Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2515/2021 18.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “iddiaçıya xüsusi karantin rejiminin tətbiq olunduğu dövr üzrə aylıq birdəfəlik ödəmənin verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6695/2021 saylı 16.07.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 16-18 noyabr 2021-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: Birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 06.01.2021-ci il tarixli birgə yazılı müraciətlərində qeyd edildiyi kimi, MASda işsiz kimi qeydiyyata alınmış, adında heç bir əmlak və ya maşın olmayan İddiaçı1 14.12.2020-ci ildən 18.01.2021-ci ilə qədər olan vaxt ərzində bütün ölkə üzrə tətbiq edilmiş şərtləşdirilmiş xüsusi karantin rejimi dövründə 190 MANAT məbləğində birdəfəlik yardımın verilməsi barədə; eləcə də sözügedən nazirlik tərəfindən ümumi hüquqi öhdəliklərinin pozulması nəticəsində İddiaçı1 190 MANAT birdəfəlik yardımın ödənilməməsi ilə onlara vurulmuş ziyana görə 400 manat məbləğində kompensasiyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia ərizəsində qeyd etmişlər ki, 06.01.2021-ci il tarixində Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə və 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə uyğun olaraq, ər-arvad qismində işsiz statusunda olan vətəndaşlar kimi onlar (arvad İddiaçı1 və ər İddiaçı2) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Sahil Babayevin adına məktubla birgə müraciət ediblər. Birgə müraciətdə bildiriblər ki, ər İddiaçı2 adında maşın olduğundan 14.12.2020-ci ildən 18.01.2021-ci il tarixinə qədər olan müddət ərzində bütün ölkə üzrə şərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar Məşğulluq Alt-Sistemində (MAS) işsiz kimi qeydiyyatda olan ailə üzvlərindən arvad İddiaçı1 birdəfəlik yardım ödənilməli idi, amma ödənilməyib və xahiş ediblər ki, İddiaçı1 190 MANAT məbləğində birdəfəlik yardımın ödənilməməsi məsələsi araşdırılsın və onlara qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə cavab verilsin. Bildirilir ki, pandemiya ilə əlaqədar ötən dövrlərdə tətbiq edilmiş xüsusi karantin rejimi dövründə ilk 4 ay ərzində birdəfəlik yardımın əvvəlcə işsiz olan hər birinə, sonra isə işsiz olan ər İddiaçı2 ödənilməsini nazirlik özü müəyyən etmişdi. Yəni nazirlik lap əvvəldən bu yardımı işsiz olan arvad İddiaçı1 ödəyə bilərdi. Belə olan halda heç bir problem də ortaya çıxmazdı. Poçt bildirişindən aydın olur ki, birgə müraciətləri 12.01.2021-ci il tarixində cavabdeh tərəfindən qəbul edilsə də, sözügedən nazirlik birgə müraciətlərinə cavab məktubunu qeydiyyatda olduqları ünvana göndərməmiş və beləliklə də, vətəndaşların müraciətlərinə cavab vermək kimi öhdəliyini yerinə yetirməmişdir. Buna görə də əri İddiaçı2 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə 18.02.2021-ci il tarixində şikayət etdi. Cavabdeh tərəf 28.04.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında 06.01.2021-ci il tarixli birgə müraciətlərinə 26.01.2021ci il tarixli, **********8 nömrəli cavab məktubunu hakim Nəriman Abıyev vasitəsilə təqdim etməli oldu. Sübutetmə vəzifəsi inzibati orqanın üzərinə düşdüyündən cavabdeh 26.01.2021-ci il tarixli, **********8 nömrəli cavab məktubunu onlara göndərməsi barədə heç bir sübut məhkəməyə təqdim etməmişdir. Belə ki, belə bir cavab məktubunun göndərilməsini sübut edən poçt bildirişini və göndərilməsi iddia olunan cavab məktubunun poçtdan verilmiş seriya nömrəsini, ödəniş qəbzini məhkəməyə təqdim etməmişdir. Bu əsasla deyə bilərlər ki, cavabdeh tərəfindən sözügedən cavab məktubunun onlara qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə göndərilməməsi MAS-da işsiz kimi qeydiyyatda olan arvadı İddiaçı1 190 manatın verilməsindən, onlara məlum olmayan səbəblərdən, cavabdehin əsassız imtina etməsi anlamına gəlir. Bu fakt həm də onunla sübut olunur ki, birgə müraciətlərində İddiaçı1 190 manatın verilməsi məsələsini qoysalar da, sözügedən nazirlik məhkəmə vasitəsilə təqdim etdikləri **********8 nömrəli 26.01.2021-ci il tarixli cavab məktubunda həmin məsələyə heç bir münasibət bildirməmişdir. Nazirlər Kabinetinin 127 nömrəli, 07.04.2020-ci il tarixli qərarının tələbinə görə, şərtləşdirilmiş xüsusi karantin dövründə birdəfəlik yardım işsiz olan ər-arvaddan yalnız birinə ödənilməlidir. Onların ailəsində isə nə işsiz ər, nə də işsiz arvad bu yardımı almışdır. Birgə müraciətlərinin mahiyyəti də məhz bu məsələ ilə bağlı olmuşdur. 28.04.2021-ci ildə Bakı İnzibati Məhkəməsi vasitəsilə ona təqdim edilmiş cavabdeh qurumun 26.01.2021-ci il tarixli, **********8 nömrəli cavab məktubundan açıq şəkildə görünür ki, sözügedən nazirlik 06.01.2021-ci il tarixli birgə müraciətlərinə mahiyyəti üzrə baxmamış və cavab verməmiş, ədalətli araşdırma aparmamış, MAS-da işsiz kimi qeydiyyatda olan İddiaçı2 arvadı MAS-da işsiz kimi qeydiyyatda olan İddiaçı1 14.12.2020-ci ildən 18.01.2021-ci ilə qədər olan müddət ərzində bütün ölkə üzrə tətbiq edilmiş şərtləşdirilmiş xüsusi karantin rejimi dövründə 190 MANAT məbləğində birdəfəlik yardımın verilməsi xahişlərini araşdırmamış, məsələyə aydınlıq gətirməmiş, beləliklə də, Nazirlər Kabinetinin 127 nömrəli, 07.04.2020-ci il tarixli qərarının 2.2.1, 2.2.2 və 2.4-cü bəndlərində təsbit edilmiş müddəaları işsiz İddiaçı2 arvadı işsiz İddiaçı1 münasibətdə pozmuşdur. Yəni müraciətdə onlar göstəriblər ki, ər İddiaçı2 adında maşın olduğundan birdəfəlik yardım arvadı İddiaçı1 ödənilməli idi. Birgə müraciətdə çox sadə bir məsələ qaldırsalar da, sözügedən nazirlik həmin məsələyə, ümumiyyətlə, münasibət bildirməyib. Bildirirlər ki, cavabdeh tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində, yəni yazılı müraciətlərinə poçt vasitəsilə rəsmi cavab verilmədiyinə görə, MAS-da işsiz kimi qeydiyyatda olan və adında heç bir əmlakı və ya maşını olmayan İddiaçı1 şərtləşdirilmiş xüsusi karantin rejimi dövründə 190 manat birdəfəlik yardım verilmədiyinə görə ailələrinə maddi ziyan vurulmuşdur. Buna görə də, sözügedən nazirlik öhdəliyini icra etmədiyinə görə həmin nazirlikdən 400 manat məbləğində kompensasiyanın ödənilməsinin təmin edilməsi təmin edilməlidir. İddiaçılardan İddiaçı2 ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı qismində prosessual iştirakına xitam verilməsini xahiş etmişdir. Bildirilmişdir ki, iddiaçı qismində yalnız İddiaçı1 iştirak edəcəkdir. Məhkəmənin 12.07.2021-ci il tarixli qərardadı ilə iddiaçı kimi göstərilsə də, tələb irəli sürmədiyindən iddiaçının prosessual iştirakına xitam verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6695/2021 saylı 16.07.2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.(hakim: G.Sevdimalıyeva) Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, şərtləşdirilmiş xüsusi karantin rejimi müddətində Azərbaycan Respublikasının vətəndaşlarına ailə üzvlərindən birinə (ərə və ya arvada) ödənilməklə toplam 5 dəfə 190 AZN birdəfəlik yardım ödənildiyi halda, onların ailəsinə isə (ərə və ya arvada) toplamda 4 dəfə 190 AZN birdəfəlik yardım ödənilmişdir. İddia tələbinin mahiyyəti də ondan ibarət olmuşdur ki, onların ailəsində də 14.12.2020-ci ildən 18.01.2021-ci ilə qədər olan dövr üçün 5-ci dəfə 190 AZN birdəfəlik yardım ödənilsin. İş materiallarına əlavə etdiyim sübutlardan da bəlli olur ki, 2020-ci ilin dekabr ayı üçün onların ailəsinə (ərə və ya arvada) nazirlik tərəfdən 190 AZN ödənilməmişdir. Belə ki, X3 (MAS) o, və həyat yoldaşı İddiaçı2 işsiz kimi qeydiyyatda olmuşdur və 14.12.2020-ci ildən 18.01.2021-ci ilə qədər olan dövr üçün tətbiq edilmiş şərtləşdirilmiş xüsusi karantin rejimi müddətində ailə üzvlərindən birinə (ərə və ya arvada), yəni indiki halda ona 190 AZN birdəfəlik yardım ödənilməli idi. Əri İddiaçı2 adında avtomaşın olduğu üçün nazirliyin qaydalarına görə 190 AZN birdəfəlik yardım ona ödənilməli idi. Çünki onun adında heç bir əmlak və ya avtomaşın yoxdur. Lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi göstərilən dövr üçün heç bir səbəb göstərmədən ona 190 AZN birdəfəlik yardımı ödəməmişdir. Yazılı sorğularına verdiyi cavabında da bu məsələyə qəti toxunmamışdır. Yalnız Bakı İnzibati Məhkəməsinə göndərdiyi etiraz məktubunda heç bir sübut (bank və ya poçt vasitəsilə ödənişin edilməsi barədə) təqdim etmədən qeyd edir ki, guya göstərilən dövr üçün 2020-ci ilin dekabr ayında ona 190 AZN ödənilmişdir. Bakı inzibati Məhkəməsinin bu qərarı qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, təqdim edilmiş sübutlar araşdırılmamış və qiymətləndirilməmiş, işin faktiki hallarının araşdırılmasına və sübutların toplanmasına yardım edilməmiş, cavabdehin etiraz məktubunda qeyd edilmiş mülahizələrə dair sübutlar və əlavə məlumatlar tələb edilməmişdir. Bununla da Bakı İnzibati Məhkəməsi İnzibati Prosessual Məcəlləsinin 12.1, 12.2, 12.3, 58.1, 58.2, 58.7, 68-ci maddələrinin tələblərini pozaraq prosessual hüquq normalarını tətbiq etməmişdir. Bundan başqa, Bakı İnzibati Məhkəməsi qərarında "Koronavirus (Covid-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 07.04.2020-ci il tarixli 127 nömrəli qərarının 2.2.1, 2.2.2 və 2.4-cü bəndlərindəki maddi hüquq normalarını da düzgün tətbiq etməmişdir. Belə ki, onun ailəsinə (ərə və ya arvada) toplamda cəmi 4 dəfə 190 AZN birdəfəlik ödəniş ödənildiyi halda, məhkəmə nazirliyin etiraz məktubuna əsaslanmaqla qərar qəbul etmişdir ki, guya onların ailəsinə 5 dəfə 190 AZN birdəfəlik yardım ödənilmişdir. Bu tamamilə səhvdir və təqdim etdiyi sübutlar qətiyyən nəzərə alınmamışdır. Digər tərəfdən məhkəmə nazirlikdən heç bir sübut tələb etməmişdir. Onların ailəsinə birinci dəfə 2020-ci ilin aprelində həm ərə, həm də arvada ödənilməklə 190 AZN poçt vasitəsilə ödənilmişdir, yəni 2 dəfə. Bu barədə 050 *** ** ** və 050 *** ** ** nömrəli mobil telefon nömrələrinə SMS məlumatlar daxil olmuşdur. Bir də 2020-ci ilin avqustunda onların ailəsinə (yalnız ərə) 190 AZN birdəfəlik yardım Kapital Bank kartı vasitəsilə ödənilmişdir. Bu da toplamda 4 dəfə deməkdir. Poçt bildirişləri və Kapital Bankdan aldığım çıxarışlar bunu sübut edir. Bundan başqa, Bakı İnzibati Məhkəməsinin qərarında Əmək və əhalinin Sosial Müdafiəsi nazirliyi tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində MAS-da işsiz kimi qeydiyyatda olan və adında heç bir əmlakı və ya maşını olmayan İddiaçı1 şərtləşdirilmiş xüsusi karantin rejimi dövründə 190 AZN birdəfəlik yardım verilmədiyinə görə ailələrinə dəymiş maddi ziyan məsələsinə heç bir münasibət bildirilməmişdir. İşə apelyasiya qaydasında baxılarkən iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Həmin Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Hazırki işdən müəyyən olunur ki, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı tələbi “190 manat birdəfəlik ödəmənin verilməsi, eləcə də sözügedən nazirlik tərəfindən ümumi hüquqi öhdəliklərinin pozulması nəticəsində ona 190 manat birdəfəlik yardımın ödənilməməsi ilə vurulmuş ziyana görə 400 manat məbləğində kompensasiyanın ödənilməsi” ilə bağlı olmuşdur. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.6-cı maddəsinə əsasən işsiz şəxs- işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş «Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası»nın 1.1-ci bəndinə əsasən koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası (bundan sonra – Qayda) koronavirus (COVİD-19) pandemiyası (bundan sonra - pandemiya) dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Məşğulluq” altsistemində (bundan sonra - MAS) işsiz kimi qeydiyyatda olan şəxslərə (bundan sonra – işsiz şəxslər) aylıq birdəfəlik ödəmənin (bundan sonra – birdəfəlik ödəmə) verilməsi şərtlərini və qaydasını tənzimləyir. Həmin Qaydalara əsasən birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir. Birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir. Birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə və pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə ödənilir (1.2, 1.3, 1.4, 2.1 və 2.2-ci bəndləri). Həmin Qərarın 2.3-cü bəndinə əsasən Dövlət qurumlarından aşağıdakı ödənişləri alan işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə (2.3.1); əmək pensiyaçılarına (2.3.2); aylıq müavinət alanlara (2.3.3.); aylıq təqaüd alanlara(2.3.4); özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə(2.3.5); işsizlikdən sığorta ödənişi alanlara (2.3.6); peşə hazırlığına görə təqaüd alanlara (2.3.7); 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə(2.3.8); əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara(2.3.9); əri və ya arvadı bu Qaydanın 2.3.1-ci - 2.3.8-ci yarımbəndlərinə uyğun olaraq ödəniş alan şəxslərə (2.3.10). Sonradan “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 149 saylı 25 aprel 2020-ci il tarixli Qərarın 2.3-cü bəndinə 2.3.11-2.3.15-ci yarımbəndlər əlavə edilmişdir: mülkiyyətində müxtəlif ünvanda iki və daha çox daşınmaz əmlakı olanlara (2.3.11); mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəqliyyat vasitəsi olanlara (2.3.12); birdəfəlik ödəmə üçün müraciət tarixində xaricdə olanlara (2.3.13); yaşı 18-dən aşağı olanlara (2.3.14); Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu Qaydaların 3.8-ci bəndinə uyğun olaraq əldə edilən məlumatlar əsasında birdəfəlik ödəmə üçün müraciət tarixinə 2020-ci il üçün ölkə üzrə yaşayış minimumunun iki mislindən çox digər gəliri (maliyyə vəsaiti, qeyri-maddi aktivləri və s.) olanlara. Həmçinin, 2.3.10-cu bəndində, bu Qaydanın 2.3.1-2.3.8-ci, 2.3.11-ci, 2.3.12-ci və 2.3.15-ci yarımbəndlərində göstərilən şəxslərin əri və ya arvadı kimi qeyd olunması qərara alınmışdır. Hazırki işdən müəyyən olunur ki, iddiaçının 190 manat birdəfəlik ödəmənin verilməsi üçün müraciət etdiyi dövrdə onun həyat yoldaşının adına “HYUNDAİ İX-35” markalı **-TK- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi olmuşdur. Bu hal Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin 68116-1221 saylı 12.06.2021-ci il tarixli məktubunda da öz təsdiqini tapmışdır. Eyni zamanda iddia ərizəsində və apelyasiya şikayətində də iddiaçı həyat yoldaşı İddiaçı2 adına nəqliyyat vasitəsinin olduğunu bildirmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilərkən həmin zaman müvafiq qərara edilmiş dəyişiklikdən sonra qüvvədə olan Qərarın 2.3.10-cu və 2.3.12-ci bəndləri rəhbər tutularaq iddiaçının həyat yoldaşının adına adınanəqliyyat vasitəsinin olması əsas götürülmüşdür. İddiaçının “əri İddiaçı2 adında avtomaşın olduğu üçün nazirliyin qaydalarına görə 190 AZN birdəfəlik yardım ona ödənilməli idi. Çünki onun adında heç bir əmlak və ya avtomaşın yoxdur” barədə dəlilinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda adı çəkilən Qərarda mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəqliyyat vasitəsi olan (şəxslərin əri və ya arvadı kimi qəbul olunur) işsiz şəxslərə birdəfəlik ödəmənin verilməməsi göstərildiyi üçün ərin və ya arvadın mülkiyyətində bir nəqliyyat vasitəsinin olması belə ona istədiyi ödəmənin verilməsindən imtina üçün yetərlidir. Buna görə də cavabdehin imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı1 apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6695/2021 saylı 16.07.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2515/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2515/2021
18.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver