Məhkəmə qərarları › İş №2-1(103)-2514/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2514/2021

17.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2514/2021 17.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteran adının və vəsiqəsinin verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1047/2020 saylı 25.08.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 04 mart 2020-ci il tarixli, 2-1(112)-1047/2020 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apelyasiya şikayəti verilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli 2-1(103)-1132/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Kollegiyasının 08 dekabr 2020-ci il tarixli 2-1(102)- 2111/2020 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməyərək, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Sonradan İddiaçı ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı İnzibati məhkəməsinin 2-1(112)- 1047/2020 nömrəli,14 mart 2020-ci il tarixli Qərarı ilə cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı müharibə veteranı adı və Qarabağ müharibə veteranı vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə iddia ərizəsi təmin olunmamışdır. İddia ərizəsinin təmin olunmamasına səbəb döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etməyi barədə sübutun mövcud olmaması əsas götürülmüşdür. O məhkəmə qərarından sonra müxtəlif dövlət orqanlarına müraciət etmişdir. Ağdam rayon İcra Hakimiyyəti Başçısının Azərbaycan Respublikası Milli X3 Quruculuğu, İnzibati və Hərbi qanunvericilik şöbəsinin müraciətinə cavab olaraq verdiyi 02/630 nömrəli, 14 iyul 2021-ci il tarixli arayışda onun birinci Qarabağ döyüşlərində iştirak etmiş şəxslərin siyahısına əlavə edildiyi bildirilmişdir. Qeyd olunan Arayışda onun Qarabağ döyüşlərində iştirak etməyi təsdiqlənir. O həmin sübut və ya halları ondan asılı olmayan səbəblərdən ilkin icraat zamanı məhkəməyə təqdim edə bilməmiş, arayış 14 iyul 2021-ci il tarixində verilmişdir. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməsi, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1047/2020 saylı 25.08.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir.(hakim:A.Oruczadə) Həmin qərardaddan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və yeni açılmış hallarla bağlı ərizəsinin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, Bakı inzibati məhkəməsinin 2-1 (112)- 1047/2020 nömrəli,14 mart 2020-ci il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı müharibə veteranı adı və Qarabağ müharibə veteranı vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə iddia ərizəsi təmin olunmamışdır. İddia ərizəsinin təmin olunmamasına səbəb döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etməsi barədə sübutun mövcud olmaması əsas götürülmüşdür. Məhkəmə qərarından sonra müxtəlif dövlət orqanlarına müraciət etmişdir. Ağdam rayon İcra Hakimiyyəti Başçısının Azərbaycan Respublikası Milli X3 Quruculuğu, İnzibati və Hərbi qanunvericilik şöbəsinin müraciətinə verdiyi 02/630 nömrəli, 14 iyul 2021-ci il tarixli arayışda onun birinci Qarabağ döyüşlərində iştirak etmiş şəxslərin siyahısına əlavə edildiyi bildirilmişdir. Məhkəmə belə qənaətə gəlmişdir ki, tərəfindən təqdim olunan sübut işə baxılan zaman mövcud olmamışdır sonradan əldə olunmuşdur. Qeyd edir ki, həmin sübut və ya halların ondan asılı olmayan səbəblərdən ilkin icraat zamanı məhkəməyə təqdim edə bilməmişdir ki, bu da İnzibati orqanların hərəkətsizliyi nəticəsində yaranmışdır. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı yeni açılmış hallarla bağlı icraatın təzələnməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsi yeni açılmış hallarla bağlı ərizəni təmin etməmiş və qeyd etmişdir ki, hazırkı iş üzrə ərizəçi məhkəməyə ilkin icraat zamanı mövcud olmuş hər hansı yeni sübut və hallar barədə sənədlər təqdim etməmişdir. Belə ki, ərizəçinin təqdim etdiyi sənədlərdən görünür ki, İddiaçı 2021-ci ilin may ayının 15-də Azərbaycan Respublikası Milli Məclisinə müraciət edərək 1-ci Qarabağ döyüşlərində iştirak etmiş şəxslərin siyahısına salınması üçün müraciətinin Ağdam rayon İcra Hakimiyyətinə göndərilməsini xahiş etmişdir. 14 iyul 2021-ci il tarixli Ağdam rayon İcra Hakimiyyəti tərəfindən məktuba cavabda İddiaçı siyahıya alındığı barədə Milli Məclisin Aparatının Dövlət Quruculuğu, İnzibati və Hərbi Qanunvericilik şöbəsinə məlumat verilmişdir. Qeyd edilən sənədlərdən də göründüyü kimi İddiaçı ondan asılı olmayan səbəblərdən ilkin icraat zamanı məhkəməyə təqdim edə bilmədiyi yeni sübut və ya hal kimi göstərdiyi faktın 14 iyul 2021-ci il tarixindən yarandığı aşkar olunmuşdur. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinin tələblərinə əsasən yeni sübut və hallar mütləq ilkin icraat zamanı, məhkəmə mübahisəsinin olduğu dövrdə mövcud olmalı və ancaq obyektiv maneələr səbəbindən məhkəməyə təqdim olunmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Həmin Məcəllənin 104.2-ci maddəsinə əsasən ərizəyə yeni sübutlar və hallar barədə sənədlərin, habelə başqa müvafiq sənədlərin əsli və ya surəti əlavə olunur. Göründüyü kimi, icraatın yeni açılmış hallar üzrə icraat qaydasında təzələnməsi üçün təzələnmə barədə ərizə ilə müraciət edən tərəf məhkəməyə yeni sübutlar və ya hallar barədə sənədlər təqdim etməlidir. Yeni sübutlar və hallar dedikdə, başa çatmış icraat zamanı mövcud olmuş, lakin ərizəçidən asılı olmayan səbəblərdən təqdim edilməmiş və araşdırılmamış sübut və hallar nəzərdə tutulur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 106.2-ci maddəsinə əsasən icraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. Hazırkı iş üzrə ərizəçi məhkəməyə ilkin icraat zamanı mövcud olmuş hər hansı yeni sübut və hallar barədə sənədlər təqdim etməmişdir. İddiaçı ərizəsində istinad etdiyi sübutlar Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinin tələblərinə əsasən ilkin icraat zamanı deyil, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsindən sonra əldə edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən icraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Məhkəmə kollegiyası işin yuxarıda göstərilən hallarını və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, ilkin icraat zamanı ərizəçidən asılı olmayan səbəblərdən təqdim edilməyən və sonradan aşkar olunan yeni sübut və hallar olunmadığından, ərizəçinin yeni açılmış hallar üzrə icraatın təzələnməsi barədə ərizəsi təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1047/2020 saylı 25.08.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar