Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2512/2022 16.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı «iddiaçının yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməsi» tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-805/2022 saylı, 05 aprel 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Xətai RİH-ə qarşı «iddiaçının yaşayış sahəsinə ehtiyacı olan qismində uçota (mənzil növbəsinə) götürülməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir . İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsi ilə bağlı cavabdeh Xətai RİH-ə müraciət etmiş, lakin cavabdeh 4 mart 2021-ci il tarixli qərarına əsasən onun mənzil növbəsinə götürülməsindən imtina etmişdir. Həmin məktubla müəyyən edilmişdir ki, araşdırma zamanı iddiaçı Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi, 2 saylı evin 17A saylı mənzilini bağışlanma müqaviləsi ilə anası X1 mülkiyyətinə keçirərək özünün mənzil şəraitini qəsdən pisləşdirmişdir. İddiaçı hesab edir ki, Xərai RİH başçısının Aparatının 4 mart 2021-ci il tarixli qərarı əsassızdır. Belə ki, mülkiyyətində olmuş Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi, 2 saylı evin 17A saylı mənzili 28 dekabr 2014-cü il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsi əsasında anası X3 tərəfindən iddiaçının mülkiyyətinə verilmişdir. Lakin yaranmış zərurətlə əlaqədar Lida Qasımovanın tələbi ilə yuxarıda qeyd edilən mənzil iddiaçı tərəfindən 13 iyun 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında geri qaytarılmışdır. Göründüyü kimi, Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi, 2 saylı evin 17A saylı mənzili 28 dekabr 2014-cü il tarixdə anası tərəfindən iddiaçıya verilmiş və həmin mənzil iddiaçının sahibliyində və istifadəsində olmuşdur. Sonradan yaranmış zərurətlə əlaqədar anasının tələbi ilə qeyd edilən mənzil geri qaytarılmışdır. Həmin mənzil 6 aprel 1992-ci il tarixli 014485 nömrəli order əsasında anası Lida Qasımova tərəfindən özəlləşdirilmiş və MH seriyalı ******* saylı çıxarış əsasında onun mülkiyyətinə verilmişdir. Hətta həmin orderdə övlad kimi iddiaçının da adı qeyd olunmuşdur. 13 iyun 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən sözügedən mənzil iddiaçı tərəfindən geri qaytarılsa da, o, mənzil növbəsinə götürülməsi barədə 2018-ci ildə deyil, 3 il sonra 2021-ci ildə müraciət etmişdir. Mənzil növbəsinə alınmasına dair müraciətin 2021-ci ildə olması onun mənzil şəraitini qəsdən pisləşdirməsi demək deyil. İddiaçı hesab edir ki, cavabdeh Xətai RİH-in bu hərəkəti qanunsuzdur. Ona görə ki, o, mənzil şəraitini qəsdən pisləşdirməmiş və Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi, 2 saylı evin 17A saylı mənzili ona məxsus vəsait hesabına əldə edilməmiş, bağışlanma müqaviləsi əsasında ona verilmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2, 15.2, 20.2-ci maddələrinə, İPM-in 2.2.2, 39.1, 45, 46-cı maddələrinə əsaslanaraq, iddiaçının mənzil növbəsinə götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-805/2022 saylı, 05 aprel 2022-ci il tarixli qərarı ilə (hakim R.Kərimli) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun yazılmış və onunla əsaslandırılmışdır ki, ehtiyyatda olan zabitdir. Sağlamlığımda olan xəstəliklə əlaqədar onu təxris ediblər. O, Xətai rayonunda ev növbəsinə durmaq üçün müraciət etmişdir. Xətai rayon İcra Hakimiyyəti imtina etdi. İcra Hakimiyyəti məni ev növbəsinə götürülməli olduğu halda ev növbəsinə götürmür, imtina edir. Halbuki,onun 14 il hərbi xidməti olması nəzərə alınmayıbdır. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətində qeyd edilənlərə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İnzibati işdən müəyyən olunur ki, cavabdeh inzibati orqan Bakı şəhəri Xətai RİH tərəfindən İddiaçı mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində uçota götürülməsi məsələsinə dair müraciətinə mahiyyəti üzrə baxılmış və iddiaçının mülkiyyətində olan mənzili 13 iyun 2018-ci il tarixdə anasına bağışlamaqla uçota durmaq hüququnu əldə etmək niyyəti ilə yaşayış şəraitinin qəsdən pisləşdirməsi əsası ilə məsələnin həllindən imtina olunmuşdur. İş materiallarındakı sənədlərdən də göründüyü kimi iddiaçı mülkiyyətində olan mənzilini 2018-ci ildə öz anasına bağışlamış, lakin bu halı onunla əsaslandırmışdır ki, müvafiq mənzil əvvəllər anası tərəfindən ona hədiyyə edilmiş, sonradan isə o, sözügedən əmlakı anasına geri qaytarmışdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-nin 2.2.3.-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati icraat qaydasında baxılır. İPM-nin 8.1.2-ci maddəsinə əsasən məhkəmə və ərazi aidiyyəti düzgün seçilmişdir. İddiaçı subyektiv hüquqa malikdir. İnzibati orqana müraciət etmiş, müraciətinə imtina edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassızdır. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə görə sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Həmin Məcəllənin 48.2-ci maddəsinə görə qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Həmin Məcəllənin 49.5-ci maddəsinə əsasən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. Bu normanın ölçüsü həmin orqanın və ya bələdiyyənin müəyyən etdiyi ayrılma normasının ölçüsündən artıq ola bilməz. Həmin Məcəllənin 51.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Həmin Məcəllənin 51.2-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Həmin Məcəllənin 51.3-cü maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Həmin Məcəllənin 51.5-ci maddəsinə görə uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. Həmin Məcəllənin 52-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Həmin Məcəllənin 53.1-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: - (maddə 53.1.1) bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; - (maddə 53.1.2) müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; - (maddə 53.1.3) bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Həmin Məcəllənin 53.2-ci maddəsinə görə uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında» Əsasnamənin 3.9.6-cı bəndinə görə yerli icra hakimiyyəti başçıları dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir. Əsasnamənin 6.8-ci bəndinə görə yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyri-normativ hüquqi aktlar qəbul edir. Qeyrinormativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir. İşin araşdırılmış halları ilə Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq belə qənaətə gəlir ki, İddiaçı ona anasının bağışladığı mənzili 2018-ci ildə anasına bağışladıqdan sonra yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməsini istəyirsə, onun hərəkəti uçota durmaq hüququnu əldə etmək niyyəti ilə yaşayış şəraitinin qəsdən pisləşdirilməsi kimi qiymətləndirilməlidir. Belə olan halda isə, Azərbaycan Respublikası Məcəlləsinin 53.1.3-cü maddəsinin tələblərinə əsasən müvafiq mənzilin özgəninkişləşdirilməsindən 5 il müddət keçmədiyindən, iddiaçı uçota alına bilməz. Odur ki, cavabdeh Bakı şəhəri Xətai RİHin imtinası qanuna zidd sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62, 81, 75 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-805/2022 saylı, 05 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-2512/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2512/2022
16.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver