdə 3-cü şəxs kimi tərəf olaraq qəbul olmuş Cavabdeh5 icarə müqaviləsinin yerinə yetirilməmiş və etiraf etdiyi öhdəliklərinə dair tələbinin tam təmin olunması (2021-ci ilin noyabr və dekabr ayları üzrə: 4x2-8000AZN, 3 ədəd təndir x 5000AZN= 15000AZN, təmir bərpa 10000AZN, işiq borcu 1150AZN, su borcu 360AZN, qaz borcu 1500AZN və xx.xx.2022-ci ildən məhkəmə yekununa qədər icarə müqaviləsinin tələbi üzərinə aylıq 4000AZN olmaqla), xx.xx.2017-ci il **********47 №-li fəaliyyətə dair, 204 №-li icarə müqaviləsinin göstəriş məktubunun icrası təmin olunaraq əmlakının sökülmüş hissəsi bərpa olunaraq mövcud halda reyestrdə qeydiyyata alınması, Yasamal rayon İH-nin 34 №- li, 64 №-li sərəncamlarına aid xx.xx.2011-ci il tarixli eskiz layihəsinə və ƏMDX-nin baş planına uyğun qeyri yaşayış sahəsi əmlakın bərpa edilməsi təmin edilərək fəaliyyətin qadağası və işsizliyi son verilərək Yasamal rayon İH-nin qanunsuz süni maneə və müdaxiləsinin qarşısının alınması, əmlakın qarşısında olan iaşə obyektinə aid ağ xətt olaraq 20 metrlik parking dayanacaq işarəsi bərpa olunması və BNA tərəfindən quraşdırılan dayanacaq qadağandır işarəsinin götürülməsi” kimi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-53/2023 saylı, 13 aprel 2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətini iş materialları ilə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 2.3 bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi, prosessual həmiştirakçılığın (hazırkı işdə birgə cavabdehlər qismində iştirak) yolverilənliyi iddianın mümkünlüyü komponentlərindən biridir. Prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü ilə bağlı isə qeyd edilməlidir ki, AR İPM-nin 30-cu maddəsinə əsasən bir iş üzrə bir neçə birgə iddiaçının və ya cavabdehin iştirakının mümkünlüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 30.1. Mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. 30.2. Mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər.

37. Bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. Göründüyü kimi inzibati prosessual qanunvericiliklə hansı hallarda birgə cavabdehlərin bir iddia tələbində qeyd edilməsinin, mümkünlüyünə qiymət verilmişdir ki, mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən, həmçinin mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da birgə cavabdeh qismində prosessual həmiştirakçılığı, eyni zamanda, birbiri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbinin iddiaçı tərəfindən bir iddiada birləşdirilməsi mümkün hesab edilir. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi iddia tələbinin bir hissəsi məzmun etibarı ilə Yasamal rayon İcra Hakimiyyətinə qarşı olmaqla iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin fəaliyyətinə maneənin aradan qaldırılması, həmçinin iddiaçının icarəsində olan torpaq sahəsində ehtimal olunan cavabdehin söküntü hərəkətlərinin qanunsuz hesab edilərək əvvəlki hala bərpa edilməsi ilə bağlıdır. Həmin iddia tələbinin mahiyyətindən də müəyyən edilir ki, qeyd olunan cavabdehə qarşı iddia AR İPM-nin 2.2.3-cü maddəsi və 2.2.4-cü maddədə nəzərdə tutulan öhdəliyin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddiadır. Həmin iddia üzrə prosessual hüquqi əsas Məcəllənin adıçəkilən müddəaları, maddi hüquqi əsas saysız-hesabsız mülkiyyət hüququna dair qanunvericiliyin müddəaları nəzərə alınmaqla ən geniş mənada mülkiyyət hüququna inzibati orqanın müdaxiləsindən qoruma və baş vermiş müdaxilə nəticəsində əmlakın əvvəlki vəziyyətinə bərpasıdır. Faktiki əsas isə cavabdehin iddiaçının əmlakından istifadəsinə mane olunması, icarəsində olan hissədə olan tikilisinin heç bir əsas olmadan sökülməsi və onun bu səbəbdən də bərpasının zəruriliyi ilə bağlıdır. İddianın Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə yönələn hissəsi isə iddiaçının qanuni istifadəsində sahədən əlavə faktiki sahə də nəzərə alınmaqla icarə müqaviləsinin 168 kv.m torpaq sahəsindən 308 kv.m qədər artırılması, 308 kv.m torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanılaraq reyestrdə qeydə alınması, icarə müqaviləsinə dair ödənişlərin fəaliyyətə müdaxilənin aradan qaldırıldığı və sökülmüş əmlakın bərpa edildikdən sonra başlanılması, icarə haqqı olaraq ödədiyim məbləğin icarə axımı başladıqdan sonrakı dövrə aid edilməsi ilə bağlıdır. Adıçəkilən iddianın prosessual hüquqi əsası AR İPM-nin 2.2.3-cü maddəsi olsa da maddi hüquqi əsasları mülkiyyət hüququna müdaxilə bağlı yox, yeni torpaq sahəsinə mülkiyyət hüququnun tanınmasına dair qanunvericilik müddəaları (Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanun və s), həmçinin də cavabdehlə icarə münasibətlərindən irəli gələn mübahisələrin həllinə yönəlmiş qanunvericilik müddəaları (Mülki Məcəllə, torpağın icarəyə verilməsi haqqında Qanun və s) ilə bağlıdır. Faktiki əsas isə odur ki, iddiaçı hesab edir ki, onun müqavilə ilə istifadəsində 168 kv.m torpaq sahəsi olsa da, faktiki olaraq istifadədə olan torpaq sahəsi 308 kv.m təşkil edir ki, həmin torpaq sahəsinin onun qanuni istifadəsində olması nəzərə alınmaqla iddiaçının müqavilə üzrə istifadəsində verilməlidir. İddianın digər hissəsi ilə bağlı isə iddia tələbinin mahiyyəti odur ki, Yasamal Rayon İcra Hakimiyyətinin hərəkətləri səbəbindən əmlakından istifadə edə bilmir və bu səbəbdən də həmin icarə haqqının ödənişində həmin hallar nəzərə alınmalıdır. İddianın Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə yönələn hissəsi ilə bağlı isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbinin nəticə hissəsində iddiaçının hansı cavabdehdən hansı tələbin təminini istədiyi konkret olaraq göstərilməmişdir. İşin faktiki halları nəzərə alınmaqla müəyyən edilir ki, iddiaçının Nazirliyə qarşı fəaliyyətinə maneələrin edilməməsi ilə bağlıdır. Belə ki, X7 Departamentinin iddiaçıya ünvanladığı 27 noyabr 2017-ci il tarixli məktubda qeyd edilmişdir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, çörəkbişirmə sexinin sol tərəfində əncir cinsindən olan 1 ədəd ağac qurudularaq məhv edilmiş və köküstə 1 ədəd tut ağacının bioloji inkişafda olduğu müəyyən edilmişdir. Məktubda qeyd edilir ki, iddiaçı ağacın qurudulmasından xəbərsiz olduğunu, icra hakimiyyəti orqanı əməkdaşlarının əməkdaşları tərəfindən bilərəkdən qurudulduğunu bildirmişdir. Cavabdeh hesab etmişdir ki, iddiaçı təhkim olunmuş ərazinin sanitar normalara uyğun saxlanılmasını, ərazidəki yaşıllıqların qorunub mühafizə olunmasını, və xidmət göstərilməsini təmin etmədiyindən həmin ərazinin yaşıllıq salınaraq vətəndaşların ümumi istifadəsinə verilməsi məqsədəuyğun hesab edilmişdir. Cavabdeh2nə qarşı yönələn iddia isə əmlakının qarşısında dayanmaq qadağandır işarəsinin götürülməsi və obyektin qarşısında dayanma icazəsinin bərpa edilməsi ilə bağlıdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddianın maddi hüquqi əsasını “Yol hərəkəti haqqında” Qanun, “Avtomobil yolları haqqında” Qanun, “Avtomobil yollarında yol göstəricilərinin yerləşdirilməsi” Qaydaları və digər aidiyyəti qanunvericilik müddəaları ilə əlaqədardır. Faktiki əsas isə odur ki, “dayanmaq qadağandır” nişanının mövcudluğu nəqliyyat vasitələri ilə hərəkətdə olan potensial müştərilərin obyektdən istifadəsinə mane olur və bu səbəbdən də həmin nişan ləğv edilməlidir. Qeyd olunmalıdır ki, iddianın digər hissəsi inzibati orqan olmayan vətəndaş Cavabdeh5 adlı şəxsə qarşı olmaqla onun yerinə yetirməmiş icarə haqqı üzrə borcların ödənilməsi ilə bağlıdır. Məhkəmə kollegiyası hesab edir ki, inzibati orqan olmayan şəxsə qarşı yönəlmiş həmin iddia icarə münasibətləri ilə bağlıdır, faktiki əsas icarə haqqının ödənilməməsi, hüquqi əsas mülki qanunvericiliklə əlaqədardır. Digər tərəfdən iddiadan müəyyən edilir ki, cavabdeh inzibati orqan olmayan digər fiziki şəxs Cavabdeh5 qarşı icarə haqqının ödənilməsi ilə bağlı, cavabdeh inzibati orqan olsa belə İqtisadiyyat Nazirliyi, daha doğrusu onun altqurumu kimi Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı icarə haqqının ödənilməsi ilə bağlı mübahisələr mülki mübahisə hesab edilir, mülki mübahisənin həlli isə inzibati məhkəmə icraatı qaydasında həyata keçirilmir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarının:

11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.

12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.

17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Göründüyü kimi tələbin inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrlə əlaqədar olması, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olmaması inzibati icraat qaydasında işə baxılmasını mümkün edir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 21 fevral 2023-cü il tarixli qətnaməsindən də görünür ki, iddiaçı və Əmlak Məsələləri Dövlət Xidməti arasında icarə münasibətlərindən irəli gələn mübahisəyə mülki icraat qaydasında baxılmaqdadır ki, iddiaçı faktiki olaraq həmin mübahisənin həllini inzibati qaydada reallaşdırmağa çalışır. Halbuki, həmin iddianın yolverilməzliyi mübahisənin publik sferaya aid olmaması, müqavilə münasibətləri ilə bağlı olması səbəbindən aydın görünür. İddianın Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı yönəlməsi ilə bağlı isə məhkəməyə qeyd etməyi zəruri hesab edir ki, həmin orqanın inzibati orqan qismində çıxış etməsi şübhə doğurmur. Lakin Nazirliyin inzibati orqan hesab edilməsi onun altqurumuna qarşı iddia verilməsi imkanını aradan qaldırmır və ayrıca inzibati orqanların təsnifatında yer alan inzibati orqanların cavabdeh qismində çıxış etməsi iddianın mümkünlüyü baxımından əhəmiyyətlidir Göründüyü kimi hazırkı iddia iddianın mümkünlüyü ilə bağlı prosessual qanunvericilikdə nəzərdə tutulmuş istər ümumi, istər xüsusi mümkünlük şərtlərinin nəinki biri, hətta bir-neçəsinin də tələbləri pozulmaqla verilmişdir ki, onun inzibati icraat qaydasında baxılması yol verilməzdir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadların ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : İddiaçı X6 apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-53/2023 saylı, 13 aprel 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar