Məhkəmə qərarları › İş №2-1(103)-2512/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2512/2021

06.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2512/2021 06.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Quluzadə Arzu İsrafil qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya fərqinin ödənilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6121/2021 saylı, 03 avqust 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə müraciət edərək əmək kitabçasında qeyd edilən iş illərini və 08.08.1978-05.04.1979 -cu il və 09.06.1982-10.09.1992-ci il tarixləri arasındakı dövr ərzində İxtisaslaşmış Tikinti İdarəsində, 18.09.1992-14.07.1997-ci il tarixləri arasındakı dövr ərzində “Azneftyağ” İВ-də qaz -qaynaqçısı peşəsində çalışdığı iş illərini, hərbi xidmət dövrünü, təhsil illərini sığorta stajına daxil etməklə, əvvəllər qüvvədə olmuş (01.01.2006-cı il tarixinədək) qanunvericiliyə uyğun surətdə 57 yaşı tamam olduğu gündən, yəni 27.08.2017-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranacaq fərqin birdəfəyə ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına həvalə edilməsi təyin olunması tələbi irəli sürmüşdür İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1960-cı il tarixində anadan olmuşdur. Uzun illər zərərli sahədə müxtəlif vəzifələrdə işləmişdir. Pensiya hüququ 57 yaşında, 27.08.2017-ci il tarixində yaranmışdır. Güzəştli şərtlərlə əmək pensyasının təyin olunması üçün cavabdehə müraciət etmişdir. Müraciətinə 19 iyul 2019-cu il tarixində **********8 saylı məktubla cavab olaraq bildirilmişdir ki, 01.01.2006-cı il tarixinədək ümumi stajı az olduğundan ona güzəştli şərtlərlə əmək pensyasının təyin olunması mümkün deyildir. 2-ci dəfə cavabdehə müraciətinə 27 yanvar 2021-ci il tarixində cavab verilmişdir. Cavabdeh qeyd etmişdir ki, işlədiyi müəssisə sənədləri tam şəkildə arxivə təhvil verməmişdir. Qanunvericiliyə görə iş stajı əmək kitabçasına uyğun surətdə müəyyən edilir. Bu cavab onu qane etmədiyi üçün o cavabdehə 3-cü dəfə 18.03.2021-ci il tarixində təkrar müraciət edərək əmək kitabçasında qeyd edilən iş illəni və hərbi xidmət dövrünü, təhsil illərini sığorta stajına daxil etməklə, əvvəllər qüvvədə olmuş qanunvericiliyə uyğun surətdə 57 yaşı tamam olduğu gündən, yəni 27.08.2017-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranacaq fərqin birdəfəyə ödənilməsində köməklik göstərilməsini xahiş etmişdir. Müraciətindən 35 gündən artıq vaxt keçməsinə baxmayaraq cavabdeh onun ərizəsinə cavab verməmiş və qanunvericiliyə uyğun surətdə güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması istiqamətində heç bir tədbir görməmişdir. 08.08.1978-05.04.1979-cu il və 09.06.1982-10.09.1992-ci il tarixləri arasındakı dövr ərzində İxtisaslaşmış Tikinti İdarəsində, 18.09.1992-14.07.1997-ci il tarixləri arasındakı dövr ərzində “Azneftyağ” İB-də qaz - qaynaqçısı peşəsində çalışmışdır. İşlədiyi sahələr yaşa görə güzəştli şərtlərlə pensiya almaq hüququ yaradır. 01.01.2006-cı il tarixinə qədər hərbi xidmət dövrünü nəzərə almaqla ümumi iş stajı 26 ilə yaxın, güzəştli iş stajı isə 15 ildən çoxdur. Bu iş stajı imkan verir ki, o, əvvəllər qüvvədə olmuş qanunvericiliyə uyğun surətdə pensiyaya çıxsın. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6121/2021 saylı, 03 avqust 2021-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı 57 yaşının tamam olduğu 27 avqust 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması, İddiaçı pensiya hüququnun yarandığı 27 avqust 2017-ci il tarixdən olan dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi qərara alınmışdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək məhkəmənin həmin qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının güzəştli stajı 12 il 06 aydan az (6 il 07 ay 11 gün) təşkil edir. İddiaçı apellyasiya şikayətinə etiraz təqdim etmiş və bildirmişdir ki, cavabdeh tərəfindən apelyasiya şikayətində BBTİ nin 25 saylı Tikinti İdarəsinin 1983-1984, 1988- 1992-ci illərə dair əmək haqqı cədvəlləri dövlət arxivinə təhvil verilməmişdir. “X2“ Azərbaycan Respublikası qanununun 01.07.2017-ci il tarixindən qüvvədə olan redaksiyasında həmin Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə, onu almaq yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi vaxtdan tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə ədilməklə ödənilir. Bildirmişdir ki, 25 saylı Tikinti İdarəsinin sənədləri tam olaraq verib - verməməsi onun günahı deyildir. İddiaçı 22 oktyabr 2021-ci il tarixdə ərizə müraciət edərək səhhəti ilə əlaqədar olaraq iştirak edə bilməyəcəyini bildirmiş, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan: - əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, iddiaçı BBTİ 11 saylı tikinti idarəsində və BBTİ 25 saylı tikinti idarəsində müxtəlif dərəcəli elektrikqazqaynaqçısı vəzifələrində işləmişdir: - 01.09.1977-ci ildən 25.02.1978-ci ilədək Bakı şəhəri 5 nömrəli orta texniki peşə məktəbində elektrik qaynaqçısı peşəsi üzrə təhsil almışdır və ona üçüncü dərəcəli elekrik qaynaqçısı ixtisası verilmişdir (diplomun notariat qaydasında təsdiq edilmiş surəti iş materiallarına əlavə edilmişdir); - 08.08.1978-ci ildə 3-cü dərəcəli qaz çilingəri işinə qəbul olunmuşdur, 05.04.1979-cu ildə sovet ordusunda xidmətə getdiyi üçün işdən azad edilmişdir; - 06.04.1979-cu ildən 10.05.1982-ci ilədək sovet ordusu sıralarında xidmət etmişdir (hərbi biletin notariat qaydasında təsdiq edilmiş surəti iş materiallarına əlavə edilmişdir); - 09.06.1982-ci ildən 3-cü dərəcəli qaz çilingəri işinə qəbul olunmuşdur, 10.09.1992-ci ildə öz xahişi ilə işdən azad edilmişdir; - 18.09.1992-ci ildə “Azərneftyağ” BNZ-də qaz qaynaqçısı vəzifəsinə qəbul olunmuşdur, 14.07.1997-ci ildə öz xahişi ilə işdən azad edilmişdir; - 14.07.1997-ci ildə “Real Petrol” BM-də sürücü vəzifəsinə işə qəbul olmuş, 16.12.2003- cü il tarixdə öz xahişi ilə işdən azad edilmişdir; - 17.12.2003-cü ildə "xxxx" MMC-də sürücü vəzifəsinə qəbul edilmiş, 01.08.2005-ci ildə öz xahişi ilə işdən azad edilmişdir; - 01.08.2005-ci ildə "xxxx" MMC-yə sürücü vəzifəsinə işə qəbul edilmiş, 20.10.2008-ci idə öz xahişi ilə işdən azad edilmişdir; - İddiaçı əmək fəaliyyətini sonrakı dövrdə də davam etdirmişdir. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən verilmiş arayışdan görünür ki, Dövlət Arxivinin Bakı filialında saxlanılan BBTİ 11 saylı Tikinti İdarəsinin natamam arxiv sənədlərinin əmr kitablarında vət. İddiaçı 15.08.1978-ci il tarixli, 68- S saylı əmrlə 08.08.1978-ci il tarixdən 3-cü dərəcəli elektrikqazqaynaqçısı vəzifəsinə işə qəbul olunması, 06.04.1979-cu il tarixli, 29-S saylı əmrlə hərbi xidmətə çağırışla əlaqədar olaraq 05.04.1979-cu il tarixdən işdən azad olması, 11.06.1982-ci il tarixli, 29- S saylı əmrlə 09.06.1982-ci il tarixdən 3-cü dərəcəli elektrikqazqaynaqçısı vəzifəsinə işə qəbul olunması,12.04.1983-cü il tarixli, 31-S saylı əmrlə iş yerinin 25 saylı Tikinti İdarəsinə dəyişdirilməsi ilə əlaqədar olaraq 01.04.1983-cü il tarixdən işdən azad olunması, BBTİ 11 saylı Tikinti İdarəsinin 1978,1979,1982-ci illərə və BBTİ 25 saylı Tikinti İdarəsinin 1987-ci ilə dair əmək haqq cədvəllərində əmək haqqı hesablanması barədə məlumatlar mövcuddur. Mövcud dövrlər üçün tərtib olunmuş arxiv arayışı əmək haqqı cədvəli təqdim olunmuşdur. Dövlət Arxivinin Bakı filialında saxlanılan BBTİ 25 saylı Tikinti İdarəsinin natamam arxiv sənədlərinin 1985,1986-cı illərə dair əmək haqqı cədvəllərində vət.İddiaçı əmək haqqı hesablanması barədə heç bir məlumat aşkar olunmadı. BBTİ 11 saylı Tikinti İdarəsinin 1983-cü ilə dair əmək haqqı cədvəlləri , 25 saylı Tikinti İdarəsinin 1983, 1992-ci illərə dair əmr kitabları, 1983, 1984, 1988, 1989, 1990, 1991, 1992-ci illərə dair əmək haqqı cədvəlləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. - Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Heydər Əliyev adına X4 tərəfindən verilmiş 16.10.2020-ci il tarixli arxiv arayışında qeyd edilir: - 03.10.1991-ci il tarixli 755 saylı əmrdən çıxarış: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.09.1991-ci il tarixli 318 saylı Qərarına əsasən X3 Partiyasının XXİİ qurultay adına Bakı X4nun adı “Azərneftyağ” Bakı X4 adı ilə əvəzləndirilmişdir. - 22.02.1994-cü il tarixli 106 saylı əmrdən çıxarış: Azərbaycan Respublikası Prezidentinin 10.01.1994-cü il tarixli 50 saylı Sərəncamına və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 28.01.1994-cü il tarixli 13 saylı əmrinə əsasən respublika neft sənayesinin rasional idarəedilməsinin təkmilləşdirilməsi və Dövlət Neft Şirkətinin yeni idarə etmə strukturunun təsis edilməsi məqsədi ilə Neft Emalı Baş İdarəsi ləğv edilərək “Azərneftyağ” BNZ-in adı “Azərneftyağ” İstehsalat Birliyi adı ilə əvəzləndirilmişdir. - 23.07.2003-cü il tarixli 122 saylı əmrdən çıxarış: Azərbaycan Respublikası Prezidentinin 24.01.2003-cü il tarixli 844 saylı Sərəncamına və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və 31.03.2003-cü il tarixli 25 saylı əmrinə əsasən “Azərneftyağ” İstehsalat Birliyi adı “Azərneftyağ” X4 adı ilə əvəzləndirilmişdir. - “Azərneftyağ” X4nun fəaliyyətinə xitam verilməsi haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 24.12.2014-cü il tarixli ARDNŞ/14- 1000/01/SM-04- 000135 saylı əmrinə əsasən “Azərneftyağ” X4 01.01.2015-ci il tarixindən qüvvədə olan qanunvericiliyə uyğun olaraq Heydər Əliyev adına Bakı X4na qoşulmaqla fəaliyyətinə xitam verilmişdir. Əmrə əsasən “Azərneftyağ” NEZ -in hüquq və vəzifələri, o cümlədən işəgötürənin öhdəlikləri 29.01.2015-ci il tarixli Təhvil aktına uyğun olaraq hüquqi varis kimi Heydər Əliyev adına Bakı X4na (bundan sonra Zavod) ötürülmüşdür. - Qeydiyyatdan keçərək yeni redaksiyada verilmiş Nizamnaməyə əsasən Heydər Əliyev adına Bakı X4, Heydər Əliyev adına X4 adlandırılmışdır. - 1) 18.09.1992- ci ildən (işə qəbul əmri 194/şh. 18.09.1992-ci il) 14.07.1997-ci ilədək “Azərneftyağ” adına Bakı X4nun 5 saylı texnoloji sexində qaz-qaynaqçısı peşəsində işləmişdir. - 2) 14.07.1997-ci ildə (işdən çıxma əmri 145/şh. 14.07.1997-ci il) FƏM-si haqqında Azərbaycan Respublikası qanunun 27.1 maddəsinə əsasən öz xahişi ilə işdən azad edilib. Qaz qaynaqçışı, elektrik qaz qaynaqçısı peşələri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 35-ci bölməsinə “Ümumi peşələr" əsasən, güzəştli şərtlərlə yaşa görə təqaüd hüququ verir - “X1 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən verilmiş 07.05.2021-ci il tarixli arayışa əsasən bildirilmişdir ki, filialın Avtomobil nəqliyyatı sexinin sürücüsü İddiaçı 08.08.1978-ci il tarixindən 05.04.1979-cu il tarixinədək, 09.06.1982-ci il tarixindən 01.04.1983-cü il tarixinədək Bakı Baş Tikinti İdarəsinin 11 saylı Tİ-sində qaz qaynaqçışı, 01.04.1983-cü il tarixindən 10.09.1992-ci il tarixinədək Bakı Baş Tikinti İdarəsinin 25 saylı Tİ-sində elektrik qaz qaynaqçısı, 18.09.1992-ci il tarixindən 14.07.1997-ci il tarixinədək isə “Azərneftyağ" BNZ-də qaz qaynaqçısı peşələrində işləyib. Qaz qaynaqçışı, elektrik qaz qaynaqçısı peşələri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 35-ci bölməsinə “Ümumi peşələr" əsasən, güzəştli şərtlərlə yaşa görə təqaüd hüququ verir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: “X2” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır “X2” Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «X2» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, «X2» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək qazanmış olsunlar. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Məhkəmə kollegiyası qeyd edir ki, sözügedən normaların tələblərindən də göründüyü kimi, iddiaçıya 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun 01.01.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajı olmalı və bundan 12 il 6 aydan çoxunu Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. Məhkəmə kollegiyası ilk öncə qeyd etmək istəyir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən, onun təhsil və hərbi xidmət illəri də sosial sığorta stajına da daxil edilməlidir. İddiaçının əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməsi məsələsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin təhsilin özünün alındığı zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməlidir. Çünki bu zaman həll edilməli olan məsələ həmin müddətin sosial sığorta stajına daxil edilməli olub-olmadığı məsələsidir. Başqa sözlə, aydınlaşdırılmalı olan hüquq münasibəti əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməli olub-olmadığıdır. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. Bu mənada, konkret iş üzrə mübahisəli hüquq münasibəti əyani təhsil alınması ilə bağlı yaranan münasibətdir. Ona görə də, həmin münasibətə məhz onun yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymət verilməlidir. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin «и» bəndində təsbit edilmişdi ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti ümumi iş stajına daxil edilir. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İş materialları ilə müəyyən edilir ki, İddiaçı 01.01.2006-cı il tarixədək 25 ildən artıq ümumi və 12 il 06 aydan artıq güzəştli iş stajı mövcuddur. Belə ki, iddiaçının 08.08.1978-05.04.1979; 09.06.1982-10.09.1992; 18.09.1992- 14.07.1997- ilədək işlədiyi qaz çilingəri peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında (kod 23200000- 19906) nəzərdə tutulmuşdur. Eyni zamanda Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçı həqiqətən qeyd edilən dövrdə BBTİ 11 saylı tikinti idarəsində və BBTİ 25 saylı tikinti idarəsində müxtəlif dərəcəli elektrikqazqaynaqçısı vəzifələrində işlədiyi göstərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən idarələrin mövcudluğu və iddiaçının həmin idarələrdə müəyyən müddətdə işləməsi faktı əmək kitabçası və arxiv arayışı ilə öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının təhsil aldığı müddət və hərbi xidmət müddəti də daxil olmaqla 01.01.2006-cı il tarixədək onun 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş, ümumi və güzəştli iş stajına malik olduğundan apellyasiya şikayəti əsassız hesab edilməlidir Məhkəmə kollegiyası hesab edir ki, müvafiq dövr üzrə iş stajı iddiaçıya məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Bundan başqa nəzərə alınmalıdır ki, əmək qanunvericiliyinin yuxarıda sadalanan normaları mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq bütün qurumlarda işləmiş sığortaolunanlara əmək pensiyası hesablanarkən onun işlədiyi və əmək kitabçasında öz əksini tapmış hər hansı işin müddətini də nəzərdə tutur. Beləliklə, iddiaçıya pensiya hüququ yarandığı 20.12.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli olması barədə birinci instansiya məhkəməsi qanunu və əsaslı nəticəyə gəlmişdir. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. İş materiallarından görünür ki, iddiaçının iş stajı iddiaçıya məxsus əmək kitabçası və arxiv arayışı ilə təsdiqlənir, öz növbəsində nəzərə almaq lazımdır ki, əmək kitabçasında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı onu da qeyd edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə) Məhkəmə kollegiyası əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, “X2” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İddiaçı cavabdeh inzibati orqana 21.06.2019cu il tarixdə müraciət etdiyindən qeyd edilən müddəa iddiaçıya münasibətdə tətbiq edilməli və iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası onun hüququnun yarandığı 27 avqust 2017-ci il tarixdən olan dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6121/2021 saylı, 03 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar