Məhkəmə qərarları › İş №2-1(103)-2511/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2511/2021

16.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2511/2021 16.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasına əlavələrin hesablanması tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1432/2021 saylı 06.07.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasına əlavələrin hesablanmaqla ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, mərhum əri X5 ilə 16 sentyabr 1968-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan dörd övladları olmuşdur. Mərhum həyat yoldaşı uzun müddət partiya sovet orqanlarında yüksək vəzifə tutmuşdur. Naxçıvan MR Dövlət arxiv arayışı ilə təsdiq olunur ki, əmək fəaliyyətinə 09.09.1961-ci ildə Şahbuz rayon komsomol Komitəsində təlimatçı vəzifəsində başlamış, 1969-cu ildə Vilayət Komsomol təşkilatında 2-ci katib, 1973-cü ildə Şahbuz rayon Partiya Komitəsində katib, 1982-ci ildə Naxçıvan MR maliyyə naziri, 1986-cı ildə Həmkarlar İttifaqı sovetinin sədri, 1987-1989-cu illərdə Vilayət Komitəsi İnzibati və Ticarət maliyyə orqanları şöbəsinin müdiri, 1989-1991-ci illərdə Culfa Rayon Partiya Komitəsinin birinci katibi, 1991-ci ildən Vilayət Partiya Komitəsinin katibi və büro üzvü seçilmişdir. 19.09.1993-cü il tarixdə Naxçıvan şəhərində vəfat etmişdir. Məhrum həyat yoldaşının pensiyası 01 sentyabr 2001-ci il tarixli “Dövlət qulluğu haqqında Azərbaycan Respublikası Qanunun”, “Dövlət qulluqçularının pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun tələbinə əsasən dul qalmış həyat yoldaşına çatır. Bununla əlaqədar cavabdehə edilmiş müraciətə cavab olaraq 28.06.2020-ci il tarixli, **********6 saylı məktubla bildirilmişdir ki, məhrum həyat yoldaşı rəhmətə gedərkən onun dövlət qulluqçusu statusu olmamışdır. Sonda iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, mərhum həyat yoldaşının 15 ildən çox dövlət qulluqçusu kimi fəaliyyət göstərməsini nəzərə almaqla, ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1432/2021 saylı, 06 iyul 2021-ci il tarixli qərardadına əsasən ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1432/2021 saylı 06.07.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir.(hakim: F.Mədətli) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, məlum olduğu kimi, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu 1 sentyabr 2001-ci il tarixindən qüvvəyə minmişdir. İddiaçının mərhum həyat yoldaşı X4 həmin Qanun qüvvəyə minməmişdən əvvəl 19 sentyabr 1993-cü il tarixində vəfat etdiyindən onun dövlət qulluqçusu statusu olmamışdır. Bu səbəbdən də iddiaçıya dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X7 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı mərhum həyat yoldaşının 15 ildən çox dövlət qulluqçusu kimi fəaliyyət göstərməsini nəzərə almaqla, ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və qeyd etmişdir ki, “Dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın və “Dövlət qulluqçularının pensiyasının yenidən hesablanması Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanının 3-cü bəndinin icrasını təmin etmək məqsədilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı qəbul edilmişdir. İddiaçının mərhum əri Ə.Hüseynovun 16.08.1966-cı il tarixdən 18.02.1969-cu il tarixədək X8 Komitəsində İ katib, 18.02.1969-cu il tarixdən 22.11.1972-ci il tarixədək İİ katib, 28.03.1973-cü il tarixdən 06.12.1978-ci il tarixədək Şahbuz Rayon Partiya Komitəsində katib, 06.12.1978-ci il tarixdən 18.08.1980-ci il tarixədək İİ katib, 15.08.1989-cu il tarixdən 13.03.1991-ci il tarixədək Culfa Rayon Partiya Komitəsində İ katibi vəzifəsində işlədiyi vəzifələr qeyd olunan siyahının 1.5-ci bəndinə əsasən Azərbaycan Kommunist Partiyasının X13sinin Aparatında birinci katib Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin Aparatında – aparat rəhbəri, ikinci katib – Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin Aparatında aparatın rəhbərinin müavini vəzifəsinə, 22.11.1972-ci il tarixdən 28.03.1973-cü il tarixədək Şahbuz Rayon Partiya Komitəsi Təşkilat Şöbəsində işlədiyi müdir vəzifəsi, 30.08.1984-cü il tarixdən 25.12.1986-cı il tarixədək X9 Komitəsi İnzibati və Ticarət- Maliyyə Şöbəsinin müdiri vəzifəsi - Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin Aparatında-təminedici şöbənin müdiri vəzifəsinə uyğunlaşdırılmışdır. İddiaçının mərhum əri Ə.Hüseynovun 23.11.1982-ci il tarixdən 28.08.1984-cü il tarixədək işlədiyi maliyyə naziri vəzifəsi qeyd olunan siyahının 1.15-ci bəndində nəzərdə tutulan Azərbaycan SSR (Naxçıvan MSSR) nazirlik, dövlət komitələrinin aparatında nazir - Azərbaycan Respublikası (Naxçıvan Muxtar Respublikası) mərkəzi icra hakimiyyəti orqanlarının aparatında - aparatın rəhbəri vəzifəsinə, 18.08.1980-ci il tarixdən 23.11.1982-ci il tarixədək Naxçıvan MSSR Sənət-Texniki Təhsil üzrə İdarəsinin rəisi vəzifəsi - təminedici şöbənin müdiri vəzifəsinə uyğunlaşdırılmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçının mərhum əri X1 dövlət qulluğunda iş stajı 15 ildən çox müddəti təşkil edir. İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun tələbləri nəzərə alınmaqla vəfat etmiş dövlət qulluqçusu olmuş ailə başçısının ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi tələbində haqlıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1948-ci il təvəllüdlüdür. İş materiallarında olan İ-ИЕ № 502591 saylı evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə X11 arasında Naxçıvan MR, Şahbuz rayonu Kükü kənd sovetində 16 sentyabr 1968-ci il tarixdə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 13 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına Hüseyinova soyadı verilmişdir. İş materiallarında olan Naxçıvan şəhər Nikah evi tərəfindən 28 noyabr 2019-cu il tarixdə verilmiş ölüm haqqında akt qeydi barədə arayışın surətindən görünür ki, X5 19.09.1993-cü il tarixdə Naxçıvan şəhərində ölmüşdür. Ölüm haqqında 26.01.1994-cü il tarixli 22 saylı akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan Naxçıvan MR Dövlət Arxivi tərəfindən verilmiş 03/161 saylı, 11 fevral 2016-cı il tarixli arxiv arayışından görünür ki, mərhum X1 Azərbaycan LKGİ Şahbuz rayon Komitəsinin 09.09.1961-ci il tarixli büro iclasında Şahbuz rayon Komsomol Komitəsinə təlimatçı qəbul olunması, Azərbaycan LKGİ-nin Vilayət Komitəsi bürosunun 03.09.1966-cı il tarixli 09 saylı protokolundan çıxarış İV plenumunda Şahbaz rayon Komsomol Komitəsinin 2-ci katibi vəzifəsindən azad olunaraq, 1-ci katib vəzifəsinə keçirilməsi, Azərbaycan LKGİ-nin Vilayət Komitəsinin 18.11.1969-cu il tarixli V plenumunda Şahbaz rayon Komsomol Komitəsinin katibi vəzifəsindən azad olunaraq Vilayət Komsomol Komitəsinin 2-ci katibi və büro üzvü seçilmiş, Naxçıvan Vilayət LKGİ İttifaqının 2-ci katibi vəzifəsindən azad olunaraq, 27.11.1972-ci il tarixli Azərbaycan KP X13sinin 47 saylı büro iclasında Şahbuz rayon Partiya Komitəsi təşkilat şöbəsinə müdir seçilməsi, 03.04.1973-cü il tarixli Azərbaycan KP 17/1 saylı protokoluna əsasən Şahbuz rayon Partiya Komitəsinə katib seçilməsi, Azərbaycan KP X13sinin 06.12.1978-ci il tarixli 72 saylı protokoluna əsasən Şahbuz rayon Partiya Komitəsindən katib vəzifəsindən azad olub Şahbuz rayon Partiya Komitəsinə 2-ci katib seçilməsi, 18.08.1980-ci il tarixli Azərbaycan KP X13si bürosunun protokol 42-də Şahbuz rayon Partiya Komitəsi 2-ci katib vəzifəsindən azad edilib, Naxçıvan MSSR Sənəd-Texniki Təhsil üzrə İdarəyə rəis seçilməsi, 23.11.1982-ci il tarixli 43 saylı Azərbaycan KP X13sinin 43 saylı protokoluna əsasən bu vəzifədən azad olunaraq, Maliyyə naziri təyin olunması, Azərbaycan KP X13si büro iclası 28.08.1984-cü il 16 saylı protokoluna əsasən Maliyyə naziri vəzifəsindən azad olunaraq, Komitəyə şöbə müdiri, 30.08.1984-cü il tarixli 16 saylı protokola əsasən Azərbaycan KP X9 Komitəsi İnzibati və Ticarət-Maliyyə şöbəsinin müdiri təyin olunması, 25.12.1986-cı il tarixli Azərbaycan KP X9 Komitə büro iclasında 21 saylı protokoluna əsasən X6 İttifaqı Sovetinin sədri seçilməsi (Vİİ plenum, 20.12.1986-cı il), 19.06.1987-ci il tarixli 07 saylı protokoluna əsasən X13si İnzibati və Ticarət-Maliyyə orqanları şöbəsinə müdiri seçilməsi, Azərbaycan KP Culfa rayon Komitəsi bürosunun qərarı ilə 09.08.1989-cu il tarixli protokol 5 Culfa rayon Partiya Komitəsinin büro qərarı ilə X6 İttifaqı Sovetinə sədr vəzifəsindən azad olunması, Azərbaycan KP Culfa rayon Komitəsi bürosunun qərarı 04.03.1991-ci il tarixli 9 saylı protokol Culfa rayon Partiya Komitəsinin 1-ci katibi vəzifəsindən azad olaraq X9 Komitəsi Dövlət Hüquq şöbəsinə müdiri seçilməsi, 02.08.1991-ci il tarixli 4 saylı protokola əsasən Azərbaycan KP X13 büro üzvünün qərarı ilə işdən azad olub Azərbaycan KP X9 Komitəsinin katibi və büro üzvü seçilməsi sənədlərdə öz əksini tapmışdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış imtina məktubundan görünür ki, iddiaçının 15.05.2020-ci il tarixli ərizəsinə baxılmış və bildirilmişdir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu 1 sentyabr 2001-ci il tarixində qüvvəyə minmişdir. Mərhum həyat yoldaşı X5 həmin qanun qüvvəyə minməmişdən əvvəl 19 sentyabr 1993-cü il tarixində vəfat etdiyindən onun dövlət qulluqçusu statusu olmamışdır. Bu səbəbdən də ona dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivi tərəfindən verilmiş 02 fevral 2021-ci il tarixli, 13/121 saylı arxiv arayışdan görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Azərbaycan LKGİ Şahbuz Rayon Komsomol Komitəsinin sənədlərinə baxdıqda müəyyən oldu ki, mərhum X1 09.09.1961-ci il tarixli 28 №-li protokola əsasən təlimatçı qəbul edilməsi büro iclas protokollarında göstərilmişdir. X8 Komitəsinə 16.08.1966-cı il tarixli 10 №-li protokola əsasən İ katib vəzifəsinə keçirilməsi, 18.02.1969-cu il tarixli 5 №-li protokola (V plenum) əsasən İİ katib vəzifəsinə keçirilməsi büro iclas protokollarında göstərilmişdir. X9 Komitəsinin 22.11.1972-ci il tarixli 47 №-li protokola əsasən Şahbuz Rayon Partiya Komitəsi Təşkilat Şöbəsinə müdir seçilməsi, 28.03.1973-cü il tarixli 54 №-li protokola əsasən katib seçilməsi, 06.12.1978-ci il tarixli 72 №-li protokola əsasən İİ katib seçilməsi, 18.08.1980-ci il tarixli 42 №-li protokola əsasən Naxçıvan MSSR Sənət-Texniki Təhsil üzrə İdarəyə rəis seçilməsi, 23.11.1982-ci il tarixli 43 №-li protokola əsasən Maliyyə Naziri təyin edilməsi, 28.08.1984-cü il tarixli 16 №-li protokola əsasən işdən azad edilməsi, 30.08.1984-cü il tarixli 16 №-li protokola əsasən X9 Komitəsi İnzibati və Ticarət - Maliyyə Şöbəsinin müdiri təyin edilməsi, 25.12.1986-cı il tarixli 21 №-li protokola əsasən X6 İttifaqı Sovetinin sədri seçilməsi, 15.08.1989-cu il tarixli 13 №li protokola əsasən X6 İttifaqı Sovetinin sədri vəzifəsindən azad edilməsi və Culfa Rayon Partiya Komitəsinin İ katibi vəzifəsinə qəbul edilməsi, 13.03.1991-ci il tarixli 09 №-li protokola əsasən X9 Komitəsinin Dövlət Hüquq Şöbəsinə müdir təyin edilməsi büro iclas protokollarında göstərilmişdir. Azərbaycan KP X9 Komitəsinin əmək haqqı cədvəllərinə əsasən oktyabr ayı daxil olmaqla əmək haqqı alması sənəd materiallarında göstərilmişdir. Qeyd: 19.06.1987-ci il tarixli 07 saylı protokolla X13si İnzibati və Ticarət Maliyyə Orqanları şöbəsində işləməsi haqqında məlumata rast gəlinmədi. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilir. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Həmin Qanunun 14.1 və 14.1.2-ci maddələrinin tələbindən görünür ki, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, onun vəfat etmiş ailə başçısının ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ vardır. Həmin Qanunun 32-ci maddəsinin 32.1 bəndinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı xx.xx.1948-ci il təvəllüdlü olmaqla, ona yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı hazırda ona təyin edilmiş pensiyanın növünün dəyişdirilərək, mərhum əri X1 hazırda qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən dövlət qulluqçuları üçün tələb olunan dövlət qulluğundan 15 ildən artıq iş stajının olması nəzərə alaraq, ona mərhum dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsini istəyir. İddiaçı bununla bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. İmtinanın əsas səbəbi kimi iddiaçının mərhum ərinin 19 sentyabr 1993-cü il tarixində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minmişdən əvvəl vəfat etdiyi, buna görə də dövlət qulluqçusu statusu olmadığını göstərmişdir. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan imtinasını, eyni zamanda apelyasiya şikayətinin dəlilini əsaslı hesab etmir və aşağıdakıları qeyd edir. Belə ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyir. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Həmin Qanunun 9-cu maddəsinə əsasən dövlət qulluğu vəzifəsi dövlət orqanının normativ aktlarla ilə müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir. Həmin vəzifəni tutan şəxsin səlahiyyət və funksiyalarının hüdudları həmin orqanın səlahiyyətindən asılı olaraq müəyyən edilir. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, ixtisas dərəcələri bu Qanunun 16-cı maddəsinə müvafiq olaraq dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq, habelə əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verilir. Dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il qulluq stajı tələb olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.11-ci maddəsinə əsasən Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1-ci maddəsinə əsasən dövlət qulluğu vəzifəsində 15 il qulluq stajı olan şəxsə dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. “Dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın və “Dövlət qulluqçularının pensiyasının yenidən hesablanması Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanının 3-cü bəndinin icrasını təmin etmək məqsədilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı qəbul edilmişdir. İşin faktiki hallarına əsasən iddiaçı “Dövlət qulluğu haqqında” Qanunun qüvvəyə mindiyi tarixədək, yəni 2001-ci ilin 01 sentyabr tarixədək, LKGİ Şahbuz rayon Komsomol Komitəsində təlimatçı, X8 Komitəsində İ katib, İİ katib, Şahbuz Rayon Partiya Komitəsi Təşkilat Şöbəsində müdir, katib, İİ katib, Naxçıvan MSSR Sənət-Texniki Təhsil üzrə İdarəsinin rəisi, Maliyyə naziri, X9 Komitəsi İnzibati və Ticarət Maliyyə Şöbəsinin müdiri, X6 İttifaqı Sovetinin sədri, Culfa Rayon Partiya Komitəsinin İ katibi vəzifələrində işlədiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının “Dövlət qulluğu haqqında” Qanunun qüvvəyə mindiyi tarixədək işlədiyi vəzifələr Azərbaycan Respublikası Prezidentinin 01 sentyabr 2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”na əsasən dövlət qulluqçusu vəzifələrinə uyğun olmuşdur və mərhumun dövlət qulluğunda iş stajı 15 ildən çox müddəti təşkil edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı mərhum əri X1 dövlət qulluğunda 15 ildən artıq qulluq stajına malik olması nəzərə alınmaqla, ona müraciət etdiyi 15 may 2020-ci il tarixdən vəfat etmiş dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsindən cavabdeh inzibati orqanın imtinası əsassız olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq qeyd edir ki, cavabdeh inzibati orqan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi müddəasını nəzərə almayaraq iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş sosial təminat hüququnu pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1432/2021 saylı 06.07.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar