Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2511/2022 22.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “iddiaçıya mənzil verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-272/2022 saylı, 11 aprel 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq yaşadığı binada boş 3 otaqlı mənzil verilməsi və ya əlavə 1 otaqlı mənzil verilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və əsl olmayan cavabdeh DSMF-nin əsl cavabdeh Sosial Xidmətlər Agentliyi ilə əvəz olunmasını xahiş etmişdir. Məhkəmə cavabdehin dəyişdirilməsini qəbul etmişdir. Daha sonra İddiaçı məhkəməyə yenidən ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «bir otaqlı mənzilin verilməsi» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının əri Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda zabit heyətində xidmət etmiş və şəhid olmuşdur. Onun övladı 18 yaşına çatmamış əlil olmuş şəxsdir, hazırda ikinci qrup ömürlük “əlillik” və “şəhid ailəsi” statuslarına malikdir, ailəlidir, iki övladı var. İddiaçının özü də ikinci qrup əlildir. «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin tələblərinə görə iddiaçının övladına 18 yaşdan sonrakı dövrdə də əlil olduğundan, “şəhid ailəsi” statusu verilmişdir. 1 mart 2002-ci il tarixdən mənzil uçotuna götürülərək növbə gözləmişdir. Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətində 19 il növbədən sonra Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə zidd olaraq, 3 otaqlı mənzil olduğu və iddiaçının növbəsi 19 il təşkil etdiyi, ailədə iki “şəhid ailəsi” iki uşaq, həyat yoldaşı olduğu halda, 2 otaqlı mənzil verilməsinə qərar vermişdir. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etirazda bildirilmişdir ki, iddiaçı aztəminatlı hesab olunduğundan Dövlət Mənzil Fondunun ehtiyatları hesabına mənzillə təmin olunmuşdur. 1) Aztəminatlı vətəndaşların sosial kirayə müqaviləsi əsasında mənzillə təmin olunma səviyyəsi Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli 459 saylı qərarına əsasən müəyyənləşir. Nazirlər Kabinetinin 459 saylı qərarına görə sosial kirayə müqaviləsi əsasında Dövlət Mənzil Fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq 16 kv.m müəyyən edilmişdir. Bu normadan göründüyü kimi, mənzil sahəsinin adambaşına düşən sahəsi 16 kv.m-dir. Hazırkı iş üzrə isə vətəndaşın ailə tərkibi 4 nəfərdən ibarət olmasına baxmayaraq, ona 64 kv.m deyil, normadan çox sahədə – 84 kv.m yaşayış sahəsi verilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 57.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi adambaşına düşən ayrılma normasından iki dəfədən çox olmamaq şərtilə artıq olan ümumi sahə kimi verilə bilər o şərtlə ki, belə yaşayış sahəsi bir otaqdan və bir otaqlı mənzildən ibarət olsun. Maddədən aydın olduğu kimi, adambaşı normadan artıq ölçüdə yaşayış sahəsi ancaq o halda verilə bilər ki, həmin mənzil bir otaqdan ibarət olsun. Hazırkı iş üzrə isə vətəndaşa adambaşına düşən yaşayış sahəsi normasından artıq birotaqlı mənzil verilməli olduğu halda ona güzəşt edilərək ikiotaqlı mənzil təmin edilmişdir. 2) Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən Dövlət Mənzil Fonduna münasibətdə vətəndaşların sosial mənzillərlə təmin olunması səviyyəsi Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli 459 saylı qərarına əsasən sosial kirayə müqaviləsi əsasında Dövlət Mənzil Fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən Dövlət Mənzil Fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq 16 kv.m müəyyən edilmişdir. Normadan göründüyü kimi yaşayış sahəsiylə təmin edərkən nəzərə alınan ən əsas məsələ Dövlət Mənzil Fondunun ehtiyatlarının kifayətliliyidir. Vətəndaşın yaşadığı məhəllədə Qarabağ əlilləri üçün ayrılmış binalarda 3 otaqlı mənzil kifayət qədər az olduğu üçün onlar ailə tərkibi daha geniş olan ailələr üçün nəzərdə tutulmuşdur. Buna görə də vətəndaşın tələbini təmin etmək mümkün deyildir. Konstitusiya Məhkəməsinin Plenumunun 1 dekabr 2010-cu il tarixli Qərarına əsasən “şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Sosial kirayə müqavilələri əsasında mənzillər Qarabağ müharibəsi əlilləri, şəhid ailələri və digər müxtəlif kateqoriyalardan olan minlərlə vətəndaşa təmin olunur və onların bir çoxu geniş ailə tərkibinə malikdir. Belə olan halda ailə tərkibi 5 nəəfərdən ibarət olan və normadan artıq ölçüdə yaşayış sahəsi ilə təmin olunmuş vətəndaşa 3 otaqlı mənzilin verilməsi qanuni əsassız olmaqla yanaşı həm də dövlət büdcəsinin və Dövlət Mənzil Fondunun imkanları xaricindədir. İnzibati mübahisəyə 25 noyabr 2020-ci il tarixdə baxılmış və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5117/2020 saylı iş üzrə həmin tarixli qərarı ilə iddia qismən təmin edilərək, İddiaçı yaşayış sahəsinə ehtiyacı olan qismində mənzillə təmin edilməsi məsələsinə yenidən baxılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə həvalə edilmiş, iddia digər hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1239/2021 saylı iş üzrə 14 iyul 2021-ci il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 21(112)-5117/2020 saylı iş üzrə 25 noyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş və iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Qərardadda məhkəmə kollegiyası vurğulamışdır ki, iddiaçının mənzillə təmin olunma barədə müraciətinə cavabdeh tərəfindən baxılıb münasibət bildirildiyi üçün işə birinci instansiya qaydasında yenidən baxılarkən həmin müraciətlə bağlı cavabdehin imtinasının qanuniliyi və əsaslılığı yoxlanılmalı və iddiaya mahiyyəti üzrə baxılıb qiymət verilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-272/2022 saylı, 11 aprel 2022-ci il tarixli qərarı ilə (hakim R.Kərimli) iddia təmin edilməmişdir. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, , inzibati orqan tərəfindən iddiaçıya Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, 2399-cu məhəllədə inşa edilmiş 12 mərtəbəli, 96 mənzilli binada iki otaqlı 83,03 kv.m ölçüdə mənzilin verilməsi «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbləri baxımından mütənasib qiymətləndirilir və ona əlavə olaraq bir otaqlı mənzilin verilməsi üçün qanuni əsas mövcud deyil. Nəzərə alınmalıdır ki, iddiaçı əldə etdiyi 2 otaqlı mənzili təhvil verməklə Bakının başqa rayonunun ərazisində ona 3 otaqlı mənzilin verilməsi təklifini qəbul etməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır, əlavə olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli, 459 saylı “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” Qərarına əsasən sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvm müəyyən edilmişdir. Göründüyü kimi, bir adama 16 kvm artıq olmama dəqiq bir meyyar kimi götürülməmiş, əksinə 16 kvm. az olmama dəqiq meyyar kimi qanunvericilikdə nəzərdə tutulub. 16 kvm-dən artıq olma səviyyəsini isə qanunvericilik yaşayış sahəsi ilə təmin olunma səviyyəsi ilə müəyyən edir. Onun vəziyyətində isə açıq aydın görünür ki və iş materialları, eləcə də cavabdeh tərəfin özünün etirafı ilə müəyyən olunur ki, nəinki yaşayış sahəsi, ümumi sahəsi və balkonları belə daxil etsən, şəhid ailəsi kimi heç onların adambaşına 16 kvadratdan az sahə düşür, halbuki 16 kvadrat metr yaşayış sahəsi düşməlidir.O, 2 otaqlı ümumi sahəsi 84 kv.m yaşayış sahəsi deyilən, lakin onun yarısı 40 kv.m yaşayış sahəsi olan mənzillə təmin olunmuşdur, lakin bundan narazı olduğunu həmişə bildirmişdir, ailəsinin ehtiyac içində kirayələrdə qalmaması üçün məcburiyyətdən bu 2 otaqlı evə köçmüş, hətta bütün ailənin bir yerdə yaşamasını istəsə də, əgər 3 otaqlı mənzil olmasa 2 otaq qalmaqla əlavə 1 otaq da ona verilməsinə də razı olduğunu cavabdeh təşkilata bildirmişdir. Tərəflərin izahatları: xx.xx.2022-ci il tarixdə iddiaçının nümayəndəsi-vəkili tərəfindən elektron kabinet vasitəsilə təqdim edilmiş ərizə ilə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti tərəfindən imtiyazlı kateqoriyaya daxil edilən üç otaqlı mənzilə ehtiyacı olan şəhid ailəsi kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmuş şəxs olaraq ona Bakı şəhəri Nizami rayonu ərazisində üç otaqlı mənzil verilməsi öhdəliyinin icrasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbini təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçının özünə məxsus olan 36 m2 evi olmuş və orada qardaşı ilə birlikdə yaşamışdır. Şəhid ailəsi olaraq evə ehtiyacı olduğu üçün 2002-ci ildən Nizami rayon İcra Hakimiyyətində qeydiyyatda olmuşdur. Qeydiyyata salındıqdan 19 il sonra iddiaçıya cəmi sahəsi 40 m2 olan ev verilmişdir. Lakin cavabdeh orqan tərəfindən 3 otaqlı mənzil sahəsinin veriləcəyi bildirilmişdir, ancaq verilməmişdir. Həmçinin, iddiaçının oğlu uşaqlıqdan əlil olduğu üçün bu hal da nəzərə alınamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətində qeyd edilənlərə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbini təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı tərəf sosial kirayə müqaviləsinə istinad edir, lakin hal-hazırda başqa norma mövcud olmadığı üçün sosial kirayə müqaviləsi şəhid ailələrinə şamil olunur. Əslində isə keçmiş SSRİ qanunvericiliyində adambaşına düşən norma 8 kvm hesab edilirdi. Hal-hazırda şəhid ailələri üçün mənzil verilməsini tənzimləyən hər hansı qanunvericilik norması olmadığı üçün sosial kirayə müqaviləsinə əsasən (adambaşına düşən norma 16 kvm) tərəflə müqavilə bağlanılır. Həmçinin, iddiaçı oğlu, gəlini və nəvəsi ilə birlikdə yaşadığını və ona görə mənzil istədiyini bildirir, lakin gəlin, nəvə digər ailə üzvü hesab olunur. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçı subyektiv hüquqa malikdir, cavabdeh iddia üzrə cavabdehlik daşıyan səlahiyyətli qurumdur. Belə ki, Sosial Xidmətlər Agentliyinin Nizamnaməsinin 3.1.16-cı bəndinə əsasən dövlət proqramları əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzillə və ya fərdi evlərlə təmin olunması üçün tədbirlər görmək vəzifəsi daşıyır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən imtina məktubu almışdır. İddianın mahiyyəti: İddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. İnzibati işdən müəyyən olunur ki, iddiaçı şəhid ailəsi kimi xx.xx.2002-ci il tarixindən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. 2019-cu il tarixində Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi 2399-cu məhəllədə Qarabağ əlilləri və şəhid ailələri üçün inşa edilmiş 12 mərtəbəli binadan iki otaqlı mənzillə təmin edilmişdir. İddiaçı ona ayrılan mənzilin sahəsinin müvafiq yaşayış sahəsinin ayrılma normasından az olmasını əsas gətirərək, ona 3 otaqlı mənzilin verilməsini və ya əlavə bir otaqlı mənzilin verilməsini tələb etmişdir. Birinci instansiya məhkəməsi iddiaçının tələbini əsassız hesab etmiş, iddiaçı apellyasiya icraatı zamanı son olaraq özünün şəhid ailəsi, oğlunun əlilliyinin olmasını və 5 nəfər ailə üzvündən ibarət olmasını nəzərə alaraq ona üç otaqlı mənzilə ehtiyacı olan şəhid ailəsi kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmuş şəxs olaraq Bakı şəhəri Nizami rayonu ərazisində üç otaqlı mənzil verilməsi öhdəliyinin icrasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası aşağıdakı qanunvericilik normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 1.1-ci maddəsinə əsasən mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların (bundan sonra - mənzil hüquqları) maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin (bundan sonra – mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır. - 4.0 və 4.0.2-ci maddələrinə əsasən dövlət orqanları və bələdiyyələr öz səlahiyyətləri daxilində mənzil hüquqlarının həyata keçirilməsi üçün şərait yaradır və bu məqsədlə müəyyən edilmiş qaydada sosial kirayə müqavilələri əsasında və ya dövlət və ya bələdiyyə mənzil fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edir. - 48.1-ci maddəsinə görə sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. - 51.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. - 51.2-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. - 51.4-ci maddəsinə görə uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. - 57.1-ci maddəsinə görə sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri verilərkən ər və arvad istisna olmaqla, ayrı cinslərdən olan şəxslərin bir otağa köçürülməsinə yalnız onların razılığı ilə yol verilir. - 57.2-ci maddəsinə görə sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi adambaşına düşən ayrılma normasından iki dəfədən çox olmamaq şərti ilə artıq olan ümumi sahə kimi verilə bilər o şərtlə ki, belə yaşayış sahəsi bir otaqdan və bir otaqlı mənzildən ibarət olsun və ya həmin yaşayış sahəsinə bu Məcəllənin 50.1.4-cü maddəsində nəzərdə tutulmuş siyahıda göstərilən ağır xroniki xəstəliklərə düçar olmuş vətəndaşın köçürülməsi nəzərdə tutulsun. - 69.1-ci maddəsinə görə kirayəçinin öz ailə üzvlərini (arvadını (ərini), uşaqlarını və valideynlərini) sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun: - 6.1-ci maddəsinə görə dövlət əlillik əlamətinə görə hər hansı ayrı-seçkiliyə yol vermədən əlilliyi olan şəxslərə cəmiyyət həyatının bütün sahələrində iştirak etmək üçün digər şəxslərlə bərabər imkanlar, öz fərdi qabiliyyətlərinə və maraqlarına uyğun həyat sürməsi üçün lazımi şərait yaradılmasına, əlilliyə səbəb olan risklərin aradan qaldırılmasına və ya azaldılmasına, əlilliyi olan şəxslərin reabilitasiyasına və hərtərəfli inkişafına təminat verir. - 31.1-ci maddəsinə görə əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. «Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 596 nömrəli Sərəncamı ilə qərara alınmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin 2014 – 2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirsin. «Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli 459 nömrəli qərarına əsasən sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kv.m müəyyən edilmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Göründüyü kimi, apellyasiya şikayətində iddiaçı şəhid ailəsi olaraq, 2002-ci ildən mənzil növbəsinə götürüldüyünü və 5 nəfər ailə üzvündən ibarət olmaqla ona 3 otaqlı mənzil verilməli olduğu halda 2 otaqlı mənzil verilməsi ilə razı olmadığını, əlavə olaraq ya bir otaqlı mənzilin veriməsini ya da 3 otaqlı mənzillə təmin edilməsini xahiş etmiş, apellyasiya icraatı zamanı isə tələbini dəqiqləşdirərək onun Nizami rayonu ərazisində 3 otaqlı mənzillə təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş və apellyasiya şikayətinin dəlilləri tələbinin təmin olunmasına əsas ola bilməz. Belə ki, iddiaçı 01 mart 2002-ci ildə müvafiq icra hakimiyyəti orqanında 3 nəfər ailə tərkibi ilə imtiyazlı əsaslarla mənzil növbəsinə qəbul edilmişdir. Ona ayrılmış mənzilin ümumi sahəsi 83,03 kvm olmaqla 2 otaqdan ibarətdir. Hazırda iddiaçı oğlunun ailə həyatı qurduğunu və ailə tərkibinin 5 nəfərdən ibarət olduğunu qeyd edərək 2 otaqlı mənzilin kifayət etmədiyini bildirir. Bununla bağlı qeyd edilməlidir ki, həmin şəxslər sırasında iddiaçının gəlini və nəvəsinin olduğu qeyd olunmuşdu ki, həmin şəxslər də Mənzil Məcəlləsinin 30-cu maddəsində qeyd olunan ailə üzvlərinin (ər, arvad, uşaqlar və valideynlər) dairəsinə düşən şəxslər hesab olunmur. Qanunvericilik digər qohumların ailə üzvü hesab edilə bilməsini isə mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanların mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürülməsi ilə şərtləndirmişdir. Hazırki işdə isə belə halın mövcudluğu müəyyən olunmur. Belə ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Bununla belə məhkəmə kollegiyası qeyd edir ki, hətta hazırki halda da iddiaçının hər bir ailə üzvünə düşən sahə ( 83.03kvm : 5 nəfər) uçot normasından (16 kvm) çoxdur. Bundan əlavə işin hallarından göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının mənzil verilməsini iddia etdiyi və hazırda 2 otaqlı mənzilində yaşadığı binada imtiyazlı ailələrə mənzillərin verilməsi ilə bağlı icraat materialları araşdırılmışdır. İddiaçı mənzillərin bölüşdürülməsi üzrə müvafiq püşkatma tədbirində iştirak etmiş (aydındır ki, otaqların sayına görə püşkatmalar ayrılıqda keçirilir) və ona verilən iki otaqlı mənzilin açarlarını təhvil almış, sözügedən mənzildə həmin ərəfədən də başlayaraq yaşayır. İddiaçı ona ayrılan mənzilin sahəsinin müvafiq yaşayış sahəsinin ayrılma normasından az olmasını əsas gətirərək, 3 otaqlı mənzilin verilməsini tələb edir. Həmin binada olan üç otaqlı mənzillərin sahəsi 105 kv.m, 110,91 kv.m, 111.07 kv.m və 121.73 kv.m-dir. Bununla belə iş üzrə icraat zamanı iddiaçıya Bakı şəhərinin başqa rayonunun (Sabunçu rayonu) ərazisində 3 otaqlı mənzil təklif olunsa da, o, bununla razılaşmamışdır İddiaçı həmçinin, apellyasiya icraatı zamanı iddia tələbində dəqiqləşdirmə apararaq ona məhz Nizami rayonu ərazisində mənzilin verilməsini tələb etmişdir ki, bununla bağlı da Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq yerli icra hakimiyyəti (Nizami Rayon İcra Hakimiyyəti) tərəfindən mənzil növbəsinə götürülsə də, hazırda yerli icra hakimiyyətləri tərəfindən qeyd edilən kateqoriya şəxslərə mənzil sahələrinin verilməsi üçün aidiyyəti ərazilərdə bina tikintisi həyata keçirilmir, «Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosialməişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 596 nömrəli Sərəncamına əsasən qeyd edilən imtiyazlı şəxslərə mənzil sahələrinin verilməsi məhz Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətinə ayrılmış və növbəlik qaydasında nəzərdə tutulmuş ərazilərdə tikilmiş binalardan mənzil sahələrinin verilməsi təşkil edilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki qərarında iddaçının tələbinin hüquqi əsasının olmaması mövqeyini və dəyərləndirməsini əsaslı və qanuni sayır və həmin dəyərləndirməyə istinadən əlavə şərhə zərurət görmür. Qərardan da göründüyü kimi, məhkəmə cavabdehin imtinasını qanuni və əsaslı hesab etməklə, iş üçün əhəmiyyəti olan digər məsələləri tam aydınlaşdırmaqla, onlara tətbiq edilməli olan maddi hüquq normaları baxımından hüquqi qiymət verib. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır (İPM-87.6). Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-272/2022 saylı, 11 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-2511/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2511/2022
22.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver