Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2513/2022 03.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Aslanova Gülnar Faiq qızının katibliyi ilə İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2, Cavabdehin vəkili X3 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə qarşı «sərəncamın ləğv edilməsi» tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(112)-6432/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə qarşı (X8 3-cü şəxs) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sərəncamın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi RİH başçısının 5 oktyabr 2007-ci il tarixli 328 saylı sərəncamı ilə hazırkı İddiaçı müraciəti nəzərə alınaraq, Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsinin 3 oktyabr 2007-ci il tarixli 18/03-8/5974 saylı məktubu və razılaşdırılmış eskiz layihəsi əsas götürülməklə Nəsimi rayonu, A.Bakıxanov və R.Behbudov küçələrinin kəsişməsində yerləşən istirahət parkının ərazisində iddiaçı tərəfindən yeni layihə əsasında bərpa edilmiş pavilyonun (qeyri-yaşayış sahəsinin) onun adına rəsmiləşdirilməsi qərara alınmışdır. 30 sentyabr 2014-cü il tarixdə Bakı şəhəri Nəsimi RİH başçısının imzası ilə həmin obyektin istismarına dair 09 saylı icazə sənədi verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 17 may 2016-cı il tarixli RX seriyalı ******* nömrəli reyestrdən çıxarışla Nəsimi rayonu, ünvan 1 ünvanlı qeyriyaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Sözügedən ünvandakı qeyri-yaşayış sahəsi iddiaçının xüsusi mülkiyyətində olmaqla, müasir üslubda, şəhərin və yerləşdiyi ünvanda parkın təbii görünüşünə, şəhərsalma və memarlıq dizaynına uyğun olaraq yerləşir, ictimai iaşə obyekti kimi yüksək keyfiyyətlə xidmət göstərməklə hazırda da fəaliyyətdədir və iddiaçı tərəfindən istifadə olunur. 2022-ci ilin yanvar ayında sözügedən qeyri-yaşayış sahəsinə dair notariat əməliyyatı aparmaq istədikdə məlum olmuşdur ki, daşınmaz əmlakın dövlət reyestrində əmlakın üzərində Bakı İnzibati Məhkəməsinin bildirişinə əsasən məhdudiyyət qoyulmuşdur. İddiaçı X5 iddiası üzrə işə məhkəmə tərəfindən baxılaraq 28 dekabr 2021-ci il tarixli 2-1(112)-9048/2021 saylı qərar çıxarılmışdır. İddiaçının müraciəri əsasında 28 dekabr 2021-ci il tarixli qərarın surəti, K.Əliyevanın iddia ərizəsi, ona qoşulmuş sənədlərin sırasından Bakı şəhəri Nəsimi RİH başçısının 26 fevral 2016-cı il tarixli 33 nömrəli sərəncamının, 52 saylı MKİS-in nəzarətçisinin və İcra Hakimiyyətinin RT Şöbəsinin müdirinin imzası ilə təsdiq edilmiş sxemin, Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsinin 26 may 2016-cı il tarixli məktubunun surəti ona təqdim olunmuşdur. Məhkəmədən alınan sənədlərdən görünür ki, Bakı şəhəri Nəsimi RİH başçısının 33 nömrəli 26 fevral 2016-cı il tarixli sərəncamı qeyri-yaşayış sahəsinin vətəndaş X4 adına sənədləşdirilməsi barədədir. Sərəncamın məzmunundan göstərilmişdir ki, “X7 Bakı şəhəri Nəsimi RİH-ə müraciət edərək, A.Bakıxanov və R.Behbudov küçələrinin kəsişməsində 644-cü məhəllədə yerləşən, (guya) uzun müddət istifadəsində olan qeyri-yaşayış sahəsinin adına sənədləşdirilməsini xahiş etmişdir. 52 saylı MKİS-in tərtib etdiyi akta və sxemə əsasən qeyd olunan bir mərtəbəli ümumi sahəsi 164,85 kv.m olan qeyri-yaşayış sahəsinin uzun müddət vətəndaş X7 tərəfindən istifadə olunduğu müəyyən edilmişdir. Vətəndaşın müraciətini və təqdim olunmuş sənədləri nəzərə alaraq, Nəsimi rayonu, A.Bakıxanov və R.Behbudov küçələrinin kəsişməsində 644-cü məhəllədə yerləşən bir mərtəbəli, ümumi sahəsi 164,85 kv.m olan qeyriyaşayış sahəsi vətəndaş X5 adına sənədləşdirilsin.”. Məlum olur ki, vətəndaş X1 RİH başçısının yuxarıda göstərilən 33 nömrəli 26 fevral 2016-cı il tarixli sərəncamına istinad edərək, guya həmin qeyri-yaşayış sahəsinin uzun müddət onun istifadəsində olduğunu, sözügedən sərəncamla onun adına qeyri-yaşayış sahəsinin sənədləşdirildiyini, 2016-cı ilin mayın 20-dən sonra İddiaçı adlı şəxsin obyektə gələrək, həmin qeyri-yaşayış sahəsinə dair DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* saylı 17 may 2016-cı il tarixli reyestrdən çıxarışı təqdim edərək sahənin tam mülkiyyət hüququ ilə ona məxsus olduğunu, qeyri-yaşayış sahəsini 3 günə boşaldılmasını tələb etmiş, əks təqdirdə, hüquqmühafizə orqanlarına müraciət edəcəyini bildirmişdir. O da qeyri-yaşayış sahəsini boşaltmış və Bakı şəhəri Nəsmi RİH-ə şikayət ərizəsi ilə mütraciət etmişdir. RİH-dən ona İddiaçı adına olan 17 may 2016-cı il tarixli reyestrdən çıxarışın qanunsuz olması bildirilmişdir və həmin çıxarışın ləğvi ilə bağlı məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. Nəsimi RİH-in tövsiyəsinə uyğun olaraq vətəndaş X7 qeyriyaşayış sahəsinin onun (iddiaçının) mülkiyyətində olmasına dair daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın ləğvinə dair Bakı İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin 28 dekabr 2021-ci il tarixli qərarı ilə X4 iddiası təmin edilmişdir. İddiaçı (İddiaçı) hesab edir ki, mülkiyyətində olan qeyri-yaşayış sahəsinə dair vətəndaş X4 adına sənədləşdirilmə aparılmasına dair Nəsimi RİH başçısının 33 nömrəli 26 fevral 2016-cı il tarixli sərəncamı qanunsuz olmaqla, onun mülkiyyət hüquqularına birbaşa qəsddir. İddiaçı hesab edir ki, cavabdeh inzibati orqan hazırkı iddia ilə ləğvi tələb olunan inzibati aktı qəbul etməklə, Azərbaycan Respublikası Konstitusiyasının, «İnzibati icraat haqqında» Qanunun, Şəhərsalma və Tikinti Məcəlləsinin, «Yerli icra hakimiyyətləri haqqında» Əsasnamənin və digər normativ-hüquqi aktların tələblərini pozmuşdur. İlk növbədə qeyd olunmalıdır ki, qanunsuz inzibati aktı qəbul edərkən cavabdeh inzibati orqan, həmin sərəncamın qəbulu üçün hər hansı faktiki və hüquqi əsasları göstərməmişdir. Çünki, belə bir sərəncamın qəbul edilməsi üçün Nəsimi RİH başçısının hər hansı faktiki və hüquqi əsasları mövcud olmamışdır. Sərəncamla, guya vətəndaş Könül Əliyevanın adına “sənədləşdirilməsi” qərara alınan qeyri-yaşayış sahəsinin Nəsimi RİH başçısının 5 oktyabr 2007-ci il tarixli 328 saylı sərəncamı ilə onun (iddiaçının) adına rəsmiləşdirilməsi, onun adına 30 sentyabr 2014-cü il tarixli istismara icazə sənədinin verilməsi və daşınmaz əmlak kimi mülkiyyət hüququ ilə ona məxsus olması işin mübahisəsiz halıdır ki, bu hallardan Nəsimi RİH-in başçısının birbaşa məlumatı olmuşdur. Nəsimi RİH başçısı iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinə dair rəsmiləşdirmənin aparılmasını tənzimləyən 5 oktyabr 2007-ci il tarixli sərəncamın ləğvinə dair özünün 11 yanvar 2016-cı il tarixli sərəncamından sonra əmlakın xüsusi mülkiyyət hüququ ilə ona məxsus olmasına dair 17 may 2016-cı il tarixdə verilmiş RX seriyalı ******* saylı reyestrdən çıxarışın ləğvi (etibarsızlığı) tələbi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmışdır. Uzun sürən məhkəmə çəkişmələrindən sonra, nəhayət Ali Məhkəmənin Mülki Kollegiyasının 23 iyun 2021-ci il tarixli 2(102)-3520/2021 saylı qərarı ilə Nəsimi RİH-in sözügedən iddiası üzrə mülki işin icraatına (işin məhkəmədə baxılmalı olmaması əsası ilə) xitam verilmişdir. Nəsimi RİH başçısının 11 yanvar 2016-cı il tarixli sərəncamı ilə 2007-ci ildə göstərilən ünvanda həmin qeyri-yaşayış sahəsinin iddiaçının adına rəsmiləşdirilməsini qanunsuz hesab etməsi, sonralar məhkəmə işlərində guya, bu ərazinin park sahəsi olduğuna, park sahəsinin dövlət torpağı olduğuna və dövlət (həm də park) torpağında şəxsin hər hansı tikinti aparması üçün Əmlak Məsələləri Dövlət Komitəsindən razılıq alınmalı olduğuna istinad etməsinə rəğmən, sözügedən qeyri-yaşayış sahəsinin mülkiyyətində olmaqla iddiaçı tərəfindən qanuni əsaslarla istismar edildiyini bildiyi halda, Könül Əliyevanın adına sənədləşdirilməsinə dair sərəncam verməsi özbaşınalıq və qanunsuzluqdur, onun hər hansı bir qanuni əsası ola bilməzdi. Göstərilənlərə və Azərbaycan Respubliaksının Konstitusiyasının 13, 25, 26, 29, 60, 68-ci maddələrinə, «İnzibati icraat haqqında» Qanununun 11, 14, 15, 17, 21, 58, 67-ci maddələrinə, İPM-in 2.2.1, 14.1, 32, 45 – 47-ci maddələrinə əsaslanaraq, Nəsimi RİH başçısının 26 fevral 2016-cı il tarixli 33 nömrəli sərəncamının ləğv edilməsinə dair qərar çıxarılması məhkəmədən xahiş olunur. Məhkəmənin 2-1(112)-6432/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6432/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə cabehden Bakı şəhəri Nəsimi RİH-in “icraatın dayandırılması barədə” vəsatəti təmin edilmiş, hazırkı iş üzrə icraatın Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2-1(103)-1556/2022 saylı iş üzrə yekun qərar qəbul edilib qanuni qüvvəyə minənədək dayandırılması qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçı şikayət verərək Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-6432/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsi, cavabdehin vəsatətinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət bununla əsaslandırılmışdır ki, hazırkı işdə məhkəmə “inkvizisiya” prinsipinə əməl etmiş, şikayət olunan qərardadı qəbul etməklə inzibati orqanın qeyri-bərabər üstünlüyünə aşkar şərait yaratmışdır. Məhkəmə hazırkı işin icraatını dayandırmaqla iddiaçının mülkiyyət hüququnun pozulması ilə nəticələnən – K.Əliyevanın iddiasından müdafiə imkanını tükəndirmək məqsədi güdmüşdür. Apellyasiya baxışı zamanı məhkmənin iclasında iştirak edən iddiaçının vəkili şikayətə uyğun izahat verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6432/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi vəkili iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6432/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərardad qəbul edilməsini xahiş etmişlər. Üçüncü şəxsə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında üzrsüz səbəbdən iştirak etməmiş, məhkəmə kollegiyası üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6432/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarına əsasən müəyyən edilmişdir ki, İPM-in 7.1-ci maddəsinə əsasən mübahisənin həllinin tamamilə və ya qismən həmin dövrdə baxılan digər inzibati mübahisənin predmetini təşkil edən və ya inzibati orqan tərəfindən baxılmalı olan hüquq münasibətinin mövcud olmasından və ya olmamasından asılı olduğu hallarda, məhkəmə iş üzrə icraatı həmin mübahisə həll edilənə kimi və ya inzibati orqan tərəfindən müvafiq qərar qəbul edilənə kimi dayandıra bilər. İş üzrə icraatın dayandırılması haqqında məsələni həll edərkən, məhkəmə onun davam etdirilməsinin məqsədəuyğunluğu ilə bağlı halları nəzərə almalıdır. İPM-in 7.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının gedişində mübahisənin predmeti və ya mübahisə edilən hüquq münasibəti ilə bağlı cinayətin törədilməsi ilə əlaqədar cinayət təqibinin mübahisənin həllinə təsir edə biləcəyi hallarda, habelə məhkəmənin qərarının cinayət və ya mülki işlər üzrə məsələnin həllindən asılı olduğu hallarda məhkəmə cinayət işi və ya mülki iş üzrə icraat başa çatana kimi məhkəmə baxışını dayandırmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair» 25 mart 2004-cü il tarixli qərarında Plenum vurğulamışdır ki, X6 Məcəllədə məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulan Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır. Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın. İş üzrə icraatın dayandırılması – məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyri-mümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2- 1(103)-1556/2022 saylı iş üzrə mübahisə predmetini hazırkı İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, A.Bakıxanov və R.Behbudov küçələrinin kəsişməsində yerləşən istirahət parkının ərazisində inşa edilmiş qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqları təşkil etdiyindən və müvafiq əmlaka iddiaçının bu ləğvi, onun hazırkı iddianı qaldırmaq üzrə subyektiv hüququnun mövcudluğuna təsirsiz olmadığından birinci instansiya məhkəməsi haqlı olaraq hazırkı iş üzrə icraatın Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2-1(103)- 1556/2022 saylı iş üzrə yekun məhkəmə aktı qəbul edilib qanuni qüvvəyə minənədək dayandırılması barədə qərar qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6432/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2513/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2513/2022
03.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver