Məhkəmə qərarları › İş №2-1(103)-2511/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2511/2024

11.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2511/2024 11.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: “qərara izah verilməsi barədə ərizə”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X12 (sədrlik edən və məruzəçi), X6 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Nizamli Aygün Ülviyyət qızının katibliyi, iddiaçının nümayəndəsi X5, iddiaçının vəkili X7 və üçüncü şəxs X3 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(82)-3541/2017 nömrəli, 19 mart 2024-cü il tarixli qərardadından üçüncü şəxs X8 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları

1. İddiaçı Məhdud Məsuliyyət Cəmiyyəti (bundan sonra - iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə xx.xx.2017-ci il tarixində 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, istifadəsində olan torpaq sahəsində İddiaçı Şirkəti tərəfindən inşa edilmiş anbar və istehsalat bazasının ilkin texniki pasportunun tərtib edilməsi və dövlət reyestrində cari dəyişiklik edilərək iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinin cavabdehin üzərinə bir vəzifə kimi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. xx.xx.2017-ci il tarixdə cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmişdir.

3. xx.xx.2017-ci il tarixdə cavabdeh vəsatət verərək, inzibati iş üzrə Nərimanov rayon İcra Hakimiyyətinin, Bakı şəhər İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyinin, SOCARın və Memarlıq və Şəhərsalma Baş İdarəsinin üçüncü şəxs qismində işə cəlb edilmələrinə dair qərardad qəbul edilməsini xahiş etmişdir.

4. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3541/2017 nömrəli, xx.xx.2017ci il tarixli qərarı ilə (hakim R.Kərimli) iddia təmin edilmiş, iddiaçının yeni inşa edilmiş anbar və istehsalat binasına mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, reyestrdən çıxarışın verilməsi və texniki pasportun tərtib edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

5. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh apellyasiya şikayəti vermişdir.

6. Daha sonra SOCAR-ın “Neft Kəmərləri” İdarəsi vəsatət verərək Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2-1(103)-914/2018 nömrəli iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmasını xahiş etmiş, həmçinin cavabdeh vəsatət verərək, inzibati iş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin, Bakı şəhər İcra Hakimiyyətinin üçüncü şəxs qismində cəlb edilmələrinə dair qərardad qəbul edilməsini xahiş etmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-914/2018 nömrəli iş üzrə 05 aprel 2018-ci il tarixli qərardadı ilə vəsatətlər təmin edilmiş, SOCAR-ın “Neft Kəmərləri” İdarəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyi və Bakı Şəhər İcra Hakimiyyəti üçüncü şəxs qismində işə cəlb edilmişlər.

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-914/2018 nömrəli iş üzrə 26 aprel 2018-ci il tarixli qərarı ilə (sədrlik edən: C.Yusifov, hakimlər: V.Ağayev, A.Nuriyeva) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (82)-3541/2017 nömrəli iş üzrə xx.xx.2017-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsinin qərarından cavabdeh kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(102)-1863/2018 nömrəli iş üzrə 20 noyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən: X.Məmmədov, hakimlər: A.Hüseynov və R.Nəbizadə) cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1 (103)- 914/2018 nömrəli iş üzrə 26 aprel 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

10. xx.xx.2018-ci il tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (82)- 1794/2017 nömrəli iş üzrə xx.xx.2017-ci il tarixli qərarı icra olunması üçün cavabdehə göndərilmişdir.

11. xx.xx.2019-cu il tarixdə cavabdeh məhkəmə qərarının icrasının dayandırılması barədə vəsatət təqdim edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə verildiyini nəzərə alaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 105.1-ci maddəsinə əsasən müvafiq məhkəmə qərarının icrasının dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

12. Eyni tarixdə, cavabdeh yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizə təqdim edərək, ərizənin təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 dekabr 2017-ci il tarixli, 2-1(82)-3541/2017 nömrəli qərarının ləğv edilməsi, Bakı Şəhər İcra Hakimiyyətinin, Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Əmlak Məsələləri Dövlət Komitəsinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilməsini, ekspertiza təyin edilməsini və işə sonradan müəyyən edilmiş hallar nəzərə alınmaqla yenidən baxılaraq iddianın təmin edilməməsini xahiş etmişdir.

13. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3541/2017 nömrəli iş üzrə 07 may 2019-cu il tarixli qərardadı ilə (hakim: R.Kərimli) ərizəçi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin mübahisə ilə bağlı yeni açılmış hallara və üçüncü şəxslərin cəlbinə dair ərizəsi təmin edilməmişdir.

14. Məhkəmənin eyni tarixli qərardadı ilə ərizəçi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3541/2017 nömrəli iş üzrə 05 dekabr 2017-ci il tarixli qərarının icrasının dayandırılması barədə vəsatəti təmin edilməmişdir.

15. Məhkəmənin həmin qərardadlarından Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-1(103)-1904/2019 nömrəli, 23 iyul 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən: E.E.Nağıyeva, hakimlər: H.Ü.Həmidov və V.Ə.Baxışova) apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3541/2017 nömrəli, 07 may 2019-cu il tarixli (yeni açılmış hallarla bağlı məhkəmə qərarının icrasının dayandırılması barədə vəsatətə baxılması haqqında) qərardadı dəyişdirilmədən saxlanılmışdır.

16. Eyni tarixli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ilə 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(82)-3541/2017 nömrəli, 07 may 2019-cu il tarixli (yeni açılmış hallarla bağlı icraatın təzələnməsi və üçüncü şəxslərin inzibati icraata cəlb edilməsi barədə ərizəyə baxılması haqqında) qərardadı dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsinin qərardadlarından cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 23 iyul 2019-cu il tarixli, 2- 1(103)-1904/2019 nömrəli qərardadlarının ləğv edilməsi, cavabdeh İdarə tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizənin və müvafiq məhkəmə qərarının icrasının dayandırılması barədə vəsatətin təmin edilməsi, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 05 dekabr 2017-ci il tarixli, 2-1 (82)-3541/2017 nömrəli qərarının ləğv edilməsi, Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Əmlak Məsələləri Dövlət Komitəsinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin məhkəmə tərəfindən müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi, ekspertiza təyin edilməsi və sonradan müəyyən edilmiş hallar nəzərə alınmaqla işə yenidən baxılaraq iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir.

18. Cavabdehin kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1904/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixi qərardadı dəyişdirilmədən saxlanılmışdır (Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-(102)-36/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarı).

19. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli 1325 nömrəli Fərmanının 1-ci və 2-ci bəndlərinə əsasən 2020-ci il yanvarın 1-dən Bakı şəhərində Bakı İnzibati Məhkəməsi və Bakı Kommersiya Məhkəməsi təşkil edilmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsi və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi ləğv edilmişdir.

20. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3541/2017 nömrəli iş üzrə xx.xx.2017-ci il tarixli qərarı xx.xx.2020-ci il tarixində qanuni qüvvəyə minmiş və xx.xx.2020-ci ildə icraya yönəlmişdir.(xx.xx.2020-ci il tarixində icraata başlamaq haqqında qərar qəbul edilmişdir)

21. Cavabdehin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3541/2017 nömrəli iş üzrə xx.xx.2017-ci il tarixli qərarına izah verilməsi barədə ərizəsi təmin edilməmişdir (Bakı İnzibati Məhkəməsinin 2-1(82)-3541/2017 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı)

22. X2 Bakı İnzibati Məhkəməsinə vəsatət (ərizə) təqdim edərək, onun iddiaçı Delta İnvestment” MMC-nin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinə dair texniki pasportun tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrində dəyişiklik edilərək yeni reyestrdən çıxarışın verilməsi” barədə iddia tələbinə dair iş üzrə məhkəmə icraatına cəlb olunmasını və iş üzrə icraatın təzələnməsini xahiş etmişdir.

23. X3 xx.xx.2023-cü ildə üçüncü şəxs qismində cəlb edilməyə dair verdiyi ərizə təmin edilmişdir. (Bakı İnzibati Məhkəməsinin 2-1(82)-3541/2017 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı)

24. Daha sonra cavabdeh 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 3541/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərarına izah verilməsi tələbinə dair ərizə ilə müraciət etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

25. Ərizə onunla əsaslandırılmışdır ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-3541/2017 saylı iş üzrə 5 dekabr 2017-ci il tarixli qərarı ilə İddiaçı MMC-nin yeni inşa edilmiş anbar və istehsalat binasına mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla reyestrdən çıxarışın verilməsi və texniki pasportun tərtib edilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Qərar Bakı Apellyasiya Məhkəməsinin 26 aprel 2018-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Həmçinin Ali Məhkəmənin 20 noyabr 2018-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin 26 aprel 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdir. Müvafiq məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş və bununla əlaqədar İddiaçı MMCyə reyestrdən çıxarış və texniki pasport təqdim edilmişdir. Tərtib olunmuş 26 dekabr 2020- ci il tarixli texniki pasporta əsasən iddiaçı tərəfindən iddia olunmuş “A”, “F” və “K” tikililəri texniki pasporta əlavə edilmişdir. Bundan sonra, vətəndaş X8 1 saylı Bakı Ərazi İdarəsinə şikayətlə müraciət edərək bildirmişdir ki, müvafiq ərazidə yəni, Bakı şəhəri, Nərimanov rayonu, X10 prospekti, 77L ünvanında onun özü tərəfindən özbaşına tikdiyi tikili mövcuddur, lakin həmin əmlakla əlaqədar İddiaçı MMC-nin adına İdarə tərəfindən qanunsuz olaraq reyestrdən çıxarış və texniki pasport tərtib edilmişdir. Şikayətin ətraflı araşdırılması məqsədilə müvafiq əraziyə İdarənin mütəxəssisləri tərəfindən keçirilmiş yerli baxış nəticəsində məlum olmuşdur ki, X3 ona məxsus olduğunu iddia etdiyi tikili İddiaçı MMC-nin adına verilmiş ********** qeydiyyat nömrəli reyestrdən çıxarış və həmin çıxarış əsasında hazırlanmış texniki pasportda qeyd olunan “F” tikilisidir. Bununla əlaqədar X4 izah edilmişdir ki, mübahisə predmeti olan daşınmaz əmlakla (“F” tikilisi) əlaqədar İddiaçı MMC müvafiq hüquqmüəyyənedici sənədlər əsasında məhkəməyə müraciət etmiş, iddiası təmin edilmiş və bununla bağlı verilmiş məhkəmə qərarı öz qanuni qüvvəsini almışdır. Bundan başqa, X4 həmin tikili ilə əlaqədar İddiaçı MMC-nin müvafiq hüquqmüəyyənedici sənədləri barədə də məlumat verilmişdir. Belə ki, İddiaçı MMC-nin məhkəmə mübahisəsi üzrə müvafiq qərarlarda da qeyd edildiyi kimi həmin şirkət tərəfindən müvafiq tikililərə dair təqdim olunmuş sənədlər bunlardır: Nərimanov RİH-in 6 fevral 2017-ci il tarixli sərəncamı, Nərimanov RİH tərəfindən təsdiq edilməklə İddiaçı MMC-nin adına verilmiş 9 fevral 2017ci il tarixli tikinti obyektinin istismarına icazə, Nərimanov RİH tərəfindən təsdiq olunmuş eskiz layihə. Qeyd olunanlarla razılaşmayan X8 bildirmişdir ki, müvafiq tikilyə dair heç bir hüquqmüəyyənedici sənədi olmasa da, tikili özbaşına olaraq onun tərəfindən 2007 – 2008ci illərdə inşa edilmiş, 2017-ci ilə qədər həmin tikili artıq mövcud olmuş və onun faktiki istifadəsində olmuşdur. X8 həmçinin qeyd etmişdir ki, müvafiq mübahisə ilə əlaqədar Nərimanov RİH-ə şikayətlə müraciət etmişdir. RİH tərəfindən belə məlumat verilmişdir ki, yuxarıda adları sadalanan və İddiaçı MMC-yə verilmiş müvafiq sənədlərin X3 özbaşına tikdiyi tikiliyə heç bir aidiyyəti yoxdur. Yuxarıda sadalananlardan göründüyü kimi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3541/2017 saylı iş üzrə 5 dekabr 2017-ci il tarixli qərarı ilə əlaqədar ziddiyyətli məqamlar ortaya çıxmış, müvafiq qərar əsasında hansı tikililərə dair çıxarışın və texniki pasportun verilməsi ilə əlaqədar məhkəmə tərəfindən qərara izah verilməsi zərurəti yaranmışdır. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 230-cu maddəsinə əsaslanaraq, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)- 3541/2017 saylı iş üzrə 5 dekabr 2017-ci il tarixli qərarına izah verilməsi məhkəmədən xahiş olunmuşdur.

26. Üçüncü şəxs X8 qaldırılan məsələ ilə bağlı yazılı izahat təqdim etmişdir. İzahatda bildirilmişdir ki, X8 şəxsi vəsaiti hesabına Bakı şəhəri, Nərimanov rayonu, X10 prospekti 2062 ünvanında 2007 – 2008-ci illərdə yaşayış sahəsi inşa etmişdir. Həmin tikili onun yeganə yaşayış sahəsidir və o, ailəsi ilə birlikdə orada yaşayır. 2015-ci ildən sonra ərazidə yerləşən modulların sahibi İddiaçı MMC ilə aralarında mübahisə yaranmışdır. O, şəxsi hesabına inşa ediyi evdən çıxarılmağa məcbur edilmişdir. Onun həmin tikilidən çıxarılması ilə bağlı 9 yanvar 2017-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət olunmuşdur. Həminvaxt iddiaçının heç bir hüquqi sənədi olmamışdır. Məhkəmə iddia ərizəsini baxılmamış saxlamışdır. X11 şəxsi vəsaiti hesabına inşa etdiyi tikili ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinə (hazırkı Əmlak Məsələləri Dövlət Xidmətinə) 2015-ci ilin dekabr ayından 2019-cu ilin iyul ayınadək olan dövrdə dəfələrlə müraciət etmişdir. Bundan başqa, o, Nərimanov RİH-də, Nərimanov RPİ-də və 1 saylı Bakı Ərazi İdarəsində həmin qurumların vəzifəli şəxslərinin qəbullarında olmuş, mübahisəli sahə ilə bağlı həmin qurumlara məlumatlar vermişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı şəhəri üzrə 3 saylı Ərazi Şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş aktdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, 2062 – 73-cü məhəllə, Z.Bünyadov prospekti, 77L ünvanında yerləşən qeyri-yaşayış sahəsinə baxış keçirilərkən ərazidə İddiaçı MMC-yə verilmiş texniki pasporta əlavə olunan ərazinin Baş planında qeyd olunmayan tikintialtı və faydalı sahələri təqribən 275 kv.m və 550 kv.m təşkil edən birinci mərtəbədən iaşə obyekti, ikinci mərtəbəsindən isə ofis kimi istifadə olunan ikimərtəbəli qeyri-yaşayış binası aşkar olunmuşdur. Qeyd edilən tikiliyə dair istifadəçilər tərəfindən heç bir sənəd atəqdim olunmamış və C.İ.Ağayeva binanın onun şəxsi vəsaiti hesabına inşa edildiyini bildirmişdir. Həm də ilkin sənədlərdə İddiaçı MMC-yə məxsus modulların tikintialtı sahəsinin 0,39188 ha olduğu müəyyən edilsə də, 31 dekabr 2016-cı il tarixdə icarə müqaviləsinə xitam verilmiş, lakin Şirkətin tikintialtı sahəsi 0,4504 ha kimi müəyyən olunmuşdur. 600 kv.m torpaq sahəsinin hansı şəkildə əlavə olunması naməlumdur. 14 yanvar 2020-ci il tarixdə heç bir hüquqi sənəd olmadan yenidən oxşar iddia ilə Nərimanov Rayon Məhkəməsinə müraciət olunmuşdur. 12 aprel 2021-ci il tarixdə ona (C.Ağayevaya) məlum olmuşdur ki, yaşayığı tikiliyə dair 6 yanvar 2021-ci il tarixdə reyestdən çıxarış verilmiş, 26 dekabr 2020-ci il tarixdə texniki pasport tərtib edilmişdir. DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən yanlışlığa yol verilmiş və İddiaçı MMC-yə aid olmayan tikiliyə dair texniki pasport və reyestrdən çıxarış verilmişdir. İddia ərizəsində qaldırılan məsələ yeni inşa olunmuş anbar-istehsalat bazası ilə əlaqədardır və iddiaçıya məxsus tikiliyə aidiyyəti yoxdur. Qeyd olunanların nəzərə alınması məhkəmədən xahiş edilmişdir.

27. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-3541/2017 nömrəli, 19 mart 2024-cü il tarixli qərardadı ilə ərizənin təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 3541/2017 nömrəli iş üzrə 5 dekabr 2017-ci il tarixli qərarında “yeni inşa edilmiş anbar və istehsalat binası” dedikdə “X4 aid tikili istisna olmaqla inşa edilmiş anbar və istehsalat binası” nəzərdə tutulması və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-3541/2017 nömrəli iş üzrə 5 dekabr 2017-ci il tarixli qərarının İddiaçı MMC-nin X4 aid tikili istisna olmaqla inşa edilmiş anbar və istehsalat binasına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını təmin etməsi qərara alınmışdır.

28. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.10) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: (8.0.10.1) tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə.

29. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir.

30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları» təsdiq edilmişdir. Qaydaların 4cü bəndinə görə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 gün müddətində icra edilir. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur.

31. Göründüyü kimi, qanunvericilik normaları 1 yanvar 2013-cü il tarixədək inşa edilmiş qeyri-yaşayış binalarına münasibətdə hüququn qeydiyata alınması əsası kimi sənədlərin dairəsini müəyyən etmiş və bu sırada müvafiq qaydada təsdiqlənmiş layihə və tikintinin istimarına icazə sənədi də yer almışdır.

32. Hazırkı iş üzrə iddiaçı inzibati icraatda və məhkəmə icraatında torpaq ayırma sənədini, tikilinin təsdiqlənmiş layihəsini və RİH-in istismara icazə sənədini təqdim etsə də, icra icraatında təqdim olunmuş sənədlər və dəlillərlə təsdiq olunur ki, tikiliyə dair istismara icazə sənədi 2017-ci ildə alınsa da, tikilinin bir hissəsi mübahisəli olmuş və onun inşası daha əvvəlki dövrə təsadüf etmişdir.

33. Məhkəmə həmçinin qeyd etmişdir ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3541/2017 saylı iş üzrə 5 dekabr 2017-ci il tarixli qərarının İddiaçı MMC-nin X4 aid tikili istisna olmaqla inşa edilmiş anbar və istehsalat binasına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını təmin etməlidir. Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

34. İddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(82)-3541/2017 nömrəli, 19 mart 2024-cü il tarixli qərardadının ləğv edilməsi və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

35. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarına izah verilməsinin əsasları Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230-cu maddəsində göstərilmişdir: 230.1. İşə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. 230.2. Birinci instansiya və apellaysiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir. 230.3. Qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir. İddiaçı bildirmişdir ki, qanunvericiliyin tələbinə əsasən 1-ci işə baxmış hakim ləğv edilməmiş qətnaməsini onun məzmununu dəyişdirmədən izah edə bilər. 2-ci qətnamə və ya qərardad icra edilməmişdirsə onun izah edilməsinə yol verilir. İzah verilməsi üçün ərizəyə baxan hakimə məlum idi ki, izah verilməsi tələb olunan qərar qanuni qüvvəyə minmiş qərardır və icra olunmuşdur. Belə olan halda həmin ərizəyə izah verilməsini qanunvericilik birmənalı şəkildə rədd edir. Beləliklə, icra olunmuş məhkəmə qərarına izah verilməsi hakim tərəfindən yol verilmiş kobud prosessual pozuntudur. İddiaçı əlavə olaraq bildirir ki, qəbul edilmiş qərardad qərara izah verilməsi deyil, məhkəmə qərarının dəyişdirilməsidir. Belə ki, qanunvericilik izah verilməsinə yol verildiyi hallarda da qərarın məzmununun dəyişdirilmədən izahına icazə verir. Bu halda da məhkəmə tərəfindən kobud prosessual pozuntuya yol verilmişdir. Bundan əlavə hakim qərardadda göstərir ki, Hazırki iş üzrə iddiaçı inzibati icraatda və məhkəmə icraatında torpaq ayırma sənədini, tikilinin təsdiqlənmiş layihəsini və RİH-in istismara icazə sənədini təqdim etsə də, icra icraatında təqdim olunmuş sənədlər və dəlillərlə təsdiq olunur ki, tikiliyə dair istismara icazə sənədi 2017-ci ildə alınsa da, tikilinin bir hissəsi mübahisəli olmuş və onun inşası daha əvvəlki dövrə təsadüf etmişdir. Lakin tikilinin inşasının 2017-ci ildən əvvəlki dövrə aid olmasının məsələyə hər hansı bir aidiyyəti yoxdur. Bundan başqa tikilinin bir hissəsini 2017-ci ildə mübahisəli olması hər hansı bir sənədlə və ya faktla sübut olunmur. Cavabdehin iddiaçıya məxsus əmlakdan çıxarılması barədə məhkəmə mübahisəsi 2019-cu ilin axırlarında başlamışdır. Bu fakt 27 fevral 2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərar”la təsdiq olunur(X3 ərizəsi əsasında). Qərarda göstərilir ki, X8 izahat verərək bildirmişdir ki, o, 2019-cu ilin dekabr ayından Z.Bünyadov prospekti 2062 saylı ünvana köçmüşdür. Bu hal isə onu göstərir ki, 2017-ci ildə hər hansı bir məhkəmə mübahisəsi olmamışdır. Həmin dövrdə tikilinin bir hissəsinin mübahisəli olması iş materiallarında olan sənədlərlə öz təsdiqini tapır. Deməli, məhkəmənin hər hansı mübahisə ilə bağlı gəldiyi nəticə öz təsdiqini tapmır və əsaslı hesab edilə bilməz. Ümumiyyətlə, hər hansı bir mübahisənin olması qanuni qüvvəyə minmiş və icra olunmuş məhkəmə qərarına izah verilməsi üçün əsas deyildir. Həmçinin, qərardadda göstərilir ki, məhkəmənin qənaətinə görə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (82)- 3541/2017 saylı iş üzrə 5 dekabr 2017-ci il tarixli qərarında “ yeni inşa edilmiş anbar və istehsalat binası ” dedikdə “ X4 aid tikili istisna olmaqla inşa edilmiş anbar və istehsalat binası ” nəzərdə tutulmalıdır.İddiaçı bununla bağlı qeyd edir ki, məhkəmənin qənaəti səhvdir. Bu hal qərara izah verilməsi deyil, birbaşa qərarın dəyişdirilməsidir. Hakimin isə qanuni qüvvəyə minmiş məhkəmə qərarını dəyişdirmək səlahiyyəti yoxdur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

Prosses iştirakçılarının izahatları

37. Məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 və iddiaçının vəkili X7 apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdirlər.

38. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs qərardadın qüvvədə saxlanılmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

39. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun:

Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir.

40. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”

Maddə 4.1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 (beş) gün müddətində icra edilir. Maddə 4.2. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur.

41. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

Maddə 230. Qətnamənin və ya qərardadın izah edilməsi 230.1. İşə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. 230.2. Birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir. 230.3. Qətnamə və ya qərardad icra edilməmişsə və məcburi qaydada icra ediləcəyi müddət keçməmişsə, onun izah edilməsinə yol verilir. 230.4. Qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. 230.5. Qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər.

42. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci tarixli 04 nömrəli Qərarı:

Maddə 14. Qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda, işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir.

43. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1 inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

44. Apellyasiya şikayətində qərardad tam hissədə mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

45. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası işin materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

48. Avropa İnsan hüquqları Məhkəməsinin həmin mövqeyindən çıxış edərək məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, ərizə üzrə birinci instansiya məhkəməsi tərəfindən zəruri olan həcmdə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bundan əlavə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

49. Məhkəmənin inzibati iş üzrə qekun qərarı inzibati mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

50. Məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Məhkəmə aktı o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə aktı savadlı, hüquqi cəhətdən düzgün tərtib edilməli, onda anlaşılmayan ifadələr yazılmamalı, hüquqi ifadələr yerində və dəqiq işlədilməlidir. Məhkəmə aktı gələcəkdə icrasının müəyyənliyini və mümkünlüyünü təmin edəcək tələblərə cavab verən məzmunda olmalıdır.

51. Məhkəmə qərarı həmin tələblərə cavab vermədikdə, dəqiq və aydın olmadıqda məhkəmənin gəldiyi nəticənin düzgün başa düşülməməsinə, qərarın icrasında qeyrimüəyyənliyin yaranmasına səbəb olur. Bu halda qanunvericilik yaranmış vəziyyətin qərara izah verilməsi yolu ilə həll olunmasını təsbit etmişdir.

52. Həmçinin, nəzərə alınmalıdır ki, qərarın izahı heç bir halda məhkəmənin baxılmış mübahisə üzrə təkrar araşdırmanı, qərarın təsviri, əsaslandırıcı və nəticə hissələrində olan ziddiyyətlərin təhlilini ehtiva etmir. Bu hallarda yol verilmiş nöqsanlar qərardad çıxarılmaqla aradan qaldrıla bilər. Həmçinin qərarın izahı zamanı məhkəmə baxışının predmeti olmamış məsələlərin həlli yolverilməzdir. Qərarın izahı həm də onun məzmununun dəyişdirilməsi ilə nəticələnə bilməz.

53. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı inzibati icraatda və məhkəmə icraatında torpaq ayırma sənədini, tikilinin təsdiqlənmiş layihəsini və RİH-in istismara icazə sənədini təqdim etsə də, icra icraatında təqdim olunmuş sənədlər və dəlillərlə təsdiq olunur ki, tikiliyə dair istismara icazə sənədi 2017-ci ildə alınsa da, tikilinin bir hissəsi mübahisəli olmuş və onun inşası daha əvvəlki dövrə təsadüf etmişdir.

54. Yuxarıda qeyd olunan normalara əsasən istismara icazə sənədinin və iddia tələbinin müvafiq ünvanda yalnız yeni inşa olunmuş tikiliyə aid olmasını da nəzərə aldıqda belə nəticə yaranır ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin mübahisə üzrə 5 dekabr 2017-ci il tarixli qərarına izah verilməklə aydınlıq gətirilməlidir. Məhkəmə qərarının icrası üzrə mübahisəli hal yarandığından, qərara izah verilməsi məqsədəuyğundur.

55. Belə ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci tarixli 04 nömrəli Qərarına əsasən qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda, işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir.

56. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, qərara izah verilməsi ilə bağlı qərardadın qəbulu zamanı məhkəmə tərəfindən istinad edilən hüquq normaları düzgün tətbiq və təfsir olunmuşdur, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

57. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(82)-3541/2017 nömrəli, 19 mart 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası.

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-3541/2017 nömrəli, 19 mart 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan, Kassasiya şikayəti məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar