Məhkəmə qərarları › İş №2-1(103)-2513/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2513/2025

17.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2513/2025 17.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Aktiv oğlunun sədrliyi və məruzəsilə, X1 və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon İdarəsinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4358/N25 nömrəli, 04 mart N25-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərbi xidmət dövründə dəymiş maddi və mənəvi zərər görə 50000 manat kompensasiya məbləğinin ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, hərbi xidmət dövründə dəymiş maddi zərərə görə 25000 manat və mənəvi zərərə görə 25000 manat kompensasiya məbləğinin iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraat qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami Rayon İdarəsi tərəfindən xx.xx.N23-cü il tarixində hərbi xidmətə çağırış vərəqəsi almışdır. Çağırışı aldıqdan sonra hərbi-həkim komissiyasının müvafiq rəyi əsasında hərbi xidmətə yollanmışdır. Hərbi xidmətini xx.xx.N24-cü il tarixinə qədər Laçın rayonunda yerinə yetirmişdir. xx.xx.N23-cü il tarixində səhhətində yaranan problemlər səbəbindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına göndəriş almışdır. Həmin dövrdə yenidən yoxlanış nəticəsində “alt çənənin progeniyası, İİİ dərəcəli dişləm anomaliyası, dişlər arası məsafə 13 mm olmaqla” diaqnozu qoyulmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N08-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertiza haqqında Əsasnamə”nin 56b bəndinin İİ qrafasına əsasən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı kimi hərbi xidmətdən tərxis olunmuşdur. Bildirir ki, komissiya tərəfindən müəyyən edilmiş diaqnoz onun ümumi xəstəliyidir və bu, xidmət dövründə yaranmamışdır. Hərbi xidmətə çağırış aldıqda da bu xəstəlik onda olmuş, lakin, müvafiq komissiya tərəfindən səhlənkarlıq nəticəsində bu hal müəyyən edilməmiş, nəticədə 7 aya yaxın dövrdə sülh dövründə xidmətə yararsız olsa da, yararlı kimi xidmət keçmişdir. Bu hal həmin dövr ərzində onun əldə edə biləcəyi gəlirlərə ziyan vurmuşdur. Həmçinin, həmin dövrdə yaşananlar onda mənəvi sarsıntılar yaratmış, şüurda müəyyən mənfi psixi reaksiyaya səbəb olmuşdur. Kompensasiyanın ödənilməsi ilə bağlı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ərizə ilə müraciət etmişdir. Xidmətin xx.xx.N24-cü il tarixli, 3-43-94/2-O-233/41/24 saylı məktubu ilə bildirilmişdir ki, Xidmətin Bakı şəhər Nizami rayon İdarəsi tərəfindən qanun pozuntusuna yol verilməsi müəyyən edilməmişdir. Hesab edir ki, müraciəti ilə bağlı ətraflı və tam araşdırılma aparılmamış, həmçinin Xidmət üzərinə düşən vəzifələri yerinə yetirməmişdir. Belə ki, hərbi xidmətdən əvvəl əmək fəaliyyəti ilə məşğul olaraq müəyyən qazanc əldə edirdi. Hərbi xidmətə yararsız ola-ola hərbi xidmət keçməsi onu bu qazancdan məhrum etmişdir. Həmçinin tərxis olunduqdan sonra bu hadisə ona mənəvi baxımından təsir göstərmişdir. Bu səbəblərdən hesab edir ki, cavabdeh tərəfindən ona bununla bağlı kompensasiya ödənilməlidir. Bakı İnzibati Məhkəməsinin (hakim Aygün Abdullayeva) 2-1(112)-4358/N25 nömrəli, 04 mart N25-ci il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı vurulmuş mənəvi ziyanın əvəzi olaraq 3000 (üç min) manat vəsaitin ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon İdarəsinin üzərinə qoyulmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.N25-ci il tarixli, 2-1(112J-4358/N25 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı vurulmuş mənəvi ziyanın əvəzi olaraq 3000 (üç min) manat vəsaitin ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon İdarəsinin üzərinə qoyulmuş və iddia tələbi qalan hissədə təmin edilməmişdir. İddia tələbi maddi və mənəvi zərərə görə 50.000 manat kompensasiyanın ödənilməsindən ibarət olmuşdur. Məhkəmə tərəfindən həm maddi zərərin təmin edilməməsi hissəsində, həm də mənəvi zərərin 3000 manat məbləğində təmin edilməsi hissəsində razı deyil. Maddi zərərə münasibətdə bildirir ki, N23-cü ilin iyul ayından xx.xx.N24-cü il tarixinədək olan müddətdə real olaraq əmək müqaviləsi əsasında ən azından ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı miqdarında işləmək imkanı olmuş, lakin həqiqi hərbi xidmətdə olduğu üçün bu vəsaitin əldə edilməsi mümkün olmamışdır. N23-cü il üçün minimum əmək haqqı miqdarı 345 manat təşkil etmişdir. Hərbi xidmətdə olduğu 6 aylıq müddət ərzində o, bu məbləği (N70 manat) əldə edə bilmədiyindən maddi zərərə uğramışdır. Hesab edir ki, iddia tələbi maddi zərərin təmin edilməməsi hissəsində ədalətsiz olmuşdur. Mənəvi zərərə münasibətdə bildirir ki, hərbi xidmətini “komanda” hərbi hissəsində həyata keçirmişdir. Hər kəsə məlumdur ki, həmin hərbi hissələrdə aparılmış xidmət necə çətin və məsuliyyətlidir. Xidməti Laçın rayonunda ön cəbhədə və dəniz səviyyəsindən 3000 metrdən çox olan yüksəklikdə olmuşdur. Xidmət dövrü payız və qış fəsillərinin ən sərt dönəmlərinə təsadüf etdiyindən xidməti soyuq hava şəraitində olmuşdur. Bu səbəblərdən həmin hərbi hissədə xidmət edən hərbi qulluqçular maaşlarına əlavə 1 qat, həmçinin yüksəklikdə xidmətə görə N faiz miqdarında əmək haqqı ilə təmin olunurlar. Bu isə qeyd olunanların əsasını təşkil edərək iddia tələbinin bu hissədə əsaslı olduğunu demək üçün kifayət edir. Tərxis edildikdən sonra indiyə qədər həmin hadisənin onda yaratdığı hisslər mənəvi sarsıntılar ilə müşayiət olunmuş, şüurda müəyyən mənfi psixi reaksiyaya səbəb zəmin yaratmışdır. Bu isə onun sağlamlığına zərərin göstəricisidir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə apellyasiya şikayəti iddiaçı tərəfindən verildiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini iddiaçıya münasibətdə yoxlayır. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 27 mart N24-cü il tarixli, 3-43-94/2-O-233/41/24 nömrəli məktubla bildirilmişdir ki, o, N23-cü ilin iyul çağırışına cəlb edilərək bütün zəruri tibbi müayinələrdən keçirilməklə Nizami rayon çağırış komissiyası tərəfindən tibbi şəhadətləndirilmiş və “hərbi xidmətə yararlı” hesab olunduğundan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinə təhvil verilmişdir. N23-cü ilin dekabr ayında Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında təyin edilmiş “Alt çənənin progeniyası, İİİ dərəcə dişləm anomaliyası. Dişlərarası məsafə 13 mm olmaqla. Hər iki gözün sadə miopik astiqmatizmi. Em və 1.0 D nəticəsində görmə itiliyinin hər gözdə 0.6-ya qədər azalması, korreksiya ilə 1.0 olmaqla. Ümumi xəstəlikdir” və “Sidik turşulu diatez. Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” diaqnozlarına uyğun olaraq həmin Nazirliyin Mərkəzi həkim həkim komissiyası tərəfindən xx.xx.N24-cü il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N08-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 56 “b” maddəsinin İİ qrafasına əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilməklə hərbi xidmətdən vaxtından əvvəl tərxis olunmuşdur. Aparılmış xidməti təhqiqatla Xidmətin Bakı şəhəri Nizami rayon İdarəsi tərəfindən qanun pozuntusuna yol verilməsi müəyyən edilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, müraciətində qaldırdığı məsələ ilə bağlı məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. İş materiallarında olan sənədlər və işin faktiki halları birinci instansiya məhkəməsi tərəfindən qərarda ətraflı qeyd edilmişdir. Bu səbəbdən həmin halların təkrar sadalanmasına zərurət qalmır. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, iş materiallarında olan sənədlərlə müəyyən edilir ki, iddiaçı N23-cü ilin iyul çağırışına cəlb edilərək bütün zəruri tibbi müayinələrdən keçirilməklə tibbi şəhadətləndirilmiş və hərbi xidmətə yararlı hesab olunduğundan hərbi hissəyə təhvil verilmişdir. N23-cü ilin dekabr ayında Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında təyin edilmiş “Alt çənənin progeniyası, İİİ dərəcə dişləm anomaliyası. Dişlərarası məsafə 13 mm olmaqla. Hər iki gözün sadə miopik astiqmatizmi. Em və 1.0 D nəticəsində görmə itiliyinin hər gözdə 0.6-ya qədər azalması, korreksiya ilə 1.0 olmaqla, Ümumi xəstəlikdir” və “Sidik turşulu diatez, Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” diaqnozlarına uyğun olaraq həmin Nazirliyin Mərkəzi həkim həkim komissiyası tərəfindən xx.xx.N24-cü il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N08-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 56 “b” maddəsinin İİ qrafasına əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilməklə hərbi xidmətdən vaxtından əvvəl tərxis olunmuşdur. Hazırda iddiaçı dəymiş maddi zərərə görə 25000 manat və mənəvi zərərə görə 25000 manat kompensasiya məbləğinin iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı ilə iddia tələbi qismən təmin edilərək, iddiaçıya vurulmuş mənəvi ziyanın əvəzi olaraq 3000 (üç min) manat vəsaitin ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Həmin qərardan yalnız iddiaçı apellyasiya şikayəti verərək qərarın iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etdiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini iddiaçıya münasibətdə yoxlayır. Məhkəmə kollegiyası iddia tələbinin maddi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı N23-cü ilin iyul ayından xx.xx.N24-cü il tarixinədək olan müddətdə real olaraq əmək müqaviləsi əsasında ən azından ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı miqdarında işləmək imkanının olduğunu, lakin həqiqi hərbi xidmətdə olduğu üçün bu vəsaitin əldə edilməsinin mümkün olmadığını qeyd etməklə cavabdehdən maddi zərərin ödənilməsini tələb edir. Lakin iddiaçı həm birinci instansiya məhkəməsində, həm də apellyasiya icraatı zamanı hərbi xidmətə getməmişdən əvvəl işləməsi, qazancı, iş axtarması, işsiz kimi qeydiyyatda olması ilə əlaqədar sübutları məhkəməyə təqdim edə bilməmişdir. Nəzərə almaq lazımdır ki, iddiaçı xx.xx.N00-ci il təvəllüdlüdür və o, N23-cü ilin iyul ayında hərbi xidmətə getmişdir, iddiaçının hərbi xidmətə gedən tarixədək işləmək imkanı olmuşdur. İddiaçı hərbi xidmətdən əvvəl işləmək imkanı olsa da, işləməmişdir, lakin sonradan hərbi xidmət dövründə işləmək imkanına istinad etsə də, hərbi xidmətdən tərxis olunduqdan bu günə kimi və hazırda da işləmir. Belə olan halda iddiaçının işləmək imkanına istinad edərək minimum əmək haqqı miqdarında zərər tələb etməsi əsassızdır. Ümumiyyətlə, iddiaçı cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində ona maddi zərər dəyməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələbi həmin hissədə əsassızdır və birinci instansiya məhkəməsi iddianı həmin hissədə təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçıya vurulmuş mənəvi ziyanın əvəzi olaraq 3000 (üç min) manat vəsaitin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını qərara almışdır. İddiaçı isə bununla razılaşmayaraq həmin hissədə iddia tələbinin tam təmin edilməsini (25000 manat) xahiş edir. Birinci instansiya məhkəməsi qeyd edir ki, hazırkı iş üzrə məhkəmə vurulmuş mənəvi ziyanın həcmini 3000 (üç min) manat məbləğində qiymətləndirir və bu məbləği işin hallarına, o cümlədən iddiaçının tibb məntəqəsi, hərbi hospitalda müalicə dövrü də nəzərə alınmaqla 6 aya yaxın müddət ərzində hərbi xidmətdə olduğu müddətə uyğun ağlabatan məbləğ kimi qəbul edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və mənəvi zərərə görə cavabdehdən iddiaçının xeyrinə 3000 manat məbləğində vəsaitin tutulmasını iddiaçının keçirdiyi istiraba mütənasib hesab edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsi barədə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may N02-ci il tarixli Qərarında göstərilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.N08-ci il tarixli 7 saylı Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. … Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4358/N25 nömrəli, 04 mart N25-ci il tarixli qərarı iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar