Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2511/2023 02.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil Dünyamalı oğlunun və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X8in 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinə dair xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6353/2023 nömrəli 13 aprel 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X8in 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində yerləşən 0,032 ha torpaq sahəsi üzərində tikdiyi fərdi yaşayış evinə dair hüquqlarının qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Hüquqların X3 daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* №-li çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində yerləşən 0,032 ha torpaq sahəsi üzərində Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 342 №-li Sərəncamı əsasında inşa edilmiş fərdi yaşayış evinə dair Daşınmaz əmlakın Dövlət reyestrində İddiaçı xüsusi mülkiyyət hüquqlarının qeydiyyata alınaraq, buna dair daşınmaz əmlakın dövlət reyestrindən vahid çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Nəriman Abıyev) 2-1(112)-6353/2023 nömrəli 13 aprel 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, “Hüquqların X3 daşınmaz əmlakın Dövlət reyestrindən” RX seriyalı, ******* №-li çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində yerləşən 0,032 ha torpaq sahəsi üzərində Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 342 №-li Sərəncamı əsasında inşa edilmiş fərdi yaşayış evinə dair Daşınmaz əmlakın Dövlət reyestrində İddiaçı xüsusi mülkiyyət hüquqlarının qeydiyyata alınaraq, buna dair daşınmaz əmlakın dövlət reyestrindən vahid çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X8in 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı müvafiq tələblə xx.xx.2022-ci il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı inşa edilən yaşayış evinin hündürlüyünün 12.0 metrdən çox olması müəyyən edilmişdir. Belə ki, tikintisinə icazə tələb olunan tikinti obyektlərinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin elektron kadastr məlumatına əsaəsn fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin sənəd üzrə sahədən artıq olduğu (28.9 kv.m) və fərdi yaşayış evinin 23.5 kv.m-nin əlavə torpaq sahəsində inşa olunduğu müəyyən edilmişdir. Belə ki, əlavə torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Bundan əlavə, xx.xx.2023-cü il tarixində idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı məlum olmuşdur ki, göstərilən fərdi yaşayış evi mənzillərə bölünmüş, mansarda mərtəbəsi təmirsizdir və mansarda mərtəbəsində bəzi arakəsmə divarlar inşa edilməmişdir. Göstərilənlərə əsasən qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil Dünyamalı oğlu apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış **********27 №-li, xx.xx.2023-cü il tarixli imtina məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində yerləşən torpaq sahəsində inşa edilən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2022-ci il tarixli müraciətinə baxılmış, müraciəti ilə əlaqədar idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı inşa edilən yaşayış evinin hündürlüyünün 12.0 metrdən çox olması müəyyən edilmişdir, odur ki, tikintisinə icazə tələb olunan sənədlər təqdim edilməlidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Səbail rayon İcra Hakimiyyətinə (surəti M.N.Həsəova) ünvanlanmış 18/03-8/1900 №-li, xx.xx.2014-cü il tarixli məktubda qeyd olunur: Badamdar Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 051 saylı qərarı və vət. İddiaçı xx.xx.2014-cü il tarixli müraciətini nəzərə alaraq, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində yerləşən 320 kv.metr torpaq sahəsinin vət. İddiaçı adına sənədləşdirilməsinə etiraz etmirik və fərdi yaşayış evinin tikintisinə dair təqdim olunmuş memarlıq-planlaşdırma həlli layihəsinə baxıb, ("xxxx" MMC-nin işi, memar O.Məmmədov) onu razılaşdırırıq. Sahənin ayrılması və tikinti işlərinin aparılması mövcud qanunvericiliyə uyğun müvafiq qaydada aparılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli 39735 №-li (A№518913) Torpaq sahəsinin planı və ölçüsünün notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, qeyd olunan torpaq sahəsinin planı və ölçüsü İddiaçı fərdi yaşayış evinin tikintisi üçün 320 kv. metr torpaq sahəsinin ayrılmasına dair Səbail rayon Badamdar Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 051 saylı qərarına əsasən tərtib olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli AA seriyalı 069005 nömrəli **********55 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsünün notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, qeyd olunan plan və ölçü Səbail rayonu Badamdar Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli torpaq sahəsinin ayrılması barədə yerli Bələdiyyənin qərarı, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər şöbəsi, xx.xx.2014-cü il tarixli AN 518913 №-li torpaq sahəsinin plan ölçüsü əsasında Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi ünvanında yerləşən fərdi yaşayış evinin tikintisi üçün İddiaçı oğluna ayrılmış 0,032 ha torpaq sahəsinə dair tərtib olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X3 daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* №-li çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində yerləşən 0,032 ha torpaq sahəsinə İddiaçı xüsusi mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə (Reyestr №-**********55) daşınmaz əmlakın dövlət reyestrində 533 nömrəli reyestr kitabının 50416 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Səbail Rayonu İcra Hakimiyyətinin 342 №-li xx.xx.2014-cü il tarixli sərəncamının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, vətəndaş X6 Rayon İcra Hakimiyyətinə müraciət edərək, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində mülkiyyətində olan (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya RX ******* №-li, xx.xx.2014-cü il tarixli Çıxarış) torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilməsini xahiş etmişdir. Müraciətə əsasən qərara alınmışdır: Vətəndaş İddiaçı Səbail rayonu, Badamdar qəsəbəsi. 1-ci yaşayış massivində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya RX ******* №li xx.xx.2014-cü il tarixli Çıxarışına əsasən, mülkiyyətində olan 0.032 ha torpaq sahəsində, Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2014-cü il tarixli, 18/03-8/1900 saylı məktubu ilə razılaşdırılmış eskiz-layihəsi əsasında, öz vəsaiti hesabına fərdi yaşayış evinin tikintisinə icazə verilsin; - Öz vəsaiti hesabına mühəndis-kommunikasiya xətlərinin (su, kanalizasiya, qaz, elektrik enerjisi) çəkilməsi və magistral xəttə qoşulması üzrə aidiyyəti xidmətlərin texniki şərti tərtib edildikdən sonra tikinti işlərinin razılaşdırılmış layihə əsasında tikinti norma və qaydalarının tələblərinə uyğun olaraq aparılması, tikinti zamanı ərazinin normal sanitar vəziyyətinin qorunub saxlanması, tikinti işləri başa çatdıqdan sonra müvafiq qaydada sənədləşdirmə aparılması vətəndaş M.H.Həsənov tərəfindən təmin edilsin. İş materiallarında olan "xxxx" MMC tərəfindən İddiaçı sifarişi əsasında tərtib olunmuş eskiz layihəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 1-ci yaşayış massivində yerləşən fərdi yaşayış evinin layihəsi 18/03-8/2085 № ilə xx.xx.2015-ci il tarixdə Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsində razılaşdırılmışdır ("xxxx" MMC-nin Lisensiya № 022650; qeydiyyat nömrəsi L-11-015; xx.xx.2011). İş materiallarında olan Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023cü il tarixli müayinə (baxış) aktının surətindən müəyyən olunur ki, Bakı şəhəri, Badamdar qəsəbəsi 1-ci y/m. yerləşən torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə ümumi sahəsi 925.8 kv.metr (torpaq sahəsi 320.0 kv. m.); faktiki sahə 925,8 kv.m. (torpaq sahəsi 348,9 kv.m.) təşkil edir; torpaq sahəsi 28,9 kv. metr çoxdur, perimetrik ölçü fərqi var, evin 23,5 kv. m. hissəsi zəbtə düşür, torpaq sahəsinin faktiki kordinatları akta əlavə edilmişdir, fərdi yaşayış evi mənizillərə bölünmüşdür, hər mərtəbəsi bir mənzildir, masard təmirsizdir, mansardda bəzi arakəsmə divarları inşa edilməmişdir, Fərdi yaşayış evi 3 + (zirzəmi və mansard) mərtəbəlidir, evin hündürlüyü 1-ci mərtəbənin döşəməsindən 3-cü mərtəbəyədək 9.70 m-dir, 1-ci mərtəbənin döşəməsindən mansardın tavanına kimi 13.5 m-dir. İş materiallarında İddiaçı sifarişi əsasında “X2” MMC tərəfindən verilmiş xx.xx.2023cü il tarixli 54 saylı mütəxəssis rəyindən müəyyən olunur ki, tədqiqatın aparılması ekspertmütəxəssisə təqdim edilmiş fərdi yaşayış evinin mövcud vizual baxış zamanı götürülmüş ölçülərdən, eləcə də evə dair tərtib edilmiş eskiz layihəsindən iştifadə edilmişdir. Mütəxəssisə təqdim edilmiş eskiz layihəsinə əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində yerləşən fərdi yaşayış evinin uzunluğu-19.2 m., eni isə-11.9 m. təşkil edir. Fərdi yaşayış evi 3 yaşayış mərtəbəsindən, zirzəmidən və mansard mərtəbəsindən ibarətdir. Layihədə mərtəbələrin hündürlüyü-3 m., mansard mərtəbəsinin hündürlüyü-2.9 m., zirzəminin hündürlüyü isə 3.9 m. təşkil edir. Baxış zamanı fərdi yaşayış evinin yaşayış mərtəbələrinin hündürlüyü eskiz layihəsində 3 m. göstərilsə də mövcud vəziyyəti üzrə 3.3 m. təşkil edir. Fərdi yaşayış evinin ümumi hündürlüyü fasaddan 11.9 m-dir (təsviri hissə). Aparılmış tədqiqat nəticəsində müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin hündürlüyü Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin tələblərinə uyğun olaraq-9.75 m. təşkil edir. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin mövcud hündürlüyü 12 m-dən az olduğu üçün Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinə aid olması müəyyən edilmişdir. Qeyd: Fərdi yşayış evinin Şəhərsalma Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən evin mövcud hündürlüyü 1-ci mərtəbənin döşəməsindən 3-cü mərtəbənin üzərində yerləşən mansard mərtəbəsinin (çardaqaltı) döşəməsinin altına qədər hesablanır, bu da faktiki olaraq 9,7 m. təşkil edir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri X8 1 saylı Bakı Ərazi idarəsi tərəfindən verilmiş etirazda qeyd olunan mənzilin ümumi hündürlüyü 13.5 m. göstərilmişdir. 1-ci mərtəbənin döşəməsindən (+0.00) 3-cü mərtəbənin tavanına qədər 9.7 m. göstərilmişdir. Bu da mənzilin 12.0 m-dən hündür olmadığını göstərir. Bununla yanaşı mənzilin mansard hissəsində mövcud arakəsmə divarları faktiki olaraq kərpicdən inşa olunub öz yükünü daşıyan arakəsmə divarlarıdır. Həmən divarların və mansardda təmir işlərinin aparılmasına dair tikinti-norma və qaydalarında hər hansı bir tələb nəzərdə tutulmayıb. Mansardın kənar fasad divarları tam şəkildə inşa olunmuş, üzərinə dam quraşdırılmışdır. İş materiallarında olan cavabdeh orqanın xx.xx.2023-cü il tarixli məktubu ilə məhkəmə ünvanlanmış Daşınmaz Əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında qeyd olunur: Sözügedən ünvanda oldum. Sözügedən tikili çoxmənzilli tikilidir və mənzillərə bölünmüşdür. Mənzillərin qapısı bağlı olduğundan ölçü işləri aparmaq mümkün olmadı. Tikili 3(+mansard, zirzəmi) binadır. Binanın hündürlüyü 1-ci mərtəbənin döşəməsindən mansardın tavanına kimi 14.0 m-dir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. 47.2-ci maddəsinə əsasən maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139-1.1.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 139-1.1.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 139-1.1.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd - daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. 240.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. 240.2-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin: 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. 80.2-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. 80.4-cü maddəsinə əsasən sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd - daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində yerləşən 0,032 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Bakı şəhəri Səbail Rayonu İcra Hakimiyyətinin 342 №-li xx.xx.2014-cü il tarixli sərəncamına əsasən iddiaçıya həmin torpaq sahəsində öz vəsaiti hesabına fərdi yaşayış evinin tikintisinə icazə verilmiş, fərdi yaşayış evinin eskiz layihəsi Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmış və iddiaçı həmin torpaq sahəsində fərdi yaşayış evi tikmişdir. Həm cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş müayinə aktından, həm də “X2” MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, evin birinci yerüstü mərtəbəsinin döşəməsinin üst hissəsindən sonuncu mərtəbəsinin örtüyünün alt hissəsinədək hündürlüyü 9,7 metrdir, yəni 12 metrdən azdır. Bu da evin Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinə aid olduğunu təsdiq edir. Bundan başqa, cavabdeh fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin sənəd üzrə sahədən artıq olduğu (28.9 kv.m) və fərdi yaşayış evinin 23.5 kv.mnin əlavə torpaq sahəsində inşa olunduğunu, fərdi yaşayış evinin mənzillərə bölündüyünü, mansarda mərtəbəsinin təmirsiz olduğunu və mansarda mərtəbəsində bəzi arakəsmə divarların inşa edilmədiyini qeyd etmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh qeyd olunan halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa, 23.5 kv.m sahə evin ümumi sahəsinə (müayinə aktına əsasən 925.8 kv.m) nisbətən çox az bir hissəni təşkil edir, eləcə də cavabdeh həmin hissənin digər şəxslərin torpaq sahəsi ilə üst-üstə düşməsi və mübahisənin olması ilə əlaqədar sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin “X2” MMC-nin rəyi ilə müəyyən edilmişdir ki, evin mansard hissəsində mövcud arakəsmə divarları faktiki olaraq kərpicdən inşa olunub öz yükünü daşıyan arakəsmə divarlarıdır, həmən divarların və mansardda təmir işlərinin aparılmasına dair tikinti-norma və qaydalarında hər hansı bir tələb nəzərdə tutulmamışdır, mansardın kənar fasad divarları tam şəkildə inşa olunmuş, üzərinə dam quraşdırılmışdır. Göstərilənlərə əsasən cavabdehin qeyd etdiyi dəlillər daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasından imtina üçün əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6353/2023 nömrəli 13 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2511/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2511/2023
02.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver