Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2510/2024 27.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi, Maraqlı şəxs X6 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinin plan-sxeminin verilməsi və bağ sahəsinin nömrəsindəki uyğunsuzluğun aradan qaldırılması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1431/2013 saylı, 28 fevral 2024-cü il tarixli qərardadından X3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-1431/2013 saylı, xx.xx.2013-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilərək Bakı şəhər İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və İstismarı Birliyi ilə bağlanmış 24 iyul 2006-cı il tarixli 30413 saylı “Bağın icarəyə verilməsi haqqında” müqaviləyə əsasən İddiaçı istifadəsinə verilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisində yerləşən 0.12 ha ibarət 1316 a saylı bağ sahəsinə İddiaçı adına plan-sxemin verilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Cavabdeh1nə həvalə edilmişdir. Sözügedən qərar xx.xx.2013-cü il tarixdə qanuni qüvvəsini almışdır. X3 tərəfindən Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət edilərək, iş üzrə üçüncü şəxs qismində cəlb edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-1431/2013 saylı, xx.xx.2013-cü il tarixli qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri Ləhiş bağ massivində yerləşən 1318 saylı bağ sahəsinə dair “çıxarışın və plan ölçü sənədinin verilməsi” tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə araşdırmaları zamanı ekspert rəyi ilə məlum olmuşdur ki, ona məxsus 1318 saylı bağ torpaq sahəsi 1316a saylı bağ sahəsi ilə üst-üstə düşür. Məhkəmə tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2023-cü il tarixli 2- 1(112)-924/2023 saylı sorğuya cavab məktubuna əlavə olunmuş sənədlərdən məlum olmuşdur ki, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2in(82)-1431/2013 saylı qərarı ilə DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən İddiaçı plansxem verilmişdir. Müraciəti əsasında qeyd olunan inzibati iş üzrə məhkəmə qərarı əldə olunmuşdur. Həmin qərarın məzmunundan da, görünür ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ ərazisində yerləşən istifadəsinə verilmiş 1316a saylı bağ sahəsinin adına sənədləşdirilməsi üçün DƏDRX-nin Bakı şəhər ərazi idarəsinə müraciət etmişdir. Lakin, cavabdeh təşkilat tərəfindən iddiaçının müraciətinin müsbət həllindən imtina edilmişdir. İmtinanın əsası kimi o göstərilmişdir ki, iddiaçının iddia etdiyi yer bağların sxematik xəritəsinə əsasən 1316a saylı bağ sahəsinin yerinə deyil, 1318 saylı bağ sahəsinin yerinə, yəni onun istifadəsinə verilmiş bağ sahəsinin yerinə uyğun gəlir. Göründüyü kimi, sözügedən məhkəmə qərarı onun maraqlarına toxunur. Ona görə də hesab edir ki, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2in(82)-1431/2013 saylı qərarı ləğv edilməli, o, 3- cü şəxs qismində cəlb edilməklə həmin işə yenidən baxılmalıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1431/2013 saylı, 28 fevral 2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Ərizəçi qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). 28.3. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. 28.4. İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyə görə, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinin Vİ və Vİİ hissələrinə əsasən, Azərbaycan Respublikası ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Konstitusiyanın 125-ci maddəsinin İ hissəsində məhkəmə hakimiyyətinin ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr tərəfindən həyata keçirilməsi təsbit edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqların səmərəli müdafiəsinin vacibliyini dəfələrlə qeyd edərək bildirmişdir ki, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 5 dekabr 2011-ci il tarixli Qərarı). Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Konstitusiyada nəzərdə tutulmuş təminatların yerinə yetirilməsi baxımından ədalət mühakiməsinin keyfiyyətcə səmərəli və ədalətli həyata keçirilməsi, qanunvericilikdə hüquq və vəzifələrin həcminin prosessual prosedur, qaydalar, xüsusən də müddətlər çərçivəsində balanslaşdırılması zəruriliyini ortaya çıxarır ki, bu da məhkəmə icraatı zamanı məhkəmənin (hakimin), tərəflərin, prosesin digər iştirakçılarının, həmçinin maraqlı şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edən mühüm şərtlərdən biridir (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti ilə əlaqədar 13 fevral 2007-ci il tarixli Qərarı). Eyni zamanda, qeyd olunmalıdır ki, şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə prosesinin bütün mərhələlərinə aiddir. Bu, məhkəmə müdafiəsinin yalnız birinci instansiyada təmin olunmasını deyil, qanunla nəzərdə tutulmuş hallarda apellyasiya və kasasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Məhkəmə müdafiəsi hüququ mülki və inzibati işlər üzrə nəinki məhkəmə icraatına başlanması imkanını, o cümlədən məhkəmənin lazımi qaydada təşkili və tərkibini, həmçinin prosesin gedişatı ilə bağlı dövlət təminatını nəzərdə tutur. Prosesin gedişatı tərəflərin iradəsindən asılı olaraq birinci instansiya məhkəməsində, həm də apellyasiya və kasasiya instansiyalarında məhkəmə müdafiəsi imkanlarının tükənməsinə qədər davam etdirilə bilər. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, Konstitusiyanın 60cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququ həyata keçirilərkən konstitusiya hüququnun doktrinasından irəli gələn hüquqi müəyyənlik prinsipinə riayət edilməsi pozulmuş hüquq və azadlıqların qorunmasını daha da səmərəli edir. Hüquqi müəyyənlik prinsipi Konstitusiyanın Preambulasında əksini tapan qanunun aliliyinin əsas elementlərindən biridir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən formalaşdırılmış hüquqi mövqeyə görə, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Belə mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) qərarlarında da öz əksini tapmışdır. Belə ki, “Brumaresku Rumıniyaya qarşı” iş üzrə 28 oktyabr 1999-cu il tarixli Qərarda göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Avropa Məhkəməsinin “Ryabıx Rusiyaya qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli Qərarında isə qeyd edilmişdir ki, hüquqi müəyyənlik, “res judicata” prinsipinə hörməti (yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyini) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyri-düzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz, eyni zamanda, yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır. Avropa Məhkəməsinin bu hüquqi mövqeyini nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu xüsusi olaraq qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar konstitusiya əhəmiyyətli məqsədlərə cavab verməli, hüquqi müəyyənlik və mütənasiblik prinsiplərinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stabilliyini və tarazlığını pozmamalıdır. Konstitusiya Məhkəməsinin Plenumu öz hüquqi mövqeyini təkrarlayaraq bir daha qeyd edir ki, Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş məhkəməyə müraciət etmək hüququ Konstitusiyada bəyan edilmiş hüquq və azadlıqların təminatlarına əsaslanır. Belə ki, məhkəmənin qəbul etdiyi qərarın hüquqa zidd olduğunu yalnız qanunla müəyyən edilmiş qaydada müvafiq instansiya məhkəməsi müəyyən edə bilər. Bu isə hüquqi dövlətə xas olan məhkəmədən başqa heç kəsin məhkəmə qərarının ədalətliliyini və hüquqa uyğunluğunu şübhə altına ala bilməməsi prinsipindən irəli gəlir. Məhkəmə səhvlərinin aradan qaldırılması məqsədilə konkret işlər üzrə (mülki, cinayət, inzibati) məhkəmə qərarlarına yenidən baxılmasının bu və ya digər formasını seçərkən qanunverici, ilk növbədə, pozulmuş hüquqların real və vaxtında bərpa edilməsi üçün hüquq və azadlıqların adekvat təmin edilməsi zərurətindən çıxış edir. Aydındır ki, səhv məhkəmə qərarı hüquqa uyğun hesab edilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin şikayəti üzrə işə yenidən baxılması məhkəmə səhvlərinin, məhkəmə qərarlarının əsaslı olmamasının, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsinin və ya prosessual qanunvericilik normalarının pozulmasının və ya digər məsələlərin yoxlanılması məqsədini daşımamalıdır. Bu zaman məhkəmənin üzərinə düşən əsas vəzifə həmin məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin pozulmuş hüquqlarının bərpa edilməsidir. Məhkəmə qanuni qüvvəyə minmiş qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edərkən hüquqi müəyyənliyin mühüm tərkib hissəsi olan məhkəmə qərarlarının stabilliyi prinsipinin qorunması məqsədilə maraqlı şəxsin üçüncü şəxs qismində işə cəlb edilməsi üçün aşağıdakılara xüsusi diqqət yetirməlidir: - qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulubpozulmamasına; - inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsinə. Beləliklə, həmin şəxs məhkəməyə müraciətində öz hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasını və bu pozuntunun ona hansı vaxtdan məlum olduğunu əsaslandırmalıdır. İş materiallarından görünür ki, mübahisəli qərar qəbul edilərkən məhkəmə araşdırması zamanı işdə olan sənədlərə əsasən müəyyən edilmişdir ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində istifadəsində olan 1316 a saylı bağ sahəsinə dair bölgü sxeminin verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu 05 mart 2013-cü il tarilxi, **********44 saylı məktubu ilə cavab vermiş, arxiv araşdırmasına əsasən bağ sahəsinin nömrəsindəki uyğunsuzluğun aşkar edilməsinə, xəritəyə əsasən 1316 a saylı bağ sahəsi əvəzinə 1318 saylı bağ sahəsinin ərazisindən istifadə edildiyinə istinad edərək, imtina etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş arxiv əsaslarında olan, X2 tərəfindən Bakı şəhər X4 direktoru T.T.Allahverdiyevə yazılmış 14 iyul 2006-cı il tarixli ərizədə göstərilmişdir ki, Ləhiş ərazisində yerləşən dədə-baba bağlarından İddiaçı sənəd əsasında (müqavilə 30413) 1202a saylı, 0,12 hektar bağ sahəsi verilmişdir. O, həmin ərazidə bağ saldığı üçün aralarında mübahisə baş vermiş, mübahisəni yoluna qoymuşlar. Öz xahişi ilə bağından İddiaçı bir pay, yəni ,012 ha sahəsi verilməsinə etiraz etmir. Odur ki, H.Həsənoa məxsus 1202a saylı bağın müqaviləsinin onun ərazisində yerləşən 1316a saylı bağa dəyişdirilməsini xahiş edir. Eyni zamanda İddiaçı 14 iyul 2006-cı il tarixli ərizə ilə müraciət edərək, ona verilmiş 1202a saylı bağın dəyişdirilib 1316a saylı bağla əvəz olunmasına köməklik göstərilməsini xahiş etmişdir. 14 iyul 2006-cı il tarixli, Bakı şəhəri X4 Ləhiş ərazisi üzrə böyük mühəndisi M.Ağakişiyev, sahə mühəndisiləri F.Rzayev və T.Ələkbərov tərəfindən tərtib olunmuş aktda göstərilmişdir ki, M.Cəlal küçəsi 127, mənzil 36-da yaşayan İddiaçı ərizə ilə müraciət edərək bildirir ki, ona sərəncam əsasında 30413 saylı müqavilə ilə 1202a saylı, 0,12 hektarlıq torpaq sahəsi verilib. O, həmin bağ sahəsindən istifadə etmək istəyərkən Kürdəxanı qəsəbə sakini X2 onu oradan istifadə etməyə qoymamışdır. Sonradan öz aralarında razılığa gəlmişlər. İ.Muxtarov həmin ata-baba sahəsindən bir pay, yəni 0,12 hektar sahənin İddiaçı verməsinə razılıq vermiş və həmin sahənin nömrəsi 1316a-dır. Hər iki vətəndaşın ərizələri əsasında yerində olmuşlar və sahədə ölçülər aparılan zaman müəyyən olunmuşdur ki, razılığa gəlinmiş bağın nömrəsi 1316a-dır və İdarənin boş bağlar balansındadır. İddiaçı istifadəsində olan bağın nömrəsi dəyişilmiş və sonuncu ilə yeni-30413 saylı, 24 iyul 2006-cı il tarixli müqavilə bağlanaraq, Bakı şəhəri, Ləhiş ərazəsində, 0,12 hektardan ibarət, 1316 a saylı bağ sahəsi iddiaçının istifadəsinə verilmişdir. Məhkəmə hesab etmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və İstismarı Birliyinin 30413 saylı 24 iyul 2006-cı il tarixli “Bağın istifadəyə verilməsi haqqında” müqaviləsinə əsasən iddiaçı H.Həsnovun istifadəsinə verilmiş bağın nömrəsinin məhz 1316 a olması Bakı şəhər X4 mühəndisləri tərəfindən yerində ölçmə işləri aparılarkən bir daha təsdiq olunmuşdur. Cavabdeh 05 mart 2023-cü il tarixli imtina məktubunda iddiaçının istifadəsində olan bağ sahəsinin nömrəsində uyğunsuzluğun olmasını, iddiaçının 1318 saylı bağ sahəsinin əazisindən istifadə etdiyini göstərsə də, imtinasını əsaslandıran sübutlar məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçının qanuni istifadəsində olan bağ sahəsinin nömrəsində hər hansı uyğunsuzluğun olması müəyyən edilməmiş və əksinə arxiv daşıyıcısı olan cavabdehin verdiyi arxiv əsaslarında iddiaçının istifadəsində olan bağ sahəsinin nömrəsinin 1316 a olması qeyd olunmuşdur. Beləliklə, qanuni qüvvəsini almış məhkəmə qərarı ilə X3nun ərizəsinin əsasları olan dəlillərə qiymət verilmiş və həmin qərarla müəyyən edilmişdir ki, İddiaçı qanuni istifadəsində olan bağ sahəsinin nömrəsində hər hansı uyğunsuzluq olmamış və əksinə arxiv daşıyıcısı olan cavabdehin verdiyi arxiv əsaslarında iddiaçının istifadəsində olan bağ sahəsinin nömrəsinin 1316 a olması qeyd olunmuşdur. Həmçinin iş materiallarına əlavə olunmuş “1316 a” saylı və “1318” saylı bağ sahələrinin ayrılmasına dair müqavilələrdən görünür ki, “1316a” saylı bağ sahəsi iddiaçıya 24 iyul 2006-cı il tarixli müqavilə ilə, “1318” saylı bağ sahəsi isə X3na 19 sentyabr 2006-cı il tarixli müqavilə əsasında ayrılmışdır. Bu hal isə, mübahisəli bağ sahəsinin iddiaçıya ayrılması zamanı bağ sahəsinin boş olmasını bir daha təsdiq etmiş olur. Göründüyü kimi işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin şikayəti üzrə işə yenidən baxılması məhkəmə səhvlərinin, məhkəmə qərarlarının əsaslı olmamasının, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsinin və ya prosessual qanunvericilik normalarının pozulmasının və ya digər məsələlərin yoxlanılması məqsədini daşımalı olmayıb, maraqlarına toxunan şəxslərin pozulmuş hüquqlarının bərpa edilməsi məqsədini daşımalı olduğundan, hazırki mübahisədə isə X3nun hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulması halı müəyyən edilmədiyindən və ərizəçinin hüquqlarının pozulmaması artıq qanuni qüvvəsini almış məhkəmə qərarı ilə öz təsdiqini tapdığından, ərizə əsassız hesab edilməklə təmin edilməməlidir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1431/2013 saylı, 28 fevral 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2510/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2510/2024
27.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver